Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-510/2023 08.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı – Cavabdeh MMC-yə qarşı “görülmüş işlərə və göstərilmiş xidmətlərə görə ödənişlərin aparılması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı – Cavabdeh MMC-yə qarşı “görülmüş işlərə və göstərilmiş xidmətlərə görə ödənişlərin aparılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin filiallarında görülən işlərə və göstərilən xidmətlərə görə ödənilməmiş 2505 (iki min beş yüz beş) manat pul vəsaitinin İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: İddiaçı xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhərində yaşayır. İddiaçı, onunla birlikdə çalışan X5 və X1 2015-ci ildən etibarən Cavabdeh MMC-ə məxsus Ailə TV filiallarında müxtəlif növ texniki-servis xidmətləri (əsasən kondisionerlərin quraşdırılması və onlara texniki qulluq) göstərmişdir. Əməkdaşlıq çərçivəsində göstərilmiş xidmətlərə və görülmüş işlərə dair ödənişlər tərtib olunmuş müvafiq aktlara uyğun olaraq xx.xx.2022-ci il tarixədək vaxtlıvaxtında həyata keçirilmişdir. Həmin şirkətdə İddiaçı sahəsinə uyğun olan hər hansı bir xidmətin göstərilməsinə zərurət yarandığı halda həmin şirkətin əməkdaşları (özlərinin dediklərinə görə audit vəzifəsində çalışırlar) X2 və ya X4 tərəfindən telefon vasitəsilə onunla əlaqə saxlanılaraq şirkətdə görüləcək işlər barəsində məlumat verildikdən sonra İddiaçı tərəfindən görüləcək işlərə yerində baxış keçirilirmiş. Lazımi xidmət göstərildikdən sonra isə müvafiq aktlar tərtib olunaraq ödəniş olunması üçün şirkətin əməkdaşı “Səbinə xanım” kimi tanıdıqları şəxsə təqdim olunması məqsədilə Elçin Kəlbalıyev və ya Elnur Məmmədzadəyə təqdim olunurmuş. Ödəniş nəğd şəkildə həyata keçirildikdən sonra həmin aktların bir nüsxəsi İddiaçı geri qaytarılmış. Lakin 2022-ci ilin may ayından etibarən göstərilmiş xidmətlərə və görülmüş işlərə görə ödənişlərdə müəyyən gecikmələr və problemlər yaranmışdır. Belə ki, görülən işlərə dair aktlar tərtib olunaraq Elçin Kəlbalıyevə təqdim olunmasına baxmayaraq (həmin aktların geri qaytarılmamışdır) ödənişlər tam həyata keçirilməmişdir. Bununla əlaqədar olaraq İddiaçı tərəfindən Elçin Kəlbalıyev və Elnur Məmmədzadə ilə dəfələrlə telefon əlaqəsi yaradılmasına baxmayaraq hər-hansı bir müsbət nəticə əldə etmək mümkün olmamışdır. İlk müddət Elçin Kəlbalıyev və Elnur Məmmədzadə tərəfindən ödənişləri həyata keçirən şəxsin xaricdə olması bildirilsə də sonradan həmin şirkətin əməkdaşı “Səbinə xanım” kimi tanıdıqları şəxsə müraciət olunmuş və onun tərəfindən bildirilmişdir ki, Elçin Kəlbalıyev və Elnur Məmmədzadə şirkətə məxsus müəyyən məbləğdə pulu mənimsədikləri üçün şirkətdən kənarlaşdırılmışdır. Bu səbəbdən iddiaçıya ödənişlər onlar tərəfindən, yəni adları çəkilən Elçin Kəlbalıyev və Elnur Məmmədzadə tərəfindən ödənilməlidir. İddiaçı tərəfindən xidmətlərin adları çəkilən şəxslərin evlərində deyil şirkətə məxsus olan ofislərdə göstərildiyi bildirildikdə “Şəbinə xanım” kimi tanıdıqları şəxs görülmüş işlərdən və göstərilmiş xidmətlərdən məlumatlı olduğunu qeyd etmiş, lakin cəmi 1500 (min beş yüz) manat ödəyə biləcəyini, qalan məbləği isə aktların təqdim olunmadığı üçün ödəyə bilməyəcəyini bəhanə gətirmişdir. Bundan sonra yenidən Elçin Kəlbalıyev və Elnur Məmmədzadə ilə telefon əlaqəsi yaradılaraq tərtib olunmuş aktlar tələb olunmuş, lakin tərtib olunmuş bütün aktların şirkətə təqdim olunduğunu bildirmişlər. Beləliklə də 2022-ci il ərzində Cavabdeh MMC-də görülən işlərin ümumi məbləği 4005 (dörd min beş) manat təşkil etməsinə baxmayaraq yalnız bir hissəsi, yəni 1500 (min beş yüz) manat pul vəsaiti ödənilmişdir. Hal-hazırda Cavabdeh MMC- nin İddiaçı ödənilməmiş 2500 (iki min beş yüz) manat məbləğində borcu, yəni qarşı tərəfin icra olunmayan öhdəliyi mövcuddur. Məhkəmə iclasında iştirak edən İddiaçı şirkətdə yeyintilər olduğunu, işçilərin pulunun ödənilməli olduğunu, yanvardan başlayaraq ödənişlərin olmadığını bildirərək iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Etirazın dəlilləri: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil iddia tələbinə etiraz edərək göstərmişdir ki, icraatda olan mülki işdə Cavabdeh MMC barəsində yazılanlar həqiqəti əks etdirmir. Belə ki, İddiaçı "xxxx"' MMC-nin ofisindəki kondisionerlərdən bəzilərində yaranan nasazlıqların aradan qaldırılması işlərini yerinə yetirmiş və işi bitirdikdən sonra həmin gördüyü işlərə dair xx.xx.2022-ci il tarixli akt tərtib edilməklə 1500 (bir min beş yüz) manat məbləğində ödəniş edilmişdir. "xxxx" MMC-nin iddiaçıya heç bir borcu yoxdur. Hesab edir ki, etirazda qeyd etdikləri əsaslıdır və iddia tələbinin təmin olunmaması üçün əsasdır. İddiaçı Cavabdeh MMC-yə qarşı olan iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, 7 ildir ailə tv-nin müxtəlif ofislərində kondisionerlərin təmiri ilə bağlı İddiaçı onları çağırıb və onlar birlikdə kondisionerlərin təmiri ilə məşğul olub. 2022-ci ilin noyabr ayına qədər işləyib. O kondisioner ustasıdır, 3 nəfərdilər, birlikdə işləyirdilər, Həmidağa onları göndərirdi, onlar da işləri görürdülər, pullarını alırdılar. Sonuncu işlərlə bağlı pulu vermirdilər. İşləri görəndən sonra, akta xanım qol çəkirdi, sonra pulu alırdılar. Xanım Türkiyəyə gedəndən sonra 2-3 ay ödəniş yubandı. Həmidağa ilə arasında müqavilə yoxdu, şirkətə pulu almaq üçün iddiaçı ilə birgə getmişdilər, pulu vermədilər, sonra Həmidağa onların pulunu öz cibindən verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirmişdir ki, o, X3 ilə birlikdə işləyir, beş ildən çoxdur ki, ailə tv-nin müxtəlif ofislərində kondisionerlərin təmiri ilə bağlı İddiaçı onları çağırıb və onlar birlikdə kondisionerlərin təmiri ilə məşğul olub. Uzun müddət işlədiklərinə görə şirkətə etibarları yaranmışdı, 2022-ci ilin fevral ayından başlayaraq pulları vermirdilər. Həmidağa yay ayları idi, pulu istəməyə getdi, onlar da onunla getdilər. Gedib pulu tələb etsələr də şirkətdən pulu vermədilər, Həmidağa öz cibindən verdi. Məhkəmə iddiaçının, onun və cavabdehin nümayəndəsinin izahatlarını, şahid ifadələrini dinləyib, iddia tələbinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq, sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Ailə TV-nin vəkil Nümayəndə ünvanladığı məktubundan görünür ki, xx.xx.2022-ci il tarixli, 03/291 N°-li sorğuya cavab olaraq bildirilir ki, sorğuda qeyd edilən İddiaçı (həmçinin onunla işləyən digər şəxslər) Cavabdeh MMC-nin ofısindəki kondisionerlərdən bəzilərində yaranan nasazlıqların aradan qaldırılması işlərini yerinə yetirmiş və işi bitirdikdən sonra həmin gördüyü işlərə dair xx.xx.2022-ci il tarixli akt tərtib edilməklə 1500 (bir min beş yüz) manat məbləğində ödəniş edilmişdir. Cavabdeh MMC-nin sorğuda adları qeyd edilən şəxslərə heç bir borcu yoxdur. - Cavabdeh MMC-nin blankında İddiaçı ilə Məmmədov İlyas adlı şəxslərin imzaladıqları xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Cavabdeh MMC-nin Nərimanov filialında olan kondisionerlərə texniki baxış keçirilmişdir. Qeyd: Mətbəx və stansiyada olan kondisionerlərin təmizlənməsi 100 AZN, stansiyada olan kondisionerə qaz əlavə edilməsi 80 AZN - Cavabdeh MMC-nin blankında İddiaçı ilə Məmmədov İlyas adlı şəxslərin imzaladıqları xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Cavabdeh MMC-nin Nərimanov filialında olan kondisionerlərə texniki baxış keçirilmişdir. Qeyd: Kondisioner müdür otağı yuyulma 50 AZN, iç blokunun təmiri 80 AZN - İddiaçı ilə Emil Ağaverdiyevin imzaladıqları xx.xx.2022-ci il tarixli digər aktdan görünür ki, Xətai filialında aşağıdakı işlər görülmüşdür: 1. Kondisionerə qaz əlavə olunması 50 AZN, 2. kondisionerin təmizlənməsi 50 AZN - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli aktından görünür ki, Cavabdeh MMC-nin Nizami filialında olan kondisionerlərə texniki baxış keçirilmişdir. - Cavabdeh MMC-nin blankında İddiaçı ilə İlkin Əlizadə adlı şəxslərin imzaladıqları xx.xx.2022-ci il tarixli aktdan görünür ki, "xxxx" MMC-nin Xırdalan filialının ofisindəki server otağının kondisionerinin dachikinin dəyişilmədi və A.G.Şəhərindəki server otağının kondisionerinin təmizlənməsi işləri xx.xx.2022 tarixində icra olundu. İstifadə olunan ləvazimatlar: dachik – 1 ədəd (30 AZN) Təmizləmə - 40 AZN - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Cavabdeh MMC-nin Baş ofis və filiallar üzrə kondisioner avadanlığı ilə bağlı işlər aparılmışdır və məbləğ təyin olunmuşdur: İyun, iyul, avqust ayları üçün 1500 - Səbinə xanım adında şəxslə Elçin adlı şəxs arasında olmuş “Whatsapp” yazışmalarından görünür ki, Elçin adlı şəxs kondisioner ustalarının narazı olduqlarını, işlədiyi pulları tələb etdiklərini Səbinə xanıma bildirmiş, Səbinə xanım maksimum 1500 manat ödəniş edə biləcəyini bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 2022-ci il ərzində "xxxx" MMC-də görülən işlərin ümumi məbləği 4005 (dörd min beş) manat təşkil etməsinə baxmayaraq yalnız bir hissəsi, yəni 1500 (bir min beş yüz) manat pul vəsaiti ödənildiyini, qalan 2505 manat pulun isə ödənilmədiyini iddia etmişdir. Cavabdeh tərəf isə iddianı qəbul etməyərək İddiaçı "xxxx" MMC-nin ofisindəki kondisionerlərdən bəzilərində yaranan nasazlıqların aradan qaldırılması işlərini yerinə yetirmiş və işi bitirdikdən sonra həmin gördüyü işlərə dair xx.xx.2022-ci il tarixli akt tərtib edilməklə 1500 (bir min beş yüz) manat məbləğində ödəniş edilməklə ona heç bir digər borcu olmamasını göstərmişdir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə İradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o, daha bir suala- qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırki tələb üzrə mövcud olubolmadığı araşdırılmalıdır. İddiaçı tələbinin maddi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442, 448-ci maddələrinə istinad etmişdir. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında şifahi qaydada xidmət göstərilməsi ilə bağlı müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmış və iddiaçının qarşı tərəfin icra olunmayan öhdəliyi ilə bağlı tələbi yalnız təqdim edilmiş sübutlar baxımından qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, MPM 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə, istər iddiaçının izahatı, istərsə də tələbinin əsaslandırılmasının təsdiqi üçün təqdim etdiyi şahid ifadələrinə qiymət verərək hesab edir ki, bu izahat və ifadələr özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə və qiymətdəndirilə bilməz. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Məhkəmə daha sonra qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. (MPM-nin 62-ci və 104.1-ci maddələri) Həmçinin şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır. MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci, şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci, şahidin ifadəsi inandırıcıdırmı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasını müəyyənləşdirməsidir. Məhkəmə iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar üzrə qeyd edir ki, iş üzrə dindirilmiş şahidlər iddiaçı ilə işbirliyində olan ustalardır və onların verdiyi ifadələr ilk növbədə iddiaçının maraq və mənafeyinə uyğun ifadələr kimi qiymətləndirilir. Bundan başqa, şahidlər cavabdeh tərəfindən iddiaçıya hansı məbləğdə borclu olmalarını da dəqiq göstərə bilməmişdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçının onlara pulu öz cibindən vermələri faktı olmuş olsa da belə, bu hal da cavabdehin iddiaçıya görülmüş işə görə pul borcu qalmasını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə həmçinin iddiaçının təqdim etdiyi Səbinə xanımla Elçin adlı şəxslər arasında olmuş “Whatsapp” yazışmalarına da qiymət verərək bu yazışmaların məzmununun da iddianın əsaslı olması üçün kifayət qədər mötəbər sübut kimi qəbul edilməsinin mümkünsüzlüyü qənaətinə gəlir. Belə ki, əvvəla sözügedən yazışma avqust ayına təsadüf etsə də Elçin adlı şəxs kondisioner ustalarının narazı olduqlarını, işlədiyi işə görə pulları tələb etdiklərini Səbinə xanıma bildirərkən qalıq pulun məhz 2005 manat olmasını bildirməmişdir. Həmçinin, Səbinə xanım adlı şəxsin ustalara 1500 manat ödəniş edə bilməsini göstərməsi işin halları ilə təsdiqlənir. Bu ilk növbədə iddiaçının özünün etirafı və iş materiallarında olan xx.xx.2022-ci il tarixli aktın məzmunu ilə öz təsdiqini tapır. Yəni, iddiaçıya 2022-ci ilin iyun, iyul, avqust ayları üçün 1500 manat ödənilməsini iddiaçı öz imzası ilə təsdiq etmişdir. İddiaçı tələbində 2022-ci ilin may ayından etibarən göstərilmiş xidmətlərə və görülmüş işlərə görə ödənişlərdə müəyyən gecikmələr və problemlər yaranmasının ödənişlərin tam həyata keçirilməməsinin səbəbi kimi görülən işlərə dair tərtib olunan aktların Elçin Kəlbalıyevə təqdim olunmasına baxmayaraq onların geri qaytarılmaması ilə əsaslandırmışdır. İddiaçı 2022-ci ilin iyun, iyul, avqust ayları üçün 1500 manat almasına baxmayaraq həmin ilin may ayından sonrakı dövr üçün aktların tərtib edilməsi və aktların Elçin Kəlbalıyevə təqdim olunmasının təsdiqi kimi hər hansı sübut növünü məhkəməyə təqdim etməmişdir. İddiaçının təqdim etdiyi qeyd edilən yazışma da iddianın bu arqumentlərinin əsaslı olmasını yuxarıda göstərilənlər əsaslar baxımından təsdiq etmir. Bundan başqa, iddia ərizəsinə əlavə edilmiş görülmüş işlərə dair əlyazmalar heç bir formada və heç kim tərəfindən təsdiq edilmədiyi üçün sübut növü kimi qiymətləndirilmir. Hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə araşdırılma aparılmasına ehtiyac yoxdur. Məhkəmənin qənaətinə görə, İddiaçı cavabdehin 2005 manat məbləğində icra olunmayan öhdəliyinin mövcud olmasına dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır və buna görə də iddia tələbi əsaslı sayıla və təmin edilə bilməz. Odur ki, iddia rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “görülmüş işlərə və göstərilmiş xidmətlərə görə ödənişlərin aparılması” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-510/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-510/2023
08.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver