Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-618/2024 02.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi İ.İ.Abdullayevin iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası “Azəriqaz” İB-nin Ağsu X11 İdarəsinin İsmayıllı xidmət sahəsinin rəisinin adına ərizə ünvanlanmışdır. Uzun müddət keçməsinə baxmayaraq həmin ərizəsinə cavab verilməmişdir. Sonradan məlum olmuşdur ki, qəsdən ərizə ünvana çatdırılmamış, İsmayıllı rayon mərkəzi poçtunda saxlanılmışdır. Mərkəzi poçtun aidiyyəti əməkdaşlarının qanunsuz hərəkətləri barədə xx.xx.2023-cü ildə İsmayıllı rayon prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmişdir. İsmayıllı rayon prokurorluğunda araşdırmalar aparılmışdır. Prokurorluğda araşdırmalar aparılan zaman xx.xx.2023-cü il tarixli ərizənin xəbərnaməsi xx.xx.2023-cü il tarixdə yaşadığı ünvana çatdırılmışdır. Həmin xəbərnamənin qəbul edilməsi hissəsində sadəcə Abbasov Emin sözləri yazılmışdır. Növbəti saxtakarlıq barəsində təkrarən xx.xx.2023-cü il tarixdə şikayət ərizəsi ilə İsmayıllı rayon prokurorluğuna müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə prokurorluq tərəfindən cinayət işinini başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Məhkəməyə müraciət etməsi barədə qərar göndərilmişdir. Bildirir ki, Azərbaycan Respublikasının vətəndaşlarının müraciətləri haqqında qanunların və Azərbaycan Respublikasının Konstitusiyasının maddələrinin tələblərinə əməl edilmədiyinə görə onun vətəndaşlıq hüquqları pozulmuşdur. Nəticədə o, külli miqdarda maddi və mənəvi ziyana düşmüşdür. Mənəvi əzab çəkdiyinə görə sarsıntılar keçirərək səhhəti pisləşmişdir. Maddi və mənəvi ziyanın miqdarı 30000 manatdır. Bu hüquqların tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati xətalar və Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh MMC-nin İdarə Heyyətindən ona dəymiş maddi və mənəvi ziyana görə 30.000 manatın alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, o, maddi və mənəvi ziyan çəkmişdir. “Azəriqaz” İB ona qarşı iddia tələbi qaldırmış və 700 manat məbləğində “Azəriqaz” İB-nin iddiası təmin olunmuşdur. “Azəriqaz” İB məhkəməyə 2023-cü ilin sentyabr ayında müraciət etmişdir. “Azəriqaz” İB-nin nümayəndələri gəlib borcla bağlı akt tərtib etmişlər, o, iştirak etməmişdir, onun yerinə imza etmişlər. İş məhkəmə icraatında olanda o, “Azəriqaz” İB-yə məktub ünvanlanmış, məktubunda sayğacın hansı məqsədlə götürülməsi, bu vaxta qədər nəticəsi barədə ona məlumat verilməməsi və ona rəsmi məlumat verilməsi xahiş olunmuşdur. Məktub poçt şöbəsinə təqdim edilmiş, poçt şöbəsi onu vaxtında göndərməmişdir. Poçt şöbəsi onun ərizəsini vaxtında çatdırsaydı bəlkə də o qətnamə qəbul olunmazdı. Ona 30.000 manat ziyan dəymiş, müəyyən xərcləri çıxdığı üçün onun 3.000 manatı maddi ziyan, 27.000 manat məbləğində mənəvi ziyan dəymişdir. Onlar öz işlərini icra etmədikləri üçün stresə düşmüş, bu mənəvi sarsıntı keçirmişdir. O, təqaüdçüdür, müharibə veterandır. Cavabdeh MMC ona qarşı hörmətsizlik edib. Onun hüquqları pozulmuşdur. Vətəndaşın ərizəsinə idarə, təşkilat 14 günə cavab verməlidirlər. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək və iddiaya dair yazılı etirazı məhkəməyə təqdim edərək izahatında göstərmişdir ki, AR “Poçt haqqında” Qanunun 4-cü maddəsinə əsasən poçt rabitəsi xidmətlərinin göstərilməsinin ümumi qaydaları Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xx.xx.2016-cı il tarixli, No 0001 saylı Qərarı ilə təsdiq edilmiş “Poçt xidmətlərinin göstərilməsi” Qaydaları ilə tənzimlənir. Həmin qaydaların 12-ci maddəsinə əsasən poçt rabitəsi xidmətlərinin göstərilməsi üzrə öhdəliklər icra olunmadıqda və ya qismən icra olunduqda poçt rabitəsi xidmətlərinin istifadəçisi məhkəmədə iddia irəli sürülənədək poçt rabitəsi operatoruna qarşı pretenziya vermək (o cümlədən dəymiş zərərin ödənilməsi tələbi ilə) hüququna malikdir. İddiaçı tərəfindən birbaşa Cavabdeh MMCyə hər hansı müraciət daxil olmamışdır. Bununla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən X7 şöbəsinə müraciət ünvanlamışdır. “Poçt haqqında” Azərbaycan Respublikası Qanunun 17.1.9-cu bəndinin tələblərinə əsasən “Poçt göndərişinin nəzarət-keçid müddətləri üzrə normativlərə riayət edilmədiyi halda ödəniş haqqının 10 faizi miqdarında kompensasiya nəzərdə tutulmuşdur. Tərəflərindən qanunun tələblərinə riayət edilmiş, “Poçt haqqında” Azərbayccan Respublikası Qanununun 17.1.9-cu bəndinin tələbinə uyğun olaraq poçt göndərişinin nəzarət-keçid müddətləri üzrə normativlərə riayət edilmədiyi üçün xx.xx.2023-cü il tarixdə ******* nömrəli pul köçürməsi ilə İddiaçı kompensasiya ödənişi təmin olunmuşdur və əlavə olaraq analoji halların təkrarlanmaması və bu sahəyə nəzarətin gücləndirilməsi üçün Cavabdeh MMC-nin X3 tapşırıq verilmişdir. Həmçinin işin hallarından məlum olur ki, İddiaçı iddia etdiyi tələb və faktlarla bağlı heç bir sübuta əsaslanmamış, iddia ərizəsində yalnız özünün mülahizələrini bildirmiş, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları əsaslandırmalıdır. Həmçinin mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət edilməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirilməli, sübutlarla əsaslandırmalıdır. Lakin İddiaçı iddia etdiyi maddi və mənəvi zərərlə bağlı pul məbləğində ki, bu halı da öz təsdiqini birmənalı olaraq tapmır. İddiaçı ərizəsində və ya ərizəyə əlavə etdiyi sənədlərdə olan iddiaçının təqsiri nəticəsində zərər dəydiyi barədə sübut təqdim etməmiş və həmin sübutları təqdim etməməsi barədə hər hansı üzrlü səbəb göstərməmişdir. Cavabdehin nümayəndəsi məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri əsassız olduğu üçün rədd edilməlidir. İş üzrə İddiaçı tərəfindən “Azəriqaz” İB-nin Ağsu X11 İdarəsinin İsmayıllı Xidmət Sahəsinin rəisi Ruslan Bünyatova ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsinin surətindən görünür ki, İddiaçı “Azəriqaz” İstehsalat Birliyi qaz borcunun ödənilməsinə dair iddia ərizəsi ilə barəsində İsmayıllı rayon Məhkəməsinə müraciət etdiyindən, məhkəmə baxışında olan həmin işlə bağlı zəruri olduğundan qaz sayğacın hansı məqsədlə götürülməsi və bununla bağlı ona rəsmi məlumat verilməsi ilə əlaqədar “Azəriqaz” X4 X11 İdarəsinə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı tərəfindən “Azəriqaz” İB-nin Ağsu X11 İdarəsinin İsmayıllı Xidmət Sahəsinin rəisi Ruslan Bünyatova ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsi poçt tərəfindən xx.xx.2023-cü il tarixli qəbul edilmiş və bu barədə müvafiq qəbz tərtib etmişdir. İş üzrə İddiaçı tərəfindən İsmayıllı rayon prokuroru Tural Yusifova ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, “Azəriqaz” X1 xidmət sahəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsinin X10 tərəfindən ünvanına çatdırılmaması barədə şikayət etmişdir. İş materiallarına əlavə edilmiş xəbərnamənin surətindən görünür ki, İddiaçı tərəfindən “Azəriqaz” İB-nin İsmayıllı xidmət sahəsinin rəisi cənab Ruslan Bünyadova ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsinin xəbərnaməsi xx.xx.2023-cü il tarixdə İddiaçı ünvanına qaytarılmış, xəbərnamənin qəbul edilməsi hissəsi “Abasov Emin” kimi qeyd edilmişdir. İş üzrə İddiaçı tərəfindən İsmayıllı rayon prokuroru Tural Yusifova ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, növbəti saxtakarlıq barəsində təkrarən şikayət etmişdir. İş üzrə İsmayıllı rayon Prokurorluğu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, İsmayıllı rayon prokurorluğuna daxil olmuş, xx.xx.2023-cü il tarixli ərizəsinin X10 tərəfindən ünvanına çatdırılmaması barədə müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılmışdır. Aparılmış araşdırma nəticəsində əməldə cinayət tərkibi müəyyən edilmədiyindən xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, həmçinin X7 Filialı tərəfindən yol verilmiş pozuntunun aradan qaldırılması məqsədi ilə müvafiq tədbirlərin görülməsi üçün Cavabdeh MMC-yə təqdimat göndərilmişdir. Qərarın surəti göndərməklə izah edilir ki, Azərbaycan Respublikası CPM-nin 212.3cü maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan ibtidai araşdırmya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət verilə bilər. İş üzrə İsmayıllı rayon prokurorluğunun köməkçisi X6 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İsmayıllı şəhər sakini İddiaçı “Azəriqaz” İstehsalat Birliyi qaz borcunun ödənilməsinə dair iddia ərizəsi ilə barəsində İsmayıllı rayon Məhkəməsinə müraciət etdiyindən, məhkəmə baxışında olan həmin işlə bağlı zəruri olduğundan müvafiq sənədləri əldə etmək üçün “Azəriqaz” X4 X11 İdarəsinə xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət etmiş, ərizəsi həmin tarixdə X8 Filialının (RPF) 1 saylı poçt şöbəsində (RŞ) qəbul olunmuş və “Azəriqaz” İB-nin İsmayıllı xidmət sahəsinə göndərilən SX000982564AZ ştrix kodlu sifarişli xəbərnaməli məktub mövcud qaydaların tələblərinə uyğun işlənərək həmin gün İsmayıllı RPF-nin çeşidləmə sahəsinə göndərilmiş, lakin çeşidləmə sahəsində bilməyərəkdən diqqətsizlik göstərilərək sözügedən məktub vaxtında çeşidlənərək ünvanı üzrə çatdırılması üçün xidmət ərazisi üzrə PŞ-yə yönləndirilməmiş və nəticədə poçt göndərişinin nəzarət-keçid müddəti pozulduğundan ərizə ünvanına vaxtında çatdırılmayaraq vətəndaşın narazılığına səbəb olmuşdur. Göstərilənlərə əsasən toplanmış 200C-23 nömrəli material üzrə cinayət işinin başlanması əməldə cinayət tərkibinin olmaması əsası ilə rədd edilmiş, X7 Filialı tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə riayət etməməklə cinayət məsuliyyətinə səbəb olmayan pozuntulara yol verildiyindən, gələcəkdə bir daha bu kimi nöqsanlara yol verilməməsi üçün müvafiq tədbirlər görülməsindən ötrü Cavabdeh MMC-yə təqdimat göndərilmiş, qəbul edilmiş qərarın surəti İddiaçı göndərilməklə qərardan ibtidai araşdırmaya rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxıd məhkəməyə şikayət etmək hüququnun olması izah edilmişdir. İş üzrə Cavabdeh MMC-nin ********************369 göndəriş nömrəsi, xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh MMC tərəfindən məktubun vaxtında ünvana çatdırılması səbəbindən İddiaçı 2,77 manat kompensasiya ödənilmişdir. İş üzrə Cavabdeh MMC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən İsi Mustafayev tərəfindən İsmayıllı rayon prokuroru, baş ədliyyə müşaviri Tural Yusifova ünvanlanmış xx.xx.2023cü il tarixli məktubun surətindən görünür ki, “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.9-cu bəndinin tələbinə uyğun olaraq poçt göndərişinin nəzarət-keçid müddətləri üzrə normativlərə riayət edilmədiyi üçün xx.xx.2023-cü il tarixdə 933389 nömrəli pul köçürməsi ilə İddiaçı kompensasiya ödənişi təmin olunmuşdur. Bununla belə, analoji halların təkrarlanmaması və bu sahəyə nəzarətin İddiaçı gücləndirilməsi üçün Cavabdeh MMC-nin bütün X3 rəsmi qaydada bir daha müvafiq tapşırıq verilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, “Azəriqaz” İstehsalat Birliyi qaz borcunun ödənilməsinə dair İddiaçı qarşı iddia ərizəsi ilə İsmayıllı rayon Məhkəməsinə müraciət etmiş, iş məhkəmə baxışında olan ərəfədə İddiaçı sayğacın nə məqsədlə çıxarılmasına dair cavab əldə etmək üçün xx.xx.2023-cü il tarixdə “Azəriqaz” İB-nin Ağsu X11 İdarəsinin İsmayıllı xidmət sahəsinin rəisinin adına ərizə ünvanlanmış,ərizə poçt şöbəsinə təqdim edilmiş, lakin poçt şöbəsi tərəfindən göndərilmiş məktub vaxtında ünvana çatdırılmamışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı məktubun çatdırılmaması barədə İsmayıllı rayon prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmiş, İsmayıllı rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, həmin qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması əməldə cinayət tərkibinin olmaması əsası ilə rədd edilmiş, X7 Filialı tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə riayət etməməklə cinayət məsuliyyətinə səbəb olmayan pozuntulara yol verildiyindən, gələcəkdə bir daha bu kimi nöqsanlara yol verilməməsi üçün müvafiq tədbirlər görülməsindən ötrü Cavabdeh MMC-yə təqdimat göndərilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh MMC tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.9-cu bəndinin tələbinə uyğun olaraq poçt göndərişinin nəzarət-keçid müddətləri üzrə normativlərə riayət edilmədiyi üçün xx.xx.2023-cü il tarixdə pul köçürməsi ilə iddiaçıya kompensasiya ödənişi təmin olunmuşdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, X7 şöbəsi tərəfindən onun ünvanlandığı məktub qəsdən aidiyyəti üzrə çatdırılmamışdır. Tərəfindən xx.xx.2023-cü il tarixdə İsmayıllı rayon prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmişdir. Prokurorluğda araşdırmalar aparılan zaman xx.xx.2023-cü il tarixli ərizənin xəbərnaməsi xx.xx.2023-cü il tarixdə yaşadığı ünvana çatdırılmışdır. Həmin xəbərnamənin qəbul edilməsi hissəsində sadəcə “Abbasov Emin” sözləri yazılmışdır. Növbəti saxtakarlıq barəsində təkrarən xx.xx.2023-cü il tarixdə şikayət ərizəsi ilə İsmayıllı rayon prokurorluğuna müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə prokurorluq tərəfindən cinayət işinini başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Azərbaycan Respublikasının vətəndaşlarının müraciətləri haqqında qanunların və Azərbaycan Respublikasının Konstitusiyasının maddələrinin tələblərinə əməl edilmədiyinə görə onun vətəndaşlıq hüquqları pozulmuşdur. Nəticədə o, külli miqdarda maddi və mənəvi ziyana düşmüşdür. Mənəvi əzab çəkdiyinə görə sarsıntılar keçirərək səhhəti pisləşmişdir. Maddi və mənəvi ziyanın miqdarı 30.000 manat təşkil etmişdir. Bu səbəbdən iddiaçı cavabdehdən ona dəymiş maddi və mənəvi ziyana görə 30.000 manatın alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xx.xx.2016-cı il tarixli, 0001 nömrəli Qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın 12.1-ci maddəsinə əsasən poçt rabitəsi xidmətlərinin göstərilməsi üzrə öhdəliklər icra olunmadıqda və ya qismən icra olunduqda poçt rabitəsi xidmətlərinin istifadəçisi məhkəmədə iddia irəli sürülənədək poçt rabitəsi operatoruna qarşı pretenziya vermək (o cümlədən dəymiş zərərin ödənilməsi tələbi ilə) hüququna malikdir. Həmin Qaydaların 12.2-ci maddəsinə əsasən daxili poçt göndərişlərinin çatdırılmaması, vaxtında çatdırılmaması, zədələnməsi və itirilməsi, habelə pul köçürmələrinin ödənilməməsi və vaxtında ödənilməməsi ilə bağlı şikayətlər poçt göndərişinin, pul köçürməsinin qəbul günündən sonrakı altı ay müddətində irəli sürülür. “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.9-cu maddəsinə əsasən poçt rabitəsi operatorları istifadəçilər qarşısında poçt göndərişinin nəzarət-keçid müddətləri üzrə normativlərə riayət edilmədiyi halda ödəniş haqqının məbləğindən artıq olmamaq şərtilə hər gecikdirilən zaman vahidi üçün ödəniş haqqının 10%-i miqdarında maddi məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, poçt şöbəsi tərəfindən qanun qeyd edilən tələblərinə riayət edilərək poçt göndərişini gecikdirilməsi səbəbi ilə qanunda nəzərdə tutulan faiz həddində İddiaçı kompensasiya ödənişi təmin olunmuş, analoji halların təkrarlanmaması və sahədə nəzarətin gücləndirilməsi üçün Cavabdeh MMC-nin X3 tapşırıq verilmişdir. Məhkəmə digər tərəfdən qeyd edir ki, iddiaçı “Azəriqaz” İB-nin iddiası üzrə mülki işin araşdırılması mərhələsində qaz sayğacının nə məqsədlə çıxarılması barədə məlumatı iddia verən tərəfdən məhkəməyə vəsatət verməklə də əldə etmək imkanına malik olmuşdur. Lakin iddiaçı iş üçün əhəmiyyətli hesab etdiyi məlumatın əldə edilməsi ilə bağlı qeyd edilən imkanından istifadə etməmişdir. Məhkəmə iddiaçının maddi ziyanla bağlı tələbi üzrə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən də göründüyü kimi yalnız zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş ziyanı tələb edə bilər. Ziyanın isə tələb edilməsi üçün ilk növbədə zərərvuran qismində göstərilən şəxsin hərəkətlərində zərərçəkmiş şəxsə qarşı yönəlimiş hüquqi zidd hərəkətləri sübut olunmalı və vurulmuş ziyanın məhz həmin hərəkətlər nəticəsində əmələ gəlməsi təsdiq olunmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə qeyd edir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Zərərin əvəzinin ödənilməsinin mütləqlik xarakteri şəxsiyyət və mülkiyyət toxunulmazlığı haqqında Konstitusiya müddəalarına əsaslanır. Şəxsiyyət və mülkiyyət toxunulmazlığı hüquqlarını pozan hər cür hərəkətin qarşısı qətiyyətlə alınmalı və onun nəticəsində dəymiş zərərin əvəzi mütləq ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ verir. Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulduğu kimi hüququ pozulmuş şəxsə dəyən zərərin tərkibinə həm onun faktiki itkiləri, həm də əldən çıxmış faydası daxildir. Real zərər adlanan faktiki itkilərə zərər çəkmiş şəxsin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnəmsi aiddir. Əldən çıxmış fayda dedikdə şəxsin hüququ pozulmayacağı halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlərdən məhrum olması anlaşılır. Göründüyü kimi qanunvericilik real zərərə görə hər şeydən əvvəl şəxsin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərcləri aid edir. Məhkəmə eyni zamanda qeyd edir ki, mülki hüquq baxımından ziyan şəxsiyyətin və mülkiyyətin toxunulmazlığı prinsipinin pozulması nəticəsində onların sabitliyini pozur, bütövlüklərnə xələl gətirir, öz təyinatları üzrə yararlılıqlarına maneçilik yaradır, iqtisadi-sosial və mənəvi dəyərlərini azaldır. Buna görə də mülki hüquq ziyanın iki növünü: əmlak ziyanı və mənəvi ziyanı fərqləndirir. Əmlak ziyanı əmlak itkiləri formasında baş verir. Buraya şəxsin öz əmlakından məhrum olması, onun zədələnməsi, əldə edəcəyi gəlirlərdən məhrum olması və onun üçün digər əlverişsiz əmlak nəticələrinin yaranması və s. daxildir. Yuxarıda göstərildiyi kimi, ziyan naturada bərap edilə bilər, ya da pulla əvəz edilə bilər. Əmlak itkiləri mülki hüquqda zərər adlandırılır. Beləliklə, zərər öz növbəsində ziyanın nəticələrinin pulla dəyərləndirilməsidir. Mülki qanunvericiliyin tənzimlədiyi münasibətlərin əsas hissəsinə əmlak münasibətləri təşkil etdiyindən, mülki-hüquqi məsuliyyətdə əsasən əmlak xarakteri daşıyır. Zərərin əvəzinin ödənilməsi də məhz əmlak xarakterli mülki hüquq sanksiyasıdır. Məhkəmə qeyd edir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən hər bir tərəf irəli sürdüyü tələblərin əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı ona maddi ziyan vurulmasını iddia etsə də və məhkəmə iclasında 3.000 manat məbləğində maddi zərər çəkməsini bildirsə də, belə bir ziyanın ona vurulması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Yəni iddiaçı ümumiyyətlə ona maddi ziyanın vurulmasının mövcudluğunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən poçt göndərişinin vaxtında çatdırılmaması nəticəsində iddiaçıya maddi ziyan vurulması ilə bağlı hər hansı mötəbər sübut təqdim olunmadığından, iddia tələbi həmin hissədə əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır». Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, hər bir tərəf irəli sürdüyü iddia tələblərini sübut etməldir və sübutlar kifayət qədər güclü və təkzib olunmaz faktlarla əsaslanmalıdır. “Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, işin hərtərəfli tədqiqi dedikdə, baxılan iş üzrə mövcud olan bütün məsələlərin, onlar daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərin hər birinin həm xeyrinə, həm də mənafeyinin ziddinə olan halların müəyyən edilməsi ilə araşdırılması başa düşülməlidir. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan bütün materialların və faktların tədqiqi ilə təmin olunur. İşin obyekti və qanuni həlli üçün əhəmiyyət kəsb edən digər halların araşdırılması da əhatə olunmalıdır. Qanunvericilik sübutetmə vəzifəsini tərəflərin üzərinə qoyduğu kimi, eyni zamanda tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halların sübut etmə vəzifəsini də onların üzərinə qoymuşdur. Bununla yanaşı məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi vurulmuş maddi ziyana görə pulun tutulması hissəsində əsassızdır və təmin edilməməlidir. Məhkəmə vurulmuş mənəvi ziyana görə pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslı hesab edilə bilməz. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7№-li qərarınına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri – əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, mənəvi ziyanın tutulması hissəsində də tələb təmin edilməməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, X5 2019-cu il tarixli İsveçrədə qəbul edilmiş Konvensiyasının 21-ci maddəsinin 1.6 və 1.7-ci bəndinə və “Poçt haqqında” AR Qanununun 17.4.3-cü bəndinə əsasən poçt göndərişlərinin və onun içərisindəkilərin bir hissəsinin itirilməsi, oğurlanması, zədələnməsi, xarab olması, poçt göndərişinin gecikdirilməsi hallarında əldə olunmayan gəlirə, dolayı dəymiş ziyana və mənəvi ziyana görə poçt rabitə operatoru məsuliyyət daşımır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələblərin əsaslı olması müəyyən olunmadığından, həmin tələblər əsassız hesab olunmalı və təmin edilməməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC-dən ona dəymiş maddi və mənəvi ziyana görə 30.000 manat pul məbləğinin alınıb ona verilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-618/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-618/2024
02.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver