Məhkəmə qərarları › İş №2(009)-61/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-61/2023

27.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-61/2023 27.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əzizova Nurlanə Əli qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində X6 və Ucar rayon İcra və probasiya şöbəsi işə cəlb olunmaqla) cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı əmlakın qiymətləndirilməsinə dair hesabatların ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 Xanlar oğlu və İddiaçı2 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində X6 işə cəlb olunmaqla) cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC tərəfindən tərtib olunmuş xx.xx.2015-ci il tarixli və Cavabdeh2 MMC tərəfindən tərtib olunmuş xx.xx.2016-cı il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatların ləğv edilməsini xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, bir nəfər onlara borclu olan şəxs 2005-2007-ci illər ərzində 5 ədəd qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinə əsasən onlara 15.700 manat pul ödəməlidir. Lakin bundan xeyli müddət keçməsinə baxmayaraq, o həmin pulu onlara ödəməmişdir. 2015-ci ilin iyul ayında isə onların çoxsaylı müraciətlərindən sonra o, inzibati məsuliyyətə cəlb olunmuş və onun ölkədən çıxışına məhdudiyyət qoyulmuşdur. Daha sonra həmin şəxs cinayət məsuliyyətindən yayınmaq üçün müxtəlif vasitələrə əl atmışdır. Belə ki, onun anası Ucar rayonunun Qazyan kəndində yerləşən pay torpaq sahəsini alaraq, oğluna bağışlamışdır. Bundan sonra onlara borclu olan həmin şəxs 1,64 hektar torpaq sahəsinə görə öz adına xx.xx.2015-ci il tarixdə çıxarış almışdır. Cəmi 1 aydan sonra isə həmin torpaq cavabdehlər tərəfindən qiymətləndirilmiş və faktiki olaraq 300 manata alınmış torpaq sahəsinə bir cavabdeh tərəfindən 16.000, digəri tərəfindən isə 16.400 manat qiymət qoyulmuşdur. Bundan sonra həmin torpaq 15.700 manata onlara təklif edilmiş və onlar da əlbəttə ki, bunu qəbul etməmişlər. Beləliklə, belə görüntü yaradılmışdır ki, onlara borclu olan şəxs qətnamələrin icrasında qərəzli deyildir və bununla da o, cinayət məsuliyyətindən canını qurtarmışdır. Bundan sonra onların vəkili Rasim Vəliyev vasitəsi ilə DƏDRX-nin 16 saylı Ucar ərazi İdarəsinə 3 dəfə sorğu vermişlər və onlara məlum olmuşdur ki, həmin torpaq sahəsinin bazar qiyməti həm 2015-2016-cı illərdə, həm də xx.xx.2018-ci illərdə bazar qiyməti hektarı 800 manat olmuşdur. Bundan başqa, onların Ucar rayon İcra və probasiya şöbəsinə etdiyi müraciət əsasında həmin şöbə müvafiq dövlət orqanına sorğu vermiş və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi şöbəyə cavab vermişdir ki, Ucar rayonunun Qazyan kəndində yerləşən 1,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2015-2016cı illərdə və bu günə olan bazar qiyməti təxminən 800 manat məbləğindədir. Odur ki, Cavabdeh1 MMC tərəfindən tərtib olunmuş xx.xx.2015-ci il tarixli və Cavabdeh2 MMC tərəfindən tərtib olunmuş xx.xx.2016-cı il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatların ləğv edilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçılar məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq işin təxirə salınmasını xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər, gəlməmələri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq 3-cü şəxslər məhkəmə iclasına gəlməmişlər, lakin 3-cü şəxs qismində X6 məhkəməyə öz etirazını ünvanlayaraq bildirmişdir ki, iddianı qanunsuz və əsassız hesab edir. Belə ki, Cavabdeh1 MMC tərəfindən tərtib olunmuş xx.xx.2015-ci il tarixli və Cavabdeh2 MMC tərəfindən tərtib olunmuş xx.xx.2016-cı il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatlar iddiaçılar İddiaçı1 və İddiaçı2 heç bir hüquqlarını pozmur. Həmin hesabatlarla iddiaçılar İddiaçı1 və İddiaçı2 əmlakları deyil, iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs X4 məxsus əmlak qiymətləndirilmişdir. Bu səbəbdən hesab edir ki, Cavabdeh1 MMC tərəfindən tərtib olunmuş xx.xx.2015-ci il tarixli və Cavabdeh2 MMC tərəfindən tərtib olunmuş xx.xx.2016cı il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatları mübahisələndirmək üçün iddiaçılar İddiaçı1 və İddiaçı2 müvafiq subyektiv hüquqa malik deyillər. Cavabdeh1 MMC tərəfindən tərtib olunmuş xx.xx.2015-ci il tarixli və Cavabdeh2 MMC tərəfindən tərtib olunmuş xx.xx.2016-cı il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatlardan görünür ki, X4 məxsus 1,64 ha torpaq sahəsinə 16000- 16400 manat qiymət qoyulmuşdur. Rəydə əmlakın təsviri haqqında məlumat verilmiş, müxtəlif profillərdən şəkilləri çəkilmiş, torpaq sahəsinə uyğun satış və təkliflər tapılaraq təhlil olunmuşdur. Araşdırılmış qiymətlər arasındakı fərq faiz nisbəti ilə müəyyənləşdirilmiş, bununla da bazar qiyməti müəyyən edilmişdir. Qiymətləndirmə zamanı həmin qiymətləndirmə obyektinə dair qiymətin hansı meyarlara əsasən təyin olunduğu göstərilmişdir. Göründüyü kimi, mübahisələndirilən hesabatda göstərilmiş qiymətlərin açıqaşkar əsassız olduğunu təsdiq edən sübutlar iddiaçılar tərəfindən iddia ərizəsinə əlavə edilməmiş, məhkəmə baxışı zamanı belə hal müəyyən edilməmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsinin əsaslandırarkən, iddianın hüquqi əsası kimi “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna istinad etmişlər. Qeyd etməyi vacib bilir ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunda əmlakın dəyərini müəyyənləşdirən qiymətləndiricinin hesabatının məhkəmə qaydasında mübahisələndirilməsi imkanının nəzərdə tutulması istənilən halda qiymətləndiricinin hesabatının ləğv edilməli olması kimi başa düşülə bilməz. Belə ki, həmin qiymətləndirmə hesabatı yalnız tərəfin hüququnun pozuntusunun yarandığı güman edilən real vəziyyətlərdə ləğv oluna bilər. İcra icraatı zamanı isə tələbkarın hüququnun pozuntusunun yarandığı an qiymətləndirmənin aparılaraq hər hansı bir qiymətin müəyyən edildiyi an deyildir. Həmin an müəyyən edilmiş qiymətləndirmə əsasında əmlakın tələbkara təklif olunaraq onun tərəfindən qəbul edildiyi və yaxud yenə müəyyən edilmiş qiymətləndirmə əsasında icra məmurunun sifarişi üzrə hərracın keçirilməsi nəticəsində əmlakın satıldığı andır. Bu baxımdan, əgər digər növbəti icra hərəkətləri aparılmışdırsa, həmin icra hərəkətləri mübahisələndirilmədən yalnız əmlakın qiymətləndirilməsi faktına dair mübahisə açılması hüquq və azadlıqların məhkəmə təminatına imkan verə bilməz. Həmin qiymətləndirmə hesabatları yalnız tərəfin hüququnun pozuntusunun yarandığı güman edilən real vəziyyətlərdə ləğv oluna bilər. Göründüyü kimi, Cavabdeh1 MMC tərəfindən tərtib olunmuş xx.xx.2015-ci il tarixli və Cavabdeh2 MMC tərəfindən tərtib olunmuş xx.xx.2016-cı il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatları mübahisələndirmək üçün iddiaçılar İddiaçı1 və İddiaçı2 müvafiq subyektiv hüquqa malik deyillər. "M.Bağırovun şikayəti üzrə" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında deyilir: "Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan başqa qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraat başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının qiymətləndirilməsi tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici məhkəmə icraçısı tərəfindən dəvət olunur. Həmin Qanunun 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak qanunla dövriyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən və əmlakın növlərindən asılı olamayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Yuxarıda sadalanan qanunverciliyin tələbinə əsasən onun qətnamə ilə ödənilməli olan pulu birdəfəlik iddiaçılar İddiaçı1 və İddiaçı2 ödəmək imkanı və yetərli pul vəsaiti olmadığına görə və tələb onun mülkiyyətində olan 1.64 hektar torpaq sahəsinə yönəlməli olduğuna görə o könüllü olaraq həmin toıpaq sahəsini tələbkarlara təklif etmişdir. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalı, əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunmalı, tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra vərəqəsi isə icra sənədini vermiş məhkəməyə qaytarılmalıdır. Hazırda isə tələbkarlar onun mülkiyyətində olan 1,64 ha torpaq sahəsini nə qəbul etmirlər, nədəki həmin torpaq sahəsindən imtina etmirlər. Əsassız olaraq və heç bir subyektiv hüquqa malik olmadıqları halda qiymətləndiricinin hesabatını məhkəmə qaydasında mübahisələndirirlər. Odur ki, göstərilənlərə əsasən iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçıların, cavabdehlərin və 3-cü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, təqdim edilmiş sübutları tədqiq edib, irəli sürülən dəlilləri müzakirə edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Cavabdeh1 MMC-nin 19 oktyabr 2015-ci il tarixli, 15-998 saylı “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat”dan görünür ki, X4 məxsus olan Ucar rayonu, Qəzyan kəndində yerləşən 1.64 ha pay torpaq sahəsinin baxış keçirildiyi günə qiyməti 16 400 manat təşkil edir. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-2320/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadı ilə təyin olunmuş məhkəmə tikinti tikinti-texniki ekspertizası üzrə Cavabdeh2 MMC-nin xx.xx.2016-cı il tarixli, ƏEM/S 18-363/16 saylı rəyindən görünür ki, Ucar rayonu, Qəzyan kəndində yerləşən 1.64 hektar (164 sot) torpaq sahəsinin bazar dəyəri 16 000,0 manat müəyyən edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən Ucar rayon İcra və probasiya şöbəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, Ucar rayonu Qazyan kəndində yerləşən 1,64 ha torpaq sahəsinin bir hektarının 2015-2016-cı illərdə və bü günə olan bazar dəyəri təxminən 800 manat məbləğindədir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi idarəsi tərəfindən vəkil Rasim Vəliyevə ünvanlanmış xx.xx.2016-cı il tarixli cavab məktubundan görünür ki, Ucar rayonu Qazyan kəndində yerləşən 1,86 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin keyfiyyət qrupu 3-4 olmaqla bir hektarının alqı-satqı dəyəri 2015- 2016-cı illərdə 800 manat civarında dəyişmişdir. İş materiallarında olan Ucar rayonnotariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Hüseynova susanə Yusif qızı mülkiyyət hüququ üzrə ona məxsus olan Ucar rayonu Qazyan kəndində yerləşən ümumi sahəsi 1,64 ha olan torpaq sahəsini X5 bağışlamışdır. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-2320/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 MMCnə qarşı əmlakın qiymətləndirilməsinin nəticələrinə dair hesabatın ləğvi və yeni qiymətləndirmə tələbinə dair iddia ərizəsi üzrə mülki işin baxılmamış saxlanılması qərara alınmışdır. İş materiallarında olan məhkəmə torpaqşünaslıq ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 10/6237 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, 2015-2016-cı illərə dair internet saytı, təklif olunan qiymətlər, sövdələşmə qiymətləri ilə bağlı olaraq hər bir seçilmiş analoq üzrə məlumatlar və eləcə də, qeyd olunan tarixdə daşınmaz əmlakın qiymətləndirilməsinə dair tədqiqat aparılmadığını və bununla əlaqədar baza məlumatları olmadığından, Ucar rayonu Qəzyan kəndində yerləşən X4 məxsus ümumi sahəsi 1.64 ha torpaq sahəsinin müqavilə bağlandığı tarixdə olan bazar qiymətinə uyğun, yəni torpaq sahəsinin 2015-2016-cı il tarixlərinə bazar qiymətləri müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Ucar Rayon İcra və probasiya Şöbəsinin məhkəmənin sorğusuna 425 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, 1. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 1MK984 saylı icra sənədinə əsasən borclu X2 cəmi 40 000 000 manat (köhnə) alınıb tələbkar İddiaçı1 verilməsi qət edilmişdir. 2. Ucar rayon Məhkəməsinin 2-2 saylı, xx.xx.2006-cı il tarixli icra sənədinə əsasən borclu X2 6000 manat pul alınıb tələbkar İddiaçı1 verilməsi qət edilmişdir. 3. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2006-ci il tarixli, 1MK4616/06 saylı icra sənədinə əsasən borclu X2 200 manat pul alınıb tələbkar İddiaçı1 verilməsi qət edilmişdir. 4. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-177/2008 saylı, xx.xx.2007-ci il tarixli icra senədinə əsasən borclu X3 500 manat, mənəvi ziyana görə 500 manat pul tutulub tələbkar İddiaçı2 verilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2008-ci il tarixdə icraata daxil oolmuş, qanunla müəyyən olunmuş qaydada icra tədbrləri görülmüş, aidiyatı orqanlara müvafiq sorğular verilmiş, cavablara əsasən borcluda tələbin yönəldilməsi mümkün olan əmlaklar və gəlirlər aşkar edilməmişdir. 5. Ucar rayon Məhkəməsinin 2(063)-191/2007 saylı, xx.xx.2007-cı il tarixli icra sənədinə əsasən borclu X2 5000 manat pul alınıb tələbkar İddiaçı1 verilməsi qət edilmişdir. Borclunun əmlak vəziyyəti yoxlanılaraq xx.xx.2015-ci il tarixdə onun mülkiyyətində Ucar rayonu Qazyan kəndində 1.64 ha torpaq sahəsi aşkar edilmiş, icra sənədinin icrasının təmini və məcburi icra tədbiri olaraq həmən torpaq sahəsinə həbsin qoyulması barədə təqdimatla Ucar rayon Məhkəməsinə müraciət edilmiş, məhkəmənin 8(063)-108/201 sayiı, xx.xx.2015-ci il tarixli qərardadı ilə qeyd edilən torpaq sahəsinə həbs qoyulmuşdur. Qeyd edilən torpaq sahəsi Cavabdeh1 MMC-nin 15-998 saylı hesabatına əsasən 16400 manat məbləğində qiymətləndirilmişdir. Həmin torpaq sahəsi “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 53-ci maddəsinin tələblərinə əsasən borc əvəzinə tələbkara xx.xx.2015-ci il tarixdə təklif edilmiş, lakin tələbkar bundan imtina etmişdir. Həmən əmlak barəsində qanunvericiliyin tələbinə əsasən "xxxx" MMC-yə hərrac vasitəsi ilə satılması üçün sifariş verilmiş, hərrac keçirilmiş, lakin alıcı olmadığı üçün əmlak satılmamışdır. Həmin torpaq sahəsi “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-ci maddəsinin tələblərinə əsasən tələbkara xx.xx.2016-cı ildə yenidən təklif edilmiş, lakin tələbkar xx.xx.2016-cı il tarixli ərizəsinə əsasən bundan imtina edərək icra sənədinin icraatını dayandırılmasını bildirmişdir. Ucar rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8(063)-60/2016 saylı qərardadına əsasən icra sənədləri üzrə icraat dayandırılmışdır. Məhkəmə, mübahisənin hüquqi həlli ilə bağlı qeyd edir ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 5-ci maddəsinə əsasən məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. Həmin Qanunun 7-ci maddəsinə görə, qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Həmin Qanunun 8-ci maddəsinə əsasən, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Həmin Qanunun 9-cu maddəsinə uyğun olaraq, qiymətləndirici dövlət və kommersiya sirləri istisna olunmaqla, qiymətləndirməni həyata keçirmək üçün zəruri hesab etdiyi hər cür məlumatı yazılı və ya şifahi formada üçüncü şəxslərdən almaq hüququna malikdir. Göründüyü kimi, qanunverici məhkəmə tərəfindən sözügedən qanunun və mövcud prosessual qanunvericiliyin göstərişlərini diqqətə alaraq, aparılmış qiymətləndirmənin nəticələri haqqında hesabatdakı əmlakın dəyərinin yekun göstəricisinin həqiqi olmadığını müəyyən edildikdə qiymətləndirmə hesabatının ləğv edilməsi barədə qərar qəbul edilməsini nəzərdə tutmuşdur. Bu baxımdan, məhkəmə sözügedən qənaətə gələrkən ədalət mühakiməsinin bərabərlik, çəkişmə və dispozitivlik prinsiplərini rəhbər tutmalı və proses tərəflərindən hər hansı birinə müəyyən imtiyaz və ya üstünlük verməməlidir. Odur ki, adı çəkilən prinsiplər, aparılmış qiymətləndirmə hesabatının ləğvi ilə bağlı məsələlərin həllində məhkəmələrin üzərinə formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsi qoyur. Bu baxımdan, prosessual qanunvericilik mübahisələrin həlli zamanı məhkəmələrə: işə baxılarkən kömək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə mütəxəssislərə müraciət etmək; yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq etmək; işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək imkanlarını təqdim edir. Bu imkanın qanunvericilik qaydasında müəyyən edilməsi ədalət mühakiməsinin səmərəliyini təmin etməklə yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsində nəzərdə tutulmuş həqiqətin müəyyən edilməsi prinsipinin təmininə yönəlmişdir. Odur ki, məhkəmə, iddiaçı tərəfindən "xxxx" MMC tərəfindən verilmiş 19 oktyabr 2015-ci il tarixli və Cavabdeh2 MMC tərəfindən tərtib olunmuş xx.xx.2016-cı il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatların mübahisələndirdiyini, bu xüsusatın mülki mübahisənin həlli üçün mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, ədalət mühakiməsinin səmərəliyini təmin etmək məqsədilə məhkəmə torpaqşünaslıq ekspertizası təyin etmişdir. AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 10/6237 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, 2015- 2016-cı illərə dair internet saytı, təklif olunan qiymətlər, sövdələşmə qiymətləri ilə bağlı olaraq hər bir seçilmiş analoq üzrə məlumatlar və eləcə də, qeyd olunan tarixdə daşınmaz əmlakın qiymətləndirilməsinə dair tədqiqat aparılmadığını və bununla əlaqədar baza məlumatları olmadığından, Ucar rayonu Qəzyan kəndində yerləşən X4 məxsus ümumi sahəsi 1.64 ha torpaq sahəsinin müqavilə bağlandığı tarixdə olan bazar qiymətinə uyğun, yəni torpaq sahəsinin 2015-2016-cı il tarixlərinə bazar qiymətləri müəyyən etmək mümkün olmamışdır. Məhkəmə, baxılan mübahisənin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb, adı çəkilən daşınmaz əmlakın Cavabdeh2 MMC tərəfindən müəyyənləşdirilmiş qiyməti (müvafiq olaraq 16000 manat) ilə Cavabdeh1 MMC tərəfindən müəyyənləşdirilmiş (yəni 16 400 manat) qiymət arasında böyük fərq olmadığından iddianın təmin olunması və Cavabdeh2 MMC və Cavabdeh1 MMC-nin mübahisələndirilən qiymətləndirmə hesabatlarının ləğv edilməsi üçün hüquqi əsas yoxdur. Beləliklə, qeyd edilənlərə əsasən, məhkəmə bu qənaətə gəlir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində X6 və Ucar rayon İcra və probasiya şöbəsi işə cəlb olunmaqla) cavabdehlər Sərraf-N” MMC və Cavabdeh2 MMC-yə qarşı əmlakın qiymətləndirilməsinə dair hesabatların ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, 3-cü şəxs X6 tərəfindən verilmiş iddia müddətinin tətbiqinə dair ərizəsi müddət ötürülmədiyindən tətbiq edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi təmin edilmədiyi üçün iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat, eləcə də ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində X6 və Ucar rayon İcra və probasiya şöbəsi işə cəlb olunmaqla) cavabdehlər Sərraf-N” MMC və Cavabdeh2 MMC-yə qarşı əmlakın qiymətləndirilməsinə dair hesabatların ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat İddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq tutulub AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: X1, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE**********00********. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar