Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-549/2024 05.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onunla cavabdeh arasında xx.xx.2022-ci il tarixdə “Evim Əmlak” alqı-satqı agentliyinin vasitəçiliyi və iştirakı ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin satış qiyməti 755.000 manata razılaşaraq 10.000 manat beh alınması barədə “Daşınmaz Əmlakın Beh Müqavilə”si bağlanılmışdır. Əmlak Agentliyinin əməkdaşlarının və şahidlərin iştirakı ilə tərtib olunaraq tərəflərin imzaları ilə təsdiq olunmuş beh müqaviləsinə əsasən satıcı beh aldıqdan sonra mənzili satmaqdan imtina edərsə o, alıcıya behin iki mislini ödəməlidir. Bundan başqa beh müqaviləsinə görə satıcı satdığı mənzilə görə alıcıdan beh götürdükdə mənzilin sənədlərinin qaydasında olduğuna zəmanət verir. Lakin beh müqaviləsi ilə razılaşdırılmış bir aylıq müddətdən bir neçə ay keçməsinə baxmayaraq cavabdeh mənzili iddiaçıya satmamışdır. Cavabdeh aldığı pulu da ona qaytarmamışdır. Dəfələrlə aparılmış danışıqların da heç bir nəticəsi olmamışdır. Odur ki, cavabdeh aldığı 10.000 manat behin iki mislini 20.000 manat pul vəsaitini ona qaytarılmalıdır. Cavabdehə məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin Bakı şəhəri Binəqədi rayon Məhkəməsi tərəfindən xx.xx.2018-ci il tarixli 5(001)-363/2018 saylı qərarı ilə (hakim V.N.Məmmədov) üzərinə həbs qoyulduğu halda və bu barədə məlumatlı olduğu halda bilərəkdən beh almağa dair müqavilə bağlanarkən bu barədə heç bir məlumat verməyərək evin üzərində olan həbsi gizlətmişdir, yəni bilərəkdən mənzilin satışı və satışa dair sənədləşmələrin təsdiq edilməsinin qeydi mümkünlüyünü bildiyi halda, ona bu haqda məlumat verməmiş, deməli o, müqavilədə “Satıcı satdığı mənzilə görə Alıcıdan beh götürdükdə mənzilin sənədlərinin qarşısında olduğuna zəmanət verir” haqda olan məlumatı gizlədərək, pulun alınmasına nail olmağa və qarşı tərəfə maddi zərər vuracağını qabaqcadan düşünülmüş şəkildə etmiş və zərər vurmuşdur. Onunla cavabdeh arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, o, həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir. Bu səbəbdən də hazırda məhkəmə mübahisəsi yaranmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh 20.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, dəfələrlə cavabdehə yaşayış evinin alqı-satqısının həyata keçirilməsi ilə bağlı müraciət etmiş, hər dəfə bir bəhanə ilə bundan imtina edilmişdir. Sonra ona məlum olmuşdur ki, Sənanın və onun ailəsinin maddi problemləri var. Onda verilən pulun geri qaytarılmasını xahiş etmiş, cavabdeh ona bildirmişdir ki, kartın məlumatlarını ona versin, imkan daxilində 1000-1500 manat ödəməklə pulu qaytaracaqdır. O, kart məlumatlarını cavabdehə göndərsə də, hər hansı bir pul məbləği karta köçürülməmişdir. Məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə “Evim Əmlak” alqı-satqı agentliyində “Satıcı” qismində Cavabdeh ilə “Alıcı” qismində İddiaçı arasında, “Evim Əmlak” alqı-satqı agentliyinin rieltoru Rəşad Hümbətovun, şahidlər Vidadi Tarverdiyev və Qabil Həsənovun iştirakları ilə bağlanılmış xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın beh müqaviləsindən görünür ki, mənzilin sahibi Cavabdeh ******* nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Tarverdiyev küçəsində yerləşən 6C saylı evi 755.000 manata satır, alıcı tərəfindən satıcıya verilən behin məbləği 10.000 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491 və 492-ci maddələrinə əsasən alıcı beh verdikdən sonra mənzili (obyekti və torpağı) almaqdan imtina edərsə beh satıcıya qalır. Əgər satıcı beh aldıqdan sonra mənzili (obyekti və torpağı) satmaqdan imtina edərsə, o alıcıya behin 2 mislini ödəməlidir. satılan mənzilin (obyektin və torpağın) razılaşdırılmış satış qiymətinin behdən əlavə qalan hissəsi alqı-satqı satqı zamanı ödənilir. Bu müqavilənin pozulduğu halda behin 50%-i Evim Əmlak şirkətinə ödənilir. Satıcı satılan mənzildə qeydiyyatda olan şəxslərin 1 ay müddətində qeydiyyatdan çıxmasını öhdəsinə götürür. Satıcı satdığı mənzilə görə alıcıdan beh götürdükdə mənzilin sənədlərinin qaydasında olduğuna zəmanət verir. İş üzrə İddiaçı tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli pretenziyadan görünür ki, 2022-ci il tarixli müqavilə əsasında ünvan 4 ünvanında olan mənzilin alınması ilə bağlı ona verdiyi 10.000 manat məbləğində behi 3-5 gün ərzində geri qaytarmasını xahiş etmiş, əks halda məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın beh müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Tarıverdiyev küçəsində yerləşən 6C saylı evi 755.000 manata satmağı öhdəsinə götürmüşdür. Evin alınması ilə əlaqədar iddiaçı tərəfindən cavabdehə ilkin olaraq 10.000 manat beh verilmişdir. Həmin müqaviləyə əsasən satıcı beh aldıqdan sonra mənzili satmaqdan imtina edərsə, o alıcıya behin 2 mislini ödəməlidir. Həmçinin satıcı satılan mənzildə qeydiyyatda olan şəxslərin 1 ay müddətində qeydiyyatdan çıxmasını öhdəsinə götürmüş, satıcı satdığı mənzilə görə alıcıdan beh götürdükdə mənzilin sənədlərinin qaydasında olduğuna zəmanət vermişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı müqavilə qüvvədə olduğu müddətdə cavabdehlə razılaşdırılmış daşınmaz əmlakı (evi) almaqdan imtina etməmiş və bununla bağlı satıcıya hər hansı etiraz verməmişdir. Əksinə olaraq cavabdeh iddiaçı qarşısında götürdüyü öhdəliyi yerinə yetirməmiş və evi iddiaçıya satmamışdır. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən əsas öhdəliyin (mənzilin satılması barədə) pozulması baş verdiyindən, iddiaçı öhdəlik müqaviləsinə əsasən beh kimi ödənilmiş pulun cavabdehdən tələb etməkdə tam haqlı olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə verilən pul məbləği beh olduğu üçün, həmin pulun verilməsi ilə bağlı tərəflər arasında yaranmış münasibətlər əsas öhdəlik hesab edilmir. Əsas öhdəlik qeyd olunduğu kimi cavabdehin iddiaçıya mənzili satmaq barədə götürdüyü öhdəlik olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Həmin Məcəllənin 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Göstərilən Məcəllənin 491.3-cü maddəsinə əsasən müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 492.1-ci maddəsinə əsasən öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir (maddə 492.2). AR Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd edilən müddəasının tələbləri baxımından müqavilənin icra edilməsi ilə əlaqədar öhdəliyin icra edilməməsi beh alan tərəfin təqsiri nəticəsində baş verərsə, beh geri qaytarılmalıdır. Qanunveriricilik belə olan halda behin 2 mislinin geri qaytarılmasını nəzərdə tutur. Lakin qanunvericiliyin yuxarıda qeyd edilən norması eyni zamanda beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, onun imperativ qaydada notariat qaydasında təsdiq edilməli olmasını nəzərdə tutur. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanılmış beh müqaviləsi notarial qaydada təsdiq olunmadığından, həmin məbləğ ödənilmiş avans kimi qəbul edilməli və cavabdehdən iddiaçının xeyrinə 10.000 manat məbləğində pul tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 10.000 (on min) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-549/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-549/2024
05.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver