Məhkəmə qərarları › İş №2(009)-546/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-546/2021

01.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-546/2021 01.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı və Cavabdeh ASC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı - Cavabdeh ASC-yə (“xxxx LLC” şirkəti üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh ASC-yə (“xxxx LLC” şirkəti üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ASC-dən onun xeyrinə 1748 (min yeddi yüz qırx səkkiz) ABŞ dolları pul, 1000 (min) manat mənəvi ziyan və 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ABŞ-dan elektron internet portalından 2018-ci il buraxılışlı 3FA6P0HD4JR258462 ban nömrəli “Ford Fusion” markalı avtomobil almışdır. Həmin avtomobilin 5938 ABŞ dolları pulunu 04.08.2020-ci il tarixdə Cavabdeh ASC vasitəsilə ABŞ-da avtomobili alınmasında vasitəçilik edən “DMV Trades LLC” şirkətinin ABŞ-da olan bank hesabına ödəmişdir. Cavabdeh ASC həmin vəsaiti 04.08.2020-ci il tarixdə qəbul edib 15 gün sonra alan xarici şirkətin hesabına ödəmişdir. Lakin bir gündən sonra pul göndərdiyi şirkətə çatmadığından Bankla əlaqə saxlamış və ona bildirmişlər ki, pul vəsaitini başqa yerə səhvən göndərmişlər bu səbəbdən problemi yaxın günlərdə həll edəcəklər. Beləliklə, ödədiyi vəsait 2 gün ərzində satıcıya çatmadığından həmin vəsaitin üzərinə 11 gün ərzində 1748 ABŞ dolları cərimə hesablanmışdır. Avtomobili daşıyan və alan şirkət qeyd edir ki, pul ödənilmədiyi təqdirdə avtomobilin ona verilməsi təmin edilməyəcəkdir. Bununla bağlı “xxxx” ASC-yə yazılı müraciət etsə də, ona hesablanmış cərimə məbləği geri qaytarılmır. Təqdim etdiyi sənədlərdən də göründüyü kimi o, pulu Cavabdeh ASC-nin hesabına 04.08.2020-ci il tarixdə mədaxil etmiş və pulun “DMV Trades LLC” şirkətinin ABŞda olan bank hesabına köçürülməsini tələb etmişdir. Təqdim etdiyi SWİFT sənədindən də göründüyü kimi pul vəsaiti 04.08.2020-ci il tarixdə köçürülmüş, lakin hesab Bank tərəfindən düzgün qeyd olunmadığından geri qaytarılmışdır. Hazırda təqdim etdiyi sənədlərdən də göründüyü kimi onun 1748 ABŞ dolları cərimə borcu ödənilməmiş və həmin vəsait ödənilmədiyi təqdirdə avtomobil Gürcüstan Respublikasına porta gəldikdən sonra ona təhvil verilməyəcəkdir. Həmin vəsait göründüyü kimi gecikdirildiyindən gün etibarı ilə artmışdır. Pul vəsaiti 11 gün sonra avtomobili alan şirkətə ödənilmişdir. Hazırda ona dəymiş ziyan cavabdeh tərəfindən vurulduğundan həmin pul vəsaiti ona ödənilməlidir. Əks təqdirdə həmin vəsait ödənilmədiyi halda avtomobil şirkət tərəfindən ona təhvil verilməyəcək və bu da əlavə olaraq Poti Portunda qaldığı təqdirdə əlavə cərimələrin hesablanmasına gətirib çıxardacaqdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək, Cavabdeh ASC tərəfindən əvvəl pulun “DMV Trades LLC” şirkətinin digər hesabına köçürüldüyünü, lakin həmin hesabdan pulun geri alınaraq şirkətin iddiaçının göstərişində qeyd edilən hesabına köçürülməsinə vaxt tələb olunduğundan, 15 avqust 2020ci il tarixdə artıq müvafiq hesaba köçürüldüyünü, həmçinin İddiaçı ilə “DMV Trades LLC” şirkəti arasında bağlanmış müqavilədə cərimə ödənilməsinə dair əsasın müəyyən edilmədiyini və cərimə məbləği ilə bağlı hər hansı bir sübut təqdim edilmədiyini qeyd edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış fiziki şəxslərə cari hesabın açılması və xidmət göstərilməsi barədə 04.08.2020-ci il tarixli ******************** nömrəli müqavilədən görünür ki, «Bank» «Müştəri»-yə Azərbaycan Respublikasının milli valyutasında və istənilən xarici valyutada bank hesabı açmağı, açılmış hesaba pul vəsaitini qəbul etməyi, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə hesab üzrə digər əməliyyatların aparılmasına dair «Müştəri»nin sərəncamlarını yerinə yetirməyi, Müştəri» hesabdakı pul vəsaiti ilə əməliyyatlarının aparılması üzrə bank xidmətlərinin haqqını ödəməyi öhdəsinə götürmüşdür. - 03.08.2020-ci il tarixli nəqliyyat vasitəsinin satınalınması üzrə müqavilənin tərcümə olunaraq təsdiq olunmuş surətindən görünür ki, qeyd edilən müqavilə bir tərəfdən Azərbaycan, Naxçıvan, Sədərək rayonunda qeydiyyatda olan və yaşayan, telefon nömrəsi (+994) 55446666 və elektron poçt ünvanı: Elektron ünvan 1 olan İddiaçı və digər tərəfdən 6909 X2, Maryland 20882, United States ünvanında qeydiyyatda olan və yaşayan, telefon nömrəsi: (+1) 301.299.4658 və elektron poçt ünvanı: Elektron ünvan 2 olan “xxxx” MMC şirkəti arasında aşağıdakı şərtlərlə bağlanmışdır. Avtomobil barədə məlumat: - istehsal ili: 2018, markası: Ford, Modeli: Fusion, Avtomobilin identifikasiya nömrəsi: 3FA6P0F1D4JR258462. Satıcı bununla təsdiq edir ki, o yuxarıda qeyd edilən nəqliyyat vasitəsinin tam və hüquqi sahibidir və qeyd edilən nəqliyyat vasitəsini satmaq üçün tam səlahiyyətə malikdir. Alıcı satılan nəqliyyat vasitəsinin tam ödənişi (komissiya haqqı istisna olmaqla) həyata keçirməsi şərti ilə, qaimədə qeyd edilən son ödəniş tarixinədək bank köçürülməsi yolu ilə nəqliyyat vasitəsinin Azərbaycan Bakı şəhərinə çatdırılmasınadək daşınma haqları daxil olmaqla göstərilən nəqliyyat vasitəsi üçün 6208 ABŞ dolları məbləğində ödəniş etməyi üzərinə götürür. Satıcı və alıcı arasında razılaşdırılmaqla qeyd edilən satınalma əməliyyatı avtomobilin satınalınmasından sonra 3 iş günü müddətində 4898 ABŞ dollar məbləğində tam satınalma ödənişini həyata keçirməyi tələb edən X4ydalarına əsasən həyata keçirilmişdir. Ödənişin gecikdirilməsinə görə alıcı məsuliyyət daşıyacaqdır. Satış tarixinə avtomobilin qət etdiyi məsafə 35924 mildir və satıcı bununla bəyan edir ki, odometer göstəricisi nəqliyyat vasitəsinin faktiki olaraq qət etdiyi məsafəni əks etdirir. Satıcı yuxarıda qeyd edilən nəqliyyat vasitəsi üzrə tam sahiblik hüququnu alıcıya təqdim edir, satır və ötürür. Satıcı təsdiq edir ki, satış tarixinə nəqliyyat vasitəsi üzərində vergi, haqq və ya hər hansı girov mövcud deyildir və satıcı yuxarıda qeyd edilən nəqliyyat vasitəsi üzərində istənilən qeyri-qanuni iddia və tələblərə görə tam məsuliyyət daşıyacaqdır. Alıcı bununla satış tarixindən sonra nəqliyyat vasitəsi üzrə istənilən və tam öhdəlik, zərər və itki və nəqliyyat vasitəsindən istifadə nəticəsində ortaya çıxa biləcək istənilən üçüncü tərəf öhdəliklərini tam olaraq qəbul edir. Ehtiyac olduğu təqdirdə satıcı nəqliyyat vasitəsi üzrə mülkiyyət hüququnu girov saxlayandan birbaşa olaraq alıcıya ötürülməsi üzrə bütün tədbirləri həyata keçirəcəkdir. - “xxxx” MMC tərəfindən verilmiş 03.08.2020-ci il tarixli qaimənin tərcümə olunaraq təsdiq olunmuş surətindən görünür ki, istehsal ili: 2018, markası: Ford, Modeli: Fusion, identifikasiya nömrəsi: 3FA6P0F1D4JR258462 olan avtomobil üçün İddiaçı tərəfindən “xxxx” MMC-nin hesabına 6208 ABŞ dolları məbləğində pul ödənilmişdir. - “xxxx” MMC tərəfindən İddiaçı ünvanlanmış 07.08.2020-ci il tarixli, 006943 saylı bildirişin tərcümə olunaraq təsdiq olunmuş surətinin məzmununda göstərilmişdir ki, 03 avqust 2020-ci il tarixində 2018-ci il istehsalı Ford Fusion (Nəqliyyat vasitəsinin identifikasiya nömrəsi: 3FA6P0HD4JR258462) avtomobili bizim siğortalı avtomobillər hərracı üzrə (alıcı N: 354290) hesabımız vasitəsilə satın alınmışdır. Bununla əlaqəli olaraq bir daha xatırlatmaq istərdik ki, siğortalı avtomobil hərracı qaydalarına əsasən siz malı aldığınızı təsdiq etdikdə, hər bir mal üzrə ödəniş üç iş günü ərzində həyata keçirilməlidir. Təəssüf ki, siz qeyd edilən müddətdə ödənişi həyata keçirməmisiniz. 07 avqust tarixinə özündə gecikdirilmiş ödəniş və saxlama xərclərini əhatə edən təxminən 437 ABŞ dolları məbləğində cərimə müştəri tərəfindən aşağıdakı ABŞ dolları valyutasında bank hesabına köçürülməlidir: - Bank köçürülməsi üzrə təlimatlar: Benefısiar xxxx, LLC, Bank adı: X8. N.A, Hesab N: **********, Rutin N: 055003201, Köçürülmə yolu ilə rutin tranzit N: ********* SVİFT kod: WFBİUS6S, Bank ünvanı: 6235 Baltimore Ave. Riverdale, MD 20737. Bununla əlaqədar olaraq sizdən yuxarıda qeyd edilən cərimələri özündə birləşdirən 6645 ABŞ dolları məbləğini növbəti üç gün müddətində yuxarıda qeyd edilən bank hesabına köçürməyinizi xahiş edirik. Əks təqdirdə cərimə müvafiq qaydada hesabınıza toplanılacaqdır. - “xxxx” MMC tərəfindən İddiaçı ünvanlanmış 11.08.2020-ci il tarixli, 005902 saylı bildirişin tərcümə olunaraq təsdiq olunmuş surətinin məzmununda göstərilmişdir ki, 005808 saylı yazışmamızda qeyd etdiyimiz kimi, 2018-ci il istehsallı Ford Fusion (Nəqliyyat vasitəsinin identifikasiya nömrəsi: 3FA6P0HD4JR258462) avtomobili bizim sığortalı avtomobillər hərracı üzrə (alıcı N: 354290) hesabımız vasitəsilə satın alınmışdır və qeyd edilən avtomobil üzrə 6645 ABŞ dolları məbləğini hələ də almamışlar. Bununla əlaqəli olaraq bir daha xatırlatmaq istəyirlər ki, siğortalı avtomobil hərrac qaydalarına əsasən siz malı aldığınızı təsdiq etdikdə, hər bir mal üzrə ödəniş üç iş günü ərzində həyata keçirilməlidir. Təəssüf ki, siz qeyd edilən müddətdə ödənişi həyata keçirməmisiniz. 11 avqust tarixinə özündə gecikdirilmiş ödəniş və saxlama xərclərini əhatə edən təxminən 437 ABŞ dolları məbləğində cərimə müştəri tərəfindən aşağıdakı ABŞ dolları valyutasında bank hesabına köçürülməlidir: Bank köçürülməsi üzrə təlimatlar: Benefisiar xxxx, LLC Bank adı: X8. N.A. Hesab N: ********** Rutin N: 055003201, köçürülmə yolu ilə rutin tranzit N: ********* SVİFT kod: WFBİUS6S, Bank ünvanı: 6235 Baltimore Ave, Riverdale, MD 20737 Bununla əlaqədar olaraq sizdən yuxarıda qeyd edilən cərimələri özündə birləşdirən 7082 ABŞ dolları məbləğini növbəti üç gün müddətində yuxarıda qeyd edilən bank hesabına köçürməyinizi xahiş edirik. Əks təqdirdə cərimə müvafiq qaydada hesabınıza toplanılacaqdır. - “xxxx” MMC tərəfindən İddiaçı ünvanlanmış 15.08.2020-ci il tarixli, 006025 saylı bildirişin tərcümə olunaraq təsdiq olunmuş surətinin məzmununda göstərilmişdir ki, 006025 saylı yazışmamızda qeyd etdiyimiz kimi, 2018-ci il istehsallı Ford Fusion (Nəqliyyat vasitəsinin identifikasiya nömrəsi: 3FA6P0HD4JR258462) avtomobilin bizim siğortalı avtomobillər hərracı üzrə (alıcı N: 354290) hesabımız vasitəsilə satın alınması ilə əlaqəli olaraq 15 avqust 2020-ci il tarixində qeyd edilən avtomobil üzrə 5900 ABŞ dolları məbləğini almışıq. Bununla əlaqəli olaraq bir daha xatırlatmaq istərdik ki, siğortalı avtomobil hərracı qaydalarına əsasən siz malı aldığınızı təsdiq etdikdə, hər bir mal üzrə ödəniş üç iş günü ərzində həyata keçirilməlidir. Təəssüf ki, 15 avqust 2020-ci ildə baıık köçürülməsi ilə ödənişi nəzərə alaraq bildirmək istərdik ki, siz növbəti sadalanan vaxt limiti ərzində ödəniş etməməsiniz. 15 avqust tarixinə özündə gecikdirilmiş ödəniş və saxlama xərclərini əhatə edən təxminən 437 ABŞ dolları məbləğində cərimə müştəri tərəfindən aşağıdakı ABŞ dolları valyutasında bank hesabına köçürülməlidir: Bank köçürülməsi üzrə təlimatlar: Benefisiar xxxx, LLC Bank adı: X8 N.A. Hesab N: ********** Rutin N: 055003201, Köçürülmə yolu ilə rutin tranzit N: ********* SVİFT kod: WFBİUS6S, Bank ünvanı: 6235 Baltimore Ave. Riverdale, MD 20737. Bununla əlaqədar olaraq sizdən yuxarıda qeyd edilən 1748 ABŞ dolları məbləğində cərimələri özündə birləşdirən 7519 ABŞ dolları məbləğini növbəti ay ərzində yuxarıda qeyd edilən bank hesabına köçürməyinizi xahiş edirik. Əks təqdirdə nəqliyyat vasitəsi sizə təqdim edilməyəcəkdir. - Amerika Bankı tərəfindən verilmiş 04.09.2020-ci il tarixli köçürmə barədə məlumatın tərcümə olunaraq təsdiq olunmuş surətindən görünür ki, köçürmənin statusu: davam edir, təsdiq nömrəsi: **********386407, Kimdən: Biznes faydaları ilə əlaqələr -17744: Mövcud olan balans: 8.975.33 dollar Kimə: İAAİ- Avtomobil hərraclarının sığortası (Amerika bankı), Köçürmə haqqında məlumatlar, Məbləği göndərin: 1748 dollar Əlavə ödəniş: 30 dollar, Köçürmənin təsviri: İstinad, Ford Fusion nəqliyyat vasitəsinin eyniləşdirmə nömrəsi, /8434665 gecikmə ilə əlaqəli ödənişlər, Köçürmə tarixlər Tezilik, bir dəfə, dərhal, Çatdırılmanın sürəti: eyni gün, Başlanğıc tarixi: 08.12.2020, təxmini çatdırılma tarixi: 08.12.2020, Qeyd: qəbul edən bank vəsaiti bu tarixdən gec verə bilər. - Cavabdeh ASC tərəfindən verilmiş İddiaçı məxsus 04.08.2020-ci il tarixdən 09.03.2021-ci il tarixədək olan hesabdan çıxarışdan görünür ki, İddiaçı hesabına 5938 ABŞ dolları pul köçürmə üçün mədaxil edilmiş, 5908 ABŞ dolları “xxxx” MMC şirkətinin hesabına köçürülmüş, 30 ABŞ dolları isə köçürmə haqqı tutulmuşdur. - “xxxx” MMC tərəfindən İddiaçı ünvanlanmış 16.03.2021-ci il tarixli, 006943 saylı bildirişin tərcümə olunaraq təsdiq olunmuş surətinin məzmununda göstərilmişdir ki, tələb olunan və 006025 saylı yazışmasının təqibinə əsasən Avtomobil Sığorta Hərracının (bundan sonra İAAİ adlandırılacaq) qaydaları və şərtlərinə uyğun olaraq məlumunuz olsun ki, İAAİdən satın alınan nəqliyyat vasitəsinin öhdəlikdən azad olması üçün əvvəlki nəqliyyat vasitələrinin ödənişi tam şəkildə həyata keçirilməlidir. Bu baxımdan, 2018-ci il Ford Fusion (VİN # 3FA6PQHD4JR258462) satın alınmasından dərhal sonra alman nəqliyyat vasitələri üçün ödənişlərin həmin tənzimləmə səbəbindən gecikmiş olduğunu unutmayın. Bununla əlaqədar, qismən üç dəfə hesablanan cərimə nəqliyyat vasitənizdən və avtomobilinizdən sonra satın alınan aşağıda qeyd edilmiş nəqliyyat vasitələrindən tutulan saxlama və gecikmə haqqlarını ehtiva edir: 1. Chevrolet Malibu VİN#1G1ZD5STXLF091434, 2. Kia Rio VİN#KNADM4A36D6309056. - “xxxx” MMC tərəfindən İddiaçı ünvanlanmış 05.04.2021-ci il tarixli, 008531 saylı bildirişin tərcümə olunaraq təsdiq olunmuş surətindən görünür ki, tələb olunduğu kimi və 006943 saylı yazışmaya uyğun olaraq, bu mövzu ilə bağlı gecikmə haqqı və saxlama haqqı (cəmi - 1748 ABŞ dolları) kimi ödənişlə əlaqəli bank çıxarışı asan istinad üçün əlavə olunur. - “xxxx” MMC tərəfindən İddiaçı ünvanlanmış 26.05.2021-ci il tarixli, 009563 saylı bildirişin tərcümə olunaraq təsdiq olunmuş surətindən görünür ki, tələb olunduğu kimi və 008531 saylı yazışmaya uyğun olaraq, bu mövzu ilə bağlı gecikmə haqqı və saxlama haqqı (cəmi - 1748 ABŞ dolları) kimi ödənişlə əlaqəli bank çıxarışı asan istinad üçün əlavə olunur. - İddiaçı tərəfindən Cavabdeh ASC-yə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, o, ABŞ-dan elektron internet portalından 2018-ci il buraxılışlı, 3FA6P0HD4JR258462 ban nömrəli Ford Fusion markalı avtomobil almışdır. Avtomobilin 5938 USD pulunu 04.08.2020-ci il tarixdə Cavabdeh ASC vasitəsilə ABŞ-da olan avtomobil alınmasında vasitəçilik edən “DMV Trades” şirkətinin ABŞ-da olan bank hesabına ödəmişdir. Lakin pul vəsaitini 04.08.2020-ci il tarixdə ödəməyinə baxmayaraq Bank onun ödədiyi pul vəsaitini gec göndərmiş və nəticədə avtomobili alan şirkət tərəfindən 1748 USD cərimə yazılmışdır. Tez bir zamanda ona dəymiş ziyanı ödəməyi xahiş etmişdir. - Cavabdeh ASC tərəfindən İddiaçı ünvanlanmış 21.08.2020-ci il tarixli cavab məktubundan görünür ki, onun tərəfindən təqdim edilmiş 04.08.2020-ci il tarixli ödəniş tapşırığı əsasında 5908 (beş min doqquz yüz səkkiz) ABŞ dolları məbləğində vəsaitin tapşırıqda göstərilmiş şəxsin hesabına köçürülməsi Bank tərəfindən təmin olunmuşdur. Müraciətdə dəymiş maddi zərərlə bağlı məsələyə toxunsa belə, qeyd edilən zərəri təsdiq edən hər hansı bir sübut təqdim edilməmişdir. Bu səbəbdən də ona köməklik göstərilməsi mümkün deyildir. Beləliklə də, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçı ABŞ-dan elektron internet portalından 03.08.2020-ci il tarixli nəqliyyat vasitəsinin satın alınması üzrə müqaviləyə əsasən 2018-ci il buraxılışlı 3FA6P0HD4JR258462 ban nömrəli “Ford Fusion” markalı avtomobil almışdır. İddiaçı bu məqsədlə Cavabdeh ASC ilə aralarında fiziki şəxslərə cari hesabın açılması və xidmət göstərilməsi barədə 04.08.2020-ci il tarixli ******************** nömrəli müqavilə bağlamış, Bank tərəfindən İddiaçı hesabına 5938 ABŞ dolları pul köçürmə üçün mədaxil edilmiş, 5908 ABŞ dolları avtomobili alınmasında vasitəçilik edən “DMV Trades LLC” şirkətinin ABŞ-da olan bank hesabına köçürülmüş, 30 ABŞ dolları isə köçürmə haqqı tutulmuşdur. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı ödədiyi vəsaitin 2 gün ərzində satıcıya çatmadığından həmin vəsaitin üzərinə 11 gün ərzində 1748 ABŞ dolları cərimə (gecikmə və saxlama haqqı) hesablandığından hesab edir ki, ona hesablanmış 1748 ABŞ dolları cərimə borcu ödənilmədiyi təqdirdə avtomobil Gürcüstan Respublikasına porta gəldikdən sonra ona təhvil verilməyəcəkdir. Buna görə də həmin vəsait cavabdehdən tutulmalıdır. İş materiallarında olan 03.08.2020-ci il tarixli nəqliyyat vasitəsinin satınalınması üzrə Müqavilə şərtlərinə əsasən satıcı və alıcı arasında razılaşdırılmaqla qeyd edilən satınalma əməliyyatı avtomobilin satınalmasından sonra 3 iş günü müddətində 4898 ABŞ dollar məbləğində tam satınalma ödənişini həyata keçirməyi tələb edən X4ydalarına əsasən həyata keçirilmişdir. Ödənişin gecikdirilməsinə görə alıcı məsuliyyət daşıyacaqdır. “xxxx” MMC tərəfindən İddiaçı ünvanlanmış sonuncu, 15.08.2020-ci il tarixli bildirişin də məzmunundan görünür ki, siğortalı avtomobil hərracı qaydalarına əsasən o, malı aldığını təsdiq etdikdə, hər bir mal üzrə ödəniş üç iş günü ərzində həyata keçirilməlidir. Təəssüf ki, 15 avqust 2020-ci ildə bank köçürülməsi ilə ödənişi nəzərə alaraq bildirilir ki, o növbəti sadalanan vaxt limiti ərzində ödəniş etməmişdir. İşin materiallarından görünür ki, Cavabdeh ASC tərəfindən 5938 ABŞ dolları vəsaiti 04.08.2020-ci il tarixdə qəbul edib tapşırıqda göstərilmiş şəxsin, yəni xarici şirkətin hesabına ödəmə həyata keçirsə də, təqdim edilmiş sənədlərdən də göründüyü kimi pul vəsaiti Bank tərəfindən 04.08.2020-ci il tarixdə köçürülməsinə baxmayaraq hesab Bank tərəfindən düzgün qeyd olunmadığından məbləğ geri qaytarılmışdır. Yalnız bundan sonra Bank tərəfindən 11 gün sonra düzgün hesaba köçürülmə təmin edilsə də, avtomobili alan şirkət “xxxx” MMC tərəfindən artıq gecikmə ilə əlaqədar İddiaçı 1748 USD cərimə yazılmışdır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. - 954.1-ci maddəsinə əsasən Bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. - 959.1-ci maddəsinə əsasən Bank müştərinin hesabına daxil olmuş pul vəsaitini müvafiq ödəniş sənədinin banka daxil olduğu günün ertəsi günündən gec olmayaraq hesaba salmalıdır, bu şərtlə ki, qanunda və ya bank hesabı müqaviləsində daha qısa müddət nəzərdə tutulmasın. - 959.2-ci maddəsinə əsasən müştərinin sərəncamı ilə bank müştərinin pul vəsaitini müvafiq ödəniş sənədinin banka daxil olduğu günün ertəsi günündən gec olmayaraq verməli və ya hesabdan köçürməlidir, bu şərtlə ki, qanunla, qanuna uyğun qəbul edilmiş bank qaydaları ilə və ya bank hesabı müqaviləsi ilə ayrı müddətlər nəzərdə tutulmasın. - 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Həmçinin, Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Qanunun yuxarıda göstərilən normalarına əsasən öhdəliklərin lazımınca yerinə yetirlməməsi və bununla əlaqədar dəymiş ziyanın ödənilməsi onun məzmunu ilə müəyyən olunur ki, bu da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən onun iştirakçıları arasında müvafiq müqavilənin bağlanması yolu ilə həyata keçirilir. Belə müqavilənin mövcudluğu öhdəliklərin yaranması üçün zəruri şərtdir, belə ki, onun məzmunu tərəflərin etməli olduğu hərəkətləri müəyyən edir. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 noyabr 2018-ci il tarixli Qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, sübutların əldə edilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması aşağıdakı formada baş verə bilər: - sübutların qanunla nəzərdə tutulmayan sübutetmə vasitələri ilə əldə edilməsi; - sübutların əldə edilməsinin prosessual qaydalarının pozulması; -qanunsuz yolla əldə edilmiş məlumatların sübut kimi işə cəlb edilməsi. Sübutların mötəbərliyini təmin etmək üçün onların əldə edilməsi, rəsmiləşdirilməsi və işə əlavə olunması ilə bağlı qanunvericiliyin tələblərinə riayət edilməlidir. Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Aşağıdakı hallar aşkar edilərsə, etirafın sübut kimi qəbul edilməsindən imtina edilməlidir: - faktın etirafı işin həqiqi hallarının gizlədilməsinə yönəldikdə; - faktın etirafı aldatma, zor, hədə təsiri altında baş verdikdə; - faktın etirafı yanılma təsiri nəticəsində baş verdikdə. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlara hüquqi verərək hesab edir ki, iddiaçının ona vurulmuş maddi zərərlə bağlı irəli sürdüyü halların - Cavabdeh ASC vasitəsilə ABŞ-da avtomobilin alınmasında vasitəçilik edən “DMV Trades LLC” şirkətinin ABŞ-da olan bank hesabına pul vəsaitinin 11 gün sonra ödənilməsinin məhz cavabdehin müqavilə üzrə öhdəliyini lazımınca icra etməməsi nəticəsində baş verdiyi qənaətinə gəlmək mümkündür. Belə ki, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, iddiaçı pul vəsaitini 04.08.2020-ci il tarixdə ödəməyinə baxmayaraq Bank onun ödədiyi 5908 (beş min doqquz yüz səkkiz) ABŞ dolları məbləğində vəsaitini eyni tarixli ödəniş tapşırığı əsasında tapşırıqda göstərilmiş şəxsin hesabına köçürülməsini təmin etsə də, faktiki olaraq hesab Bank tərəfindən düzgün qeyd olunmadığından geri qaytarılmışdır. Məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi tərəfindən baş vermiş yanlış hesaba göndərilmə faktı inkar edilməsə də, səhv köçürülmüş hesabın da avtomobilin alınmasında vasitəçilik edən “DMV Trades LLC” şirkətinin ABŞ-da olan bank hesablarından biri olmasını göstərmişdir. Məhkəmə hesab edir ki. qeyd edildiyi kimi iddiaçının pul vəsaiti düzgün hesaba köçürülmədiyindən geri qaytarılması faktının mövcudluğu bu qənaətə gəlməyə əsas verir ki, Bank tərəfindən iddiaçı ilə bağlanmış fiziki şəxslərə cari hesabın açılması və xidmət göstərilməsi barədə 04.08.2020-ci il tarixli ******************** nömrəli müqavilənin şərtlərinə, eləcə də bu münasibətləri tənzimləyən maddi hüquq normalarının tələblərinə tam və dürüst əməl edilməməsi ilə pul vəsaitinin 11 gün sonra avtomobili alan şirkətə ödənilməsi baş vermişdir ki, bunun da nəticəsində avtomobili alan şirkət tərəfindən iddiaçıya 1748 USD cərimə yazılmışdır. Odur ki, iddiaçı ona dəyən zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır və dəymiş maddi zərər olan 1748 (bir min yeddi yüz qırx səkkiz) ABŞ dolları cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Lakin məhkəmə iddianın mənəvi ziyanın tutulması hissəsi ilə bağlı qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəldiyindən, mənəvi ziyan qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər şəxsin qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri və s.) hüquqlarını pozmaqla ona mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, İddiaçı məhkəmə iclasında əsəb gərginliyi, psixoloji sarsıntı keçirdiyini bildirsə də, bunun nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyan hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia qismən təmin olunduğundan 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 10 (on) manat hissəsi iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ASC-dən İddiaçı xeyrinə 1748 (bir min yeddi yüz qırx səkkiz) ABŞ dolları pul (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi tutulmalı, 10 (on) manat hissəsi iddiaçıya aid edilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ASC-dən İddiaçı xeyrinə 1748 (bir min yeddi yüz qırx səkkiz) ABŞ dolları pul (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və dövlət rüsumunun əvəzi olan 20 (iyirmi) manat tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar