Məhkəmə qərarları › İş №2(009)-59/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-59/2023

07.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-59/2023 07.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “X15 Kompleksi” Mənzil-Tikinti Kooperativinə qarşı söküntü işlərinin dayandırılması və kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X15 Kompleksi” Mənzil-Tikinti Kooperativinə qarşı söküntü işlərinin dayandırılması və kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, 2021-ci ildən “X15 Kompleksi” şirkəti yaşadıqları beşmərtəbəli binanın mənzillərinin alqısı ilə məşğuldur. Vaxtaşırı qazı, suyu bağlayırlar, telefon, internet kabellərini kəsirlər, su və kanalizasiya borusu zədələyirlər, qaz borusu kəsili halda qaz sızaraq açıq saxlayırlar. Onları zorla yaşadıqları mənzillərindən çıxartmaq istəyirlər. Baxmayaraq ki, binada hələ də yaşayanlar var, onlar söküntü işlərinə başlamışdılar. O, narahatçılıq törədən alətlərin səsindən və ev sirkələnməsindən, balkonlarına daşlar, ağır dəmirlər, mismarlı taxtaların düşməsindən, balkonlarının zədələnməsi barədə polisə dəfələrlə müraciət etmişdir, amma bunlara baxmayaraq, onlar çirkin əməllərini davam etmişdilər. xx.xx.2022-ci il tarixdə otaqlarındakı çilçıraq qırılmış və yerə düşmüşdür. Çilçıraq yararsız vəziyyətə düşmüşdür. O, “X15 Kompleksi” şirkətindən söküntü işlərinin dayandırılması və ona kompensasiyanın ödənilməsini tələb edir. Kompensasiyanın məbləği – çilçırağın alış qiyməti 2500 manat, üstəlik 1000 manat ona dəymiş ziyan kimi, cəmi 3500 manat ödənilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı söküntünün dayandırılması və ona dəymiş ziyana görə 3500 manat kompensasiyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, artıq bina tamamilə sökülmüşdür, ekspert rəyi ilə razı deyil, çıl-çıraq aparılan söküntü işləri nəticəsində yerə düşərək zədələnmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh “X15 Kompleksi” MTK-nın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X4 iddiaya qarşı yazılı etiraz məhkəməyə təqdim edərək göstərmişdir ki, iddiaçının yaşadığı ərazidə kooperativ tərəfindən qanunla məyyən olunmuş qaydada, müvafiq sərəncamlar əsasında köçürmə prosesi həyata keçirilir. Yalnız notarial qaydada bağlanmış alqı-satqı müqavilələri əsasında alınan mənzillər boşaldılır. İddiaçının yaşadığı mənzil barədə razılıq əldə olunmamışdır. İddia ərizəsində qeyd olunan 1-ci iddia əsassızdır və bildirirlər ki, söküntü prosesi həyata keçirilmir və yalnız Kooperativ tərəfindən alınan mənzillər boşaldılır. Kooperativ tərəfindən heç bir sakinin su xəttlərinə, işıq kabellərinə müdaxilə olunmur. Belə bir fakt mümkün deyil. Bununla bağlı hüquq mühafizə orqanları və digər aidiyyəti qurumlar tərəfindən onlara hər hansı məlumat da verilməmişdir. Sakinlərin normal yaşamına maneələr törədilmir. İkinci iddia ondan ibarətdir ki, iddiaçının söküntü işləri ilə əlaqədar çilçırağı yararsız vəziyyətə düşüb. Bu faktın sübuta yetirilməsi iddiaçının üzərinə düşür. Bu iddia ilə bağlı kooperativə hər hansı irad bildirilməmişdir. İddiaçı tərəfindən iş materiallarına əlavə olunmuş arayışdan məlum olur ki, yararsız vəziyyətə düşmüş çılçıraq təxminən 14 il əvvəl "xxxx" MMC şirkətinə məxsus mağazadan alınıb. Vergi xidmətinin portalından əldə etdiyi reyestri məlumatlarından görünür ki, "xxxx" MMC şirkəti 2019-cu ildə qeydiyyatdan keçmişdir. Bu faktla müəyyən etmək olur ki, iddiaçının təqdim etdiyi arayış əsassızdır və sübut kimi qəbul oluna bilməz. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri təmin olunmamalıdır. İş üzrə Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2014-cü il tarixli 173 nömrəli sərəncamın surətindən görünür ki, “X15 Kompleksi” MMC-nin xx.xx.2014-cü il tarixli müraciətini nəzərə alaraq Səbail rayonu, Xanlar və Q.Abbasov küçələrinin arasındakı, 58-59 saylı məhəllədə yerləşən istismar müddəti bitmiş yaşayış və qeyri-yaşayış tikililərin sökülərək, yerində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin cəmiyyətin istifadəsinə verilməsi, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən “X15 Kompleksi” MMC tərəfindən həll edilməsi qərara alınmışdır. İş üzrə Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2017-ci il tarixli 359 nömrəli sərəncamın surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 173 saylı sərəncamını nəzərə alaraq Səbail rayonu, Xanlar və Q.Abbasov küçələrinin arasındakı, 58-59 saylı məhəllədə yaşayış binasının tikintisi üçün “X15 Kompleksi” MMC-yə icazə verilmişdir. İş üzrə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, X12 küçəsisində yerləşən 2 saylı evin, 75,20 kv.m. olan ümumi sahədən ibarət 19 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə X2 mülkiyyətindədir. İş üzrə "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı 2008-ci ildə "xxxx" MMC şirkətinin PİNLİGHT VİP çilçıraq mağazasından İspaniya markası olan “Riperlamp” firmasının istehsalı olan AA003A06C2 kodlu modelini 2500 manata almışdır. İş üzrə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun 2 No-li memar-inşaat şöbəsinin konstruksiya sektorunun mütəxəssisləri A.Vahid, M.Rəfiyev, Texniki şöbəsinin müayinə sektorunun mütəxəssisi R.Bünyatzadə tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli rəyin surətindən görünür ki, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx.xx.2020-ci il tarixli, 34/10160 nömrəli tapşırığına əsasən ünvan 1 ünvanda yerləşən zirzəmili, 5 mərtəbəli yaşayış binasına vizual texniki baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, Q.Abbasov küçəsi, 2 saylı ünvanda yerləşən yaşayış binası 4 girişli, zirzəmili, 5 mərtəbəli olub 1935-ci ildə inşa edilmişdir. Bina reylefli ərazidə yerləşdiyindən zirzəmi mərtəbəsi yaşayış sahəsi kimi istismar edilir. Binanın planda qabarit ölçüləri 78.40 x 10.50 metrdir. Mərtəbəarası örtükləri ağac materiallarından, pilləkənləri isə yığma dəmirbeton elementlərdəndir. Dam yastı tipli olub yumşaq materiallarla örtürülmüşdür. Bünövrə və antiseysmik kəmərlərə baxış keçirmək mümkün olmadı. ünvan 1 ünvanda yerləşən yaşayış binası texniki cəhətdən yolverilməz vəziyyətdədir. Yaşayış binasının yükdaşıyan konstruksiyalarında yaranmış hazırki texniki vəziyyətin təbii fəlakətlə əlaqəsi yoxdur. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizasınınxx.xx.2022-ci il tarixli 10/6479-9/7127 saylı rəyinə əsasən: -1-ci, 2-ci və 3-cü suallar üzrə: “X15 Kompleksi” MTK tərəfindən Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsində yerləşən 2 saylı evdə aparılan təmir-tikinti və söküntü işləri ilə əlaqədar Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsində yerləşən 2 saylı evin 43 saylı mənzildə çıl-çırağın yerə düşməsinə səbəb olub-olmamasını dəqiqliklə müəyyən edilməsi mümkün olmamışdır. Ekspert baxışına təqdim edilmiş Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsində yerləşən 2 saylı evin 43 saylı mənzilində quraşdırılmış və yerə düşərək zədələnmiş çıl-çırağın bərpa dəyəri təxminən 100,0 manat müəyyən olunmuşdur. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı X2 mülkiyyətdə olan Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsində yerləşən 2 saylı evin 19 nömrəli mənzildə qeydiyyatda olmaqla yaşayır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh tərəfindən aparılmış söküntü işləri ilə əlaqədar olaraq onun yaşadığı mənzildə olan qiyməti 2500 manat çılçıraq qırılıb yerə düşərək yarasız hala düşmüşdür. Hazırda iddiaçı söküntü işlərinin dayandırılmasını və ona dəymiş kompensasiyanın ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qaldırılan tələb üzrə zəruri biliyə malik olan ekspertin müvafiq rəyinini alınması zəruriliyini nəzərə alaraq həmin mülki iş üzrə məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza əsasında verilmiş ekspert rəyi ilə müəyyən edilmişdir ki, “X15 Kompleksi” MTK tərəfindən Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsində yerləşən 2 saylı evdə aparılan təmir-tikinti və söküntü işləri ilə əlaqədar Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsində yerləşən iddiaçının yaşadığı mənzildə çıl-çırağın yerə düşməsinə səbəb olub-olmamasını dəqiqliklə müəyyən edilməsi mümkün olmamışdır. Ekspert baxışına təqdim edilmiş mübahisəli mənzilində quraşdırılmış və yerə düşərək zədələnmiş çıl-çırağın bərpa dəyəri təxminən 100,0 manat müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, iddiaçı tələbinin əsası kimi cavabdeh tərəfindən aparılmış söküntü işləri ilə əlaqədar çıl-çırağın yerə düşüb yararsız hala düşməsini göstərsə də, məhkəmə iclasında bu hal öz təsdiqini tapmadığından, yəni cavabdeh tərəfindən aparılan təmir-tikinti və söküntü işləri ilə əlaqədar iddiaçının yaşadığı mənzildə çıl-çırağın yerə düşməsi səbəbi müəyyən edilmədiyindən, bununla da qaldırılan iddianı əsaslı olması məhkəmə iclasında öz təsdiqini tapmadığından, məhkəmə hesab edir ki, iddia tələbi 2500 manat kompensasiyanın ödənilməsi hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki–prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır». Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar). Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, hər bir tərəf irəli sürdüyü iddia tələblərini sübut etməlidir və sübutlar kifayət qədər güclü və təkzib olunmaz faktlarla əsaslanmalıdır. Məhkəmə iddia tələbinin söküntünün dayandırılması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir. Belə ki, iddiaçı həmin tələbin əsası kimi söküntü işlərin nəticəsində narahatçılığın yaranmasını qeyd etmişdir. Məhkəmə qeyd edir ki, bu halları təsdiq edən sübutlar da məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən iş məhkəmə icraatında olduğu zaman artıq bina tamamilə sökülmüş və sakinlər həmin binadan köçmüşlər. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin hissədə də tələb əsassız hesab edilməlidir. Digər tərəfdən məhkəmə hesab edir ki, iddiaçının qeydiyyatda olduğu mənzilin mülkiyyətçisi digər şəxs olduğundan, iddiaçının həmçinin belə tələblərlə çıxış etməyə də subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qeyd edilən Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququna malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə iddia tələbinin cavabdehdən mənəvi ziyanın əvəzi kimi 1000 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb təmin edilməməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7№-li qərarınına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri - əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 218.1-ci maddəsiən əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, 1000 manat mənəvi ziyanın tutulması hissəsində tələb təmin edilməməlidir. Beləliklə məhkəmə sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia rədd olunduğundan, məhkəmə xərcləri iddiaçıya aid edilməli və iddiaçıdan keçirilmiş ekspertiza xərcinin əvəzi kimi 100 manat məbləğində pul dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddiaçı cavabdeh “X15 Kompleksi” Mənzil-Tikinti Kooperativinə qarşı söküntünün dayandırılması və ona dəymiş maddi və mənəvi ziyana görə 3500 manat kompensasiyanın ödənilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İddiaçı keçirilmiş məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertiza xərci – 100 (yüz) manat məbləğində pul dövlət nəfinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar