Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-63/2025 01.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X10 Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi İddiaçı və cavabdehlərin nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər X7 və X2rşı “zərər” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X7 və X2rşı “zərər” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 16000 manat maddi zərərin, 5,000 manat mənəvi zərərin cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanındakı 3 otaqlı mənzil iddiaçının mülkiyyətindədir. Həmin mənzilin döşəməsində parlet işlərinin görülməsi üçün cavabdeh X8 ilə danışmışdır. Razılaşmaya əsasən mənzilin cəmisi 120 kv. metr olan döşəmə hissəsinin parketləşdirilməsi üçün hər kv.metrə görə 5 manat ödənilməsi və bütün materialların iddiaçı tərəfindən təmin edilməsi şərti ilə cavabdeh işə başlamışdır. Danışığa əsasən zəruri materialların alınmasında cavabdeh özü iştirak etməli və materialı özü seçməli idi. Təxminən təmirdən 6-7 ay sonra mənzilin döşəməsində görülmüş parket işlərində qüsurlar meydana çıxmağa başladı. Belə ki, parketlər bəzi yerlərdə şişib qalxmağa başladı, parketlərin arasında olan məsafə get-gedə genişləndi və döşəmə səliqəsiz vəziyyətə düşdü. Dəvət olunan mütəxəssislər bildirdilər ki, işi görən usta parketləri bir-birinə yaxşı geynidirməyib. Bundan başqa parket döşəmənin belə aralanmasının səbbələrindən biri istifadə olunmuş parket yapışdırıcısının keyfiyyətsiz olmasıdır. Bundan başqa, mənzilin döşəməsinin parket hissəsi bəzi yerlərdə şişərək qabarmağa başladı və döşəmədə nahamarlıq yarandı. Cavabdehlər tərəfindən daxil olmuş etirazda qeyd edilir ki, onlar 25 ildən artıq müddətdir parket döşəmələrinin təmiri və düzülməsi ilə məşğuldurlar. Şahdağ istirahət kompleksi və Nizami muzeyi kimi yerlərin parket döşəməsini hazırlayıb təhvil vermişdirlər. Bu günədən işlərində heç bir nöqsan və narazılıq olmamışdır. İddiaçıya otaqlardan bir müddət istifadə etməməyi, otaqda istilik sistemini qoşmamağı məsləhət görmüşdürlər. İddiaçı onlardan dərhal sonra santexnika işlərinə başlamış, otaqda ustalar rəngləmə və digər işləri görməyə başlamış və 3 ay sonra parketin keyfiyyətsiz olmasını bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi-vəkili iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, ilk növbədə bildirirəm ki, cavabdehlər etiraf edirlər ki, İddiaçı mənzilində parketin vurulmasını təmin etmişlər. İddiaçı ərizəsində etiraf edir ki, parketin özü və onun yerə vurulmnası üçün lazım olan bütün materialları özü almışdır. Guya cavabdehlərin iştirakı ilə . Lakin buna dair , yəni materialların alınan zaman cavabdehlərin iştirakı, alınan malların keyfiyyətli olmasına dair heç bir sübut təqdim etməmişdir. İddiaçı alınan materialların harada və hansı şəraitdə saxlanması barədə heç bir söz deməmişdir. Məlumdur ki, ağac məmulatların keyfiyyətini itirməmək üçün onların saxlanma rejimi təmin olunmalıdır. Eyniliklə onların yerə yapışdıran kley. Temperatur və nəmlik düzgün gözlənilmədikdə hər ikisi keyfiyyətlərini itirmiş olur. Belə olan halda iddiaçının aldıqı malların əvvəldən keyfiyyətli olmasına dair iddiaçı heç bir sübut təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, parketin vurulmasına dair danışıqlar zaman cavabdehlər tərəfindən hər hansı zəmanət verilməmişdir və qarantiya müddəti müəyyən olunmamışdır. Parketin 2022 ildə vurulmasını nəzərə alsaq onun guya keyfiyyətsiz olması barədə 2024 ildə iddianın qaldırılması sadəcə olaraq aşkar olunan nöqsanların təqsiri olmayan şəxsin üzərinə qoyulması məqsədi daşıyır. Diqqətinizə çatdırıram ki, alınmış əmtəəşünashq ekspertizasının xx.xx.2024 il tarixli rəyi və mütəxəssislər tərəfindən verilmiş xx.xx.2025 il tarixli rəy arasında ziddiyyətlət mövcüddur. Belə ki, əmtəəşünashq ekspertizasının xx.xx.2024 il tarixli rəyində birmənalı göstərilir : “ bu nüqsanların işi görən ustanın səriştəsizliyindən yaxud istifadə edilən materialların keyfiyyətsiliyindən əmələ gəlməsinin müəyyən edilməsi xüsusi texnologiya vasitəsi ilə müəyyən edilə bilər və məhkəmə tikintitexniki ekspertinin səlahiyyətinə aid deytildir “( rəy , səh. 2 , aşaqıdan 2-ci abz.).. Mütəxəssislər tərəfindən verilmiş xx.xx.2025 il tarixli rəydə isə qeyd olunur ki, 21 .05.2025 il tarixində tədqiqat obyektinə baxış keçirilmişdir. Məhkəmə iclasında “tədqiat zamanı hansı texniki vasitələrdən istifadə olunmuşdur “ sualına heç bir xüsusi texnikadan istifadə edilmədiyi bildirilmişdir. Ona sual verildi ki, bəs nəyə əsaslanaraq rəy verilmişdir ? buna cavab verildir ki, “ vizual və təqdim olunmuş məlumatlar əsasında" ( rəy s. 7 bənd 2.). Məlumdur ki, iddiaçının verdiyi məlumatlar obyektiv ola bilməz. Belə. olan halda zərərin məhz cavabdeh tərəfindən və rəydə göstərilən həcmdə vurulması sübuta yetirilmiş hesab oluna bilməz. Mütəxəsssislərin hər ikisi məhkəmə iclasında bildirmişlər ki, Bakı Mühəndislik Universitetini bitirmiş olsalarda ağac emalı sahəsində heç vaxt işləməmişlər və bu sahədə təcrübələri yoxdur. Bu halda onlar tərəfindən verilən rəyin nə dərəcədə düzgün olması sualı ortaya çıxır və hesab edirəm ki, məhkəmə tərəfindən obyektiv rəy kimi qəbul olunmalı deyil. xx.xx.2025 il tarixli rəydə qeyd olunur ki, “ mövcud vəziyyət göstərir ki, döşəmədə işin icrası tikinti norma və qaydaların tələblərinə uyqun aparılmamışdır”. İclas zamanı sual verildi ki, hansı tikinti norma və qaydalarından ( adı, kim tərəfindən və vaxt təsdiq olunub və s.) söhbət gedir ? Ekspert etiraf etdi ki, bu sahəni tənzimləyən norma və qaydalar bugünə mövcüd deyil. Mütəxəssis məhkəmə iclası zamanı parketin düzgün istismarı məsələsinə də toxunmuşdur. O bildirmişdir ki, parketin keyfiyyətli saxlanması üçün mütləq istilik və nəmlik dərəcəsi gözlənilməlidir . Parket üzərində qüsurların yaranma səbəbi əksər hallarda məhz mənzildə olan istilik və nəmlik dərəcəsinin düzgün olmamasıdır və bu barədə düzgün məlumatı bilmədən qüsurların yaranmasının səbəbini müəyyən etmək mümkün deyil. Bununla bağlı tərəfimdən sual verilmişdir ki, niyə bu məsələ verilmiş rəydə öz əksini tapmamışdır - buna cavab verilmədi. Belə olan halda qüsurların cavabdehin təqsirindən yaranmsı sübut olunmuş hesab etmək olmaz. Çünki parketin vurulmasından sonra onun hansı temperatur və nəmlik şəraitində istismar olunmasına dair iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir. Mütəxəssislərə sual verildi ki, rəyə əlavə olunmuş fotoşəkillərdə ( 18 əd ) parketin yalnız qüsurlu olan hissələri göstərilmiş və qüsurlu olan hissələrin kvadraturası təqribən 9 ( doqquz ) kv. m. təşkil edir. Belə olan halda hansı səbəbdən dəyişdirilməli olah hissənin 60 kv.m . olduqu barədə suala cavab verildi ki, qüsurlu hissələr balaca olsada , onların altı guya daha geniş şəkildə dəyişdirilməlidir. Bunu nədən və hansı əsasla müəyyən edilməsi sualına heç bir cavab verilmədi. Yuxarıda göstərilənləri nəzərə alaraq iddiaçının mənzilində parket üzəində yaranan qüsurların cavabdehlər tərəfindən işlərin düzgün aparılmadığı səbəbindən yaranması sübutə yetirilmiş hesab oluna bilməz. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi 27,29,31, mənzil 2 (yeni qaydalarla ünvan 2) İddiaçı xüsusi mülkiyyətindədir. 39-cu polis bölməsinin xx.xx.2024-cü il tarixli iddiaçıya ünvanlanmış məktubunda qeyd edilir ki, müraciət araşdırılmış, mənzilə maddi ziyan vuran şəxslər X9 və X3. 29 dekabr 2024-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, ünvan 2 ünvanında yerləşən mənzilin döşəməsində qopma, aralanma, ağ ləkələr (solma) kimi nöqsanlar mövcuddur. 12 mart 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında ifadə verən ekspert Teymur Məmmədov bildirmişdir ki, məhkəmənin qoyduğu sualların, o cümlədən dəymiş zərərin hesablanması üçün ekspertiza idarəsində müvafiq texnologiya mövcud deyildir. Bu səbəbdən mütəxəssis rəyinin alınması zəruridir. Məhkəmə tərəfindən əldə edilmiş 18 iyun 2025-ci il tarixli mütəxəssis rəyində qeyd edilir ki, ünvan 2 ünvanında yerləşən mənzilin döşəməsində texniki və estetik qüsurların mövcud olduğu müəyyən edilmişdir. Bu qüsurlara parket lövhələrinin düzgün montaj olunmaması, səthdə rəng və qat uyğunsuzluğu, parketin həddindən artıq cilalanması nəticəsində örtük materialının həddən artıq incəldiyi, döşəmənin bəzi hissələrində boşluqlar, oynaq sahələr və qabarma hallarının əmələ gəldiyi, döşəmə örtüyünün istismar xüsusiyyətlərinin və estetik görünüşünün pozulduğu, işlərin icrasının texnoloji norma və istehsalçı təlimatlarına uyğun aparılmadığı müəyyən edilmişdir. Vizual müşahidələr və təqdim edilmiş məlumatlar əsasında aşkar edilmiş qüsurların yaranmasının ev sahibinin istifadəsi ilə bağlı olmayıb, işin icrası zamanı tikinti norma və qaydalarının tələblərinə eləcə də, istifadəçi təlimatlarına riayət olunmaması, parket yağı kimi materialların normadan artıq istifadə edilməsi, həmçinin ilkin montaj və işləmə mərhələsində yol verilmiş texniki nöqsanlarla bağlı olduğu müəyyən edilmişdir. ünvan 2 ünvanında yerləşən mənzilin döşəməsində mövcud olan qüsurların aradan qaldırılması ilə bağlı araşdırma nəticəsində müəyyən edilmişdir ki, döşəmədəki qüsurların aradan qaldırılması üçün bütün parketin deyil, qüsurlar aşkar olunmuş 60 kv.metr hissənin sökülərək yenidən işlənməsi məqsədə müvafiq hesab edilir. Bunun üçün aparılmış söküntü işləri, tikinti norma və qaydalarının tələblərinə uyğun olaraq səliqəli şəkildə icra olunmalı, tikilinin digər konstruktiv elementlərinə ziyan vurulmamalıdır. ünvan 2 ünvanında yerləşən mənzilin döşəməsində qüsurların aradan qaldırılması üçün tələb olunan vəsaitin məbləği 7535 manat müəyyən edilmişdir. Döşəmədə yaranmış qüsurlar döşəmənin yalnız 60 kv.m hissəsini təşkil etdiyindən bütün döşəmənin (parketin) dəyişdirilməsinə zərurət yoxdur. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında şifahi razılığa əsasən cavabdehlər iddiaçıya məxsus mənzilin döşəməsində parket işləri görməli idilər. Təmir zamanı istifadə ediləcək materialların alınmasında da cavabdehlər özləri iştirak etmişdirlər. Lakin cavabdehlər təmir işlərini təhvil verdikdən bir müddət sonra mənzilin döşəməsində görülmüş parket işlərində qüsurlar meydana çıxmağa başlamış və mənzilin döşəməsi yararsız hala düşmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Sadalananlara əsasən məhkəmə qeyd edir ki, cavabdehlər iddiaçı qarşısında üzərinə götürmüş öhdəliyi lazımi keyfiyyətdə yerinə yetirməmişdirlər. Belə ki, qanunvericiliyin tələbindən də görünür ki, podratın nəticəsinin keyfiyyəti barəsində tərəflər şərtləşmədikdə podratın nəticəsi adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Lakin iş materiallarında olan fotoşəkillərdən və mütəxəssis rəyindən də görünür ki, cavabdehlər tərəfindən iddiaçıya məxsus mənzilin döşəməsində görülmüş parket işlərinin nəticəsində təmirdən qısa müddət keçdikdən sonra döşəmədə ciddi qüsurlar əmələ gəlmişdir. İddiaçı dəfələrlə müraciət etməsinə baxmayaraq, cavabdehlər hazırki vaxta kimi həmin qüsurların aradan qaldırılmasından yayınmışlar. Həmin qüsurların aradan qaldırılması üçün mütəxəssis rəyinə əsasən 7535 manat məbləğində vəsait tələb olunur. Məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlərin səhlənkarlığı nəticəsində iddiaçıya dəymiş zərərin aradan qaldırılması üçün 7535 manat məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddiaçının mənəvi ziyana görə 5.000 manat pul tələb etməsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də əsassız olduğundan təmin edilməməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında izah edilir ki, mənəvi zərər anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə yuxarıda sadalananları və işin hallarını əsas götürərək hesab edir ki, iddiaçı cavabdeh tərəfindən böhtana məruz qalmaqla mənəvi sarsıntı keçirdiyini bildirsə də, hansı mənəvi sarsıntı və ya fiziki itirab keçirdiyi barədə məhkəməyə əsaslı bir sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Eyni zamanda hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, hazırki halda iddia tələbi qismən təmin olunduğundan, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 154 manat dövlət rüsumunun 80 manat hissəsi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 7535 manat məbləğində pul vəsaiti X8 və X4 müştərək qaydada İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 80 manat hissəsi və “X5” MMC-nin hesabına mütəxəssis rəyi verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş 500 manat məbləğində pul vəsaitinin 250 manat hissəsi X8 və X4 müştərək qaydada İddiaçı xeyrinə tutulsun. xx.xx.2024-cü il tarixli ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pul vəsaitinin 25 manat hissəsi İddiaçı, 25 manat hissəsi isə X8 və X4 tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEMVÖEN ********** X1 VÖEN ********** Kod: 210005 Müxbirhesabı 41nABZ********************, hesab AZ34CTRE********************,S.W.İ.F.T. Bik:CTREAZ22) köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-63/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-63/2025
01.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver