Məhkəmə qərarları › İş №2(009)-52/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-52/2022

05.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-52/2022 05.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əsassız alınmış pul məbləğinin, real maddi zərərin, əldən çıxmış faydanın və vurulmuş mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30.410 ABŞ dolları əsas məbləğin, 3000 manat real zərərin, 74.183,47 ABŞ dolları əldən çıxmış faydanın, 50.000 manat mənəvi zərər məbləğinin və 30 manat dövlət rüsumunun, cəmi 104.593,47 ABŞ dolları və 53.030 manat vəsaitin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2006-cı ildə öz vəsaiti hesabına özünə və bacısı X17 üçün ev tikmək məqsədilə Bakı şəhəri, Badamdar qəsəbəsində torpaq sahəsi almaq qərarına gəldi. Buna görə də, həmin ərəfədə Badamdar qəsəbəsində vasitəçi (makler) işləyən Cavabdeh adlı şəxsin torpaq alqı-satqı ofisinə yaxınlaşdı. Cavabdeh bildirmişdir ki, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 0,06 ha və 0,05 ha olan yanyana torpaq sahəsi vardır. Həmin əraziyə tərəfindən baxıldı, torpaq sahəsini bəyəndi. Bundan sonra qiyməti ümumilikdə 68.000 ABŞ dollarına razılaşdılar. Belə ki, dövlət reyestrində qeydə alınan və çıxarışı olan 0,06 ha (6 sot) torpaq sahəsi üçün 38.000 ABŞ dolları, çıxarışı olmayan, lakin Bələdiyyənin alqı-satqı qərarı olan 0.05 ha torpaq sahəsinə görə isə 30.410 ABŞ dolları qiyməti razılaşdılar və pulu tam ödədi və torpaqlara sahibləndi. 2011-ci il tarixə qədər hər iki torpaq sahəsinin real sahibi olmuşdur. Yalnız 2011-ci il tarixdə ona məlum olmuşdur ki, bacısı üçün aldığı və sonradan da məhz bacısının adına Bələdiyyə qərarı ilə rəsmiləşdirilmiş 0,05 ha torpaq sahəsi tərəfindən sonradan mübahisələndirilən 1994-cü ildə Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin müvafiq sərəncamı ilə Məmmədova Aidə Misir qızına ayrılıb. Bundan sonra müvafiq torpaq sahəsinə iddia tələbi üzrə, habelə müvafiq sərəncamın etibarızlığı üzrə aidiyyatı məhkəmələrdə tərəfindən vəkilin xidmətlərindən istifadə edilməklə iddialar qaldırıldı. Lakin Ali Məhkəmənin İnzibati- İqtisadi Kollegiyasının müvafiq qərarı ilə iddia tələbi təmin edilməmiş və bacısının adına rəsmiləşdirdikləri Bakı şəhəri Səbail rayonu Badamdar Bələdiyyəsinin 07.07.2006-cı il tarixli qərarı ləğv edilmişdir. Bununla da onun həmin torpaq sahəsinə rəsmən iddia irəli sürməyinin qarşısı alındı. Ali Məhkəmənin müvafiq qərarından sonra o, aldadılmağına və etibarından sui-istifadə edilərək ondan 0,05 ha torpaq sahəsinə görə ödədiyi 30.000 ABŞ dolları vəsaitin geri alınması və cavabdehin əməlinə, dələduzluğuna hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Onun hüquq-mühafizə orqanlarına etdiyi çoxsaylı şikayətlər onu deməyə əsas verir ki, o, həqiqətən öz hüquqlarının təmin edilməsinə çalışmış və bu yöndə çoxsaylı şikayətlər etmişdir. Tərəfindən etdiyi şikayətlər əsasında Bakı şəhəri Səbail RPİ-də araşdırma aparılmış və həmin araşdırma üzrə 17.04.2012-ci il tarixdə Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərar onun çoxsaylı şikayətləri əsasında Baş Prokurorluq tərəfindən 08.05.2012-ci il tarixində ləğv edilmiş və iş əlavə araşdırmaya qaytarılmışdır. Həmin araşdırma əsasında 27.05.2012-ci il tarixində təkrarən Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərardan da verdiyi çoxsaylı şikayətləri əsasında Baş Prokurorluq tərəfindən 28.06.2012-ci il tarixində ləğv edilmiş və iş əlavə araşdırmaya qaytarılmışdır. Təəssüf ki, həmin araşdırma üzrə də 25.08.2012-ci il tarixində təkrarən Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bakı şəhəri Səbail RPİ-nin 8-ci Polis Bölməsinə etdiyi növbəti şikayət üzrə isə 15.02.2015-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Sonuncu dəfə belə çikayəti isə 03.04.2021-ci il tarixində etmiş və bu şikayət üzrə də geniş araşdırma aparılaraq Səbail RPİ-nin 41-ci Polis Bölməsi tərəfindən 13.04.2021-ci il tarixində bir daha Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Sadalanan çoxsaylı şikayətlər onu deməyə əsas verir ki, o həqiqətən öz hüquqlarının təmin edilməsinə çalışmış və bu yöndə çoxsaylı şikayətlər etmişdir. Tərəflər arasında, yəni iddiaçı və cavabdeh tərəfindən imzalanan 2 (iki) ədad ayrı Aktda təsbit edilib ki, iddiaçı cavabdehə ümumilikdə 68.000 ABŞ dollar, o cümlədən dövlət reyestrindən çıxarışı olmayan, yalnız Səbail rayonu Badamdar Bələdiyyəsinin qərarı ilə cavabdehin qohumu X6 məxsus olan 0,05 ha torpaq sahəsinə görə 30.410 ABŞ dollar vermişdir və cavabdeh bunu qəbul etmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 13.04.2021-ci il tarixli qərarda cavabdehin izahatında qeyd edilmişdir: ”Cavabdeh 2006-cı ildə özü üçün Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivindən 0,010-0.011 ha torpaq sahəsi almışdır. Torpaq sahəsi ümumilikdə 0,010-0.011 ha olsa da, həmin şəxsdə 0,06 ha torpağa “Çıxarış” sənədi olmuş, qalan torpaq sahəsinin isə heç bir sənədi olmamışdır. O həmin torpaq sahəsini 2006-cı ildə özü üçün təxminən 46.000 manata almışdır. Cavabdeh hər iki torpaq sahəsini özünə təcili pul lazım olduğu üçün dəyərindən çox aşağı qiymətə 68.000 ABŞ dollarına iddiaçıya təklif etmiş və razılaşmışdır. İddiaçı pulunu geri tələb etməyə başlayanda cavabdeh bildirmişdir ki, iddiaçıya satılan 0,06 ha sənədli, Çıxarışı olan toprpaq sahəsini qaytarsın, o da iddiaçının bütün pulunu artıqlaması ilə qaytaracaq.” Cavabdehin izahatından görünür ki, çıxarışı olmayan və barəsində yalnız Bələdiyyə qərarı olan 0,05 ha torpaq sahəsini o məhz özü üçün almış, öncələr satmaq niyyəti olmamış, pula ehtiyacı olduğu üçün 68.000 ABŞ dollarına məcbur qalıb iddiaçıya satmışdır. Deməli, həmin pul vəsaitindən notariusda edilən əməliyyat zamanı satıcıya verilən rəsmi məbləğ (15.000 AZN) xaric olmaqla yerdə qalan bütün hissəsini cavabdeh əldə etmişdir. Cavabdeh həmin torpaq sahəsini satarkən sənədinin qaydasında olmamasını bilirdi və ya bilməli idi. Çünki o özü də dəfələrlə ona bildirib ki, torpağı təcili rəsmiləşdirsin ki, sonra problem olmasın. Bu xahişin özü artıq ondan xəbər verir ki, torpaq sahəsi problemli olmuşdur və həmin ərazidə uzun illər çalışan daşınmaz əmlak üzrə vasitəçinin bunu bilməməsi real görünmürdü. Bir tərəfdən də belə görünür ki, cavabdeh özünün olmayan torpaq sahəsini qanunsuz üsulla (mülki hüquqi müqavilə və ya digər hüquqi əsas olmadan) iddiaçıya “satmış” və iddiaçıya böyük maddi və mənəvi zərər vurmuşdur. İşin hallarından göründüyü kimi cavabdeh heç bir hüquqi (qanuni) əsas olmadan iddiaçının hesabına varlanmışdır. Cavabdeh pul məbləğini alarkən torpağın onun olmadığını bilirdi və ya bilməli idi. Hesab edir ki, əsassız varlanma nəticəsində əldə edilmiş bütün vəsaiti geri qaytarılmalıdır. İddiaçı cavabdeh tərəfindən özünə məxsus olmayan və iddiaçıya əsassız “satılmış” torpaq sahəsi üzərində hüquqlarını bərpa etmək üçün həmin torpaq sahəsinin digər sahibinə, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə qarşı iddialar qaldırmış, bir neçə il məhkəmə çəkişmələrində nümayəndə qismində iştirak etmiş, bu yöndə nəqliyyat, kommunikasiya, hüquqi yardıma görə vəkilə və digər hallara görə real xərclər çəkmiş, bu xərclər də indiyə qədər heç kimsə tərəfindən kompensasiya edilməmişdir. Bütün bu xərclər isə məhz cavabdehin qanunsuz hərəkətlərinə görə baş vermişdir. Real maddi zərər iddiaçı tərəfindən ən azı 3000 manat dəyərində qiymətləndirilir. İşin hallarından görünür ki, cavabdeh iddiaçının vəsaitindən ən azı 15 il müddətinə fasiləsiz istifadə etmiş və bundan əsassız faydalanmışdır. İddiaçı isə ən azı həmin müddətdə öz vəsaitindən qanunla müəyyən edilən qaydada istifadə etmək və fayda götürmək imkanından məhrum olub. Belə ki, cavabdeh özü də bildirib ki, o, torpaq alqı-satqısı üzrə vasitəçidir, habelə imkan olanda ucuz torpaq sahələrini alıb baha qiymətə sata bilir. İddiaçıya vurulan zərər 30.410 ABŞ dolları təşkil edir. Həmin vəsait əgər iddiaçıda qalsa idi və iddiaçı həmin vəsaitdən gəlir əldə etmək üçün qanunla icazə verilən ən aşağı səviyyədə, yəni böyük gəlir əldə etmək iddiası olmadan istənilən banka əmanət kimi yerləşdirməklə illik faiz gəliri əldə edə bilərdi. Məhz cavabdein qanunszu hərəkətləri iddiaçını bu gəlirdən məhrum edib. Azərbaycan Mərkəzi Bankının Statistik Bülletenlərində əks olunmuş əmanətlər üzrə orta illik faiz dərəcəsinə müvafiq olaraq illik faiz gəliri hesablanmaqla, 15 il üçün əldən çıxmış fayda 74.183,47 ABŞ dollar təşkil edir. İşin hallarından görünür ki, iddiaçı cavabdeh tərəfindən aldadılmaqla yanaşı böyük miqdarda maddi zərərə uğramış, aldığı torpaq sahəsi əlindən çıxmış, bu zərəri kompensasiya etmək üçün məhkəmələrdə iddialar qaldırmış, real xərclər çəkmiş, məhkəmə işlərinin nəticəsinə görə dərin stress keçirmiş, habelə 2012-ci ildən 2021-ci ilə qədər müxtəlif hüquq mühafizə orqanlarına şikayətlər ünvanlamış, bununla bağlı işindən qalmış və izahatlar vermiş, habelə bir daha stress yaşamış, vaxt və zaman itirmiş, qohumları qarşısında pis vəziyyətdə qalmış və bununla da böyük mənəvi zərərə uğramışdır. Göstərilənlərə əsasən iddiaçıya dəymiş mənəvi zərəri 50.000 manat dəyərində qiymətləndirir. Göstərilənlərə əsasən Cavabdeh 30.410 ABŞ dolları əsas məbləğin, 3000 manat real zərərin, 74.183,47 ABŞ dolları əldən çıxmış faydanın, 50.000 manat mənəvi zərər məbləğinin və 30 manat dövlət rüsumunun, cəmi 104.593,47 ABŞ dolları və 53.030 manat vəsaitin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmiş və iddia tələbinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmiş və elcə də bildirmişdir ki, cavabdeh tərəfindən məhkəməyə ərizə təqdim ediərək iddilaçı tərəfindən iddia müddətinin ötürüldüyü bildirilmiş və bu zaman Mülki Məcəllənin 373-cü maddəsinə istinad olunmuşdur ki, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti 6 ildir. İddiaçı tərəf bunu əsassız hesab edir, əsas səbəb kimi daşınmaz əmlakın alqı-satqısını təsdiqləyə biləcək heç bir müqavilənin olmamasını, eyni zamanda cavabdehin satıldığı iddia edilən daşınmaz əmlakın üzərində sahibliyini təsdiq edəcək heç bir sənədin olmamasını göstərir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 93-cü maddəsinə əsasən torpaq sahəsinə dair əqdlər yazılı formada, əqdləri bağlayan tərəflər və ya onların müvəkkilləri tərəfindən imzalanan sənədlərin tərtib edilməsi yolu ilə həyata keçirilir və bağlanan əqd müqavilə ilə rəsmiləşdirilir. Məhz bu baxımdan da iddiaçı və cavabdeh arasında yaranmış olan münasibət daşınmaz əmlakla bağlı münasibətlərdən irəli gəlmir və bu kateqoriya üzrə dəyərləndirilə və buna uyğun olaraq iddia müddəti tətbiq edilə bilməz. Torpağın alqı-satqısı ilə bağlı Mülki Məcəllənin qəbul etdiyi formada hər hansı bir əqd olmadığı kimi, yaranmış münasibət zərər vurmadan irəli gələn münasibət kimi xarakterizə edilə bilər. Mübahisənin predmetinin daşınmaz əşya olması ilə bağlı bir fakt olmaması iddiaçı tərəfə predmeti iddiaçı tərəfin verdiyi maddi itki kimi dəyərləndirməyə imkan verir. Buna əsasən qeyd etmək yerində olardı ki, Mülki Məcəllənin 135-ci maddəsinin birinci bəndində göstərilir ki, pullar və sənədli qiymətli kağızlar da əşyadır. İndiki halda mübahisə predmetinin yalnız pul vəsaitinin olması nəzərə alınarsa, burada mülkiyyət hüququnun müdafiəsindən söhbət gedə bilər. Mülki Məcəllənin 384-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə iddia müddəti şamil edilmir. Ona görə də, iddia müddətinin tətbiqi barədə cavabdehin ərizəsinin nəzərə alınmamasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, onun təmin edilməməsini xahiş etmiş və izahatında bildirmişdir ki, cavabdeh Bağırov X16 qəsəbəsi ərazisində daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olmuş və təqribən 2006-cı ildə Rüstəm adlı bir şəxs onun ofisinə gələrək Badamdar qəsəbəsində torpaq sahəsi almaq istədiyini bildirmişdir. Cavabdeh Badamdar qəsəbəsində özünə məxsus 11 sot (0,11 ha) torpaq sahəsinin olduğunu, həmin torpaq sahəsini özünə ev tikmək üçün aldığını, lakin işlərində yaranmış problemlərlə bağlı maddi durumu həddən artıq ağır olduğundan, torpaq sahəsini satmaq qərarına gəldiyini bildirmişdir. Satılan torpaq sahəsini iddiaçıya göstərəndən sonra bildirmişdir ki, bir hasarın içərisində yerləşən 11 sot torpaq sahəsinin 6 sotuna çıxarış var, digər 5 sotun isə sənədi yoxdur və bu torpaq sahəsini keçmiş sahibindən elə bu vəziyyətdə almışdır. İddiaçı RüstəmTahirov torpağın qismən sənədsiz olduğu səbəbindən satış qiymətində xeyli endirim edilməsini və sənədsiz torpaq sahəsinin özü tərəfindən sənədləşdiriləciyini bildirmişdir. Ağır maddi durumunu nəzərə alaraq Cavabdeh iddiaçı ilə razılaşmış və torpaq sahəsini dəyərindən qat-qat aşağı qiymətə iddiaçıya 2006-cı il tarixdə satmışdır. Razılaşdırılmış məbləğ iddiaçı tərəfindən hissələrlə cavabdehə ödənilmişdir. Daha sonra iddiaçı özü Bələdiyyə qurumlarına müraciət edərək sənədsiz olan 0,5 ha torpaq sahəsinin rəsmiləşdirilməsini aparmışdır. Torpaq sahəsinin alqı-satqısından 5 il keçəndəm sonra, yəni 2011-cı ildə İddiaçı Cavabdehla görüşərək bildirmişdir ki, bələdiyyə vasitəsi ilə rəsmiləşdirdiyi 5 sot torpaq sahəsi sərəncam əsasında başqa şəxsə məxsusdur, həmin şəxs 5 sot torpaq sahəsini ondan almış və bu səbəbdən pulun geri qaytarılmasını tələb etmişdir. Cavabdeh heç bir problemin olmadığını və torpaq sahəsinin tam şəkildə ona qaytarılmasını və əvəzində pulun geri alınmasını bildirmişdir. Lakin iddiaçı, Cavabdeh təklifini qəbul etməmiş və hüquq mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət emişdir. Polis orqanlarında araşdırma aparılandan sonra mübahisənin mülki xarakterli olduğundan məhkəməyə müraciət edilməsi bildirilmişdir. Lakin İddiaçı bundan sonra Cavabdeh qarşı məhkəmədə iddia qaldırmamışdır. Onu da qeyd etmək istəyir ki, İddiaçı inzibati məhkəmədə 5 sot torpaq sahəsinə dair iddia qaldırmış, iddia tələbi təmin olunmayandan sonra yenidən polis orqanlarına cavabdehdən şikayət edərək pul tələb etmiş və Bakı şəhər Səbail RPİ-nin 15 fevral 2015-ci il tarxli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. 2015-ci ildən sonra torpaq mübahisəsi ilə bağlı İddiaçıla cavabdehin heç bir mübahisəsi, əlaqəsi və ünsiyyəti olmamış, 2021-ci ilin yaz aylarında Cavabdeh Səbail rayon Polis idarəsinə dəvət olunmuş və 13 aprel 2021-ci il tarixli qərarla İddiaçı ərizəsi əsasında toplanmış materialda göstərilən xüsusatlar mülki xarakterli olduğundan cinayət işinin başlanması rədd edilmişdir. Yuxarıda göstərilənlərdən aydın görünür ki, tərəflər 2006-cı ildə razılığa gələrək torpaq sahəsinin alqı-satqısını həyata keçirmiş, 2011-ci il tarixdə torpaqla bağlı mübahisə yaranmış, Cavabdeh torpağın qaytarılması şərti ilə pulun qaytarılmasını təklif etsə də, İddiaçı onun təklifini qəbul etməmiş və məhkəmə çəkişmələrini uduzandan sonra yenidən 2021-ci ildə pul tələbi ilə bağlı hüquqmühafizə orqanlarına müraciət etmişdir. Digər tərəfdən, iddiaçı RüstəmTahirov məhkəməyə müraciət etmək üçün iddia müddətini ötürmüşdür. Belə ki, iddia tələbinin əsası kimi Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində faktiki olaraq Cavabdeh ona məxsus 0.11 ha torpaq sahəsinin 2006-cı ilin iyun ayında iddiaçı RüstəmTahirova 68.000 ABŞ dollarına satılması və bu barədə aktın tərtib olunması göstərilmişdir. Eyni zamanda iş materiallarında olan digər aktda qeyd olunur ki, Səbail rayon Badamdar Bələdiyyəsinin qərarı ilə X6 Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində verilmiş 0.05 ha (5 sot) torpaq sahəsinin 30.410 ABŞ dolları müqabilində X3 razılaşdı, bununla bağlı M.Şahməmmədovun ərizəsi əsasında qeyd edilən torpaq sahəsi Səbail rayon Badamdar Bələdiyyəsinin 07 iyul 2006-cı il tarixli, 105 saylı qərarı ilə M.Tahirovanın mülkiyyətinə verildi və M.Tahirovanın adından onun qardaşı İddiaçı 07 avqust 2006-cı ildə 30.410 ABŞ dollarını şahidlərin iştirakı ilə ödəmişdir. İş materiallarında olan Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 15 fevral 2015-ci il tarixli qərarına əsasən İddiaçı göstərmişdir ki, 2011-ci ilin yanvar ayında Zülfüqar Məmmədov adlı şəxs peyda olaraq torpaq sahəsinin onun qohumuna verildiyini bildirmişdir. Eyni zamanda həmin qərarda göstərilmişdir ki, İddiaçı şikayət ərizələri əsasında Səbail RPİ-nin İstintaq Şöbəsi tərəfindən araşdırma aparılaraq ərizələr göstərilən xüsusatların mülki xarakterli olduğundan, 21 fevral 2012-ci il tarixli və 29.03.2012-ci il tarixli arayışlarla RPİ-nin dəftərxanasına işə alınmış, Səbail Rayon Prokurorluğunun 11.04.2012ci il tarixli məktubu ilə toplanmış materiallar üzrə araşdırmanın aparılması istintaq şöbəsinin müstəntiqinə həvalə edilmiş və toplanmış materiallar üzrə cinayət işinin başlanması 17.04.2012-ci il tarixli qərarla rədd edilmişdir. Həmin qərar yenə də Baş Prokurorluq tərəfindən ləğv olunaraq əlavə araşdırılmaya qaytarılmış və toplanmış materiallarda sənədləri saxtalaşdırma və dələduzluq yolu ilə əmlakın qəsdən ələ keçirmə cinayətinin tərkib əlamətləri müəyyən edilmədiyindən, tərəflər arasında mübahisənin sırf əmlak münasibətlərindən irəli gələn daşınmaz əmlakla əlaqədar mübahisə olduğu müəyyən edildiyindən və məhkəmə qaydasında həll edilməli olduğundan müstəntiqin 25.08.2012-ci il tarixli qərarı ilə cinayət işinin başlanması təkrar rədd edilmişdir və bundan sonrakı dövrdə həmin qərar ləğv olunmamışdır. Onu da bildirmək istəyir ki, hüquq mühafizə orqanları tərəfindən yuxarıda göstərilən araşdırmaların aparılmasına baxmayaraq, 2012-ci ilin fevral ayında İddiaçı etibarnamə əsasında bacısı M.Tahirovanın adından mübahisəli torpaq sahəsi ilə bağlı məhkəməyə müraciət etmiş və qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1inz(103)-179/2013 saylı, 13 mart 2013-cü il tarixli qərarı ilə Səbail rayon Badamdar Bələdiyyəsinin 07 iyul 2006-cı il tarixli, 105 saylı qərarının ləğv edilməsi barədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1inz(81)- 1081/2012 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Yəni iddiaçı 2011-ci ildə torpaq sahəsi ilə bağlı mübahisənin yaranmasını bilmiş, bununla bağlı polis orqanlarına və məhkəməyə müraciət etmiş, qüvvədə olan 25.08.2012-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi kollegiyasının 13 mart 2013-cü il tarixli qərarı ilə Səbail rayon Badamdar Bələdiyyəsinin 07 iyul 2006-cı il tarixli, 105 saylı qərarı ləğv edilmişdir. Belə olan halda, qanunvericiliyin tələbinə əsasən İddiaçı 13.03.2013-cü il tarixdən 1 (bir) il ərzində, yəni 2014-cü ilin mart ayının 13-dək məhkəmədə iddia irəli sürə bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı ildir. Yəni hər bir halda iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Mülki Məcəllənin 375.2-cı maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göstərilənlərə əsasən iddia müddətinin keçməsini tətbiq edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməməlidir. İş materiallarına əlavə olunmuş aktdan görünür ki, Cavabdeh Badamdar qəsəbəsində faktiki olaraq ona məxsus 11.0 sot torpaq sahəsini İddiaçı 68.000 ABŞ dollarına satmağa razılaşdı. Lakin formal baxımdan göstərilən torpaq sahəsi Cavabdeh adına deyil, 6 sotu X11 məxsus (şəhadətnaməsi var) və 5 sotu isə X6 məxsusdur (Bələdiyyə qərarı var). Hər iki torpaq sahibi Cavabdeh qohumlarıdır (Cavabdeh məlumatına görə). M.Məmmədovaya məxsus 6 sot torpaq sahəsi üzrə 29 iyun tarixində 28 saylı dövlət Notariat Kontorunda alqı-satqı müqaviləsi imzalandı. İddiaçı 15.000 manatı köçürmə vasitəsi ilə satıcıya ödədi və əlavə olaraq 20.865 ABŞ dollarını nağd şəkildə faktiki satıcı Cavabdeh ödədi. Qalan 5 sot torpaq sahəsi üzrə sövdələşmə Bələdiyyə qərarı alıcının adına dəyişdirildikdən sonra həyata keçiriləcəkdir. İş materiallarında olan aktdan görünür ki, X2 qəsəbəsində İİİ yaşayış sahəsində Səbail rayon Badamdar Bələdiyyəsinin qərarı ilə ona verilmiş 5 sot torpaq sahəsini 30.410 ABŞ dolları müqabilində X4 razılaşdı. Bununla bağlı M.Şahməmmədovun notariat kontoru tərəfindən təsdiq olunmuş ərizəsi əsasında qeyd edilən torpaq sahəsi Səbail rayon Badamdar qəsəbəsi Bələdiyyəsinin 07 iyul 2006-cı il tarixli, 105 saylı qərarı ilə M.Tahirovanın mülkiyyətinə verildi. M.Tahirovanın adından onun qardaşı İddiaçı 07 avqust 2006-cı il tarixdə 30.410 ABŞ dollarını şahidlərin iştirakı ilə Cavabdeh ödədi. İş materiallarında olan Bakı şəhəri Səbail RPİ-nin 41-ci PB-nin baş təhqiqatçısı polis mayoru Fərrux Tarverdiyevin cinayət işi başlanmasının rədd edilməsi barədə 13 aprel 2021-ci il tarixli qərarının surətindən görünür ki, vətəndaş İddiaçı şikayət ərizəsi əsasında toplanmış materialda göstərilən xüsusatlar mülki xarakterli olduğundan və materialda cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Səbail RPİ-nin 8-ci polis bölməsinin təhqiqatçısı, polis kapitanı Bilal İsmayılovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 15 fevral 2015-ci il tarixli qərarının surətindən görünür ki, vətəndaş İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Səbail rayonu Badamdar Bələdiyyəsinin 07 iyul 2006-cı il tarixli, 105 nömrəli qərarından görünür ki, Səbail rayonu Badamdar Bələdiyyəsinin 23.02.2006-cı il tarixli, 20 saylı qərarı ilə X6 Badamdar qəsəbəsi İİİ yaşayış massivində verilmiş və daş hasara alınmış 500 kv.m torpaq sahəsinin M.M.Şahməmmədovun ərizəsi nəzərə alınmaqla X12 adına sənədləşdirilməsi qərara alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********* saylı, 16.08.2006-cı il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)-589/12 nömrəli, 21 noyabr 2012-ci il tarixli qərarından görünür ki, iddiaçı Məmmədova Aidə Misir qızının cavabdeh Səbail rayonu Badamdar Bələdiyyəsinə, üçüncü şəxs X14 qarşı Səbail rayonu Badamdar Bələdiyyəsinin 105 saylı, 07 iyul 2006-cı il tarixli qərarının ləğv edilməsi tələbinə və iddiaçı X12 cavabdehlər Səbail rayon İcra Hakimiyyətinə, Səbail rayon İcra Hakimiyyətinin Badamdar qəsəbəsi üzrə nümayəndəliyinə, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə, üçüncü şəxslər Məmmədova Aidə Misir qızına və Səbail rayonu Badamdar Bələdiyyəsinə qarşı Səbail rayon icra Hakimiyyətinin 12.12.1994-cü il tarixli 4284 saylı sərəncamının, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 27.12.2011-ci il tarixli 382161 saylı kadastr göstəricilərinə dair torpaq sahəsinin planı və ölçüsü sənədinin və Badamdar qəsəbə nümayəndəsi tərəfindən tərtib olunmuş 15.04.2004-cü il tarixli, 830 nömrəli cizginin ləğv olunması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1inz(103)-549/12 saylı, 01 avqust 2012-ci il tarixli qərarından iddiaçı Məmmədova Aidə Misir qızının kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1inz(103)-594/12 saylı, 01 avqust 2012-ci il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1inz(103)-179/2013 saylı, 13 mart 2013-cü il tarixli qərarından görünür ki, iddiaçı X12 apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 10 aprel 2012-ci il tarixli, 2inz(81)-857/2012 saylı qərarı dəyişdirilmədən saxlanılmış, üçüncü şəxs X17 tərəfindən verilmiş apellyasyia şikayəti təmin edilməmiş, iş üzrə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 10 aprel 2012-ci il tarixli, 2inz(81)- 1081/2012 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qərarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 10 aprel 2012-ci il tarixli, 2inz(81)-1081/2012 saylı qərarı ilə iddiaçı Məmmədova Aidə Misir qızının iddiası təmin edilərək, Səbail Rayon Badamdar X1 adına verilmiş 07 iyul 2006-cı il tarixli, 105 saylı qərarı ləğv edilmişdir. Təqdim olunmuş 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 10 aprel 2012-ci il tarixli, 2inz(81)-857/2012 saylı qərarından görünür ki, iddiaçı X12 cavabdehlər Səbail rayon İcra Hakimiyyətinə, Səbail rayon İcra Hakimiyyətinin Badamdar qəsəbəsi üzrə nümayəndəliyinə, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə, üçüncü şəxslər Məmmədova Aidə Misir qızına və Səbail rayonu Badamdar Bələdiyyəsinə qarşı Səbail rayon icra Hakimiyyətinin 12.12.1994-cü il tarixli 4284 saylı sərəncamının, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 27.12.2011-ci il tarixli 382161 saylı kadastr göstəricilərinə dair torpaq sahəsinin planı və ölçüsü sənədinin və Badamdar qəsəbə nümayəndəsi tərəfindən tərtib olunmuş 15.04.2004-cü il tarixli, 830 nömrəli cizginin ləğv olunması tələbinə dair iddiasının rədd edilməsi qərara alınmışdır. İş üzrə təyin olunmuş məhkəmə mühasibatlıq ekspertizasının 21 oktyabr 2021-ci il tarixli, 9/5722 №-li ekspert rəyindən görünür ki, iş matariallarında olan sənədlərə və Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi uçot faiz dərəcəsinə müvafiq olaraq İddiaçı torpaq sahəsinin satıq alınması üçün 07 avqust 2006-cı il tarixdə ödəmiş olduğu 30.410 ABŞ dolları pulun həmin günə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə görə 26.988,88 (30.410,00 * 0,8875) AZN məbləğində pul məvacibinin məhkəmə qərardadının çıxarıldığı 12.07.2021-ci il tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi uçot faiz dərəcəsinə müvafiq olaraq hesablanan faiz məbləği 29767,61 manat müəyyən edilir. Həmçinin 12.07.2021-ci il tarixə ABŞ dolarının Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnəsi 1.70,00 AZN müəyyən edilmişdir. Bu səbəbdən 29.767,61 AZN 17.510,36 (29.767,61/1.70,00) ABŞ dolları təşkil edir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçı 2006-cı ildə cavabdehlə sonuncudan Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində bir hasarın içində olan iki torpaq sahəsini, bunlardan dövlət reyestrində qeydə alınan və çıxarışı olan 0,06 ha torpaq sahəsini 38.000 ABŞ dollarına, çıxarışı olmayan, lakin Bələdiyyənin alqı-satqı qərarı olan 0.05 ha torpaq sahəsini isə 30.410 ABŞ dollarına almaq barədə razılaşmış, bununla əlaqədar aralarında iki akt tərtib olunmuşdur. İş materiallarında olan aktda qeyd olunur ki, Səbail rayon Badamdar Bələdiyyəsinin qərarı ilə X2 qəsəbəsi, 3-cü yaşayış massivində verilmiş 0.05 ha (5 sot) torpaq sahəsini 30.410 ABŞ dolları müqabilində X3 razılaşmış, bununla bağlı M.Şahməmmədovun ərizəsi əsasında qeyd edilən torpaq sahəsi Səbail rayon Badamdar Bələdiyyəsinin 07 iyul 2006-cı il tarixli, 105 saylı qərarı ilə M.Tahirovanın mülkiyyətinə verilmiş və M.Tahirovanın adından onun qardaşı İddiaçı 07 avqust 2006-cı ildə 30.410 ABŞ dollarını şahidlərin iştirakı ilə X5 adından iştirak edən Cavabdeh ödəmişdir. Hər iki topraq sahəsi 2011-ci il tarixə qədər iddiaçının real sahibliyində olmuş, 2011-ci ildə iddiaçıya məlum olmuşdur ki, bacısı üçün aldığı və sonradan da məhz bacısının adına Bələdiyyə qərarı ilə rəsmiləşdirilmiş 0,05 ha torpaq sahəsi 1994-cü ildə Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin müvafiq sərəncamı ilə Məmmədova Aidə Misir qızına ayrılıb. Bundan sonra müvafiq torpaq sahəsinə dair iddia tələbləri ilə bacısı M.Tahirovanın adından İddiaçı və Məmmədova Aidə Misir qızı məhkəməyə müraciət etmiş, həmin mübahisə bir neçə instansiya üzrə məhkəmə araşdırmalarının predmeti olmuşdur. Sonda Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1inz(103)-179/2013 saylı, 13 mart 2013-cü il tarixli qərarı ilə 3-cü şəxs X12 apellyasiya şikayəti təmin edilməyərək, A.Məmmədovanın iddiasının təmin edilməsi və Səbail Rayon Badamdar X1 adına verilmiş 07 iyul 2006-cı il tarixli, 105 saylı qərarının ləğv edilməsi barədə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 10 aprel 2012-ci il tarixli, 2inz(81)-1081/2012 saylı qərarının dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi kollegiyasının qeyd olunan həmin qərarı ilə eləcə də, iddiaçı X12 apellyasiya şikayəti təmin edilməyərək, iddiaçı X12 cavabdehlər Səbail rayon İcra Hakimiyyətinə, Səbail rayon İcra Hakimiyyətinin Badamdar qəsəbəsi üzrə nümayəndəliyinə, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə, üçüncü şəxslər Məmmədova Aidə Misir qızına və Səbail rayonu Badamdar Bələdiyyəsinə qarşı Səbail rayon icra Hakimiyyətinin 12.12.1994-cü il tarixli 4284 saylı sərəncamının, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 27.12.2011-ci il tarixli 382161 saylı kadastr göstəricilərinə dair torpaq sahəsinin planı və ölçüsü sənədinin və Badamdar qəsəbə nümayəndəsi tərəfindən tərtib olunmuş 15.04.2004-cü il tarixli, 830 nömrəli cizginin ləğv olunması tələbinə dair iddiasının rədd edilməsi barədə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 10 aprel 2012-ci il tarixli, 2inz(81)-587/2012 saylı qərarının dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edildi ki, İddiaçı şikayət ərizələri əsasında 2012 və 2015-ci illərdə Səbail RPİ-nin İstintaq Şöbəsi tərəfindən araşdırma aparılaraq toplanmış materiallarda sənədləri saxtalaşdırma və dələduzluq yolu ilə əmlakın qəsdən ələ keçirmə cinayətinin tərkib əlamətləri müəyyən edilmədiyindən, tərəflər arasında mübahisənin əmlak münasibətlərindən irəli gələn daşınmaz əmlakla əlaqədar mübahisə olduğu müəyyən edildiyindən və məhkəmə qaydasında həll edilməli olduğundan həmin şikayət ərizələri əsasında cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən edilmişdir ki, iddiaçı 2011-ci ildə torpaq sahəsi ilə bağlı mübahisənin yaranmasını bilmiş, bununla bağlı polis orqanlarına və məhkəməyə müraciət etmiş, qüvvədə olan 25.08.2012-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1inz(103)-179/2013 saylı, 13 mart 2013-cü il tarixli qərarı ilə Səbail Rayon Badamdar X1 adına verilmiş 07 iyul 2006-cı il tarixli, 105 saylı qərarı ləğv edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əlyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı ildir. Belə olan halda, qanunvericiliyin tələbinə əsasən İddiaçı daşınmaz əmlakla əlaqədar ödəmiş olduğu pul vəsaitinin qaytarılması barədə 13.03.2013-cü il tarixdən keçən 6 il ərzində, yəni 2019-cu ilin may ayınadək məhkəmədə iddia irəli sürə bilərdi. Bununla yanaşı, yuxarıda göstərilən tələblə iddiaçı məhkəməyə yalnız 01.06.2021-ci il tarixdə müraciət etmişdir ki, bu da, onun tərəfindən qanunla müəyyən edilmiş müddətin pozulduğunu təsdiq edir. Bu zaman iddiaçı öz pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə vaxtında müraciət etməməsi səbəblərini göstərməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili hazırki tələb üzrə iddia müddətinin keçdiyini bildirərək iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “E.S.Həkimovun şikayəti üzrə” 03 noyabr 2008-ci il tarixli qərarında izah etmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki amilin mövcudluğu, habelə onların heç də həmişə üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm faktordur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafıə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfınin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfınin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi ilə bağlı iddia müddəti iddiaçı tərəfindən ötürüldüyündən və cavabdeh tərəfındən iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim edildiyindən iddia tələbi rədd edilməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı əsassız alınmış pul məbləğinin, real maddi zərərin, əldən çıxmış faydanın və vurulmuş mənəvi zərərin ödənilməsi barədə iddiası iddia müddətinin keçməsi əsası ilə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı əsassız alınmış pul məbləğinin, peal maddi zərərin, əldən çıxmış faydanın və vurulumuş mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat İddiaçı tutularaq tutulub AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: X10, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ**********0000003944, SWİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar