Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-559/2025 15.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh1 qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona borcu olduğu 9000 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: bu hadisə o, Tovuz rayonu, Dönük Qırıqlı ərazisində yerləşən atasına məxsus olan "Yurd yeri" adlı Oteli işlədən zaman baş vermişdir. Belə ki, 2022-ci ilin may ayında həmin otelə gələn şəxsiyyəti onlara məlum olan Cavabdeh1 və Cavabdeh2 onlara məxsus oteldə müştəri olaraq qalmış, bir neçə gecə həmin oteldə qalmışlar. Həmin vaxtdan onunla yaxın münasibət qurmuşlar. Onu bir neçə dəfə Bakı şəhərinə evlərinə qonaq aparmışlar. Atası və anası ilə tanış etmişlər. Ona bildirmişlər ki, Türkiyədən Gürcüstana mal vururlar. Ona iş birliyi təklif etmişlər. Bu məqsədlə yatırım etmək üçün pula ehtiyac olmasını bildirmişdir. Onlar sürdüyü Hundai markalı, qara rəngli, **-PS-*** dövlət nömrə nişanlı avtomobilə onun adına etibarnamə vermişlər. Bundan sonra o aldanaraq onun tərəfindən müxtəlif vaxtlarda pul vermişdir. Ümumilikdə pulların verilməsi ardıcıllığı belə olmuşdur: 3000, 2000, 3000, 1000 manat cəmi 9000 manat. Bu pulları o, kredit götürərək və qohumlardan borc alaraq vermişdir. Əvvəldən niyyəti onu aldatmaq olan Cavabdeh1 və Cavabdeh2 onunla guya iş birliyi qurmalı idi. Sonradan onların onu aldatmalarını bildikdə onlar hüquq mühafizə orqanlarına müraciət etmişdir. Lakin sonuncu dəfə, yəni 15 oktyabr 2024-cü il tarixdə cinayət işi üzrə icraata cinayət hadisəsi müəyyən olmadığından işə xitam verilmişdir. O, məcbur olaraq mülki mühakimə icraatı qaydasında pulunu tələb etməyə məcbur qalmışdır. İstintaq dindirilməsi zamanı Cavabdeh1 və Cavabdeh2 onu aldadaraq ondan 9000 manat aldıqlarını etiraf etmişlər. Buna baxmayaraq ibtidai istintaq orqanı heç bir tədbir görməmişdir. Cavabdehlər onun ümumilikdə 9000 manat pulunu qaytarmırlar. Cavabdehdən borcunu ödəməyi tələb etsə də buna heç bir məhəl qoymurlar. Bununla bağlı cavabdehin atası söz versə də heç bir ödəmə olunmamışdır. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 ona borcu olduğu 11500 manat pulun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə baxış iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş 15 oktyabr 2024-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi barədə qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraata cinayət hadisəsi müəyyən olunmadığından xitam verilmişdir. Cavabdeh1 ifadəsində bildirmişdir ki, İddiaçı vasitəsilə xx.xx.2022-ci il tarixdə Rasimin həmkəndlisi X1 700 manat, bundan başqa xx.xx.2022-ci il tarixdə Maral adlı qadından 2200 manat, həmçinin xx.xx.2022-ci il tarixdə İddiaçı həmkəndlisi Əli adlı şəxsdən 500 manat və X1 təkrarən xx.xx.2022ci il tarixdə 600 manat, 2022-ci ilin iyul ayının əvvəllərində həmkəndlisi Etiram Məsimovdan 1700 manat məbləğində pul almışdır. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı 2022-ci ilin iyun və iyul aylarında tərəflər arasında olan razılaşmaya əsasən Cavabdeh1 iddiaçıdan borc pul götürmüşdür. İddiaçı cavabdehə 11500 manat borc verməsini iddia etsə də, cavabdeh ondan 5700 manat məbləğində borc götürməsini etiraf etmişdir. Hazırda iddiaçı ödənilməli borc məbləğinin ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 427.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. (MM 427.2.) - (münasibətlər yaranan vaxt qüvvədə olan) 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, tərəflər arasındakı razılaşmaya əsasən, Cavabdeh1 iddiaçıdan borc aldığı 5700 manat məbləğində pulu iddiaçıya qaytarmağı öhdəsinə götürməsi, lakin öhdəliyini lazımı qaydada icra etməməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlar və iş materialları ilə öz təsdiqini tapır. Qeyd olunan maddi hüquq normalarına və işin hallarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh yerinə yetirməli olduğu öhdəliyi icra etmədiyi üçün, qaytarmalı olduğu borcu vaxtında qaytarmadığı üçün İddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır və 5700 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlərə 11.500 manat pul verməsini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə iddianın Cavabdeh2 qarşı hissəsi üzrə qeyd edir ki, Cavabdeh1 borc götürən zaman Cavabdeh2 onun yanında olması borcun həmçinin Cavabdeh2 tərəfindən də alınmsı nəticəsinə gəlməyə əsas vermir. Odur ki, iddia sonuncuya aid hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən 110 manat dövlət rüsumu ödənilmişdir, lakin 11500 manat iddia məbləğinə görə 124,50 manat rüsum ödənilməli idi. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 5700 (beş min yeddi yüz) manat məbləğində pul vəsaiti və dövlət rüsumunun 77 (yetmiş yeddi) manat hissəsi tutularaq İddiaçı ödənilməli, İddiaçı dövlət rüsumu kəsri olan 14,50 (on dörd manat əlli qəpik) manat tutularaq dövlət büdcəsinə köçürülməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 5700 (beş min yeddi yüz) manat məbləğində pul vəsaiti və dövlət rüsumunun 77 (yetmiş yeddi) manat hissəsi tutularaq İddiaçı ödənilsin. İddiaçı dövlət rüsumu kəsri olan 14.50 (on dörd manat əlli qəpik) manat tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-559/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-559/2025
15.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver