Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-527/2022 26.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı,onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi A.A.Abbasovanın, Cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi V.A.Əliyevin iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikası Baş Prokurorluğuna və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə Nəsimi rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə,Azərbaycan Respublikası Baş Prokurorluğuna və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarələrinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun qanunsuz hərəkətləri nəticəsində o, həbs olunmuşdur və cinayət məsuliyyətinə cəlb olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi tərəfindən 07.06.2021-ci il tarixdə barəsində bəraət hökmü çıxarılmışdır. Göstərilən dövlət orqanları ona vurduqları maddi və mənəvi zərərə görə kompensasiya ödəməlidirlər. İddia ərizəsində onun barəsində cinayət işi istintaq edilərkən əməliyyat, istintaq və prokurorluq orqanlarının yol verdiyi ciddi pozuntularını ətraflı şərh etməyi zəruri hesab etmişdir. Belə ki, törədilmiş qanunsuzluqların xarakteri və həyata keçirmə tərzi vəzifədən açıq-aşkar suiistifadə edildiyini göstərir, bu isə hüquq mühafizə orqanlarının maddi və mənəvi məsuliyyətinin dərəcəsinə və ölçüsünə birbaşa təsir edir. 04.08.2018-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Pirşağı qəsəbəsi ərazisində Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı X1 və ona məxsus qara rəngli əl çantasında külli miqdarda narkotik vasitə, psixotrop maddələr və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İbtidai istintaq zamanı Emin Əliyev narkotik vasitələri və psixotrop maddələri tanışı İlham adlı şəxsdən aldığını bildirmişdir. Emin Əliyevə aid hissədə ibtidai istintaq tamamlandığından 23.04.2019-cu il tarixdə onun Emin Əliyevə qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr satması faktına görə müstəntiq Gözəl Gözəlov tərəfindən cinayət işinin ayrılması və icraata qəbul edilməsi barədə qərar qəbul edilmişdir. Bakı Cinayətlər Məhkəməsinin 18.07.2018-ci il tarixli hökmü ilə Emin Əliyev Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilmişdir. Onun haqqında ayrılmış cinayət işi DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis kapitanı Gözəl Gözəlovun icraatında qalmışdır. Emin Əliyev barəsində olan ilkin və onun barəsinə ayrılmış cinayət işlərinin materiallarından görünür ki, Emin Əliyev barəsində cinayət işi istintaq edilən bütün dövr ərzində o, istintaq orqanından gizlənməmiş, Emin Əliyev ifadələrində göstərdiyi mobil telefonları işlətmiş və yaşadığı ünvanda ailə üzvləri ilə birlikdə yaşamaqda davam etmişdir. Buna baxmayaraq, müstəntiq tərəfindən İddiaçı nə telefon, nə bildiriş, nə də polis vasitəsi ilə dindirməyə çağırılmamış, onun qanunun tələblərinə uyğun şəkildə tutulması və yaxud axtarışa verilməsi istiqamətində heç bir tədbir görülməmişdir. İstintaq və əməliyyat orqanı cinayət prosessual qanunda nəzərdə tutulmuş tədbirləri tətbiq etmək əvəzinə, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi 06.03.2019-cu il tarixdə sərhəd xidmətinə o, ölkədən çıxdıqda tutulması barədə 4177 saylı məktub göndərmişdir. Bu məktub əsasında 29.05.2019-cu il tarixdə o, xəstə, 3-cü dərəcəli əlil həyat yoldaşını növbəti dəfə müalicəyə apararkən sərhəddə qanunsuz olaraq saxlanılmış və sonra DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş, burada fiziki və mənəvi təzyiqlərə məruz qalmışdır. İstintaq orqanı tərəfindən onun tutulması barədə qanunsuz olaraq protokol tərtib edilmiş və ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ki, o, naməlum vaxtda, yerdə və şəraitdə satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri tanışı X2. O, təqsirləndirilən şəxs qismində cəlb edilərkən özünü faktiki olaraq təqsirli bilməmiş və göstərmişdir ki, o, əvvəllər Emini Rəsul adlı şəxslər tanış etmiş və onlar öz aralarında onun iştirakı olmadan alver etmişlər. Onun bu ifadələri tam, hərtərəfli və obyektiv yoxlanılmadan, o, cinayət məsuliyyətinə cəlb edilmiş və barəsində müstəntiqin və Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavininin təqdimatı əsasında Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 30.05.2019-cu il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Sonralar müstəntiqin və Baş Prokurorun birinci müavininin təqdimatı əsasında həbsdə saxlama müddəti Bakı şəhəri Nərimanov rayon Məhkəməsi tərəfindən faktiki olaraq iş üzrə istintaq hərəkətləri aparılmadığı halda dəfələrlə əsassız olaraq uzadılmışdır. 17.02.2020-ci il tarixdə onun işi üzrə müstəntiq G.Gözəlov tərəfindən ittiham aktı tərtib edilmiş və ittiham aktı Baş prokurorun birinci müavini R.Usubov tərəfindən təsdiq edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 05.02.2021-ci il tarixli hökmü ilə o, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Müdafiəçi tərəfindən birinci instansiya məhkəməsində onun təqsirsizliyini təsdiq edən təkzibolunmaz sübutlar təqdim olunmasına baxmayaraq məhkəmənin hökmündə həmin sübutlar nəzərə alınmadan, təhlil edilmədən və onlara heç bir qiymət verilmədən rədd edilmişdir. Həmin sübutlara aşağıda istinad ediləcəkdir. Bakı Apellyasiya Məhkəməsinin 05.04.2021-ci il tarixli hazırlıq iclasında işə baxılmasının məhkəmə istintaqı aparmaqla keçirilməsi barədə verdiyi vəsatət məhkəmə tərəfindən rədd edilsə də, sonrakı məhkəmə iclaslarında təqdim olunmuş sübutların əsaslı və inandırıcı olması nəzərə alınaraq vəsatətləri təmin edilmişdir. Keçirilmiş çoxsaylı məhkəmə iclasları iş üzrə verilmiş apellyasiya şikayətinin dəlillərinin əsaslı olduğunu göstərmişdir. Nəhayət, 07.06.2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 05.02.2021ci il tarixli hökmü ləğv edilmiş və onun əməlində cinayət tərkibi olmadığına görə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilmişdir. Cinayət işinin materiallarından görünür ki, Emin Əliyev DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur. Emin Əliyev tutulduqdan sonra verdiyi izahat və ifadələrində onun çantasında aşkar edilmiş külli miqdarda narkotik və psixotrop maddələri İlham adlı şəxsdən aldığını bildirmiş və İlhamın istifadə etdiyi üç mobil telefon nomrələrini vermiş və onun yaşadığı ünvan dəqiq bildirməsə də, ətraflı təsfir etmişdir. Əməliyyat-axtarış fəaliyyəti haqqında qanun tələblərinə uyğun olaraq əməliyyatı keçirən şəxslər verilmiş telefon nömrələri vasitəsi ilə İlham adlı şəxsin olduğu yeri və şəxsiyyətini müəyyən etməli və dərhal onun yaşadığı ünvanda axtarış keçirməliydilər. Birinci instansiya məhkəməsində dindirilmiş əməliyyatçılar X13, X17 və X26 əməliyyat-axtarış tədbirlərinin tam həcmdə və qanuna uyğun keçirilməməsinin səbəblərini izah edə bilmədilər və yaxud izah etmək istəmədilər. İstintaq başlanan gündən İlham adlı şəxsin mobil telefon nömrələri və yaşadığı yer istintaq orqanına və əməliyyatçılara məlum olmasına baxmayaraq onun şəxsiyyəti barədə məlumatları əldə edib yaşadığı ünvanda təxirə salınmadan axtarış keçirməyi və onun şübhəli şəxs kimi saxlanılmasını təmin etməli idilər. İş materiallarından görünür ki, bu istiqamətdə istintaq-əməliyyat tədbirlərinin keçirilməsinə cəhd belə edilməmişdir. Halbuki, əməliyyat-axtarış fəaliyyətinin müasir imkanları mobil nömrə məlum olduqda şübhəli şəxsin şəxsiyyətini, yaşadığı və olduğu yeri müəyyən etdiyi çox sadə bir prosedura çevirmişdir. Göstərilən dəlillər belə bir nəticəyə gəlməyə əsas verir ki, istintaq orqanı öz qanunsuz maraqlarını təmin etmək niyyəti ilə onun şəxsiyyəti barədə məlumatların işin ilkin mərhələsində ortaya çıxmasında nəinki maraqlı olmamışlar, hətta bu məlumatları gizlətmişlər. İş materiallarından görünür ki, X27 işi üzrə narkotik vasitələrin mənbəyini və satanın şəxsiyyətini müəyyən etmək barədə əməliyyat tapşırığını cinayət işi başlanan kimi dərhal verməyə borclu olduğu halda, istintaq başa çatmaq üzrə olan ərəfədə - 01.03.2019-cu il tarixdə, yəni cinayət işi başlanandan 6 ay 27 gün keçdikdən sonra vermişdir. Müstəntiqin tapşırığına cavab 08.04.2019-cu ildə verilir və cavabda heç bir dəlil göstərilmədən qeyd olunur ki, Emin Əliyevə narkotik vasitəni satan İddiaçı olmuşdur. X27 işindən İddiaçı haqqında materialları ayırarkən da saxlakarlığa yol vermişdir. Cinayət işinin ayrılması haqqında qərarda göstərilir ki, bu cinayət işi Emin Əliyev barəsində olan ********* saylı cinayət işindən narkotik vasitənin və psixotrop maddənin mənbə xüsusatına görə 23.04.2019-cu il tarixdə ayrılmışdır. Emin Əliyev barəsində olan ilkin cinayət işinin materialları nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, İddiaçı barədə cinayət işinin ayrılması barədə qərar əslində 23.04.2019-cu il tarixdə yox, 14.04.2019-cu il tarixdə qəbul edilmişdir və həmin qərarn surətləri 14.04.2019-cu il tarixdə təqsirləndirilən şəxs Emin Əliyevə və onun vəkili K.Bağırova göndərilmişdir. Bu cinayət işi üzrə 15.04.2019-cu il tarixdə müstəntiq tərəfindən ibtidai istintaqın qurtarması barədə cinayət prosesi iştirakçılarına məlumat verilmiş, bundan sonra isə istintaq hərəkətləri aparılmamış və həmin cinayət işinin materiallarında 23.04.2019-cu il tarixli qərar yoxdur. Beləliklə, onun işi faktiki olaraq cinayət işinin ayrılması barədə saxta qərar əsasında aparılmışdır. Onun barəsində cinayət işi istintaq edilərkən onun tutulması, şübhəli şəxs qismində cəlb edilməsi, həbsə alınması və həbs müddətinin uzadılması zamanı da kobud qanun pozuntularına yol verilmişdir. Onun sərhəddə saxlanılması barədə 29.05.2019-cu il tarixli protokolda qeyd olunur ki, onun sərhəddə saxlanılmasına əsas DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 06.03.2019-cu il tarixli 4177 saylı məktubu olmuşdur. Bu isə təsdiq edir ki, artıq istintaq-əməliyyat orqanı 06.03.2019-cu ildə onun şəxsiyyətini müəyyən etmiş və Emin Əliyevin işi üzrə istintaq müddətinin bitməsinə bundan sonra hələ 2 ay qalmışdr. Bəs hansı səbəblərə görə əməliyyat orqanı sərhəd xidmətinə onun saxlanılması barədə tapşırıq verir, amma bu məlumatı onun tutulması, axtarışa verilməsi üçün müstəntiqə çatdırmır. Bununla da onun tutulması süni şəkildə ləngidilir, uzadılır. Emin Əliyevin işi üzrə müddətin bitməsi və işin ayrılması hədəfə götürülür. Halbuki sərhəd xidmətinə İddiaçı saxlanılmasına göstəriş verməmişdən əvvəl onun mobil telefonuna zəng vurub və yaxud bildirişlə istintaqa çağırmaq, nəhayət Azərbaycan Respublikası CPM-nin 150-ci maddəsinin (ittiham elan etmək üçün şəxsin tutulması) tələblərinə uyğun tədbirlər görmək və ya CPM-nin 278ci maddəsində nəzərdə tutulduğu kimi, onun barəsində təqsirləndirilən şəxs qismində qərar qəbul etməklə təqsirləndirilən şəxsin olduğu yer məlum olmadıqda və ya təqsirləndirilən şəxs cinayət təqibi orqanından gizləndikdə, müstəntiq öz qərarı ilə onu axtarışını elan edə bilərdi. Bütün bunlar təsdiq edir ki, istintaq orqanı onun təqsirsizliyinə əmin olduğundan, işdə kifayət qədər sübutların olmaması səbəbindən işin başqa icraata ayrılmasına çalışmış və bu barədə qanunsuz və əsassız qərar qəbul etmişdir. Bundan sonra isə onu sərhəddə tutaraq, onun ölkəni tərk edib gizlənməsi görüntüsünü yaratmışlar. Halbuki, o, tutulmamışdan əvvəl Emin Əliyevin istintaqa bildirdiyi ünvanda ailə üzvləri ilə yaşamış və yaşayır. Emin Əliyev barədə cinayət işi başlandıqdan az sonra isə, o, dəfələrlə Türkiyəyə, Gürcüstana, İrana həyat yoldaşının müalicəsi ilə bağlı səfər edib qayıtmışdır. Bu fakt onun cinayət işinə əlavə edilmiş pasportu ilə təsdiq olunur. Qeyd olunanlar bir daha təsdiq edir ki, o, axtarılmamış və onun tutulması üçün heç bir qanuni tədbir görülməmişdir. 23 aprel 2019cu il tarixdə onun barəsində cinayət işinin materialları qanunsuz olaraq başqa icraata ayrılmışdır. Onun sərhəddə tutulması qanunsuz olmuşdur. İş üzrə onun barəsində qanunla nəzərdə tutulan bu tədbirlərdən heç biri tətbiq edilməmişdir. O, sərhəddə qanunsuz saxlandıqdan sonra DİN-nin Baş MCMİ-nə gətirilir və barəsində tutulması barədə qərar qəbul edilir. Qərar və protokolda onun tutulmasının əsası kimi CPM-nin 147,148-ci maddələrinə istinad edilir. Onun tutulması üçün bu əsaslardan heç biri olmamışdır. O, qanunsuz tutulduqdlan sonra DİN-nin BMCMİ-də fiziki və mənəvi təzyiqlərə məruz qalmışdır. Məlumdur ki, cinayət işinin mahiyyətini təsqsirləndirilən şəxs qismində cəlb etmə qərarı və ittihamın mahiyyəti təşkil edir. Lakin müstəntiq ona ittiham verərkən qərarda cinayət naməlum vaxtda, yerdə və şəraitdə törədildiyini göstərir və bu qeyri-müəyyənliklər ona və müdafiəçisinə qanunun yol verdiyi üsul və vasitələrdən istifadə etməklə müdafiəni həyata keçirməyi mümkünsüz edir. Tərəflərdən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, istintaq orqanı əlavə edilmiş sübutları təhrif edərək Emin Əliyevlə cinayət əlaqəsində olmuş şəxsin kimliyini müəyyən etməyə cəhd etməmiş və yaxud müəyyən etmək istəməmişdir. Birinci instansiya məhkəməsində verdikləri vəsatət əsasında operatorların isintaqa təqdim etdiyi CD disklərlə tərəflərindən aparılmış tanışlıq zamanı müəyyən edilmişdir ki, Emin Əliyevin 01.07.2018-ci il tarixdən 04.08.2018-ci il tarixə kimi yüzlərlə abonentlə minlərlə telefon danışığı və SMS yazışmaları olmuşdur. Onun verdiyi ifadələrin düzgünlüyünü yoxlamaq məqsədi ilə Rəsul adlı şəxsin müəyyən edilməsi üçün tərəfindən tədbirlər görülmüşdür. Müəyyən edilmişdir ki, Rəsul adlı səxsin mövcudluğu tərəfindən uydurulmamısdır. Onun ifadələrində adını çəkdiyi şəxs - X18r, o 17.10.2018-ci il ildə Bakı şəhər Xətai rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikasi CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 22.11.2019-cu il tarixde X32 Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsi tərəfindən saxlanılmış və həbs edilmişdir, ona Azərbaycan Respublikasının CM-nin 29, 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Müəyyən edilmişdir ki, Azərbaycan Respublikasi DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə X14 mütəmadi olaraq Bakı şəhəri, Xətai rayonu ərazisinə narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. 06.06.2018-ci il tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş ve keçirilmiş əməliyyat nəticəsində R.Qafarovdan 1,307 qram çəkidə narkotik vasitə olan heroin götürülmüşdur. R.Qafarov barəsində 07.06.2018-ci il tarixdə cinayət işi başlanmış və istintaq edilməsi üçün Bakı şəhəri Xətai RPİ-yə göndərilmiş və barəsində polisin nəzarəti altına vermə barədə qətimkan tədbiri seçilmişdir. Şübhəli şəxs kimi dindirilən zaman Qafarov istifadəsində ***- ***-**-** nömrəli telefonun olmasını göstərmişdir. Cinayət işi 2018-ci ilin sentyabr ayında tamamlanaraq məhkəməyə göndərilmişdir. Emin Əliyev barəsində cinayət işi istintaq edilən zaman (04.08.2018-ci ildə cinayət işi başlanmış) Rəsul Qafarov artıq cinayət məsuliyyətinə cəlb edilmiş və onun da barəsində həmin vaxt cinayət işi olmuşdur. Operatorların danışıqlar barədə verdiyi CD disklərdə əks olunan 01.06.2018-ci il tarixdən 04.08.2018-ci il tarixədək dövrü əhatə edən vaxt Rəsul Qafarovun istifadəsində ***-***-**-** nomrəli telefon olmuşdur. Emin Əliyev barəsində aparılan cinayət işinin istintaqı zamanı Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 01.03.2019-cu il tarixli qərarı əsasında Emin Əliyevin telefon əlaqələri barədə "xxxx" MMC və "xxxx" MMC-dən 01.06.2018-ci il tarixdən 04.08.2018-ci il tarixədək olan dövrü əhatə edən məlumatlar alınmısdır. Operatorlar tərəfindən məlumatlar iki kompakt CD disklərdə təqdim edilmişdir. X15 Emin Əliyev arasında sıx cinayət əlaqəsinin olması müəyyən edilmiş və SMS-lərin mətnindən onların arasında mal mübadiləsi olması aşkar görünür. Bu məlumatlarla təsdiq olunur ki, Emin Əliyevin onunla üzləşmə zamanı "onun ümumiyyətlə Rəsul adlı tanışının olmaması" barədə ifadələri yalandır və məhkəmədə qeyd etdiyi kimi təzyiq nəticəsində verilmisdir. Disklərin məzmunundan görünür ki, istintaq orqanı İlham X4 yox, Rəsul Qafarovla alver etməsi barədə ifadələrini tam va hərtərəfli yoxlasaydı, onun ifadələrin doğruluğu və onun təqsirsizliyi ortaya çıxarardı. Onun telefon nomrələrinin və ünvanının məlum olmasına baxmayaraq Emin Əliyevin işi üzrə aparılan istintaq zamanı uzun müddət onu axtarılmaması və tutulmaması, narkotik vasitələrin mənbəyinin müəyyən edilməsi və telefon danısıqları barədə məlumatların tələb edilməsi haqqında tapsırıqların istintaq başlanandan 7 ay sonra verilməsi, CD disklərdən yalnız ona aid məlumatların çıxarılması, Emin Əliyev barədə cinayət işi istintaq edilən vaxt Rəsul Qafarovun narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs olmasının əməliyyat orqanına məlum olması və barəsində cinayət işinin istintaq edilməsi məlumatından istifadə olunmaması, Emin Əliyev barədə istintaq gedən zaman DTX tərəfindən Rəsul Qafarovun həbs edilməsi məlumatının nəzərə alınmaması onu göstərir ki, istintaq orqanı istintaq hərəkətlərini elə tənzimləmişdir ki, Rəsul Qafarov məsuliyyətdən kənarda qalsın və onun əvəzinə o, məsuliyyətə cəlb edilib məhkəməyə verilsin. Beləliklə, onun ifadələri kifayət qədər yoxlanılmadan, Rəsulun şəxsiyyətini müəyyən etmək üçün heç bir tədbir görülmədən onun barəsində həbs qətimkan tədbiri seçilir. Bundan sonra cəmi 5-6 istintaq hərəkəti aparılır. 4 dəfə həbs və istintaq müddəti əsassız olaraq uzadılır və o, 9 ay müddətində həbsdə saxlanılır. Hər dəfə həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətdə müstəntiq tərəfindən müddətin uzadılması üçün uydurma əsaslar göstərilir: kimyəvi ekspertizanın keçirilməsi, şahidlərin dindirilməsi, iş materiallarının tanış olmaq üçün təqdim edilməsi və s. Azərbaycan Respublikası Baş Prokurorluğu qanunla ona həvalə edilmiş, cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirmək vəzifəsini vicdanla yerinə yetirməmişdir, istintaq zamanı yol verilən kobud qanun pozuntularının aradan qaldırılması üçün səlahiyyətləri çerçivəsində tədbirlər görməmişdir. Cinayət işi üzrə müddət uzadılandan sonra heç bir istintaq hərəkətlərinin aparılmamasına baxmayaraq, müstəntiq və prokuror uydurma əsaslarla habsdə saxlama müddətinin uzadılması barədə məhkəməyə təqdimatlar vermiş, bununla da təqsirləndirilən şəxs İddiaçı azadlıq hüququnu kobud şəkildə pozmuş, onun istintaq orqanın özbaşınalığından qorunmasına kömək etməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsində işə baxılarkən müdafiəçi tərəfindən ortaya onun təqsirsiz olması barədə yuxarıda göstərilən təkzib olunmaz sübutlar qoyulsa da, iş üzrə qanunsuz hökm çıxarılaraq o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. 29.05.2019-cu il tarixdən 07.06.2021-ci il tarixə kimi, yəni 2 il 08 gün qanunsuz olaraq həbsdə saxlanılmaqla onun azadlıq hüquqları qanunsuz olaraq məhdudlaşdırılmış və o, mərhumiyyətlərə düçar edilmişdir. O, qeyd olunan dövr ərzində istintaq təcridxanasında ağır şəraitdə saxlanılmış, kameralarda sıxlıq olduğundan xüsusilə yay aylarında yatmaq, istirahət etmək və başqa zəruri təlabatları təmin etmək imkanı son dərəcə məhdudlaşmışdır.Şəkərli diabet xəstəsi olduğundan vaxtlı-vaxtında dietik qidalarla qidalanması mümkün olmamış, kamerada dəfələrlə halı pisləşmiş, xəstəliyi ilə bağlı müntəzəm dərman preparatlarını əldə etmək və qəbul etmək mümkün olmamışdır.Onun təcridxanada saxlanıldığı dövrdə olkədə koronavirus pandemiyasının yayılması təcridxanada daha sərt karantin tədbirlərinin tətbiq edilməsinə səbəb olmuş, bu isə saxlanılanların vəziyyətini daha da ağırlaşdırmışdır. Onun azadlıq hüququnun məhdudlaşdırılması onun himayəsinde olan 3-cü dərəcəli əlil həyat yoldaşı X7 xaricdə aparılan müalicəsinin dayandırılması ilə nəticələnmişdir, o, həmçinin himayəsində olan yetkinlik yaşına çatmayan oğluna da qayğı və diqqət göstərmək imkanından məhrum edilmişdir. Həbsdən əvvəl onun daimi iş yeri olmasa da, ayrı-ayrı fərdi işlərdə çalışmaqla ailəsini dolandırmaq imkanı olmuşdur. Ailədə yeganə işləmək qabiliyyəti olan və qazanc gətirən şəxs olduğundan onun həbsindən sonra ailəsi ağır vəziyyətə düşmüş və ehtiyac içində yaşamağa dücar olmuşdur. Onun qanunsuz həbs edilməsindən dərin sarsıntılar keçirən anası X19 "beyin infarktından" 19.11.2019-cu il tarixdə dünyasını dəyişmişdir. O, anasının dəfnində iştirak etmək üçün təcridxananın rəhbərliyinə müraciət etsə də, bu müraciətə rədd cavabı verilmişdir. Məlumdur ki, hər bir övlad üçün valideynin son mənzilə yola salınmasında istirak etməmək çox ağır və əzablıdır. O, sərhəddə saxlanılanda müalicəyə apardığı əlil həyat yoldaşı ilə bir yerdə olmuşdur və o, tutulduqdan sonra xəstə, başqa şəxsin köməyinə ehtiyacı olan həyat yoldaşı Çiçək Kərimova kənar şəxslərin yardımı ilə böyük çətinliklərlə Bakıya evinə qayıda bilmişdir. Hüquq mühafizə orqanlarının qeyd olunan qanunsuz hərəkətləri və sui-istifadəsi ona və ailəsinə ağır mənəvi ziyan vurmuşdur. Ona vurulmuş mənəvi ziyana görə cavabdehlərdən 10.000 manat kompensasiya ödənilməsini tələb edir.Onun həbsdən əvvəl daimi iş yeri olmasa da ailəsinin yaşayış minimumunu müxtəlif işlərdə çalışmaqla təmin etmişdir. Ona həbsdə olduğu müddət üçün, digər dövlətlərin məhkəmə praktikasında oldugu kimi, dövlət tərəfindən müəyyən edilmiş yaşayış minimumu həddində maddi ziyan ödənilməlidir.O, təcridxanada saxlanıldığı illərdə əmək qabiliyyətli əhali üçün dövlət tərəfindən müəyyən edilmiş yaşayış minimumu aşağıdakı kimi olmuşdur: 2019-cu ildə yaşayış minimumu 191 manat olmuş - həmin il o, təcridxanada 7 ay saxlanılmış, bu isə (7x191) 1337 manat təşkil edir; 2020-ci ildə yaşayış minimumu 201 manat olmuş - həmin il o, təcridxanada 12 ay saxlanılmış, bu isə (12x201) 2412 manat təşkil edir; 2021-ci ildə yaşayış munimumu 207 manat olmus - həmin il o, təcridxanada 5 ay 7 gün olmuş, bu isə (5x207) 1035 manat və 7x6.9 (207:30=6,9) 48,3 manat, cəmi (1035+48) 1083 manat təşkil edir. Bakı şəhəri Nərimanov rayonu 15 saylı vəkil bürosunun verdiyi arayışa əsasən ona göstərilmiş hüquqi xidmətə görə 720 manat ödənilmişdir. Onun qanunsuz həbs edildiyi bütün dövr üçün ona dəymiş maddi ziyan: hüquqi yardıma görə 720 manat və yaşayış minimumundan məhrum olduğuna görə (1337+2412 +1083) 4832 manat və mənəvi ziyana görə 10.000 manat hesablanmaqla, cəmi 15.552 manat cavabdehlər tərəfindən ona ödənilməlidir. Qanunvericiliyin tələblərinə müvafiq olaraq ona hüquq mühafizə orqanlarının qanunsuz fəaliyyəti nəticəsində vurulmuş 15.552 manat məbləğində maddi və mənəvi zərər cavabdehlərdən tutularaq ona ödənilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarının qanunsuz hərəkətləri ilə İddiaçı vurulmuş maddi və mənəvi zərərə görə cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası Maliyyə Nazirliyindən 15552 manat məbləğində pulun tutulması və barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 07.06.2021-ci il tarixli hökmü ilə bəraət verilmiş İddiaçı ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin hökmündən kassasiya protesti verilsə də, 21.04.2022-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-555/2022 saylı yekun məhkəmə aktı çıxarılmış, kassasiya protesti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında izahatı alınmış cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X20 iddia tələbini qəbul etməyərək və iddiaya yazılı etirazı məhkəməyə təqdim edərək öz izahatında göstərmişdir ki, qanunvericilik iddiaçıya qaldırdığı iddianı məhkəmədə sübut etməli olmasını müəyyən edir. İddiaçı iddia ərizəsində maddi və mənəvi ziyanla bağlı tələb irəli sürür. Lakin bu halların təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həm Ali Məhkəmənin, həm Konstitustya Məhkəməsinin Plenum Qərarlarında mənəvi ziyanla əlaqədar münasibətə hüquqi qiymət verilərkən nəzərə alınmalı olan hallar müəyyən edilmişdir. Hazırki mübahisəyə baxılarkən belə hallar mövcud deyil. Hesab edir ki, iddiaçı öz iddiasının əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən, onun iddiası əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə iclasında izahatı alınmış cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi X28 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, Baş Prokurorluq hazırki tələb üzrə cavabdehlik daşıyan şəxs kimi qəbul edilə bilməz. Digər tərəfdən hesab edir ki, iddiaçının qaldırdığı iddia əsassızdır və məhkəmə tərəfindən təmin edilməməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan həkim X5 tərəfindən verilmiş arayışından görünür ki, İddiaçı 21.11.2017ci ildən Şəmkir rayon Konsultativ Poliklinika şöbəsində Endokrinologiya kabinetdə dispanser müşahidədir. Diaqnoz: Şəkərli diabet tip İİ, orta ağır forma insulinə ehtiyacı var. İş materiallarında olan 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən vernilmiş 15.01.2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 09.11.2019-cu ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 15.11.2019-cu il tarixdə 1423 No ilə qeyd edilmişdir. İş materialarında olan Şəmkir rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 09.08.2018-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X21 arasında 12.05.1994-cü il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 69 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra ərə Kərimov, arvada Kərimova soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş 11.03.2013-cü il tarixli TSEK-də müayinə aktından çıxarışın surətindən görünür ki, X22 3-cü qrup əlildir. İş materiallarında olan Bakı şəhəri 15 saylı vəkil bürosu tərəfindən verilmiş 14.12.2021-ci il tarixli arayışından görünür ki, X11 ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə hüquqlarının Bakı Ağır Cinayətlər Məhkəməsində müdafiə olunması üçün qardaşı X23 ilə 08.05.2020-ci il tarixdə 267 saylı müqavilə bağlanılmaqla 15 saylı Vəkil Bürosunun hesabına 410 manat, onun hüquqlarının Bakı Apellyasiya Məhkəməsində müdafiə olunması üçün 15 fevral 2021-ci il tarixdə 96 saylı müqavilə bağlanılmaqla 15 saylı Vəkil Bürosunun hesabına qardaşı X24 tərəfindən 110 manat pul ödənilmiş və Səbail rayon Məhkəməsində ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi bağlı iddia qaldırılması üçün 15 saylı Vəkil Bürosunun hesabına İddiaçı tərəfindən 200 manat pul ödənilmişdir. Bununla da vətəndaş İddiaçı hüquqlarının müdafiəsi üçün 15 saylı Vəkil Bürosunun hesabına cəmi 720 manat pul ödənilmişdir. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07.06.2021-ci il tarixli 1(103)- 605/2021 saylı hökmündən görünür ki, məhkum İddiaçı müdafiəçisi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 05.02.2021-ci il tarixli hökmü ləğv edilmiş və İddiaçı əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə İddiaçı bəraət verilmiş, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə görə, hər kəsin azadlıq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin 2 bəndinə əsasən hər kəsin dövlət orqanlarının yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası CPM-nin 56.0.1-ci maddəsinə əsasən bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən cinayət prosesini həyatak eçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05.02.2021-ci il tarixli hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməlini törətməkdə təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, İddiaçı cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının əvvəlinin 29.05.2019-cu il tarixdən hesablanması, ona narkomaniyadan məcburi müalicə təyin olunması və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməsi, ********* saylı cinayət işi üzrə 15.11.2018-ci il tarixli qərarla maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş maddi sübutların məhkəmə-kimyəvi ekspertiza tədqiqatından sonrakı qalıqları, yəni müvafiq olaraq 23,491 qr çəkidə narkotik vasitə heroinin, 12,024 qr çəkidə psixotrop maddə metafetaminin, daxilində ümumilikdə 0,08 qr metadon olan iki ədəd həbin və bir ədəd elektron tərəzinin Bakı Ağır Cinayətlər Məhkəməsinin 18.07.2019-cu il tarixli hökmü ilə məhv edilməsi, təqsirləndirilən şəxs X8 istifadəsində olmuş 050 543 99 09 telefon nömrəsi ilə aparılmış danışıqlara dair "xxxx" MMC-dən, 055 257 88 48 telefon nömrəsi ilə aparılmış danışıqlara dair "xxxx" MMC-dən götürülmüş məlumatların təqdim edildiyi cəmi 2 ədəd “CD” diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında əlavə edilməsi nəzərə alınması, İddiaçı barəsində xüsusi müsadirə tətbiq edilməməsi, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07.06.2021-ci il tarixli 1(103)-605/2021 saylı hökmü ilə məhkum İddiaçı müdafiəçisi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 05.02.2021-ci il tarixli hökmü ləğv edilmiş və İddiaçı əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona bəraət verilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmünə əsasən bəraət verildiyindən, bununla da onun əsassız olaraq 2 il 8 gün müddətində həbsdə olması və barəsində ibtidai istintaq orqanı tərəfindən aparılmış cinayət təqibinin əsassız olması təsdiq olunduğundan, iddiaçı mövcud iddia tələbi ilə məhkəmədə çıxış etməkdə tam haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-ci maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Qeyd edilən Məcəllənin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Həmin Məcəllənin 1101.2-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi özünün «Reybok Sloveniyaya qarşı» işində qeyd etmişdir ki, daxili qanunvericilik kompensasiya hüququnu yalnız azadlıqdan məhrum edilmənin qanunsuz olduğu və ya səhvən baş vermiş hallarla məhdudlaşdırmışdır. Çünki həmin işdə məhkəmə İnsan Hüquqlarının və X9 X3 5-ci maddəsinin 5-ci bəndinin pozulduğunu müəyyən etdi, çünki Konvensiyanın 5-ci madəsinin 4-cü bəndi (həmin bəndə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliynə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir) pozulması nəticəsində yaranmış ərizəçinin konpensasiya hüququ kifayət qədər dəqiq şəkildə təmin edilməmişdir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə təhqiqat ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikir formalaşmasına ona əhatə edən şəxslərə münasibətin pisləşməsinə gətirib çıxaran və digər mənfi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab olunur. Həmin Qanunun 12-ci maddəsinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikası Qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyəyn edilir. Həmin Qanunun 4-cü maddəsinə görə vurulmuş ziyan bu qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəratəverici hökm çıxarıldıqdan sonra yaranır. Həmin Qanunun 5-ci maddəsinə görə isə bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə qanunsuz hərəkətlər nəticəsində onun itirdiyi mənfəət və digər gəlirlər məhkəmə məsrəfləri ilə bağlı ondan tutulmuş məbləğlər, hüquqi yardım göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş mənəvi ziyan ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixlit qərarında qeyd edilmişdir ki, «Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. “...xüsusi ilə qeyd olunmalıdır ki, mülki qanunvericilikdə şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi həyat sirri və şəxsi tozunulmazlıqla bağlı pozuntuların nəticəsində dəymiş ziyanın ödənilməsi nəzərdə tutulsa da digər şəxsi qeyri-əmlak hüquqlarından və qeyri-maddi nemətlərdən istifadə etmək hüquqlarının pozulması nəticəsində vurulmuş ziyanın ödənilməsi müəyyən olunmamışdır”. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenimunun 3 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin Qərarın 9-cu bəndində qeyd edilmişdir ki, mülki qanunvericilikdə müəyyən olunmuş zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları eyniliklə mənəvi zərərin ödənilməsi barədə iddialara da aiddir. (təhqiqat, ibtidai istintaq, prokurorlu və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş ziyana görə). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququni bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüquqi pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində iddiaçı barəsində əsassız olaraq olaraq həbs qətimkan tədbiri tətbiq edildiyindən, onun barəsində ittiham hökmü çıxarıldığından, iddiaçı 2 il 8 gün əsassız həbsdə olduğundan və bu hal qanuni qüvvəyə minmiş bəraət hökmü ilə öz təsdiqini tapdığından, ona vurulmuş mənəvi ziyanın əvəzi kimi kompensasiya ödənilməlidir. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyətini, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya idgər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hislərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn Avropa məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə “mənəvi anrazatlıq yetirilməsinə”, “Arçiko İtaliyaya qarşı” işdə “tənhalıq və kimsəsizlik hislərinə”, “Younq, Cames və X6rşı” işdə alçaldıcı və təhqiredici hərəkətlərə” görə mənəvi zirər ödənilməsi qərarına gəlmişdir. Azərbaycan Dövlətinin hüquqi dövlət olması, Azərbaycan Respublikası Konstitusiyasında insan hüquq və azadlıqlarının təmininin dövlətin ali məqsədi kimi bəyan edilməsi, insan hüquq və azadlıqlarının bərpa olunmasının məhkəmələrin vəzifəsi kimi müəyyənləşdirilməsi, həmçinin Konvensiyanın 41-ci maddəsi və Avropa Məhkəməsinin təcrübəsini insan hüquq və azadlıqlarının pozulduğu hallarda ədalətli satisfaksiyası yolu ilə əvvəlki vəziyyətin bərpa edilməsi ona dəlalət edir ki, milli məhkəmələr mənəvi ziyanın ödənilməsi barədə tələblərə baxarkən qeyd olunanları əsas götürməli və pozulmuş hüququn tam bərpasına nail olunması üçün ədalətli kompensasiya ödənilməsini təmin etməlidirlər. Məhkəmə hazırki mübahisə üzrə qeyd edir ki, vurulmuş mənəvi ziyana görə zərərin miqdarı müəyyən edərkən ölkə vətəndaşlarının ümumi həyat səviyyəsi, yaranmış iqtisadi durum, məhkəmə aktlarının icrası mümkünlüyü nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının törətmədiyi cinayətə görə qanunsuz olaraq təqsirləndirilən şəxs qismində tanınması, əsassız olaraq barəsində həbs qətimkan tədbirinin tətbiq edilməsi, ibtidai istintaq orqanı tərəfindən əsassız olaraq cinayət təqibinə məruz qalması və barəsində ittiham hökmü çıxarılaraq əsassız olaraq məhkum olunması onda narahatçılıq, cinayətkar imicinin yaradılması, nüfuzdan salınması və məyusluq hisslərinin yaranmasına və stresə düşməsinə səbəb olduğundan, ona vurulmuş mənəvi ziyan ödənilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyanın tutulması hissəsində qismən təmin edilməli və mənəvi ziyanın əvəzi kimi iddiaçının xeyrinə 5.000 manat məbləğində pul tutulmalıdır. Məhkəmə qeyd edir ki, mənəvi ziyanın 5.000 manat məbləğində müəyyən edilməsi işin hallarına uyğundur və tam ədalətlidir. Lakin məhkəmə hesab edir ki, mənəvi ziyana görə tutulacaq pul məbləği dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə ödənilməldir. Bu səbəbdən məhkəmə iddia tələbinin “maddi və mənəvi zərərin əvəzinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Baş Prokurorluğundan tutulması” hissəsində əsassız hesab edir. Belə ki, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 1-ci bəndinə əsasən, bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Göstərilən Qanunun 7-ci maddəsinin 2-ci bəndinə əsasən, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Əsasnaməsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarəedilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Göründüyü kimi təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi də öz növbəsində dövlət borcunun və maliyyə öhdəliklərinin idarəedilməsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Belə olan halda, iddiaçıya vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi Dövlət büdcəsinin vəsaiti hesabına (Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə) həyata keçirilməli, iddia tələbi digər cavabdehlərə münasibətdə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin maddi ziyana görə 5.552 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı həbsə alındığı vaxtdan vəkilin hüquqi yardımından istifadə etmiş, bununla əlaqədar 15 saylı Vəkil Bürosunun hesabına 720 manat pul ödənilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hüquqi yardıma görə iddiaçı tərəfindən ödənilmiş pul məbləği də həmçinin maddi ziyan kimi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Məhkəmə maddi ziyanın əvəzi kimi 2019-2021-ci illər üçün yaşayış minimumu həddində həbsdə qaldığı müddət ərzində məhrum olduğu 4832 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, bununla bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut (həbsə alındığı vaxta qədər qeyd etdiyi yaşayış minimumu həddində maddi təminat alması barədə sübutları) təqdim edilmədiyindən, həmin hissədə maddi ziyanın ödənilməsi barədə iddia tələbi təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsi vəsaiti hesabına İddiaçı xeyrinə mənəvi ziyanın əvəzi kimi 5000 (beş min) manat, maddi ziyanın əvəz kimi 720 (yeddi yüz iyirmi) manat, cəmi 5720 (beş min yeddi yüz iyirmi) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikası Baş Prokurorluğuna münasibətdə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-527/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-527/2022
26.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver