Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-612/2023 19.04.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X1 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçının, onun nümayəndəsi-vəkili Vəkil və ilkin iddia üzrə Cavabdeh iştirakları ilə, İlkin iddia üzrə İddiaçı - Cavabdeh qarşı «qanunsuz açılmış pəncərənin bağlanılması və s.» tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “dalanın açılması, mətbəxin sökülməsi və pəncərənin bağlanması” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsi binasında 19 aprel 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı – Cavabdeh qarşı «qanunsuz açılmış pəncərənin bağlanılması və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Gülbala Əliyev küçəsində yerləşən 1D saylı fərdi yaşayış evinin həyətinə cavabdeh tərəfindən qanunsuz açılmış pəncərənin bağlanması və onun yerinin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi Gülbala Əliyev küçəsi, 1D saylı evi 2004-cü ildə tikmişlər, 2005-ci ildə o, ailəsi ilə ora köçmüş və bu günə qədər orada yaşayır. O vaxtı onlar bu evi tikdikdə yaxınlarında hec kim ev tikməmişdi. Həmin ərazidə 2-3 ev var idi. Onlar köçdükdən bir müddət sonra evin sağ və sol tərəfinə ev tikib qonşular köçdü. İddiaçı o vaxtı evi tikdikdə 1 metr hasar yeri saxlamışdı. Amma qonşuları bunu etmədi. Əsasda cavabdeh olan qonşusuna xəbərdarlıq etdilər ki, pəncərəsi onların həyətinə açılır və ona görə də hasar yeri saxlasın. Cavabdeh bildirdi ki, mən hasar yeri saxlamıram və beləliklə də, onlar tərəfə 2 pəncərə açaraq öz bildiyi qaydada evi tikdilər. Cavabdeh tərəfindən qanunsuz açılmış 2 ədəd pəncərənin onların həyətinə baxması onları ailəlikcə çox narahat edir. Dəfələrlə cavabdehə pəncərənin bağlanmasını xahiş etsələr də, cavabdeh onları dəfələrlə söymüş təhqir və təhdid etmişdir. Hesab edirə ki, həyətə açılan pəncərənin normativ sənədlərə uyğun olaraq hər iki qonşunun tələbatına cavab verməlidir. Odur ki, cavabdeh tərəfindən qanunsuz inşa edilən pəncərə onun mülkiyyətçi kimi hüquqlarını pozduğu üçün cavabdehin inşa etdiyi pəncərənin tərəfindən iddia qaldırılaraq bağlanılmasında və əvvəlki vəziyyətinə qaytarılmasında haqlıdır. Cavabdeh tərəfindən həyətlərinə açılmış bu cür pəncərə həm əxlaq normalarına, həm də tikinti-texniki normalara ziddir. Eyni zamanda iddiaçı Cavabdeh İddiaçı qarşı “dalanın açılması, mətbəxin sökülməsi və pəncərənin bağlanması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Gülbala Əliyev küçəsində yerləşən 1D saylı fərdi yaşayış evi ilə ona məxsus evin arasında olan dalanın açılaraq ümumi istifadəyə verilməsi, həmin dalanda cavabdeh tərəfindən qanunsuz olaraq tikilmiş mətbəxin sökülməsi və cavabdehə məxsus evin dalana açılan pəncərəsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2003-cü ildə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi Gülbala Əliyev küçəsində yerləşən torpaq sahəsində özünə fərdi yaşayış evi tikmiş həmin tarixdən də o, öz evinə köçüb yaşamışdır. O, öz evinə köçüb yaşamağa başlayandan sonra qarşılıqlı iddia üzrə cavabdeh onların evdən təxminən 1-2 metr aralı bir fərdi yaşayış evi tikmiş, onların evlərinin arasında olan 1-2 metr enində torpaq sahəsi ümumi dalan kimi qalmışdır. Cavabdehin evinin və onun evinin pəncərəsi də həmin dalana açılmış, bu vaxta qədər onların aralanda hər hansı bir anlaşılmazlıq olmamışdır. Bu yaxınlarda cavabdeh öz həyətindən evlərin arasında olan həmin dalana yol açmış, həmin dalanı öz həyətinə birləşdirərək, öz həyəti kimi istifadə etmişdir. Onlar ilkin olaraq, buna böyük əhəmiyyət verməmiş, cavabdehin əsl niyyətini bilməmişlər. Bu yaxınlarda isə cavabdeh evlərin arasında olan dalanda qanunsuz tikinti işləri aparmış, həmin dalanın sayəsində öz evini böyütməyə çalışmışdır. Bununla əlaqədar o Səbail rayon İcra Hakimiyyətinə şikayət etmiş, İcra Hakimiyyətinin əməkdaşları həmin dalanda cavabdeh tərəfindən tikilən qanunsuz tikilini sökmüşlər. Lakin cavabdeh tərəfindən həmin dalanda onun evinə bitişik olaraq tikilmiş mətbəx sökülməmişdir. Bundan sonra cavabdeh ondan acıq çıxmaq məqsədi ilə onun evinin pəncərəsinin bağlanması barədə məhkəməyə müraciət etmişdir. Halbuki, onun evinin pəncərəsi əvvəlcədən küçəyə açılmış, o evi tikib pəncərə qoyan zaman cavabdehin evi hələ tikilməmiş, cavabdeh öz evini tikən zaman onun evinin pəncərəsinin olmasını yaxşı bilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdeh iki evin arasında olan dalanda qanunsuz olaraq tikdiyi mətbəx onun evinə bitişikdir və həmin mətbəx tikildikdən sonra onun evinin mətbəxə söykənmiş hissədə nəmişlik olur, evin divarları nəm çəkir. Yəni o mətbəx onların ümumi istifadəsində olan dalanda qanunsuz tikilməsi ilə yanaşı, eyni zamanda onun evinə bitişik tikilmişdir. Həmçinin bildirmək istəyir ki, cavabdeh onun evinin yanında ev tikən zaman öz evinin pəncərəsini onun evi ilə üzbəüz açmış, demək olar ki, öz pəncərəsindən onun evinin içi görünmüşdür. O pəncərə açılan zaman bu barədə cavabdehə iradını bildirdikdə o, həmin pəncərənin şüşələrinin görünməz olacağı və heç bir zaman açılmayacağını bildirmiş, ona görə də o həmin pəncərənin sökülməsinə israr etməmişdir. Lakin artıq görür ki, cavabdeh həmin pəncərəni yayda açıq qoymaqla demək olar ki, onun evinin içərisini müşahidə elmək imkanmdadır. Bu hal isə onun mənzil toxunulmazlıq hüququnu pozur. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə iddiaçı iddianı müdafiə edib, ilkin iddia ərizəsinə uyğun məzmunda izahat verərək, ilkin iddianın təmin olunmasını, qarşılıqlı iddianın təmin olunmamasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, ilk öncə o, öz evini tikmiş, daha sonra qarşı tərəfin qardaşı hazırda cavabdehə məxsus evi tikmişdir. Qarşılıqlı iddia ərizəsində sökülməsi iddia edilən mətbəx və pəncərə ona məxsus həyətin daxilində yerləşir və cavabdehə heç bir maneçiliyi yoxdur.Ona məxsus ev özbaşına tikili olmaqla, hüquqmüəyyənedici sənədləri mövcud deyildir. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə iddiaçının nümayəndəsi-vəkili iddianı müdafiə edib, ilkin iddia ərizəsinə uyğun məzmunda izahat verərək, ilkin iddianın təmin olunmasını, qarşılıqlı iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, ilkin iddia tələbini qəbul etməyərək təmin olunmamasını, qarşılıqlı iddia tələbinin isə təmin olunmasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, hazırda yaşadığı ev illər öncə onun qardaşı tərəfindən 2002-ci ildə tikilmiş və iddiaçının sökülməsini iddia etdiyi pəncərə isə həmin dövrdə inşa edilmişdir. O, həmin evə qardaşı vəfat etdikdən sonra köçmüşdür. Köçdükdən sonra isə evdə heç bir pəncərə inşa etməmişdir. Ona məxsus ev özbaşına tikili olmaqla, hüquqmüəyyənedici sənədləri mövcud deyildir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hər iki iddia əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflərə məxsus olan evlər hər ikisi özbaşına tikili olmaqla hüquqmüəyyənedici sənədləri mövcud deyildir. Məhkəmə yerli baxışı zamanı məhkəmə müəyyən etmişdir ki, tərəflərin evlərinin arasından çəkilmiş daş hasar mövcuddur. Hər evin özünə aid olan həyəti vardır. İlkin iddia üzrə iddiaçının bağlanmasını iddia etdiyi pəncərə ilə iddiaçının evinin pəncərəsi üzbəüz yerləşir. Cavabdehə məxsus evin sözügedən mübahisəli pəncərəsinin şüşəsi səffaf olmamaqla bağlı olduğu vəziyyətdə içəri və çölü əks etdirmir. Qarşılıqlı iddia üzrə iddiaçının sökülməsini iddia etdiyi mətbəx və pəncərə isə cavabdehin hasarı daxilində yerləşir. Mətbəx həyətdə yerləşir, pəncərə isə qarşılıqlı iddia üzrə cavabdehin həyətinə açılır. AR Mülki Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımı icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya daşınmaz əmlak özbaşına tikili sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülıkiyyət hüququ əldə etmir. Məhkəmə göstərilən maddi hüquq normalarına istinadən qeyd edir ki, tərəflərin hər ikisinin sökülməsini iddia etdiyi tikililər uzun müddətdir mövcuddur. Hazırki dövrə kimi hər iki tərəf sözügedən tikililərin tikilməsinə göz yummaqla dözümlülük göstərmiş və həmin tikililərin mövcudluğunu qəbul etmişdirlər. Belə ki, tərəflərin həmin tikililəri zamanında mübahisələndirmək imkanı olsa da, onlar bunu etməmiş və qarşılıqlı güzəşt əsasında qonşuluq münasibətlərini davam etdirmişdirlər. Bundan başqa məhkəmə baxışı zamanı da sözügedən tikililərin tərəflərin yaşayışı üçün hər hansı məhdudiyyətlər yaratdığı müəyyən edilməmişdir. Belə ki, ilkin iddia üzrə iddiaçının sökülməsini tələb etdiyi cavabdehə məxsus pəcərəyə münasibətdə məhkəmə qeyd edir ki, sözügedən pəncərə iddiaçıya məxsus otağın pəncərəsi ilə qarşı-qarşıya yerləşsə də, cavabdehin pəncərəsinin süşəsi şəffaf olmamaqla içərini və çölü əks etdirmir. Belə olan halda həmin pəncərənin iddiaçıya hər hansı maneçilik törətməsi müəyyən olunmur. Qarşılıqlı iddia üzrə iddiaçının sökülməsini tələb etdiyi cavabdehə məxsus dalan, pəncərə və mətbəxə münasibətdə isə məhkəmə qeyd edir ki, sözügedən dalan qarşılıqlı iddia üzrə iddiaçının iştirakı ilə tikilimiş və o, bu barədə heç bir narazılığını bildirməmişdir. Mətbəx isə evlərin arasında çəkilmiş hasarın digər tərəfində olmaqla qarşılıqlı iddia üzrə cavabdehin həyətində yerləşir. Mətbəxin mövcudluğu iddiaçıya hər hansı bir maneçilik yaratmır. Eyni zamanda sökülməsi tələb edilən pəncərə də hasarın digər tərəfində inşa edilməklə cavabdehin həyəti daxilində yerləşir və cavabdehin həyətinə açılır. Belə ki, həmin pəncərədən ümumiyyətlə iddiaçının həyəti görünmür. Bu səbəbdən həmin pəncərənin də iddiaçıya hər hansı bir maneçilik yaratdığı müəyyən edilmir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hər iki tələb əsassız olmaqla təmin edilməməlidir. AR MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı - Cavabdeh qarşı «qanunsuz açılmış pəncərənin bağlanılması və s.» tələbinə dair ilkin iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “dalanın açılması, mətbəxin sökülməsi və pəncərənin bağlanması” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Ödənilən dövlət rüsumu tərəflərin özünə aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-612/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-612/2023
19.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver