Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-633/2025 12.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi X3 tərcüməçiliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış-istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 12 mart 2025-ci il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, 4-cü Buxta döngəsi, 35 saylı evin 2a saylı mənzilinə dair istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun qızı X1r. Qızı 1998-ci il tarixdə ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, 4-cü Buxta döngəsi, 35 saylı evin 2a saylı mənzilində yaşamır. 2015-ci il tarixdə ona məxsus əmlakın ünvanı dəyişildiyi üçün yeni Çıxarış alınmışdır. Cavabdehin ona məxsus mənzildə qeydiyyatı formal xarakter daşıyır. Belə ki, cavabdeh heç vaxt bu ünvanda yaşamamışdır. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, 4-cü Buxta döngəsi, 35 saylı evin 2a saylı mənzilinə dair istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olumasını xahiş etmişdir. Məhkəmə cavabdehin qeydiyyatda olduğu ünvana məhkəmə bildirişi göndərilmiş, lakin məktubun çatdırılmama səbəbi kimi həmin ünvanda yaşamamaları qeydi yazılaraq bildiriş məhkəməyə qaytarılmışdır. Ona görə də, məhkəmə Az. Resp. MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, 4-cü Buxta döngəsi, 35 saylı evin 2a saylı mənzili xüsusi mülkiyyəti kimi İddiaçı adına hüquqi qeydiyyatdan keçmiş və bu barədə 2416 saylı reyestr kitabında, 224898 səhifədə ********** nömrəsi ilə xx.xx.2015-ci il tarixdə qeydiyyat aparılmışdır. AZ-İ № 756072 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh atası X5, anası X4. 45 saylı MKİSin məhkəmə bildirişinə etdiyi qeyddə göstərilir ki, məhkəmə bildirişinin göstərilən ünvanda Cavabdeh yaşamaması səbəbindən təqdim edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında Cavabdeh Bakı şəhəri, Səbail rayonu, 4-cü Buxta döngəsi, 35 saylı evin 2a saylı mənzilində yaşamadığı iddiaçının izahatı ilə yanaşı işin digər sübutları ilə tam təsdiq olundu. İddiaçının izahatından və iş materiallarından aydın olur ki, cavabdeh mübahisəli ünvanda formal olaraq qeydiyyatda olmaqla heç vaxt orada yaşamamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Mülki Məcəllənin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alqı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbacan Respublikası Qanununun 1-ci maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» 4 aprel 1996-cı il il tarixli, 55- İQ nömrəli Qanuna əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İşin hallarından göründüyü kimi, mülkiyyətçi ilə cavabdehin mübahisəli mənzil ilə əlaqədar notariat qaydasında təsdiqlənən yazılı razılaşmaları olmamış və axırıncı mübahisəli mənzildə sadəcə pasport qeydiyyatına alınmışdır. “Mülkiyyətçinin razılığı” müddəasına gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu izah edir ki, bu müddəa MM-in 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 228.5-ci maddəsi yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvlərinə — mülkiyyətçinin əri, arvadı, valideynləri, uşaqları aid edilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilir ki, Bakı şəhəri, Səbail rayonu, 4-cü Buxta döngəsi, 35 saylı evin 2a saylı mənzil iddiaçının mülkiyyətindədir və iddiaçının nəvəsi olan cavabdeh bu mənzilə pasport qeydiyyatına alınmışdır, cavabdehin həmin mənzildə formal olaraq qeydiyyatda qalması, iddiaçının bilavasitə mülkiyyətində olan əmlakdan istifadəsinə maneə törətməklə yanaşı, axırınıcının əmlak hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə həmçinin hesab edir ki, mübahisəli mənzil tam mülkiyyət hüququ üzrə iddiaçının adına reyestrdə qeydə alındığı üçün, iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir, habelə hüquqlarını həyata keçirmə istəyi cavabdehlərə münasibətdə qanunidir. Odur ki, onun mülkiyyətində olan mənzilə dair hüquqları cavabdehlər tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» 4 aprel 1996-cı il il tarixli, 55- İQ nömrəli Qanuna əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nın 119, 216-220 və 222-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Səbail rayonu, 4-cü Buxta döngəsi, 35 saylı evin 2a saylı mənzilinə olan istifadə hüququna xitam verilsin. Hazırkı qətnamə Cavabdeh Bakı şəhəri, Səbail rayonu, 4-cü Buxta döngəsi, 35 saylı evin 2a saylı mənzilinə olan yaşayış yeri üzrə pasport qeydiyyatının ləğvi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №2(009)-633/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-633/2025
12.03.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver