Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-51/2024 11.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndələri X2 və X3 iştirakları ilə, İddiaçı (X11 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə və Hərbi Tibb Baş İdarəsinə qarşı "sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi" tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Tibb Baş İdarəsinə qarşı "sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən-Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Tibb Baş İdarəsindən iddiaçının sağlamlığına vurulmuş maddi zərərin əvəzi olaraq 20000 manat, iddiaçının diz oynağında təkrar-üçüncü dəfə aparılacaq cərrahi əməliyyata və müalicəyə görə 25000 manat və iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi olaraq 30000 manat, vəkil xidməti üçün ödənilmiş 400 manat, cəmi ümumilikdə 75400 manat tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi- Tibb Baş İdarəsinə qarşı sağlamlığıma 45000 manat məbləğində vurulmuş maddi zərərin və 30000 manat məbləğində mənəvi zərərin əvəzinin cavabdehdən tutulmasına dair iddia irəli sürür. İddiaçı "xxxx" LTD MMC tikinti şirkətində çalışırdı. 2022-ci ilin yanvar ayında tikintidə olarkən iki metr hündürlükdən yıxıldı. Yıxılarkən sol dizi burxuldu. Ayağa qalxanda gördü ki, sol dizi yerindən oynayır və dizini bükə bilmir. Getdikcə ağrılar artırdı. İlk olaraq, CİTY hospitalına müraciət etdi. Orada ona MRT müayinəsindən keçməyi məsləhət gördülər. Dizində ağrılar keçmirdi. Həmin vaxtlar yerli televiziya proqramlarının birində rast gəldiyi həkim Roşən Avşara adlı (İran İR-dan gəlmiş həkim) müraciət etdi. O “Kəpəz” Hospitalında çalışırdı. O onun dizini MRT müayinəsi etdirmək lazım olduğunu dedi. O, da diz oynağımı MRT etdirdi. Həmin MRT-nin cavabına görə dizinin ön çarpaz bağının qopduğunu və bunun yalnız əməliyyatla aradan qaldırılmasının mümkün olduğu bildirildi. Dizi onu incitdiyinə görə əməliyyat olunmağa razı idi. X20 dedi ki, əməliyyatın uğurlu keçməsi üçün onu Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsində çalışan X19.İltifat Hüseynova yönləndir. O, razılaşdı və Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsində Dr.İltifat Hüseynovun qəbuluna getdi. Dr.İltifat Hüseynov ayağına və MRT-yə baxraq dizinin ön çarpaz bağda əməliyyat olunmasını bildirdi. O da əməliyyata girməyə razılıq verdi. İş yerində və şəraitində yıxılaraq dizindən travma aldığına görə xəstəxana xərclərinin ödənilməsi üçün işlədiyi Amazon LTD MMC-yə müraciət etdi. Cavabdeh Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsinin Xəstənin Tibbi kartasından iş yeri olan "xxxx" MMC-yə göndərilmiş çıxarışdan görünür ki, xəstə xx.xx.1994-cü il təvəllüdlü İddiaçı Qılman oğlu xx.xx.2022-ci il tarixində ambulatorda olmuşdur. Tam diaqnoz: Ön çarpaz bağın tam qopması. Müalicə və əmək məsləhətləri: xəstəyə cərrahi əməliyyat məsləhət görülür: Əməliyyat, tibbi sərfıyyat və sonrakı reabilitasiya məbləği 8500-9000 AZN təşkil edir. "xxxx" LTD xx.xx.2022-ci il tarixli Ödəmə əmrindən görünür ki, İddiaçı Qılman oğlunun xəstəxana xərclərinin qarşılanmasına 9000 manat ödənmişdir. Həmin ödəmə əmrinə xəstəxana tərəfindən imzalanaraq 9000 manatın təhvil alınması göstərilmişdir. Yəni əməliyyatın və sonrakı 3 ayın fizioterapiya pulu 9000 manat xəstəxananın xəzinəsinə ödənilmişdir. Əməliyyata getməmişdən əvvəl əməliyyatın necə keçməsi, əməliyyatdan sonra dizinin tam sağalaraq əvvəlki sağlamlığına və işinə qayıdacağı barədə doktor İltifat Hüseynova suallar verdi. Doktor ona dedi ki, narahat olmasın, çox da çətin bir əməliyyat deyil. Əməliyyatdan sonra ən geci altı aya tam sağalıb əvvəlki normal həyatına qayıdacağını bildirdi. Bundan sonra o, Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsində Dr.İltifat Hüseynov tərəfindən 2022-ci ilin mart ayında dizindən əməliyyat olundu. DTX-nin Hərbi-Tibb Baş İdarəsininin xəstə xx.xx.1994-cü il təvəllüdlü İddiaçı Qılman oğluna dair EPİKRİZ-dən görünür ki, Diaqnoz: sol diz oynağında ön çarpaz bağın qopması. Şikayət: Sol dizdə ağrı, şişkinlik, hərəkət məhdudluğu, yerimə pozğunluğu. Müalicə: xx.xx.2022-ci il tarixdə spinal anesteziyanın tətbiqi ilə sol diz oynağında “ön çarpaz bağın rekonstruksiyası” cərrahi əməliyyatı icra edildi. Əməliyyat fəsadsız keçdi. Nəticə: xəstə kafi vəziyyətdə həkim nəzarəti altında ambulator müalicə məqsədi ilə evə yazılıdı. Xəstəyə müvafiq təyinatlar və məsləhətlər verildi. Əməliyyatdan bir həftə sonra Dr. İ.Hüseynovun ambulator yoxlanışına getdi. Tibb Müəssisəsinin xx.xx.2022-ci il tarixli Xəstənin tibbi kartoçkasından çıxarışda göstərilmişdir ki, cərrahi əməliyyatdan sonra müalicə davam edir. Bundan sonra doktor İltifat Hüseynov ona davamlı olaraq 3 ay Fizoterapiya olunmağını bildirmişdi. O, 3 ay fizioterapiyaya getdi. Lakin dizində yaxşılaşmağa doğru irəliləyiş yox idi. Belə olan halda doktor dedi ki, fizioterapiyaya hələ bir neçə ay davam etməlidir. Artıq 7 ay idi ki, davamlı olaraq fizioterapiyaya gedirdi. Həmin dövr üçün də hər aya 1000 manat pul ödəmişdir. Fizioterapiya Dr. İ.Hüseynovun özünün yönləndirdiyi “Kəpəz” hospitalında həyata keçirilirdi. O, əməliyyatlardan sonra dizinin MRT-sinə 1000 manatdan çox pul xərcləmişdir. Bütün bu əlavə müalicələrə fizioterapiyalara baxmayaraq dizində heç bir dəyişiklik-yaxşılaşma və bərpa baş vermədi. Buna görə də o dizini əməliyyat edən cavabdeh DTX-nin Hərbi Tibb Baş İdarəsində Dr. İltifat Hüseynova müraciət etdi. Doktora dedi ki, niyə dizi sağalmır və əksinə daha da pisləşir. O, doktora dizinin MRT müayinəsi olunması və dizində nələr baş verməsinin aydınlaşdırılmasını həkimə bildirdi. Bundan sonra dizini MRT etdirdi. Dr. İ.Hüseynov MRT-yə baxaraq bildirdi ki, əməliyyatı səhv aparmış və dizinin bağını zəif qoyduqlarından təkrar əməliyyat həyata keçirilməlidir. Demək ona məlum oldu ki, birinci əməliyyatda digər dizindən sağlam bağ götürülərək qopan bağı əməliyyat edərək bərpa edilməli imiş, lakin bu olunmamışdı. Dr. İ.Hüseynov təkrar əməliyyata qərar verdi. 2022-ci ilin oktyabr ayında cavabdeh DTX-nin Hərbi-Tibb Baş İdarəsində Dr. İltifat Hüseynov dizində təkrar əməliyyatı həyata keçirdi. Həmin əməliyyatda artıq iki dizi də əməliyyat olundu. Sağlam dizindən bağ çıxarılaraq digər dizinə qoyuldu. Dr. İ.Hüseynov ona deyirdi ki, ikinci əməliyyatdan sonra artıq tam sağalaraq işinə, normal həyatına qayıdacaqdır. Dr. İltifat Hüseynov əməliyyatdan sonra ona yenə də fizioterapiya yazdı. O, bir neçə ay “Kəpəz” hospitalında fizioterapiyaya getdi. Yenə də hər aya 1000 manat fizioterapiyaya pul ödədi. Dr. ona deyirdi ki, ev idmanı elə və sairə. Lakin ikinci əməliyyatdan sonra da bunların heç bir nəticəsi olmadığını, ayağındakı şikayətlərin daha da artdığını, hərəkətlərində məhdudiyyət olduğunu görürdü. İkinci əməliyyatdan sonra artıq iki ayağı və iki dizi də sağlamlığını itirdi. Buna görə dəfələrlə cavabdeh DTX-nin Hərbi Tibb Baş İdarəsində Dr. İltifat Hüseynova müraciət etdi. Dr. ona hər dəfə deyirdi ki, guya ayağında yaxşılaşma var. O, isə ona dedi ki, ayağının atması və oynamaları dayanmır, dizi bükülmür. O, isə guya ayağında hər şeyin qaydasında olduğunu deyərək artıq onu qəbul etməkdən imtina etdi. Cavabdeh tibb hospitalının həkiminin səhv əməliyyatına görə o, 6-7 ay fərqi ilə iki dəfə spinal anasteziya olunmuşdur. Bu da onun səhhətinə olduqca mənfi təsir göstərmişdir. Kəpəz hospitalında həm nevroloji reabilitasiya, həm də ortopedik reabilitasiya fızioterapiydan keçmişdir. Hər 10 günlük müalicəyə görə 500 manat, aylıq müalicəyə görə 1000 manat pul ödəyirdi. Sağlamlığına vurulmuş maddi zərərin 20000 manatdan çoxdur, (ilkin əməliyat və fizoterapiya üçün ödənilmiş 9000 manat və uzadılmış fizioterapiya və digər müalicələr üçün çəkilən xəclər) Səhv əməliyyata görə uzadılmış Fizeoterapiya üçün çəkilən xərclərə dair ödəniş sənədlərini və çeklərini məhkəməyə təqdim edir. Ödəniş sənədlərindən görünür ki, uzadılmış fizioterapiyalara görə 6000 manat ödəniş olunmuşdur. Əvvəlki MRT müayinələrinin cavabları onda deyil. Sonuncu dəfə MRT xx.xx.2023 tarixdə etdirmişdir. xx.xx.2023 tarixli sənədindən görünür ki, 155 manat MRT üçün ödənilmişdir. Hər iki əməliyyatdan əvvəl qan analiz üçün ödəniş etmişdir. Əməliyyatdan əvvəl xx.xx.2022-ci il tarixli ödəniş sənədinə görə DTX HTB idarəsinə 92 manat ödəniş olunmuşdur. İkinci əməliiyatdan əvvəl qan analizlərinə xx.xx.2022-ci il tarixli ödəniş sənədinə görə DTX HTB idarəsinə 66 manat ödəniş olunmuşdur (9000+6000+155+92+66=15313 manat). Təəssüf ki, uzadılmış fizioterapiyaların çoxunun və çoxlu sayda çəkilmiş MRT-lərə və dərmanlara verdiyi pulların qəbzləri hazırda onda qalmamışdır. Onların hamısını hesabladıqda 20000 manatdan da çox edir. Hələ digər xərclər də var ki, onların sənədləri də qalmamışdır. Qeyd edilən pulların ödəniş sənədlərini və DTX HTBİ-ni dr. İ.Hüseynovun resptlərini də iddia ərizəsinə əlavə edir. X14 Səfquliyevə aid olan xx.xx.2023-cü il tarixli sol dizin MRT müayinəsindən görünür ki, Ön çarpaz bağ izlənilmir. Lojasında proksimal ucu femurun latral kondilinə distal ucu tibia plateu mediala fıksasiya olunmuş qreft izlənilir, (bud sümüyünün proksimal ucu, baldır sümüyünün lateral distal ucu mediala fıksasiya olunmuş qreft izlənilir) Laterial kallaterial bağın tamlığı pozulub (qopma). Artıq dr. İ.Hüseynov diz oynağındakı əməliyyatlardan sonra yaranmış fəsadları gördükdən sonra onu qəbul etməkdən imtina etdi. Bundan sonra məcbur qalıb çoxlu sayda həkim müayinələrindən keçdi. Onu müayinə edən həkimlər ona dizində problemlər olduğunu bildirdilər. Həmin həkimlər dizlərində iki dəfə aparılmış əməliyyatın səhv aparıldığını ona dedilər. Onlar bildirdilər ki, bu əməliyyat düzgün aparılsaydı uzağı 4 və ya 5 aya tam bərpa olunaraq normal həyata dönməliydi. Lakin indi sağlamlığına və normal həyata dönməyi üçün yenidən-təkrar-üçüncü dəfə əməliyyat olunmağı göstəriş olaraq bildirdilər. Lakin iki dəfə edilmiş səhv əməliyyatdan sonra hazırda heç bir digər həkim bu əməliyyatın fəsadlarını aradan qaldırmaq məsuliyyətini öz üzərinə götürmək istəmir. Heç bir həkim dizinin tam sağalmağına təminat vermir. Çünki həkimin etdiyi səhv əməliyyatdan sonra dizində fəsədlaşmalar baş vermişdir. Hətta yenidən əməliyyatdan sonra uzun müddətli müalicə fizioterapiya, məşğələ məsləhət görülmüşdür. Həkimlər təkrar əməliyyatın mütləq olmasını vurğulayırlar. Çünki əgər əməliyyat olunaraq dizdəki problem həll edilməsə bir necə vaxtdan sonra ayağında daha böyük fəsadlar yarana hətta aşağı dərəcəli əlilliyə gətirib çıxara biər. Ona görə də o yenə də əməliyyata getməlidir. Həmin əməliyyat üçün xeyli miqdarda pul vəsaiti tələb olunur. O, həmin vəsaiti cavabdehdən tələb edir. İki dəfə səhv əməliyyat olunmaqla cavabdeh ona küllü miqdarda zərər vurmuşdur. Bu vəziyyətinə görə işləyə bilmir. Maddi vəziyyəti günbə-gün pisləşir. Dizinin əməliyyat olunması mütləqdir. Ona görə də cavabdehdən üçüncü dəfə əməliyyat və müalicələr üçün 25000 manat tələb edir. Sonuncu dəfə belə bir vəziyyəti bir daha cavabdeh tibb müəssisənin doktoru İ.Hüseynova bidirmək üçün onun qəbuluna getdi. O, onu yenə də laqeyd qarşılayaraq heç nə olmamış kimi davranaraq məsuliyəti üzərindən atmağa çalışdı. Ümumilikdə, cavabdeh səhv əməliyyat nəticəsində sağlamlığına 20000 manat + üçüncü əməliyyat və müalicələr üçün 25000 manat=cəmi 45000 manat məbləğində maddi zərər vurmuşdur. Həmçinin həkimin sağlamlığına vurduğu zərərə görə o iş yerinə qayıda bilməmişdir. Dizində aparılmış əməliyyatdan sonra sağlamlığı bərpa olunmamış və uzun müddət işə çıxa bilmədiyi üçün işdən azad olunmuşdur. Artıq səhv əməliyyata görə 1 ildən artıqdır ki, işləmir. Səhv əməliyyata çəkdiyi xərclər və üstəgəl də işdən azad olunmağı ona həm maddi, həm də mənəvi zərər vurmuşdur. Cavabdeh hospitalın həkiminin etdiyi səhv cərrahi əməliyyatlara görə-sağlamlığına vurulmuş zərərə görə o bütün cəmiyyətdən təcrid olunmuşdur. Ailədə və cəmiyyətdə insanlar arasında normal şəkildə hərəkət edə bilmir. Heç bir iş görə və normal yaşaya bilmir. Həkimin səhv cərrahi əməliyyatına görə gələcəkdə dizinin vəziyyətinin necə olacağı bəlli deyildir. Bu da ona həddindən artıq mənəvi iztirab verərək şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmuş və o, mənəvi sarsıntılar keçirmişdir. Keçirdiyi mənəvi sarsıntılara görə dəfələrlə müalicə almışdır. Ona görə də cavabdeh DTX-nin Hərbi-Tibb Baş İdarəsinin ona vurduğu mənəvi zərərin əvəzi olaraq 30000 manat tələb edir. Qeyd edir ki, Qarabağın azad olunması uğrunda gedən 44 günlük müharibənin iştirakçısıdır. Xüsusi təyinatlı taborun tərkibində Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 dekabr tarixli 2372 nömrəli Sərancamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən Müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Ona görə də cavbdehdən xeyrinə, diz oynağında aparılmış iki dəfə səhv cərrahi əməliyyata görə sağlamlığına vurulmuş maddi zərərin əvəzi olaraq 20000 manat, dizində aparılacaq 3-cü təkrar əməliyyat və müalicələr üçün 25000 manat və dəymiş mənəvi zərərin əvəzi olaraq 30000 manat məbləğində pul tutulmalıdır. İddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin cavabdeh qismində cəlb edilməsini, cavabdehlər-Dövlət Təhlükəsizlik Xidmətindən və Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Tibb Baş İdarəsindən müştərək qaydada iddiaçının sağlamlığına vurulmuş maddi zərərin əvəzi olaraq 20000 manat, iddiaçının diz oynağında təkrar-üçüncü dəfə aparılacaq cərrahi əməliyyata və müalicəyə görə 25000 manat və iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi olaraq 30000 manat, vəkil xidməti üçün ödənilmiş 400 manat, cəmi ümumilikdə 75400 manatın tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəqiqləşdirilməsi barədə ərizənin dəlilləri: Hesab edir ki, bu iş üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti də cavabdeh qismində cəlb edilməlidir. Ona görə də ona dəymiş zərər həm Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətindən, həmçinin Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Tibb Baş İdarəsindən tutulmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianın ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı narazıçılığını məhkəməyə müraciət etməmişdən əvvəl də həkimə bildirib, həkimin bu barədə xəbəri olub. Ekspert rəyi əsassızdır, rəydə üçüncü əməliyyatın keçirilməsi barədə göstəriş qeyd edilib, iş üzrə əlavə ekspertiza təyin edilməli idi. Həkimin iclasda dizin çox pis vəziyyətdə olması barədə dedikləri iddiaçının əməliyyata girməsindən öncə tərtib edilən epikrizdə diaqnoz kimi göstərilməyib. İddiaçının əməliyyat üçün etdiyi ödənişlər barədə də həkim konkret cavab verməmiş, lakin ödənişlərin edilməsini təsdiq etmişdir. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Etirazın dəlilləri: Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 etirazından görünür ki, məhkəməyə Pasiyent İddiaçı Qılman oğlu xx.xx.2022-ci il tarixdə DTX Hərbi Tibb Baş idarəsinin Hərbi Hospitalında İltifat Hüseynovun həkim qəbulunda olmuşdur. X8 Roşan Avşar yönəltmişdir. Müayinə zamanı sol dizdə şişkinlik, hərəkət məhdudluğu, axsama, kontraktura, dizin ön çəkmədə stabil olmaması, ön çəkmə testinin və “Lachman” testinin müsbət olması qeyd edilmişdir. Xəstənin MRT müayinəsi və kliniki dəyərləndirilməsindən sonra sol diz oynağının ön çarpaz bağının qopduğu görülmüşdür. Xəstəyə qapalı üsulla həmin dizindən hamstring vətərlərindən istifadə edərək “Ön çarpaz bağ rekonstruksiyası” cərrahi əməliyyatının icrası planlaşdırılmışdır. Xəstənin iddia ərizəsində yazdığı “digər dizdən vətər götürülməli idi” fikri tamamı ilə yanlışdır. Yalnız həmin dizdə vətərlərin olmadığı halda (Keçirilmiş cərrahi əməliyyatlarla bağlı) digər aşağı ətrafdan vətər alına bilər. Vətər alınma əməliyyatından sonra həmin aşağı ətrafda heç bir şikayət qala bilməz. Xəstə iki metr hündürlükdən yıxıldığı, aldığı travmadan iki ay keçdiyi MRT görüntülərində sümüklərdə və qığırdaqlarda kontuziya olduğu üçün cərrahi əməliyyat sonrası əvvəlki sağlam dizinin funksiyalarının tam bərpa olmasının mümkünsüzlüyü izah edildi. Diz iki ay hərəkətsiz qaldıqdan sonra yaranmış kontraktura, qığırdaqların və sümüklərin kontuziyası nə qədər düzələcəyi cərrahi əməliyyatdan sonra fizioterapiya və zamanla bilinəcəyi xəstəyə izah edildi. Xəstə spinal anesteziya ilə xx.xx.2022-ci il tarixdə əməliyyata alındı. Əməliyyat zamanı ön çarpaz bağın qopduğu və dizdə qığırdaqlarda hündürlükdən düşmə nəticəsində kobud zədələr və qığırdaq aşınması görüldü (həmin qığırdaq aşınması, əməliyyatın mərhələli gedişatı və ön çarpaz üçün hazırlanmış qreftin sonuna qədər yerləşdirilməsinin şəkil və video görüntüləri mövcuddur). Xəstəyə hamstringlərdən alınmış vətərlə ön çarpaz bağının rekonstruksiyası əməliyyatı icra edildi. Əməliyyat fəsadsız keçdi. Xəstənin sonrakı təqibini Roşan Avşar və onun şöbəsində çalışan fizioterapevt (Adını bilmir) davam etdi. Ona bir neçə ay sonra fizioterapiyadan videolar göstərildi, dizdə bükülmənin tam olmadığı üçün çox güclü şəkildə bükülməyə zorlayan reabilitasiyalar və idman hərəkətləri icra edilirdi. Xəstə iddia ərizəsində bildirdiyi “birinci əməliyyatın yanlış olduğu” fikir yanlışdır. Çünki əgər vətər olmasa idi dizin bükülməsi bu qədər zorlanmazdı və ağrılı olmazdı. Xəstə bir neçə ay sonra müayinəyə gəldi. Dizində yenidən şikayətlərin olduğunu gördü. Xəstəyə MRT müayinəsi məsləhət gördü. MRT görüntülərində (xx.xx.2023-cü il tarixli) rekonstruksiya etdiyi ön çarpazın üfləndiyini, bağın incəldiyini və yapışma yerindən hissəli qopduğunu gördü. Bu edilən reabilitasiya nəticəsində və ya hər hansi bir sərt hərəkət və burxulma nəticəsində ola bilərdi. (Bu ön çarpaz əməliyyatlarından sonra ola biləcək bir riskdir). Xəstəyə yenidən ön çarpaz bağ rekonstruksiyası cərrahi əməliyyatı məsləhət görüldü. Xəstə cərrahi əməliyyata alındı. Daha öncə həmin dizdən hamstring vətərləri qreft olaraq alındığı üçün digər dizdən hamstring vətərləri alınaraq rekonstruksiya edildi. Yenə də bütün əməliyyatın mərhələli şəkilə foto şəkil və videoları mövcuddur. Əməliyyat fəsadsız keçdi. Xəstə əməliyyat sonrası yenidən əvvəlki reabilitoloquna və Roşən Avşar doktora getdi. Bir neçə ay əvvəl yanına kontrola gəldi, müayinə etdi, bükülmənin qənaətbəxş olduğunu, dizdə yan bağın boş olduğunu gördü və xəstəyə MRT müayinəsi olmasını istədi. Sonra xəstə kontrola gəlmədi. Xəstə iddia ərizəsində göstərdiyi “Mən onu qəbul etmədim” fikri yalnışdır. Hər zaman xoş münasibətlə, hətta sırada çox gözləməməsi üçün daha öncə qəbul edirdi. Qeyd etmək istərdi ki, “Amazon LTD” xx.xx.2022-ci il tarixində etdiyi doqquz min manat (9000) ödənişi ona və onun çalışdığı Hərbi Hospitala ödənilməyib. Xəstə iddia ərizəsində yazdığı son MRT müayinəsindən sonra “Ön çarpaz bağ izlənilmir” fikri doğru deyil. MRT cavabında “Lojasında proksimal ucu femurun lateral kondilinə distal ucu tibia platonun medialına fiksasiya olunmuş qreft izlənilir” cavabı yazılıb. Yəni ki, qreft tamamilə normal yerindədir. Məhkəmə iclasında iştirak edən cavabdeh Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndəsi X6 iddia tələbinə etiraz edərək bildirmişdir ki, ödənişlərlə bağlı qəbzlər, kassa mədaxil orderləri yoxdur. Bundan başqa ekspert rəyi ilə də həkimin səhvini təsdiq edən hallar müəyyən edilmir. Buna görə də, iddia əsassızdır və təmin edilməməlidir. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndəsi X7 iddianın əsassız olduğunu, nəticəsindən asılı olmayaraq əməliyyatın keçirilməsinə iddiaçının özünün razılığının olduğunu və ekspert rəyini nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. xx.xx.2023-cü il tarixli məhkəmə baxış iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 iddia tələbinə etiraz edərək iddia ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş etmiş və bildirmişdir ki, iddiaçı ilk dəfə ona müraciət edəndə dizindəki bağ qopmuşdu, bunların videosu mövcuddur. İddiaçı yüksəkdən yıxılıb və onun dizi tam əzilmiş vəziyyətdə idi. İddiaçı ilə müzakirə edəndə öncədən ona demişdi ki, həmin dizi öncəki vəziyyətinə qaytarmaq mümkün deyil. Ekspert rəyində məlumatlar düzgün əks olunmuşdur. İddiaçının ondan şikayətçi olmasını bilməmişdir. Diz bağının təkrarən qopması fizioterapiya və ya başqa hər hansı bir hərəkət səbəbindən də ola bilərdi. 6 ay ərzində bərpa olunur diz. Fizioterapiya 6 ay davam edir. İddiaçı birincu dəfə zədələnmədən bir ay keçdikdən sonra ona müraciət edib. Bağı səhv, ya da zəif qoymaq olmur, standartlara uyğun oolmalıdır ölçüsü və s., o da bütün hərəkətləri tibbi qaydalara uyğun edib. Həmçinin bildirmişdir ki, ona ödənilən məbləğ dəqiq yadında deyil, lakin həmin əməliyyatda istifadə edilən materiallar bahalı materiallardır. Göstərilənlərə əsasən iddianı əsassız hesab edir. xx.xx.2023-cü il tarixli məhkəmə baxış iclasında iştirak edən X1 ifadəsində bildirmişdir ki, iddiaçının atasıdır. İltifat həkimə əməliyyatın ödənişini etmişlər, lakin əməliyyatdan sonra oğlunun dizi düzəlmədi. Öyrənəndə bildirdilər ki, əməliyyat səhv edilib. Dizin zədələnməsi 2021-ci ilin yanvar ayında olub, İltifat həkimə isə fevralın sonu, martın əvvəli müraciət etmişlər. Elə oldu ki, oğlu qrip oldu, qaytardılar xəstəxanadan geri, sağalmasını gözlədilər. İlk dəfə hadisədən sonra televiziya proqramında gördükləri İranlı həkimə və digər yerlərə də müraciət etmişlər. Sonra İranlı həkimə müraciət etmişlər, o da İltifat həkimə istiqamətləndirmişdir. Onları, əməliyyatdan 10 gün əvvəl İltifat həkimə müraciət etmişlər. Onunla danışaraq ödəniş etmişlər və sonra əməliyyat olunmuşdur, sonra mütəmadi yoxlamalar edirdi. Amma oğlunun dizi düzəlmədi. 2-3 ay sonra dedilər ki, əməliyyat səhv olub və daha sonra məlumat aldı ki, oğlu ikinci dəfə əməliyyat edilir. X1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, əməliyyatla bağlı ödənişi Pərvinin işlədiyi idarə ödədi - 9000 manat pulu onlara verdilər. 5500 əlbəəl İltifat həkimə vermişlər, 200 manat da analizə ödəmişlər. Qalan pulu isə fizeoterapiyaya xərcləmişlər. Digər həkimə həmin məbləğdən ödəniş etməmişlər. Pərvin əməliyyatdan evə gələndən 10 gündən sonra həmin ağrılar başlamışdır. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: -DTX-nin Hərbi-Tibb Baş İdarəsininin xx.xx.2022-ci il tarixdə müraciət etmiş xəstə xx.xx.1994cü il təvəllüdlü İddiaçı Qılman oğluna dair EPİKRİZ-dən görünür ki, Diaqnoz: sol diz oynağında ön çarpaz bağın qopması. Şikayət: Sol dizdə ağrı, şişkinlik, hərəkət məhdudluğu, yerimə pozğunluğu. Müalicə: xx.xx.2022-ci il tarixdə spinal anesteziyanın tətbiqi ilə sol diz oynağında “ön çarpaz bağın rekonstruksiyası” cərrahi əməliyyatı icra edildi. Əməliyyat fəsadsız keçdi. Nəticə: xəstə kafi vəziyyətdə həkim nəzarəti altında ambulator müalicə məqsədi ilə evə yazılıdı. Xəstəyə müvafiq təyinatlar və məsləhətlər verildi. -DTX-nin Hərbi-Tibb Baş İdarəsininin xx.xx.2022-ci il tarixdə müraciət etmiş xəstə xx.xx.1994cü il təvəllüdlü İddiaçı Qılman oğluna dair EPİKRİZ-dən görünür ki, Diaqnoz: sol diz oynağında ön çarpaz bağın təkrar qopması. Şikayət: Sol dizdə ağrı, şişkinlik, hərəkət məhdudluğu, yerimə pozğunluğu, axsama. Müalicə: xx.xx.2022-ci il tarixdə spinal anesteziyanın tətbiqi ilə sol diz oynağında “ön çarpaz bağın təkrari rekonstruksiyası” cərrahi əməliyyatı icra edildi. Əməliyyat fəsadsız keçdi. Nəticə: xəstə kafi vəziyyətdə həkim nəzarəti altında ambulator müalicə məqsədi ilə evə yazılıdı. Xəstəyə müvafiq təyinatlar və məsləhətlər verildi. -X14 Səfquliyevə aid olan xx.xx.2023-cü il tarixli sol dizin MRT müayinəsindən görünür ki, Tibiofemoral oynağın genişliyi və əlaqəsi normaldır. Oynaq qığırdağının qalınlığı norma daxilindədir. Oynaq daxilində və suprapatellar bur sada maye artışı izlənilir. Suprapatellar piy toxuması və Hoffa yağ yastığı ödemlidir. Ön çarpaz bağ izlənilmir. Lojasında proksimal ucu femurun latral kondilinə distal ucu tibia plateu mediala fıksasiya olunmuş qreft izlənilir, (bud sümüyünün proksimal ucu, baldır sümüyünün lateral distal ucu mediala fıksasiya olunmuş qreft izlənilir) Laterial kallaterial bağın tamlığı pozulub (qopma). -Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsinin Xəstənin Tibbi kartasından iş yeri olan "xxxx" MMC-yə göndərilmiş çıxarışdan görünür ki, Xəstə xx.xx.1994-cü il təvəllüdlü İddiaçı Qılman oğlu xx.xx.2022-ci il tarixində ambulatorda olmuşdur. Tam diaqnoz: Ön çarpaz bağın tam qopması. Müalicə və əmək məsləhətləri: xəstəyə cərrahi əməliyyat məsləhət görülür: Əməliyyat, tibbi sərfiyyat və sonrakı reabilitasiya məbləği 8500-9000 AZN təşkil edir. - "xxxx" LTD xx.xx.2022-ci il tarixli Ödəmə əmrindən görünür ki, İddiaçı Qılman oğlunun xəstəxana xərclərinin qarşılanmasına 9000 manat ödənmişdir. -Kəpəz Hospitalının qəbzlərindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə fizioterapiya şöbəsində ortopedik reabilitasiya xidmətinə görə 1000 manat, xx.xx.20022-ci il tarixdə nevroloji reabilitasiya üçün 500 manat, xx.xx.2022-ci il tarixdə nevroloji reabilitasiya üçün 500 manat, xx.xx.2022-ci il tarixdə fizioterapiya şöbəsində ortopedik reabilitasiya xidmətinə görə 1000 manat, xx.xx.2023-cü il tarixdə sol diz MRT-yə görə 155 manat, xx.xx.2022-ci il tarixdə kardioloqun konsultasiyası üçün 66 manat, xx.xx.2022-ci il tarixdə kardioloqun konsultasiyası üçün 92 manat ödəniş edilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X12”nin 588/KEŞ saylı xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, İddiaçı mütəxəssis müayinəsi zamanı onda hal- hazırda aparılmış “Sol diz oynağının artroskopik meniskektomiyası və ön çarpaz bağın rekonstruksiyası” cərrahiyyə əməliyyatından sonrakı vəziyyətin, həmçinin sol diz oynağında rotasion qeyri-stabilliyin olduğu müəyyən edilmişdir. Yaranmış patoloji vəziyyətlə əlaqədar İddiaçı təkrar cərrahiyyə əməliyyatının aparılmasına ehtiyac vardır. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı xx.xx.2022-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalına “Sol diz oynağında ön çarpaz bağın qopması” diaqnozu ilə qəbul edilmişdir. Aparılmış müvafiq müayinələrdən sonra diaqnoz öz təsdiqini tapmış və diaqnoza uyğun olaraq operativ müalicə taktikası seçilmişdir. xx.xx.2022-ci il tarixdə spinal anseteziya altında “Artroskopik ön çarpaz bağın rekonstruksiyası” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş, xəstəyə lazımı məsləhətlər və təyinatlar verilərək xx.xx.2022-ci il tarixdə evə yazılmışdır. Daha sonra, İddiaçı xx.xx.2022-ci il tarixdə yenidən Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalına müraciət etmişdir. Bu zaman ona “Sol diz oynağında ön çarpaz bağın təkrar qopması” diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza əsasən ona “Sol diz oynağında ön çarpaz bağın təkrari rekonstruksiyası” aparılmışdır. xx.xx.2022-ci il tarixdə xəstəyə müvafiq məsləhətlər verilmiş və ambulator nəzarətə buraxılmışdır. Beləliklə, İddiaçı icra edilmiş operativ müdaxilələr taktiki olaraq düzgün seçilmiş və icra edilmişdir. Sol diz oynağında ön çarpaz bağın təkrar qopması müxtəlif şəraitlərdən baş verə bilər (təkrari travma, ehtiyatsız aktiv hərəkət və s.), təkrar rekonstruktiv əməliyyatın aparılmasına baxmayaraq, yanaşı olaraq regenerasiya funskiyasının və qan dövranının pozulması fonunda bağ aparatının çatmamazlığına və sol diz oynağında rotasion qeyri-stabilliyə səbəb ola bilər. İddiaçı icra edilmiş operativ müdaxilələr və müdaxilələrdən sonra verilmiş təyinatlar onun vəziyyətinə uyğun olmuşdur. İddiaçı hazırkı vəziyyəti, yəni keçirilmiş cərrahiyyə əməliyyatdan sonra yaranmış patoloji hal müxtəlif vəziyyət və şəraitdə yarana bilər, yanaşı olaraq regenerasiya funskiyasının və qan dövranın pozulması səbəbi ilə bağ aparatının çatmamazlığına gətirib çıxara bilərdi. Bunun da aparılmış əməliyyatlarla səbəbli əlaqənin olmasını istisna edir. İddiaçı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalında aparılmış müayinələr və icra edilmiş cərrahi əməliyyatlar ona təyin edilmiş diaqnoza uyğun olmuşdur. Əsaslandırıcı hissə: İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı "xxxx" LTD MMC tikinti şirkətində çalışarkən 2022-ci ilin yanvar ayında iki metr hündürlükdən yıxılmış və nəticədə sol diz oynağında zədələnmə baş vermişdir. İddiaçı xx.xx.2022-ci il tarixində ambulatorda olmuş, ona ön çarpaz bağın tam qopması diaqnozu qoyulmuş, xəstəyə cərrahi əməliyyat məsləhət görülmüşdür. İddiaçı Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsində İltifat Hüseynov tərəfindən 2022-ci ilin mart ayında dizindən əməliyyat olunmuş, epikrizdən görünür ki, əməliyyat fəsadsız keçmişdir. Təkrar müayinə zamanı təkrar əməliyyat məsləhət görülmüş, 2022-ci ilin oktyabr ayında cavabdeh DTX-nin Hərbi-Tibb Baş İdarəsində Dr. İltifat Hüseynov dizində təkrar əməliyyatı həyata keçirilmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsini həkim səhvi ilə əlaqələndirərək cavabdeh tərəfindən iki dəfə edilmiş səhv əməliyyatdan sonra dizində fəsədlaşmalar baş verdiyinə, əməliyyatlar, uzun müddətli müalicə, fizioterapiya üçün xəyli xərc çəkdiyinə, təkrar əməliyyat üçün xeyli miqdarda pul vəsaiti tələb olunduğuna, ən əsası isə sağlamlığını itirməsinə istinad etmişdir. Məhkəmə, iddia tələbinin pul tələbinə aid hissəsinə, yəni maddi zərərin ödənilməsinə dair hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (MM-nin 21.2-ci maddəsi). Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Göründüyü kimi, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir ( Mülki Məcəllənin 1112-ci maddəsi). Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iş materialları, o cümlədən cavabdehin nümayəndələrinin izahatları və onlara verilmiş etibarnamələr ilə müəyyən edilir ki, iddiaçının tələbləri üzrə cavabdehliyi hazırki iş üzrə Dövlət Təhlükəsizlik Xidməti daşıyır. Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Tibb Baş İdarəsi isə müstəqil olaraq cavabdehlik daşımır. Odur ki, iddia İdarəyə münasibətdə təmin edilə bilməz. Məhkəmə, iddianın dəlillərinə Dövlət Təhlükəsizlik Xidmətinə münasibətdə münasibət bildirərək qeyd edir ki, qanunun mənasına görə məhz yuxarıda göstərilən əlamətləri özündə ehtiva edən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır və qanunvericiliyin tələbindən də aydın olduğu kimi məhz mülki hüquq pozuntusu törətmiş şəxs hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurduğu zərərərin əvəzini tam həcmdə ödəməlidir. Məhkəmə qeyd edilən məsələnin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, 2(009)- 1091/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X12”nin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X12”nin 588/KEŞ saylı xx.xx.2023-cü il tarixli ekspert rəyində qeyd olunur ki, İddiaçı mütəxəssis müayinəsi zamanı onda hal- hazırda aparılmış “Sol diz oynağının artroskopik meniskektomiyası və ön çarpaz bağın rekonstruksiyası” cərrahiyyə əməliyyatından sonrakı vəziyyətin, həmçinin sol diz oynağında rotasion qeyri-stabilliyin olduğu müəyyən edilmişdir. Yaranmış patoloji vəziyyətlə əlaqədar İddiaçı təkrar cərrahiyyə əməliyyatının aparılmasına ehtiyac vardır. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı xx.xx.2022-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalına “Sol diz oynağında ön çarpaz bağın qopması” diaqnozu ilə qəbul edilmişdir. Aparılmış müvafiq müayinələrdən sonra diaqnoz öz təsdiqini tapmış və diaqnoza uyğun olaraq operativ müalicə taktikası seçilmişdir. xx.xx.2022-ci il tarixdə spinal anseteziya altında “Artroskopik ön çarpaz bağın rekonstruksiyası” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş, xəstəyə lazımı məsləhətlər və təyinatlar verilərək xx.xx.2022-ci il tarixdə evə yazılmışdır. Daha sonra, İddiaçı xx.xx.2022-ci il tarixdə yenidən Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalına müraciət etmişdir. Bu zaman ona “Sol diz oynağında ön çarpaz bağın təkrar qopması” diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza əsasən ona “Sol diz oynağında ön çarpaz bağın təkrari rekonstruksiyası” aparılmışdır. xx.xx.2022-ci il tarixdə xəstəyə müvafiq məsləhətlər verilmiş və ambulator nəzarətə buraxılmışdır. Beləliklə, İddiaçı icra edilmiş operativ müdaxilələr taktiki olaraq düzgün seçilmiş və icra edilmişdir. Sol diz oynağında ön çarpaz bağın təkrar qopması müxtəlif şəraitlərdən baş verə bilər (təkrari travma, ehtiyatsız aktiv hərəkət və s.), təkrar rekonstruktiv əməliyyatın aparılmasına baxmayaraq, yanaşı olaraq regenerasiya funskiyasınm və qan dövranının pozulması fonunda bağ aparatının çatmamazlığına və sol diz oynağında rotasion qeyri-stabilliyə səbəb ola bilər. İddiaçı icra edilmiş operativ müdaxilələr və müdaxilələrdən sonra verilmiş təyinatlar onun vəziyyətinə uyğun olmuşdur. İddiaçı hazırkı vəziyyəti, yəni keçirilmiş cərrahiyyə əməliyyatdan sonra yaranmış patoloji hal müxtəlif vəziyyət və şəraitdə yarana bilər, yanaşı olaraq regenerasiya funskiyasınm və qan dövranın pozulması səbəbi ilə bağ aparatının çatmamazlığına gətirib çıxara bilərdi. Bunun da aparılmış əməliyyatlarla səbəbli əlaqənin olmasını istisna edir. İddiaçı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalında aparılmış müayinələr və icra edilmiş cərrahi əməliyyatlar ona təyin edilmiş diaqnoza uyğun olmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edilən ekspert rəyini sübut növü kimi qəbul edir və onunla razılaşır. Belə ki, iddiaçı tərəfindən ekspert rəyini təkzib edəcək hər hansı bir sübut növü məhkəməyə təqdim edilməmiş, məhkəmə araşdırması zamanı da ekspert rəyinin əsaslılığına şübhə yaradacaq hər hansı bir hal müəyyən edilməmişdir. Mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar və faktlar əsasında hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə tərəflərin izahatları ilə yanaşı, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutları, o cümlədən ekspert rəyini nəzərə alaraq hesab edir ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalında aparılmış müayinələr və icra edilmiş cərrahi əməliyyatlar ona təyin edilmiş diaqnoza uyğun olmuşdur. Başqa sözlə iddiaçının iddiasını əsalandırdığı hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Odur ki, iddiaçının iddia tələbi maddi zərərin ödənilməsi hissəsində təmin edilməməlidir. Məhkəmə iddia tələbinin mənəvi ziyanın ödənilməsinə dair dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X10 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Qeyd edilən xüsusatlardan da aydın olur ki, Azərbaycan Respublikası qanunvericiliyi, “İnsan Hüquqlarının və X10 Haqqında Konvensiya”nın müddəaları, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Məhkəmə vurğulayır ki, mənəvi zərər məhz bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda da kompensasiya edilir. Məhkəmə, hazırki işdə cavabdeh tərəfindən iddiaçının hər hansı bir şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulmasına yönələn hərəkətlər edilməsinin müəyyən edilməməsini nəzərə alaraq belə hesab edir ki, iddia tələbi mənəvi zərərin ödənilməsi hissəsində də əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəməq qeyd edir ki, iddia təmin edilmədiyindən iddianın məhkəməyə verilməsi üçün ödənilmiş hüquqi yardımla bağlı xərci iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı "sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddiası rədd edilməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-51/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-51/2024
11.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver