Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-604/2022 29.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Abbasova Gülnarə Güləli qızının katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh1 ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh1 ASC-nin Azadlıq filialına qarşı əsassız silinmiş məbləğin geri qaytarılması tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh1 ASC-nin Azadlıq filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müracitə edərək, ona məxsus olan 5357*******2101 nömrəli ödəniş kartı üzrə 14.01.2021-ci il tarixində və 5357******1933 nömrəli ödəniş kartı üzrə 25.06.2021-ci il tarixindən 16.07.2021-ci il tarixinədək fərqli vaxtlarda əsassız olaraq silinmiş 5169,82 manat məbləğin Cavabdeh1 ASC tərəfindən hesabına geri qaytarılması və hesabından pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyənləşdirdiyi bank uçot dərəcəsini əsas götürməklə faizlərin ona ödənilməsi vəzifəsinin Bank Respublika ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ona məxsus olan 5357*******2101 və 5357******1933 nömrəli Bank Respublika ASC-dən aldığı ödəniş kartı üzrə hesablarından ona məlum olmayan artıq məbləğlər çıxılmışdır. Bank Respublika ASC-yə bu barədə müraciət edərək, əsassız olaraq hesabından silinmiş məbləğin hansı səbəbdən silinməsi barədə ona məlumat verilməsini xahiş etmişdir. Həmin silinmiş vəsaitlərin ödəniş kart hesabına bərpa edilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsini Bank Respublika ASC-dən xahiş etmişdir. Bank Respublika ASC tərəfindən müraciətlərinə cavab olaraq ona bu vaxta qədər hər hansı bir cavab məktubu ünvanlanmamışdır. Bildirir ki, 5357*******2101 nömrəli ödəniş kartı üzrə 14.01.2021-ci il tarixində, 5357******1933 nömrəli ödəniş kartı üzrə isə 25.06.2021-ci ilk tarixindən 16.07.2021-ci il tarixinədək fərqli saatlarda əsassız silinmiş məbləğlərin hansı məqsədlə və nə üçün silindiyi ona 06.09.2021-ci il tarixində məlum olmuşdur. O daha əvvəl bu bardə məlumatlı olsaydı hər bir halda banka müraciət edərdi. Qeyd olunan hal ona həmin vaxt məlum olub ki, o, dərhal banka müraciət etmişdir. Lakin bu günə qədər ödəniş kartı hesabından əsassız silinmiş məbləğ geri qaytarılmamışdır. Kart hesabından pul vəsaitinin əsassız silinməsinə dair ödəniş sisteminin qayda və şərtlərinə uyğun olaraq araşdırma aparılmasını və əsassız silinmiş məbləğin geri qaytarılmasını (charge-back) yazılı qaydada tələb etmək onun hüququdur. Chargeback müştərinin ərizəsi əsasında kart sahibinin ticarət nöqtəsində (internet-mağazada) apardığı kart əməliyyatının bank tərəfindən mübahisələndirilməsi prosesini özündə əks etdirir. Malların və ya xidmətlərin alınması ilə bağlı hər hansı bir əməliyyat qondarma və ya saxta ola bilər və heç kim bundan qorunmur. Üstəlik, bu, ödəmə kart vasitəsi ilə edildikdə baş r verə bilər. Əgər satıcı onu aldadırsa və ya ödəniş onun xəbəri olmadan edilirsə, buna bank cavabdehlik daşımalıdır. Bu vəziyyətdə pul vəsaitini geri ala bilmək onun hüququdur və bunu etmək bankın borcudur. Hesab edir ki, hesabından silinmiş məbləğlər əsassız olaraq və eyni zamanda onun xəbəri olmadan silinmiş və bank tərəfindən heç bir araşdırma aparılmamışdır. Ona görə də, həmin məbləğlər bank tərəfindən onun kart hesabına geri qaytarılmalıdır. 18 aprel 2022-ci il tarixdə iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ünvanlayaraq, ona məxsus olan 5357*******2101 nömrəli ödəniş kartı üzrə 14.01.2021-ci il tarixində, 5357******1933 nömrəli ödəniş kartı üzrə isə 25.06.2021-ci ilk tarixindən 16.07.2021-ci il tarixinədək fərqli saatlarda əsassız olaraq silinmiş 3276.38 manat məbləğin (siyahı əlavə edilir) Bank Respublika ASC tərəfindən hesabına geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, tərəfindən 2021-ci ilin sentyabr ayında Bank Respublikanın Azadlıq filialına müraciət edilmişdir. Müraciət zamanı hər iki bank hesabından, yəni bank kartlarının son rəqəmləri 5357******1933-lə bitən kartdan 1848.54 manat, son rəqəmləri 5357*******2101 ilə bitən bank kartından isə 3324,42 manat silinməsi barədə məlumat verilmiş və bunların cədvəl hesabatının verilməsi barədə xahiş edilmişdir. Həmin sözügedən sənədlər Bank Respublika ASC-nin Azadlıq filialında bankın işçisi Nərgiz adlı xanım tərəfindən tərtib edilmiş və X2 bir nüsxəsi və digər nüsxəsi isə ona təqdim edilmişdir. Ərizədə olan əməliyyat sayı hər iki kart üçün əməliyyatın ümumi məbləği üzrə ərizə qəbul edilmişdir. Bank tərəfindən 43 əməliyyat üzrə 43 dəfə pul silinməsinə görə ərizə qəbul edilmişdir. Lakin 1 ay 10 gün müddətdən sonra əməliyyatların araşdırılması, pul vəsaitlərinin geri qaytarılmasının nəticəsi barədə bankla əlaqə saxlanıldıqda, məlumat olaraq bildirdilər ki, bankın başqa bir departamentinin göstərişinə əsasən bu hesablar üzrə əməliyyatlar 15/15 geri qaytarılması üçün ərizələr alınmalıdır. Ona görə də, təkrarən, 15 oktyabr 2021-ci il tarixdə yenidən 15 sətrlik əməliyat üzrə ərizə qəbul edildi və həmin ərizə üzrə 302,54 manat və 1590,9 manat məbləğ geri qaytarıldı. Bu səbəbdən geri qaytarılan məbləğləri nəzərə alaraq iddia tələbinin həcmininin azaldılması zərurəti yaranmışdır. Odur ki, ona məxsus olan 5357*******2101 nömrəli ödəniş kartı üzrə 01.14.2021-ci il tarixində, 5357******1933 nömrəli ödəniş kartı üzrə isə 25.06.2021-ci ilk tarixindən 16.07.2021-ci il tarixinədək fərqli saatlarda əsassız olaraq silinmiş 3276.38 manat məbləğin Bank Respublika ASC tərəfindən hesabına geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinə əlavə barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələblərini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək, məhkəməyə etirazını təqdim edərək göstərmişdir ki, ilk növbədə bildirmək istəyir ki, chargeback (hərfi mənada: charge-ödəmə, back-geri) VİSA və MasterCard ödəniş sistemlərinin qaydaları ilə tənzimlənən bank kartlarından istifadə edərək aparılan əməliyyatlara etiraz etmək prosedurudur. Yəni chargeback (geriödəmə) ödəniş üzrə müştəri vəsaitinin emitent (kartların emissiyasını həyata keçirən, kart istifadəçilərinə xidmət göstərilməsini, kart əməliyyatlarının avtorizasiyasını (özü və ya kart təşkilatı tərəfindən) və aparılmış əməliyyatların dəyərinin ekvayerə ödənilməsini təmin edən hüquqi şəxs) və ekvayer (təsərrüfat subyekti və ya dövlət orqanı (qurumu) ilə bağlanmış müqavilə əsasında müvafiq olaraq ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı müştərilərlə hesablaşmaların aparılması və ya vergilərin və dövlət orqanları tərəfindən göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqların ödənilməsi və ya kart istifadəçisinə nağd pul vəsaitinin verilməsi üzrə göstərilən xidməti təmin edən hüquqi şəxs) banklar arası geri qaytarılma prosesidir. Anlayışından da göründüyü kimi Gharceback (geriödəmə) əməliyyatı Azərbaycan Respublikasının beynəlxalq ödəniş sisteminin olmaması səbəbilə MasterCard, Visa və s. xarici qlobal şirkətlərin qaydaları ilə tənzimlənir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi X4 17.09.2013-cü il tarixli qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat”ın 3.3.-cü bəndinə əsasən ödəniş kartları ilə hesablaşmalar Azərbaycan Respublikası Mərkəzi Bankının “Ödəniş kartlarının emissiyası və istifadəsi Qaydaları” ilə tənzimlənir. Azərbaycan Respublikası Mərkəzi Bankının “Ödəniş kartlarının emissiyası və istifadəsi Qaydaları”nın 6.4.-cü bəndinə əsasən, kartların istifadəsi ilə həyata keçirilən əməliyyatlar üzrə hesablaşmalar müvafiq olaraq kart təşkilatının qaydalarına və tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq həyata keçirilir. Tərəflər arasında bağlanmış ******* saylı, 02.09.2020-ci il tarixli kompleks bank xidməti müqaviləsinə 14.12.2020-ci il tarixli Bank RespublikaASC-nin ödəniş kartından istifadə qaydalarına dair Əlavə № 2-nin 7-ci bəndinə əsasən, işçi razılaşır ki, işçi tərəfindən identifikasiya məlumatlarından istifadə etməklə, elektron cihazlarla aparılan istənilən əməliyyatlar, işçi tərəfindən aparılan əməliyyatlar kimi qəbul olunacaqdır və identifikasiya məlumatları hər hansı mübahisə predmeti qismində çıxış etmir. Beləliklə, kart sahibi identifikasiya məlumatlarının məxfi saxlanılmasına görə şəxsən məsuliyyət daşıması səbəbinə görə həmin məlumatların şəxsən və ya üçüncü şəxslər tərəfindən təqdim edilməsi ilə elektron cihazla aparılan istənilən əməliyyatı emitent bank kart sahibinin sərəncamı kimi qəbul etmiş olacaqdır. Bundan əlavə, qeyd etmək istəyir ki, MasterCard ödəniş sisteminin “Geri ödəmə təlimatına (Chargeback guide)” əsasən kart sahibinin eyni hesab üzrə yalnız 15 məlumatı olmayan əməliyyatı üzrə chargeback (geriödəmə) aparıla bilər. Həmçinin MasterCard ödəniş sisteminin qaydalarına əsasən kart sahibi müəmmalı əməliyyatlar üzrə chargeback (geriödəmə) üçün müraciəti tranzaksiyanın aparıldığı tarixdən etibarən 120 gün müddətində təqdim etməlidir. İddia ərizəsindən də gördüyü kimi, İddiaçı 5357*******1933 nömrəli kart üzrə 14.01.2021-ci il tarixində silinmiş əməliyyatlardan yalnız 09.06.2021-ci il tarixində məlumat almasını və bu barədə dərhal banka müräciət etdiyini bildirir. Bu müraciətin həmin kart hesabı üzrə aparılan əməliyyatlar üzrə tranzaksiyaların tarixindən 120 gün keçdikdən sonra edilməsi səbəbilə MasterCard ödəniş sisteminin “Geri ödəmə təlimatına (Chargeback guide)” əsasən chargeback-ın (geriödəmənin) həyata keçirilməsi mümkün deyildir. Həmçinin iddia ərizəsində İddiaçı 5357*******2101 nömrəli ödəniş kartı üzrə hesabından 25.06.2021-ci il tarixindən 16.07.2021-ci il tarixinədək fərqli saatlarda əsassız olaraq silinmiş məbləğlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa, iddiaçı iddia ərizəsinə əlavə etdiyi Cavabdeh1 ASC-nin Azadlıq filialının müdiri X1 yazdığı müraciətində həmin kart üzrə göstərilən dövrdə aparılmış 15 əməliyyat əsasında (tarix və məbləğlər qeyd olunmaqla) silinmələrin qaytarılmasında köməklik göstərilməsini xahiş etmişdir. İddiaçı 5357*******2101 nömrəli ödəniş kartı üzrə müraciətində qeyd olunan 15 əməliyyat üzrə silinmələr tam şəkildə, ümumi məbləği 1803,06 manat olmaqla chargeback (geriödəmə) edilmiş, həmçinin 90.38 manat məbləğində ƏDV həmin kart hesabına qaytarılmışdır. Ümumiyyətlə bildirmək istəyir ki, iddiaçı tərəfindən geri qaytarılması tələb olunan məbləğin necə yaranması əsaslandırılmamış, hər bir kart üzrə tələb olunan ayrıca məbləğ belə göstərilməmişdir. Yuxarıda göstərilənlərə əsasən iddia ərizəsinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, iddia əsaslıdır və qismən təmin olunmalıdır. İş materiallarında olan İddiaçı Cavabdeh1 ASC-nin Azadlıq filialının müdirinə ünvanlanmış müraciətlərindən görünür ki, ona məxsus 5357*******2101 nömrəli kart vasitəsilə 45 əməliyyat və 5357*******1933 nömrəli kart vasitəsilə 11 əməliyyat kənar şəxs tərəfindən aparılmışdır və o, bu əməliyyatların keçirilməsinə icazə verməmişdir. Bunu nəzərə alaraq həmin məbləğlərin onun hesabına geri qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh1 ASC-yə ünvanlanmış 26.10.2021-ci il tarixli ərizədən görünür ki, onun tərəfindən 06.09.2021-ci il və 15.10.2021ci il tarixlərdə bankın Azadlıq filialına müraciətlər olunmuşdur ki, onun kart hesablarından (əmək haqqı üzrə) Apple.Com. onun sərəncamı olmadan pulları silindiyi üçün “chargeback” və ya hesabına geri qaytarılması barədə ərizə bu günədək icra edilməyib. Ona görə də, kart hesablarından silinən əmək haqqı məbləğlərinin geri qaytarılmasına köməklik edilməsini xahiş etmişdir. Məhkəmə verilmiş iddia tələbi tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 957.1-ci maddəsinə əsasən hesabdan vəsaitin köçürülməsi və verilməsi haqqında müştərinin adından sərəncamlar verən şəxslərin hüquqları qanunda nəzərdə tutulmuş, qanuna əsasən bank qaydaları və bank hesabı müqaviləsi ilə müəyyənləşdirilmiş sənədlərin müştəri tərəfindən banka təqdim olunması yolu ilə təsdiq edilir. Həmin Məcəllənin 957.2-ci maddəsinə əsasən üçüncü şəxslərin tələbi ilə, o cümlədən müştərinin bu şəxslər qarşısında öhdəliklərini yerinə yetirməsi ilə bağlı tələbi üzrə müştəri pul vəsaitinin hesabdan silinməsi haqqında banka sərəncam verə bilər. Bank belə sərəncamları bu şərtlə qəbul edir ki, müvafiq tələb irəli sürülərkən onu irəli sürməyə hüququ çatan şəxsi eyniləşdirməyə imkan verən lazımi məlumatlar həmin sərəncamlarda yazılı formada göstərilmiş olsun. Həmin Məcəllənin 957.3-cü maddəsinə əsasən müqavilədə hesabdakı pul məbləğlərinə dair sərəncam hüququnun elektron ödəmə vasitələri və öz əli ilə imza analoqlarından, kodlardan, parollardan və sərəncamın buna vəkil edilmiş şəxs tərəfindən verildiyini təsdiqləyən digər vasitələrdən istifadə olunmaqla başqa sənədlər ilə təsdiq edilməsi də nəzərdə tutula bilər. Həmin Məcəllənin 957.4-cü maddəsinə əsasən əgər bank hesab sahibinin həqiqi iradəsini ifadə etməyən sərəncam əsasında pul vəsaitini həmin hesabdan silərsə, bunun üçün məsuliyyət daşıyır, bir şərtlə ki, belə sərəncamın hesab sahibinin öz təqsiri üzündən verildiyini sübut edə bilməsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 964.1-ci maddəsinə əsasən hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir. Həmin Məcəllənin 964.2-ci maddəsinə əsasən müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçıya məxsus Cavabdeh1 ASC-dən aldığı 5357*******2101 nömrəli ödəniş kartları üzrə hesabından 14.01.2021-ci il tarixində və və 5357*******1933 nömrəli ödəniş kartı üzrə hesabından 25.06.2021-ci il tarixindən 16.07.2021-ci il tarixədək fərqli saatlarda ümumilikdə 5169,82 manat məbləğində vəsait əsassız silinmiş və iddiaçı bu silinmələr barədə 2021-ci ilin sentyabr ayında məlumat alaraq, kart hesablarından silinən əmək haqqı məbləğlərinin geri qaytarılması üçün cavabdeh banka müraciət etmişdir. Bundan sonra cavabdeh bank tərəfindən iddaçı İddiaçı 5357*******2101 nömrəli ödəniş kartından 15 əməliyyat üzrə silinmələr cavabdeh bank tərəfindən tam şəkildə, ümumi məbləğ 1803,06 manat olmaqla chargeback (geriödəmə) edilmiş, həmçinin 90.38 manat məbləğində ƏDV həmin kart hesabına qaytarılmışdır. Bank tərəfindən 5357*******2101 nömrəli ödəniş kartı üzrə qalan əməliyyatlar üzrə silinmələrin və 5357*******1933 nömrəli ödəniş kartı üzrə isə bütün əməliyyatlar üzrə silinmələrin chargeback (geriödəmə) edilməsindən imtina edilmişdir. Məhkəmə iclasında eləcə də müəyyən olundu ki, bank 5357*******2101 nömrəli ödəniş kartı üzrə qalan əməliyyatlar üzrə silinmələrin və 5357*******1933 nömrəli ödəniş kartı üzrə isə bütün əməliyyatlar üzrə silinmələrin chargeback (geriödəmə) edilməsindən imtinasını onunla əsaslandırmışdır ki, MasterCard ödəniş sisteminin “Geri ödəmə təlimatına (Chargeback guide)” əsasən kart sahibinin eyni hesab üzrə yalnız 15 məlumatı olmayan əməliyyatı üzrə chargeback (geriödəmə) aparıla bilər. Həmçinin MasterCard ödəniş sisteminin qaydalarına əsasən kart sahibi müəmmalı əməliyyatlar üzrə chargeback (geriödəmə) üçün müraciəti tranzaksiyanın aparıldığı tarixdən etibarən 120 gün müddətində təqdim etməlidir. İddiaçı isə 5357*******1933 nömrəli kart üzrə 14.01.2021-ci il tarixində silinmiş əməliyyatlar barəsində banka yalnız 2021-ci ilin sentyabr-oktyabr aylarında müraciət etməklə qeyd olunan 120 gün müddəti ötürmüşdür. Eləcə də, iddiaçı Cavabdeh1 ASC-nin Azadlıq filialına müraciətində 5357*******2101 nömrəli ödəniş kartı üzrə hesabından 25.06.2021-ci il tarixindən 16.07.2021-ci il tarixinədək aparılmış 15 əməliyyat əsasında silinmələrin qaytarılmasında köməklik göstərilməsini xahiş etdiyindən, yalnız həmin 15 əməliyyat üzrə silinmələr tam şəkildə, ümumi məbləği 1803,06 manat olmaqla chargeback (geriödəmə) edilmiş, həmçinin 90.38 manat məbləğində ƏDV həmin kart hesabına qaytarılmışdır. Məhkəmə aşağıdakılara görə iddiaçıya məxsus ödəniş kartları üzrə əsassız silinmələrin tam həcmdə geri qaytarılmasından imtinasını əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, iddiaçıya məxsus kart hesablarında olan əmək haqqı məbləğlərindən əsassız silinmələr nəticəsində iddiaçı öz əmlakından qanunsuz olaraq məhrum olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı ona dəyən zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır, ona görə də, iddia tələbi təmin edilməlidir. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, İddiaçı məxsus olan 5357*******2101 nömrəli ödəniş kartı üzrə 14.01.2021ci il tarixində və 5357******1933 nömrəli ödəniş kartı üzrə 25.06.2021-ci il tarixindən 16.07.2021-ci il tarixinədək fərqli vaxtlarda əsassız olaraq silinmiş 3276,38 (üç min iki yüz yetmiş altı manat otuz səkkiz qəpik) manat məbləğ Cavabdeh1 ASC tərəfindən İddiaçı hesabına geri qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı məxsus olan 5357*******2101 nömrəli ödəniş kartı üzrə 14.01.2021-ci il tarixində və 5357******1933 nömrəli ödəniş kartı üzrə 25.06.2021-ci il tarixindən 16.07.2021-ci il tarixinədək fərqli vaxtlarda əsassız olaraq silinmiş 3276,38 (üç min iki yüz yetmiş altı manat otuz səkkiz qəpik) manat məbləğ Cavabdeh1 ASC tərəfindən İddiaçı hesabına geri qaytarılsın. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X6
Məhkəmə qərarları › İş №2(009)-604/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-604/2022
29.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver