Məhkəmə qərarları › İş №2(009)-55/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-55/2025

08.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-55/2025 08.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30000 (otuz min) manat miqdarında pulun və ödənilmiş 180 (yüz səksən) manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: 1995-ci il tarixində Cəbrayıl rayonundan ailəsiylə birlikdə məcburi köçkün düşmüşlər. Həyat yoldaşı Şahin Həsənovu və ailəsini, yəni həyat yoldaşı Həqiqət İsmayılovanı, qızı İlahə Həsənovanı, oğlu Tural Həsənovu, qızı Həsənova Lauranı və mərhum oğlu Şəhriyar Həsənovu evin sahibi X4 himayəsinə götürülmüşdür. Eyni zamanda X1rın ailəsinin onun evində (1 otaqlı) yaşamağına heç bir etiraz etməmiş və bunu yazılı ərizəsi ilə təsdiqləmişdir. Onlar da vicdanlı davranaraq ona əllərindən gələn hər bir maddi yardımı etmiş və onların ailə problemlərinin həllində maksimum dərəcədə iştirak etmişlər. Xasiyyətləri tutuşduğundan və mehriban münasibətlər yarandığından qardaşı X8 cavabdeh X5 ilə 2002-ci ildə nikaha daxil olmuşlar. Səbail Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə onların nikahları pozulmuşdir. Lakin sonradan X4 kənar şəxslərin müdaxiləsi və təkidi ilə iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət etmiş və onun və ailə üzvlərinin mənzildən çıxarılması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə X2 iddia tələbi təmin edilmiş, Həqiqət İsmayılovanın, qızı İlahə Həsənovanın, oğlu Tural Həsənovun, qızı Həsənova Lauranın, mərhum oğlu Şəhriyar Həsənovun və X6 ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması qet edilmişdir. Məhkəmə qətnaməsi icra edilmişdir. Onların tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilin kommunal şəraiti yaxşılaşdırılmış və ev genişləndirilmiş, əlavə olaraq onun hesabına 1 (bir) otaq inşa edilmişdir. Sonradan mənzilə dair xx.xx.2014-cü il tarixli RX ******* saylı çıxarış alınmış və onun tərəfindən vəsaiti hesabına inşa edilmiş otaq da çıxarışa salınmışdır. Ümumiyyətlə qeyd edilən ərazidə ilkin ev sənədlərində də, vətəndaşlara verilmiş ilkin sənədlərdə evlər 1 otaq və mətbəxdən ibarətdir. Sonradan ev sakinlərinin təşəbbüsü ilə bir çox evlərin kommunal şəraiti dəyişdirilmiş və əlavə otaqlar inşa edilmişdir. Onların ailəsi də böyük olduğundan onlarla birlikdə yaşayan X2 razılığı ilə evin kommunal şəraiti yaxşılaşdırılmış və əlavə otaq inşa edilmişdir. Mənzildən çıxarıldıqdan sonra dəfələrlə cavabdehə əlavə otağın inşasına sərf edilmiş pulu tələb etsələr də o buna məhəl qoymamış və əlavə otağın inşasına sərf edilmiş pulu qaytarmamışdır. Bu azmış kimi həmin otaq cavabdehə verilmiş çıxarışa salınmışdır. Hesab edir ki, cavabdeh tərəfindən bu qanunsuz hərəkətə son qoyulmalı və ünvan 1 ünvanında yerləşən mənzilin kommunal vəziyyətin yaxşılaşdırılmasına və əlavə otağın inşasına sərf edilmiş 30000 (otuz min) manat pul cavabdehdən tutularaq ona ödənilməlidir. Məhkəmənin öncəki iclaslarında iştirak edən İddiaçı iddianı müdafiə edərək 1996-cı ildə mübahisəli ünvana köçməsini və orada bir əlavə otaq tikdirmiş, eləcə də mənzili təmir etdirmişdir. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, əvvəl qonşularla ümumi həyət, ümumi sanitar qovşağı var idi. 1997-1998-ci illərdə iddiaçı onun evinin sahəsində artırılmalar aparmadan mətbəxin qarşısındakı babasının gül əkmək üçün tikdiyi 1 kv metr yerdə pəncərələri bağlamış və özünə yarımçıq hamam tikmişdir. Həqiqət tərəfindən orada əlavə tikinti aparılmamış, əlavəni babası tikmişdir. Bir kvadrat sahəni hamam etmiş, kərpiclə hörülmüş, yarımçıq təmir edilmişdir. Yerdə kafel və sement vurulub divara. Unitazı sındırıb və samovarı çıxarıb həmin hamamdan. O, iddiaçı ilə birlikdə yaşamamışdır. 1996-cı ilə qədər orada yaşamışlar. Daha sonra iddiaçı orada yaşadığı zaman orada yaşamamışdır. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinə etiraz edərək iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, mənzildən çıxarılma barədə qətnamə 2014-cü ildə qəbul edilmiş, iddiaçının bu qətnamədən məlumatı olmuşdur. Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil1 iddia müddətinin tətbiqinə dair ərizələr ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İşə əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(009)-1735/2012 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi, cavabdeh X3 Bakı şəhəri, Səbail rayonu, 5-ci buxta küçəsi, 3 saylı evin 8 nömrəli mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi qət edilmişdir. - Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən 41 nömrəli aktla qeydə alınmış AZ-İ seriyalı, 161055 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə Cavabdeh arasında olan nikah xx.xx.2013-cü il tarixdə ləğv edilmişdir. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından görünür ki, Cavabdeh ünvan 3 ünvanına mülkiyyət hüququ 12 mart 2014-cü il tarixində qeydiyyata alınmışdır. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(009)-1706/2014 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı, X12, X10, X13, X11, X7 və X6 ünvan 4an çıxarılmaları, ünvan 4an İddiaçı, X12, X10, X13, X11, X7 və X9 məxsus əşyaların boşaldılması, ünvan 1 ünvanının Cavabdeh təhvil verilməsi qət edilmişdir. - xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(009)-1706/2014 saylı icra sənədinin icrası ilə bağlı Bakı şəhəri, Səbail rayonu, 5-ci Buxta küçəsi ev 3, mənzil 8 ünvanına gəlmişlər, borclu İddiaçı mənzilin giriş qapısının açarlarını könüllü şəkildə təqdim etmiş, mənzilə daxil olmuşlar, mənzilin texniki pasportunda 3 otaq göstərilsə də, faktiki olaraq 2 otaq olduğu müəyyən edilmişdir. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-1902/2024 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı «əmlakdan istifadəyə yaradılan maneələrin aradan qaldırılması və s.» tələbinə dair iddiası qismən təmin edilmiş, ünvan 5 ünvanı əhatə edən 4 kv.m həyətyanı sahəyə, 28 kv.m zirzəmiyə və həmin zirzəminin üzərində olan 8 kv.m tikiliyə cavabdeh (cavabdehin ailə üzvləri) tərəfindən müdaxilələrin qadağan edilməsi və həmin sahələrdən iddiaçının sərbəst istifadə etməyinə cavabdeh (cavabdehin ailə üzvləri) tərəfindən yaradılan bütün maneələrin aradan qaldırılması qət edilmişdir. Əsaslandırıcı hissə: İşin araşdırılmış halları ilə müəyyən edilir ki, iddiaçının 1995-ci ildən xx.xx.2021-ci il tarixə kimi mübahisəli ünvanda yaşaması faktı mübahisəsizdir və onun cavabdehdən pul tələbinin əsasını ünvan 1 ünvanında yerləşən mənzilin kommunal vəziyyətin yaxşılaşdırılması üçün əlavə olaraq iddiaçının hesabına inşa edilmiş və mənzilə dair xx.xx.2014-cü il tarixli RX ******* saylı çıxarışa salınmış otağın inşasına sərf edilmiş pul tələbi təşkil edir. Cavabdeh isə iddianı etiraf etməsə də, iddiaçı tərəfin yaşadıqları müddətdə əlavə 1 otaq deyil, mətbəxin qarşısında babasının güllər əkmək üçün tikdiyi 1 kv metr hissədə hamam düzəldilməsi üçün müəyyən işlər görülməsini, lakin görülən işlərin yarımçıq qalmasını və dəyərinin 30000 manat olmamasını, eləcə də iddia müddətinin ötürülməsini göstərmişdir. İş materiallarında olan Səbail rayonu, 5-ci Buxta küçəsi ev 3, mənzil 8 ünvanına aid xx.xx.1981-ci il tarixli şəxsi hesab vərəqəsindən görünür ki, mənzil 28,0 kv.m olmaqla 2 otaqdan ibarətdir. Cavabdeh adına olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından da görünür ki ünvan 3 ümumi sahəsi 33,5, yaşayış sahəsi 27, yardımçı sahəsi 6,5 kv.m olmaqla 2 otaqdan ibarətdir. İş materiallarında olan 45 saylı MKİS-nin xx.xx.2013-cü il tarixli forma 2 üzrə arayışından görünür ki, ünvan 3 yaşayış sahəsi 28,0 kv.m olmaqla 2 otaqlıdır. Həmçinin, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(009)-1706/2014 saylı icra sənədinin icrası ilə bağlı tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan da görünür ki, ünvan 4a faktiki olaraq 2 otaq olduğu müəyyən edilmişdir. Mübahisənin obyektiv və qanuni həlli baxımından məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilərək mənzilin ilkin və vəziyyəti və ölçüsü nəzərə alınmaqla 1995-ci ildən sonra hansı hissənin əlavə olaraq inşa edilməsi, inşa edildiyi halda mənzilə münasibətdə harada yerləşməsi, həmçinin çıxarışa və plana daxil edilib edilməməsi, inşa edildiyi halda tikinti işlərinin həcmi və məbləğinin müəyyən edilməsi kimi suallar qoyulmuşdur. Lakin ekspertiza aparılmasına şərait yaradılmamışdır. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn qanuni əsası tapılmalı və məhkəməyə bildirilən faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Əgər irəli sürülmüş iddianın qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin edilir, uzlaşmırsa rədd edilir. Mülki Məcəllənin 1091-ci və 1092.1-ci maddələrinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini (və ya onların dəyərini) məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həm sadalanan normalarının tələblərinə əsasən, həm də formalaşmış məhkəmə təcrübəsi baxımından əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün məhkəmə tərəfindən iş üzrə aşağıdakı şərtlər müəyyən edilməlidir: cavabdehin əmlak əldə etməsi; həmin əmlakı iddiaçının əmlakı hesabına əldə etməsi; əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması, yaxud bu cür varlanmanın həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənməsi. Qeyd olunan şərtlərin hər üçü eyni zamanda mövcud olmalıdır. Onlardan hər hansı birinin aşkar edilməməsi tələbin rədd edilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, işin araşdırılmış halları cavabdehin faktiki olaraq iddiaçının hesabına əmlak əldə etməsi və əldə etmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması kimi qiymətləndirməyə müəyyən qədər əsas yaratsa da, əldə edilən hissə faktiki olaraq əlavə 1 otaq deyil, müəyyən işlər (yaxşılaşdırma) olmuşdur. Belə ki, iddiaçının mübahisəli ünvanda müəyyən işləri görməsini cavabdeh tərəf inkar etməsə də, bu işlər məhz əlavə olaraq 1 otaq inşa edilməsi kimi qiymətləndirilə bilməz. İddiaçının təbirincə yanaşılsa əlavə inşa edilmiş 1 otaq mövcud olsa idi, hazırda mənzildə 2 deyil, 3 otaq olmalı və sahəsi əhəmiyyətli dərəcədə artmalı idi. Lakin iş materiallarında olan sənədlərdən də görünür ki, mübahisəli ünvan həmişə 2 otaqdan ibarət olmuş, lakin onun sahəsi ilə bağlı göstərilənlər fərqli olsa da, bu fərq ciddi olmamaqla əlavə 1 otaq sahəsinə uyğun olmamışdır (təxminən 3-4 kv.m) Bundan əlavə, məhkəmə qeyd edir ki, iddiaçı 1995-ci ildən 2021-ci il tarixə kimi həmin ünvanda yaşayaraq özünün qeyd etdiyi və cavabdehin də inkar etmədiyi müəyyən yaxşılaşdırma işləri görsə də orada yaşamaqla mənzildən faydalanmış, yaşadığı dövrdə həyata keçirdiyi müəyyən işlərin məbləğinin də məhz 30000 manat həddində olmasına dair sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı mübahisəli mənzildə müəyyən vəsait sərf edərək müəyyən yaxşılaşdırmalar həyata keçirsə də belə, hazırda həmin işlər üçün sərf edilmiş vəsaitin məbləğindən asılı olmayaraq buna dair tələb hüququ ilə bağlı iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. İddiaçı mənzildən çıxarılma ilə bağlı iddia üzrə verdiyi izahatında 1995-ci ildən həmin ünvanda yaşayaraq təmir işlərini aparmasını, sonradan yaşadıqları dövrdə isə, (yəni, cavabdeh 2014-cü ildə çıxarış alana kimi) özünün təbirincə deyilsə əlavə 1 otaq tikilməsini göstərsə də, tələbin əsasını təşkil edən əsassız varlanma ilə bağlı iddiasını xx.xx.2024-cü ildə qaldırmışdır. Bundan başqa, xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(009)-1706/2014 saylı icra sənədinin icrası ilə bağlı Bakı şəhəri, Səbail rayonu, 5-ci Buxta küçəsi ev 3, mənzil 8 ünvanına gəlmişlər, borclu İddiaçı mənzilin giriş qapısının açarlarını könüllü şəkildə təqdim etmişdir. Başqa sözlə, xx.xx.2021-ci il tarixində iddiaçı həmin mənzili tərk etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. - 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. - 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qeyd edir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Konstitusiya məhkəməsinin qərarlarında formalaşmış mövqeyə əsasən iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətinin tətbiq edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və suiistifadə hallarının qarşısının alınmasına yönəlmişdir. İddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. («R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» və «E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» qərarlar) İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar