Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-583/2021 14.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sığorta hadisəsi nəticəsində dəymiş zərərlə əlaqədar pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1628 manat məbləğində maddi zərərin, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, hadisə nəticəsində 3 ay ona dəymiş 1500 manat məbləğində mənəvi zərərin, ümumilikdə 3158 manat məbləğinini tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 20 iyul 2020-ci il tarixdə, saat 09:10 radələrində Bakı şəhəri, X3 küçəsi 42 B ünvanında yerləşən «xxxx» MMC-nin satış salonunun qarşısında nəqliyyat vasitəsinin saxlanılması üçün nəzərdə tutulmuş ərazidə saxladığı və ona məxsus olan ** VZ *** qeydiyyat nişanlı, KİA markalı nəqliyyat vasitəsinin əzilməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, o, hadisə baş verdiyi gün, yəni 20 iyul 2020-ci il tarixdə ona məxsus olan ** VZ *** qeydiyyat nişanlı, «KİA» markalı nəqliyyat vasitəni avtosalonun qarşısında park edib iş saatı 09:00 radələrində başlandığından çalışdığı şirkətin ofisinə daxil olmuşdur. Təxminən 10 dəqiqə keçmiş Cavabdeh tərəfindən idarə edilən ** SX *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yolnəqliyyat hadisəsi törədərək S.S.Axundovaya məxsus ** FX *** nəqli yyat nişanlı, «Hyundai» markalı nəqliyyat vasitəsinə vurmuş və nəticədə həm qeyd edilən nəqliyyat vasitələri, həm də B.Y.Qafarlıya məxsus ** SN *** qeydiyyat nişanlı, Mersedes markalı və ona məxsus ** VZ *** qeydiyyat nişanlı, «KİA» markalı nəqli yyat vasitələrinə zərər dəymişdir. Hadisədən dərhal zərər vuran nəqliyyat vasitəsinin sürücüsünün avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olduğu «xxxx» ASC-yə və Azərbaycan Respublikasının DİN-nin DYPİ-nin əməkdaşlarına məlumat verilmişdir. Sığorta şirkətinin əməkdaşları hadisə yerinə gələrək zərər vuran şəxsi və zərər çəkmiş şəxsləri müəyyən edərək hadisəni qeydiyyata almışdılar. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafəi edərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir: İş materiallarında olan “X2” 20.07.2020-ci il tarixli protokoldan görünür ki, həmin xətaya görə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. İş materiallarında olan 23.07.2020-ci il tarixli «xxxx» ASC-nin zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, zərər dəymiş avtonəqliyyat vasitəsinə baxış keçirdikdən sonra və apardıqları təhlil və hesablamalardan sonra məlum oldu ki, ** VZ *** qeydiyyat nişanlı, «KİA» markalı avtomaşına texniki baxış keçirilən zaman avtomaşına cəmi dəyən ziyan 3491 manat maəyyən edilmişdir o cümlədən: cəmi ehtiyat hissələri 2071 manat, zəhmət haqqı 1420 manat. İş materiallarında olan 13.08.2020-ci il tarixli Paşa Bank ASC-nin ödəniş qəbzindən görünür ki, Paşa Bank ASC tərəfindən İddiaçı 1863.66 manat məbləğində sığorta ödənişi olunmuşdur. Beləliklə, iddiaçının ** VZ *** qeydiyyat nişanlı, «KİA» markalı avtomobilinin cavabdehin təqsirli hərəkəti ilə maddi zərərə məruz qaldığı X2 protokol ilə təsbit olunmuşdur. İş materiallarında olan məhkəmə əmtəəşünaslıq ekapertizasının 16 iyul 2021-ci il tarixli, 9/2814 saylı ekspert rəyindən görünür ki, «xxxx» ASC tərəfindən təqdim edilmiş 23.07.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2011-ci il buraxılışlı «Kia Forte» markalı ** VZ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2994,0 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunmalıdır ki, qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu baş verməlidir, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının avtomobilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə hesab edir ki, avtomobilə dəymiş ziyanın ödənilməsi hissəsində iddiaçının tələbi əsaslıdır. Ekspertin rəyindən görünür ki, «xxxx» ASC tərəfindən təqdim edilmiş 23.07.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2011-ci il buraxılışlı «Kia Forte» markalı ** VZ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2994,0 manat müəyyən edilmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, Paşa Bank ASC tərəfindən İddiaçı 1 863.66 manat məbləğində sığorta ödənişi olunmuşdur. Məhkəmə hesab edir ki, ekspertin rəyi nəzərə alınmaqla dəymiş maddi ziyanla bağlı iddia tələbi qismən təmin edilməli və Cavabdeh 1131 manat tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, mənəvi ziyan tələbi bağlı xərcin ödənilməsi hissəsində iddia tələbi təmin edilməməlidir. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, "mənəvi zərər" anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfı psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır. İddia tələbindən görünür ki, iddiaçı mənəvi zərərə görə cavabdehdən 1500 manat mənəvi ziyan tələbi irəli sürsə də, bununla yanaşı, iddiaçı cavabdehin hərəkətləri ilə bağlı mənəvi sarsıntı və iztirablar keçirməsi ilə əlaqədar sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyi üçün iddia tələbi “dəymiş mənəvi ziyanla bağlı 1500 manat ödənilməsi hissəsində təmin edilməməlidir. Belə ki, MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 217.4-cü maddəsinə görə isə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1131 (bir min yüz otuz bir) manat maddi zərər və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulub İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüzi) manat Cavabdeh tutularaq tutulub AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: X1, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-583/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-583/2021
14.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver