Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-567/2023 14.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən 10 A nömrəli evin 29 saylı mənzil 1998-ci il tarixdən onun mülkiyyətində və istifadəsindədir. İş üzrə cavabdeh onun oğlunun həyat yoldaşıdır. Onda olan məlumata görə oğlu ailəsi ilə birlikdə 2022-ci ilin iyun ayından Türkiyə Respublikasının İstanbul şəhərində yaşayır. Onunla heç bir əlaqəsi yoxdur. Cavabdehin şifahi xahişi ilə onun və azyaşlı övladı X6 müvəqqəti olaraq ona məxsus mənzilə qeydiyyata düşməsinə razılıq vermişdir. Bildirir ki, nə cavabdeh, nə də onun azyaşlı övladı heç vaxt ona məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən 10A nömrəli evin 29 saylı mənzildə yaşamamışlar. Hesab edir ki, cavabdehin və onun azyaşlı övladının onun mənzilinə olan qeydiyyatı formal xarakter daşıdığı üçün, eyni zamanda mənzilə onların hər hansı istifadə hüquqları yaranmadığı üçün, onların həmin mənzilə istifadə hüququnun olmaması müəyyən edilməli və bu cavabdehin və onun azyaşlı övladının qeydiyyatdan çıxarılması üçün əsas olmalıdır. Hal-hazırda cavabdehin ona məxsus mənzildə qeydiyyatda qalması mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir və onun mülkiyyətində olan ev üzərində sərbəst sərəncam vermək hüquqlarını pozur. Bu səbəbdən hesab edir ki, cavabdehin mülkiyyətində olan mənzilə olan hüquqları itirilmiş hesab edilməlidir. Cavabdeh mübahisəli mənzildə qeydiyyatda olsa da, həmin mənzildə yaşamır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh və onun azyaşlı övladı X6 ünvan 1 ünvanında yerləşən 29 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi barədə qətnamə qəbul edilməsini və həmin qətnamənin onların pasport qeydiyyatının ləğv edilməsi üçün əsas olmasının göstərilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh yaşayış yeri məlum olmadığından onu məhkəməyə dəvət etmək mümkün olmamışdır. Bu barədə onun axırıncı yaşayış yerindən məhkəmə bildirişi müvafiq qeydlə (“köçüb”) məhkəməyə daxil olduqdan sonra, məhkəmə AR MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarını araşdırıb, iddiaçının izahatını və şahid ifadələrini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 öz ifadəsində göstərmişdir ki, o, iddiaçının həyat yoldaşıdır, Sənubərin qaynanasıdır. Oğlunun xahişi ilə onun həyat yoldaşı Sənubəri və övladı Ömürü müvəqqəti evlərinə qeydiyyata salmışlar, lakin gəlini və nəvəsi bir gün də olsun onlarda yaşamamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 öz ifadəsində göstərmişdir ki, o, iddiaçının qonşusudur, cavabdehi tanımır, evdə yalnız Tofiq kişi yoldaşı Samurayla yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 öz ifadəsində göstərmişdir ki, o, iddiaçının qonşusudur, cavabdehi tanımır, evdə yalnız Tofiq kişi yoldaşı Samurayla yaşayır. İş üzrə Yasamal rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli 003508 nömrəli xidməti orderin surətindən görünür ki, Bakı şəhəri, Neftçilər prospektində yerləşən 10“A” saylı evin 29 saylı mənzili hərbi qulluqçusu İddiaçı verilmişdir. İş üzrə doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X8, anası Cavabdehdır. İş üzrə Azərbaycan Respublikası DİN tərəfindən verilmiş ******* №-li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən Cavabdeh, X7 Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən 10 “A” saylı evin 29 nömrəli mənzildə yaşayış yeri üzrə qeydiyyatdadırlar. İş üzrə Səbail Rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X7 və Cavabdeh xx.xx.2022-ci il tarixdən Bakı şəhəri,Səbail rayonu, Neftçilər prospektində yerləşən 10 “A” saylı evin 29 nömrəli mənzildə pasport qeydiyyatdadırlar. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli xidməti orderinə əsasən xidməti mənzil fonduna aid olan Bakı şəhəri, Neftçilər prospektində yerləşən 10“A” saylı evin 29 saylı mənzil müharibə veteranı hərbi qulluqçusu İddiaçı verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçının oğlu Azər Mahmudovla Cavabdeh arasında nikah bağlanılmış, birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü Ömür adlı uşağı anadan olmuşdur. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, cavabdeh və onun uşağı mübahisəli mənzildə qeydiyyatda olsalar da, onlar həmin mənzildə heç vaxt yaşamamışlar və hal-hazırda da yaşamırlar. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, cavabdehin və onun qızının mübahisəli evə istifadə hüquqlarına xitam verilməsini xahiş etmişdir. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 103-cü maddəsinə əsasən xidməti yaşayış sahəsi istifadə üçün rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin orderi üzrə verilir. Qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1-ci maddəsinə əsasən xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) xidməti yaşayış sahələri aiddir. Həmin Məcəllənin 92-ci maddəsinə əsasən xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Göstərilən Məcəllənin 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən xidməti yaşayış sahələri vətəndaşlara ayrıca mənzil kimi verilir. Məhkəmə qeyd edir ki, mübahisəli mənzil xidməti mənzil fonduna daxil olan mənzil kimi iddiaçıya verildiyindən və iddiaçı həmin mənzilin icarədarı kimi ailə üzvlərinin və ya digər şəxslərin həmin mənzilə yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq inzibati orqana müraciət etməkdə hüquq sahibi olduğundan onun həmin şəxslərin hüquqlarının itirilməsi barədə məhkəmədə iddia qaldırmağa subyektiv hüququ da mövcuddur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh 2022-ci ilin may ayında mübahisəli yaşayış sahəsinə qeydiyyata almışdır. AR MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Qüvvədə olan AR Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından göründüyü kimi mülkiyyətçinin digər qohumları, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarına əsasən: 1.Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
2. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında göstərilmişdir ki: «Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz». Göründüyü kimi Konstitusiya Məhkəməsi qərarında verdiyi şərhində AR Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilən «digər qohumlar»ın dairəsini konkret müəyyən etmişdir və ailə qanunvericiliyin tələblərinə əsasən «gəlin» mülkiyyətçinin digər qohumu sırasına daxil deyildir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normalarına əsasən cavabdehin mübahisəli mənzilə istifadə hüququnun yaranmamasını, həmçinin məhkəmə iclasında cavabdehin mübahisəli mənzildə yaşamamaqla qeydiyyatının formal xarakter daşımasını nəzərə alaraq hesab edir ki, cavabdeh mübahisəli mənzilə qeydiyyata alınsa da, o ailə üzvü kimi mənzilə istifadə hüququ əldə etməmişdir. Beləliklə məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyindən və mənzil qanunvericiliyin tələblərinə əsasən qeyd edir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüququnun yaranması üçün, o həmin evdə yaşamaqla iddiaçının ailə üzvü olmalıdır. Lakin cavabdeh iddiaçıya münasibətdə onun ailə üzvü olmadığından (gəlin ailə üzvü hesab olunmadığından), həmin evdə yaşamadığından və bununla da qeydiyyatı formal olmaqla onun həmin mənzilə istifadə hüquqları yaranmadığından, həmçinin cavabdehin qeydiyyatı mənzilə istifadə hüquqlarının yaranması üçün əsas olmadığından, iddia tələbi təmin edilə bilməz. Yəni şəxsin o halda istifadə hüquqlarına xitam verilə bilər ki, həmin hüquqlar yaranmış olsun. Lakin məhkəmə iclasında cavabdehin mübahisəli mənzilə istifadə hüquqlarının olması müəyyən edilmədiyindən, cavabdehin istifadə hüquqlarına xitam verilməsi barədə iddia tələbi əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Bununla belə məhkəmə qeyd edir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüquqlarının olmaması müəyyən edildiyindən, bu hal iddiaçının Cavabdeh və onun azyaşlı uşağının yaşayış yeri üzrə qeydiyyatlarının ləğv edilməsi üçün əsas olmalıdır. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən 10 “A” saylı evin 29 saylı mənzilinə istifadə hüququna xitam verilməsi barədə iddia tələbi cavabdehin mənzilə istifadə hüquqlarının olması müəyyən edilmədiyindən təmin edilməsin. Qətnamə Cavabdeh və onun aşyazlı qızı X6 yaşayış yeri üzrə qeydiyyatının ləğv edilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Hakim: Şahin Abdullayev