Məhkəmə qərarları › İş №2(009)-640/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-640/2021

08.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-640/2021 08.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili X14, Üçüncü şəxslər X12 və X7 iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı (X20 və X17 üçüncü şəxs kimi cəlb olunmaqla) "əmlakın geri qaytarılması" tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı (X20 və X17 üçüncü şəxs kimi cəlb olunmaqla) "əmlakın geri qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 22m*32 ölçülü “SİDE WİNDER” və 10m*21 ölçülü oturacaqları olan “MAVERİCK” atraksionlarının ona təhvil verilməsi öhdəliyinin cavabdeh “xxxx” MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 27.11.2014-cü il tarixli 243337 və 243338 saylı, 28.11.2014-cü il tarixli 244472 saylı 06.12.2014-cü il tarixli 244468 saylı 13.12.2014-cü il tarixli 244470 saylı 11.12.2014-cü il tarixli 244469 saylı gömrük bəyannamələrinə əsasən Azərbaycan Respublikası ərazisinə onun adına İtaliya firması olan “MOSERS RİDES SRL” şirkəti tərəfindən attraksion - karusel (sökülmüş halda dəst hissələri) daxil olmuşdur. Ayrı-ayrı gömrük bəyannamələrinə əsasən ölkə ərazisinə daxil olmuş karusel hissələri 22m*32 ölçülü “SİDE WİNDER” və 10 m*21 ölçülü oturacaqları olan “MAVERİCK” attraksionlar adlı karusellərdir. İddiaçı həmin malları bulvar ərazisində yerləşdirmişdir. Həmin atraksionları təhvil almaq istədikdə isə, Dənizkənarı Bulvar İdarəsindən bildirdilər ki, məhkəmə qaydasında mülkiyyət hüququnun tanınması və ondan təhvil alınma ilə bağlı qətnamə göstərilmədən attraksiyonları əldə edə bilməz. O, dəfələrlə atraksionları istəsə də ona həmin mallar Bulvar İdarəsinin ərazisindən ancaq məhkəmə qərarı ilə çıxarıla biləcəyini bildirmişlər. Səbəb kimi isə guya İdarədə qaydanın belə olduğunu bildirmişlər, ondan məhkəmə qətnaməsi istəmişlər. Ona görə də atraksionların “xxxx” MMC-dən alınıb ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddia tələbində həmçinin qeyd edilmişdir ki, iddia tələbinin xxxx MMC-yə qarşı qaldırılmasının səbəbi isə qeyd edilən atraksionların yerləşdirilməsi ilə bağlı İddiaçı tapşırığı ilə üçüncü şəxslərlə xxxx MMC arasında bağlanmış müqavilələrdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş iki müqavilə üzrə xxxx MMC həmin atraksionları qəbul etmiş və bulvar ərazisində yerləşdirmişdir. Bu səbəblə də, Dəniz kənarı Bulvar İdarəsi deyil, cavabdeh xxxx MMC-dir. Rayon məhkəməsinə müraciət etmələrinin səbəbi İddiaçı VÖEN-in olmamasıdır. Mülki Məcəllənin 157.2-ci madəsinə əsasən “Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər”. Sözügedən atraksionlar onun tərəfindən ölkəyə gətirilmiş və Gömrük bəyannamələri də bunu təsdiq edir. Ona görə də hesab edir ki, onun əmlakları ona geri qaytarılmalıdır. Həmin atraksionların üzərində mülkiyyət hüququnun yaranması əsası isə yuxarıda adı çəkilən gömrük bəyannamələridir. Belə ki, MM-in 181.1-ci maddəsinə əsasən “Daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir”. Qeyd edilən norma daşınar əşyalar üzərində mülkiyyət hüququnun yaranması əsaslarından birini müəyyən edir. Belə ki, yuxarıda adı qeyd edilən şirkət tərəfindən həmin mallar bir başa olaraq onun adına göndərilmiş və onun mülkiyyətinə verilmişdir. Yalnız reyestrdə qeydiyyata alınmalı olan daşınar əşyalar qeydiyyatdan keçməlidir. Belə ki, reyestrdə qeydiyyata alınmalı daşınar əşya olsa təbii ki məhkəmə qərarının qəbul edilməsinə zərurət olmazdı. Lakin Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin siyahısı»nda sözügedən daşınar əmlak yoxdur və buna görə də bu daşınar əşya Reyestrdə qeydiyyatdan keçməməli olduğuna görə bunun üzərində mülkiyyət hüququnun tanınması qeyd edilən gömrük bəyannamələri ilə müəyyən edilir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, X18 ilə mübahisəli attraksionların alqı-satqısına dair müqavilə tərəflərin razılığı əsasında ləğv edilmişdir. Bundan başqa, iddia müddətinin tətbiq edilməsinə dair ərizəyə etiraz edərək hazırda iddiaçının mülkiyyətində olan əmlakı tələb etdiyindən və mülkiyyətlə bağlı münasibətlərə iddia müddəti şamil edilmədiyindən ərizə əsassızdır. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili X21 iddia tələbinə etiraz edərək göstərmişdir ki, cavabdeh “xxxx” MMC ilə cavabdeh İddiaçı arasında hər hansı bir müqavilə münasibətləri olmamış və cavabdeh “xxxx” MMC-nin İddiaçı qarşısında əmlak vermək öhdəliyi yoxdur və hazırki mülki mübahisədə öhdəlik olmadığı halda iddiaçı tərəf cavabdeh “xxxx” MMC-dən qeyd olunan attraksionları tələb etmək subyektiv hüququ yoxdur. Belə ki, İddiaçı mübahisəli attraksionların ona məxsusluğunu, attraksionları hansı tarixdə, hansı qaydada, kim tərəfindən, hansı müqavilə (əqd) əsasında və ya müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında (əgər vardırsa) “Dənizkənarı Bulvar” ərazisində quraşdırılması, attraksionların kimin tərəfindən qəbul edilməsi, təhvil-qəbul aktının olub-olmaması, kimin tərəfindən istismar edilməsi, hansı səbəbdən bu vaxta kimi attraksionlarla bağlı maraqlanmaması və s. məsələləri sübut etməlidir. Qeyd olunmalıdır ki, mübahisəli əmlakların (attraksionların) tələbi barədə İddiaçı subyektiv hüququ yoxdur, vəsatətə əlavə olunmuş ərizəçi X8 “Hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə Nərimanov rayon Məhkəməsinə verdiyi (qeydiyyata alınıb 26.12.2019 ildə) ərizəsindən, ərizəyə əlavə olunmuş X18 ilə İddiaçı arasında imzalanmış 05.12.2019-cu il tarixli, 01 nömrəli müqaviləsindən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5730/2019 saylı, 24.01.2020-ci il tarixli qərardadından, X8 Nərimanov Rayon Məhkəməsinə ünvanladığı qərardaddan olan şikayətindən, ünvan 2, 17.02.2020-ci il tarixli qərardadından müəyyən olunur ki, hazırda məhkəmənin icraatında baxılan İddiaçı inzibati iddiasında qeyd etdiyi mübahisə predmeti olan 22m*32 ölçülü “SİDE WİNDER” və 10m*21 ölçülü oturacaqları olan “MAVERİCK” attraksionlar adlı karusellər 05.12.2019-cu il tarixdə İddiaçı tərəfindən X3 sonuncunun mülkiyyətinə keçmiş və X18 qeyd olunan attraksionlar üzərində mülkiyyət hüquqlarının tanınması barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Vəsatətə əlavə olunan iddiaçı Samir X4 arasında bağlanmış 05.12.2019-cu il tarixli, 01 nömrəli alqı-satqı müqaviləsi ilə müəyyən olunur ki, İddiaçı sözü gedən attarksionları alıcı X13 özgəninkiləşdirmiş və sonuncu həmin əmlaklarla bağlı “Dənizkənarı Bulvar” İdarəsini maraqlı şəxs qismində cəlb etməklə məhkəməyə xüsusi icraat qaydasında ərizə ilə müraciət etmiş, ərizəsində attraksionları İddiaçı aldığını, attraksionların ona məxsus olduğunu bildirmiş və məhkəmə proseslərində də bu barədə dəfələrlə məhkəməyə bildirmiş, alqı-satqı müqaviləsini təqdim etmişdir. Belə olan halda müəyyən edilir ki, hazırda Səbail Rayon Məhkəməsində baxılan mülki işdə İddiaçı üçüncü şəxsə özgəninkiləşdirdiyi və ona faktiki şəkildə məxsus olmayan attaraksionların ona verilməsi barədə subyektiv hüququ olmadığı halda belə bir iddia ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmədən İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı attraksionların ona təhvil verilməsi barədə öhdəliyinin “xxxx” MMC-nin üzərinə qoyulması barədə iddia tələbi əsassız olduğundan təmin edilməməsini xahiş edir. Cavabdehin nümayəndəsi və vəkili X21 məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək göstərmişdir ki, iddia ərizəsində İddiaçı 2014-cü ildə gömrük bəyannamələri əsasında Azərbaycan Respublikası ərazisinə öz adına İtaliya firması olan “MOSERS RİDES SRL” şirkəti tərəfindən attraksion - karusellərin (sökülmüş halda dəst hissələri) daxil olmasını və daxil olmuş karusel hissələri 22m*32 ölçülü “SİDE WİNDER” və 10m*21 ölçülü oturacaqları olan “MAVERİCK” attraksionlar adlı karusellər “Dənizkənarı Bulvar” İdarəsinin ərazisində quraşdırılmış və hazırda da onları tələb edir. lakin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 367.1, 372.1, 372.2, 377-ci maddələrinə əsasən 3 illik iddia müddətini buraxmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən hazırki iddia tələbi ilə bağlı iddia müddəti (3 il) İddiaçı tərəfindən ötürüldüyündən, iddia müddətinin keçməsi əsası ilə iddia təmin olunmamalıdır. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X20 izahatında bildirmişdir ki, o, 2009-cu ildən "xxxx" MMC-nin işçisi olmuş, rəsmi olaraq maaş almışdır. Parkda yerləşən uçan boşqab attraksionunun yerləşdiyi yerdə əvvəl də onun adına karusel var idi və o, həmin karuseli işlədirdi. Bir müddət sonra karusel xarab olduğundan həmin karusel söküldü və yeni attraksion köhnənin yerinə gətirildi və orada quraşdırıldı. Onun həm VÖEN-i olduğundan, həm də adına müqavilə olduğundan, yeni attraksiona dair müqavilə də onun adına rəsmiləşdi. Lakin həmin attraksion onun yox, Samir müəllimin mülkiyyətində olan attraksiondur. Əlavə olaraq bildirmişdir ki, attraksionları o, alıb gətirməmişdir. Müqavilələrdə göstərilən attraksionlar onun adına onun üçün rəsmiləşdirildi ki, həmin attraksionları işlətsin. Onlar Samir müəllimin mülkidir və həmin attraksionları o alıb gətirməmişdir. Həmin attraksionu işlədirdi. "xxxx" MMC-nin rəsmi işçisi olmuş, əmək haqqı almışdır. Müqavilədə qeyd edilən karusellər ona məxsus deyil, o, "xxxx" MMC-dən işdən çıxdığına görə müqavilələr Teymur Həsənovun adına rəsmiləşdi. Attraksionların onun istifadəsinə verilməsi barədə Samir müəllimlə yazılı müqavilə olmayıb. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X17 izahatında bildirmişdir ki, o, 1994-cü ildən "xxxx" MMC-də karusel işçisi, sonra isə rəsmi Bulvar İdarəsinin işçisi olmuş, "xxxx" MMC-də işlədiyi zaman adına VÖEN olduğundan, müqavilə onun adına rəsmiləşmişdir. Müdiriyyət kimi başlarında Samir müəllim idi. O, həm attraksionu işlətdiyindən Samir müəllim ona maaş verirdi, həm də "xxxx" MMC-də işlədiyinə görə maaş alırdı. Əlavə olaraq bildirmişdir ki, Uçan boşqab və Kosmos adlı attraksionları idarə etmişdir. Müqavilə öncə Kamran Cəfərovun adına imzalanıb, sonra onun adına rəsmiləşib. Attraksionlar Bulvar Milli Parkı ərazisində yerləşir. Azər müəllimin vaxtında müqaviləni bağlamış, həmin attraksionları bir il işlətmiş, bir ildən sonra işdən azad edilmişdir. Attraksionların əsl sahibi Samir müəllimdir, ona görə də o, attraksionları tələb etməmişdir. Attraksionların onun istifadəsinə verilməsi barədə Samir müəllimlə yazılı müqavilə olmayıb. Məhkəmə işdə iştirak edən şəxslərin (tərəflərin nümayəndə və vəkillərinin, üçüncü şəxslərin) izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - 14 may 2014-cü il tarixli Sifariş təklifindən görünür ki, ünvan 3 ünvanında yaşayan, telefon nömrəsi +**********2 olan İddiaçı arxa səhifədə qeyd edilən “Moser's Rides” tərəfindən müəyyən edilən satış şərtlərlərinə əsasən hüquqi ünvanı SS12, Via A.Brennero Nord 15B, 13, 46035 Ostiflia (Mantova) - İtaliya olan “Mosers Rides SRL” şirkətindən aşağıdakı malları sifariş edir. Ölçüləri əlavə edilmiş çertyojda qeyd edilən, hər hansı şüşə-lif dekorasiyası olmadan alıcı seçiminə əsasən qondola və sürüşkən döşəmədə işıqla 22m x 32 oturacaqlı Side Winder növlü bir ədəd attraksion, ölçüləri əlavə edilmiş çertyojda qeyd edilən, hər hansı şüşə-lif dekorasiyası olmadan alıcı seçiminə əsasən qondola və sürüşkən pilləkənlərdə işıqla 10 m x21 oturacaqlı Maverick növü bir ədəd attraksion. Zəmanət: Quraşdırmadan sonra 12 ay və ya konossament tarixindən sonra 15 ay. Qiymət: 22m x 32 oturacaqlı Side Winder - Ex - Works İtaliya şərtlərinə əsasən 600.000.00 avro 10 m x21 oturacaqlı Maverick - Ex - Works İtaliya şərtlərinə əsasən 450.000.00 avro. Çatdırılma: 30 oktyabr 2014-cü il tarixində razılaşdırıldığı kimi çərşənbə axşamı əvvəlcədən ödənişin həyata keçirilməsindən 171 gün sonra nəqliyyat vasitəsinə yüklənəcəkdir. - 27.11.2014-cü il tarixli 243337 və 243338 saylı, 28.11.2014-cü il tarixli 244472 saylı 06.12.2014-cü il tarixli 244468 saylı 13.12.2014-cü il tarixli 244470 saylı 11.12.2014-cü il tarixli 244469 saylı gömrük bəyannamələrindən görünür ki, Azərbaycan Respublikası ərazisinə İddiaçı adına İtaliya firması olan “MOSERS RİDES SRL” şirkəti tərəfindən attraksion - karusel (sökülmüş halda dəst hissələri) daxil olmuşdur. - “xxxx Müəssisəsi” MMC ilə X20 arasında bağlanmış 20.04.2015-ci il tarixli, 01 nömrəli müqavilədən görünür ki, xxxx ərazisində X15 məxsus, sahəsi 35 kv.m obyektin ərazisində “Uçan Boşqab” attraksionunun 01 may 2015-ci il tarixdən 31 iyul 2015-ci il tarixədək fəaliyyət göstərməsinə icazə verilmişdir. - “xxxx Müəssisəsi” MMC ilə X20 arasında bağlanmış 20.04.2015-ci il tarixli, 01 nömrəli müqavilədən görünür ki, xxxx ərazisində X15 məxsus “Kosmos” attraksionunun 01 may 2015-ci il tarixdən 31 iyul 2015-ci il tarixədək fəaliyyət göstərməsinə icazə verilmişdir. - “xxxx Müəssisəsi” MMC ilə X17 arasında bağlanmış 02.05.2016-cı il tarixli, 42 nömrəli müqavilədən görünür ki, xxxx ərazisində 470 kv.m ərazidə “Uçan Boşqab” attraksionunun 02 may 2016-cı il tarixdən 31 dekabr 2016-cı il tarixədək fəaliyyət göstərməsinə icazə verilmişdir. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X9 və X19 Agentliyi tərəfindən X15 verilmiş 26.02.2014-cü il tarixli 073801 nömrəli lisenziyadan görünür ki, attraksionların quraşdırılmasına və istismarına 5 il müddətinə icazə verilmişdir. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X9 və X19 Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və X10-Tədqiqat X1 adına verdiyi “Dənizkənarı Bulvar ərazisində yeni quraşdırılmış “Maverick” və “Sidewinder" tipli, zavod nömrələri T/0297277 və T/0297281 olan attraksionların texniki sənədləri»nə təhlükəsizlik texnikası baxımından 2015-ci ildə verdiyi texniki təhlükəsizliyə dair **-TB-***0-2015 saylı ekspertiza rəyindən görünür ki, Dənizkənarı Bulvar ərazisində yeni quraşdırılmış “Maverick” və “Sidewinder" tipli, zavod nömrələri T/0297277 və T/0297281 olan attraksionların texniki sənədlərinin texniki təhlükəsizlik baxımından müvafiq normativ sənədlərin, norma və qaydaların tələblərinə uyğun hesab edilmişdir. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X9 və X19 Agentliyinin 05.05.2015-ci il tarixli Texniki Təhlükəsizliyə dair ekspertiza rəyinin təsdiq edilməsi barədə k/1470 saylı Qərarından görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X9 və X19 X11 ərazisində yeni quraşdırılmış “Maverick” və “Sidewinder" tipli, zavod nömrələri T/0297277 və T/0297281 olan attraksionların texniki təqdim edilmiş ekspertiza rəyinə baxmış və onu **-TD-***0-2015 nömrə ilə qeydiyyata almışdır. Ekspertiza rəyinə baxılmasının nəticələrinə əsasən, texniki təhlükəsizliyə dair ekspertiza rəyinin texniki təhlükəsizlik tələblərinə uyğun olması və ekspertiza rəyinin təsdiq edilməsi barədə müvafiq qərar qəbul edilmişdir. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X9 və X19 Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və X10-Tədqiqat İnstitutunun fiziki şəxs K.Cəfərova ünvanladığı 12.02.2015-ci il tarixli RŞ-309/14 saylı məktubundan görünür ki, onun 05.12.2015-ci il tarixli məktubuna əsasən tərtib olunmuş Dənizkənarı Bulvar ərazisində yeni quraşdırılmış “Maverick” və “Sidewinder" tipli, zavod nömrələri T/0297277 və T/0297281 olan attraksionların texniki sənədlərinə dair təhlükəsizlik texnikası baxımından ekspert rəyinin verilməsi» adlı 12.02.2015 il tarixli TEX-15/058-14 №li müqavilənin təsdiq olunması üçün ona göndərilir. - K.Cəfərovun 05.12.2015-ci il tarixli məktubuna əsasən tərtib olunmuş Dənizkənarı Bulvar ərazisində yeni quraşdırılmış “Maverick” və “Sidewinder" tipli, zavod nömrələri T/0297277 və T/0297281 olan attraksionların texniki sənədlərinə dair təhlükəsizlik texnikası baxımından ekspert rəyinin verilməsi» adlı 12.02.2015 il tarixli TEX-15/058-14 №li müqaviləyə əlavə olan elmi texniki xidmətin smeta qiymətinin kalkulyasiyasından görünür ki, müqavilə qiyməti (18% ƏDV daxil olmaqla) 3000 manatdır. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X9 və X19 Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və X10-Tədqiqat İnstitutunun fiziki şəxs K.Cəfərovun adına verdiyi 01.05.2015-ci il tarixli AİC 743957 saylı kassa mədaxil qəbzinin əslindən görünür ki, o, 29.04.2015-ci il tarixli 821 saylı h/f-ya əsasən ekspert rəyi üçün 3000 manat ödəmişdir. - 15.01.2015-ci il tarixli quraşdırma aktından görünür ki, “Maverick” və “Sidewinder" tipli, zavod nömrələri T/0297277 və T/0297281, 2014-cü il buraxılışı olan mexanikləşdirilmiş attraksionları mövcud norma və standartlara uyğun quraşdırılmışdır. Attraksionlar quraşdırıldıqdan sonra texniki sınaq aparılmış, çatışmamazlıqlar aşkar olunmamış, istismara tam yararlı olmuşdur. - Həmçinin fiziki şəxs K.Cəfərovun da imzaladığı attraksionun sınağı haqqında 19 yanvar 2015-ci il tarixli aktdan görünür ki, “SİDEWİNDER” tipli, zavod nömrəsi T/0297281, 2014-cü il buraxılışı olan mexanikləşdirilmiş attraksionu mövcud norma və standartlara uyğun quraşdırılmışdır. Quraşdırıldıqdan sonra vizual baxış keçirilmiş, dinamiki və statiki (75 kq dinamiki, (75+25) kq statiki) yüklə yoxlanılmışdır. Yoxlama zamanı heç bir əyinti və deformasiya qeydə alınmamışdır. Attraksionun bütün qurğuları və cihazları işçi vəziyyətdə olmuşdur. Attraksion istismara yararlı olmuşdur. - X8 “Hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə Nərimanov rayon Məhkəməsinə verdiyi (qeydiyyata alınıb 26.12.2019 ildə) ərizəsindən görünür ki, o 22m*32 ölçülü “SİDE WİNDER” və 10m*21 ölçülü oturacaqları olan “MAVERİCK” attraksionlar üzərində mülkiyyət hüquqlarının tanınmasını xahiş etmişdir. - X18 ilə İddiaçı arasında imzalanmış 05.12.2019-cu il tarixli, 01 nömrəli müqaviləsindən görünür ki, olan 22m*32 ölçülü “SİDE WİNDER” və 10m*21 ölçülü oturacaqları olan “MAVERİCK” attraksionlar adlı karusellər 05.12.2019-cu il tarixdə İddiaçı tərəfindən X13 40000 manata satılmışdır. Müqavilə 30.12.2019-cu il tarixinədək qüvvədədir. (müqavilənin 8.1 bəndi) - Qeyd edilən müqavilənin 8.2 bəndinə əsasən tərəflər qarşılıqlı razılıq əsasında müqavilənin qüvvədə olma müddətini uzada bilərlər. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5730/2019 saylı, 28.12.2019-cu il tarixli qərardadından görünür ki, X8 “Hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsinin qəbulundan imtina edilmişdir. - ünvan 2, 17.02.2020-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5730/2019 saylı, 28.12.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. - 09.02.2020-ci il tarixli 01 saylı razılaşma adlanan sənəddən görünür ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi X16 (AZE 06576586, 16.07.2008 verilib Yasamal RPİ) şəxsində (bundan sonra “Alıcı” adlandırılacaq) bir tərəfdən, X18 (AA ******* FİK 551F4NY) şəxsində (bundan sonra “Alıcı” adlandırılacaq) digər tərəfdən (“Satıcı” və “Alıcı” birlikdə “Tərəflər” adlandırılacaq) aralarında bağlanmış 05.12.2019-cu il tarixli müqavilənin ləğv edilməsinə dair razılığa gəlirlər. Müqavilənin predmetini təşkil etmiş 22m x 32 ölçülü SİDE WİNDER və 10 m x 21 ölçülü oturacaqları olan MAVERİCK ATRAKSİONLAR dair X8 (AA ******* FİK 551F4NY) heç bir tələbi və iradı olmayacaqdır. İddiaçı da 05.12.2019-cu il tarixli müqavilənin ləğvindən sonra həmin müqaviləyə dair heç bir tələbi və iradı olmayacaqdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı adına olan 27.11.2014-cü il tarixli 243337 və 243338 saylı, 28.11.2014-cü il tarixli 244472 saylı 06.12.2014-cü il tarixli 244468 saylı 13.12.2014-cü il tarixli 244470 saylı 11.12.2014-cü il tarixli 244469 saylı gömrük bəyannamələrinə əsasən Azərbaycan Respublikası ərazisinə İtaliya firması olan “MOSERS RİDES SRL” şirkəti tərəfindən attraksion - karusel (sökülmüş halda dəst hissələri) daxil olmuşdur. Qeyd edilən gömrük bəyannamələrinə əsasən ölkə ərazisinə daxil olmuş karusel hissələri 22m*32 ölçülü “SİDE WİNDER” və 10 m*21 ölçülü oturacaqları olan “MAVERİCK” attraksionlar adlı karusellərdir. İddiaçı qeyd edilən sənədlər əsasında mübahisəli attraksionların ona məxsus olduğu halda cavabdeh tərəfindən ona geri verilməsinin imtinasının qanunsuzluğunu mübahisələndirir. İddiaçı mübahisəli aktraksionların ona məxsusluğunu iddia etsə də, cavabdeh tərəf İddiaçı qarşısında əmlak vermək öhdəliyinin və sonuncunun da qeyd olunan attraksionları tələb etmək üçün subyektiv hüququnun olmamasını, bunu həmin attraksonları onun X18 ilə aralarında imzalanmış 05.12.2019-cu il tarixli, 01 nömrəli müqaviləyə əsasən ona satmaqla müllkiyyətinə verməsi və sonuncunun qeyd olunan attraksionlar üzərində mülkiyyət hüquqlarının tanınması barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə ilə müraciət etməsi ilə əsaslandırmışdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (MPM 77.1). Hazırki norma sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını göstərir. Bu ümumi qaydaya görə, iş üzrə tərəflər tələb və etirazlarını əsaslandırdıqları faktları sübut etməlidirlər. Sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Başqa sözlə, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə baxışı zamanı iddiaçı tərəf “Moser's Rides” tərəfindən müəyyən edilən satış şərtlərlərinə əsasən hüquqi ünvanı SS12, Via A.Brennero Nord 15B, 13, 46035 Ostiflia (Mantova) - İtaliya olan “Mosers Rides SRL” şirkətindən 14 may 2014-cü il tarixli Sifariş təklifinə əsasən özünün adına hər hansı şüşə-lif dekorasiyası olmadan alıcı seçiminə əsasən qondola və sürüşkən döşəmədə işıqla 22m x 32 oturacaqlı Side Winder növlü (Ex - Works İtaliya şərtlərinə əsasən 600.000.00 avro qiymətində olan) bir ədəd attraksion, ölçüləri əlavə edilmiş çertyojda qeyd edilən, hər hansı şüşə-lif dekorasiyası olmadan alıcı seçiminə əsasən qondola və sürüşkən pilləkənlərdə işıqla 10 m x21 oturacaqlı Maverick növü (Ex - Works İtaliya şərtlərinə əsasən 450.000.00 avro olan) bir ədəd attraksionun Azərbaycan Respublikası ərazisinə onun adına gətirilməsinə dair 27.11.2014-cü il tarixli 243337 və 243338 saylı, 28.11.2014-cü il tarixli 244472 saylı 06.12.2014-cü il tarixli 244468 saylı 13.12.2014-cü il tarixli 244470 saylı 11.12.2014-cü il tarixli 244469 saylı gömrük bəyannamələrini təqdim etmiş və iddiasının tələbinin əsası kimi də əsasən bu sənədlərə istinad etmişdir. Həmçinin, iddiaçı sözügedən attraksionların, yəni karusellərin hazırda Bakı şəhərində bulvar ərazisində olmaqla onların yerləşdirilməsi ilə bağlı onun tapşırığı ilə üçüncü şəxslər olan X20, sonradan isə X17 ilə xxxx MMC arasında bağlanmış müqavilələrə də istinad etmişdir. Üçüncü şəxslər olan X20 və X17 izahatlarında adlarına müqavilələr olmasına baxmayaraq mübahisələndirilən karusellərin faktiki olaraq onlara deyil, iddiaçıya məxsus olmasını, onun xxxx MMC ilə aralarında şifahi razılaşmalarına əsasən karusellərin 2014-cü ildə bulvar ərazisinə yerləşdirilməsini, quraşdırılmasını, iddiaçının adına VÖEN olmadığı üçün quraşdırılma və istismarla bağlı bütün rəsmiləşdirilmələrin X12 adına olmasını inkar etməmiş, əlavə olaraq göstərmişlər ki, karusellərin istismarı dövründə həm işlədikləri idarədən maaş almış, həm də iddiaçı tərəfindən onlara göstərilən xidmətə görə maaş şəklində əlavə ödənişlər verilmişdir. Hazırda cavabdehin istifadəsində olan mübahisəli attraksionlar iddiaçının tələb etdiyi əmlaklardır. İşin materiallarından da görünür ki, “xxxx Müəssisəsi” MMC ilə X20 arasında 20.04.2015-ci ildə, X17 arasında 02.05.2016-cı il tarixli, 42 nömrəli müqavilələr bağlanmış, məxsusluğu X15 aid olan və “Uçan Boşqab” və “Kosmos” attraksionlarının müəyyən müddətdə istifadə edilməsinə icazə verilmişdir. Attraksionların quraşdırılmasına və istismarına 5 il müddətinə icazə verilməsinə dair 26.02.2014-cü il tarixli 073801 nömrəli lisenziya Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X9 və X19 Agentliyi tərəfindən X12 adına verilmiş, attraksionların texniki sənədlərinin texniki təhlükəsizlik baxımından müvafiq normativ sənədlərin, norma və qaydaların tələblərinə uyğun hesab edilməsi ilə bağlı texniki təhlükəsizliyə dair ekspertiza rəyi verilmiş, texniki sınaq aparılaraq istismara tam yararlı olmasına dair müvafiq quraşdırma, sonradan isə sınağı haqqında aktlar tərtib edilmişdir. Cavabdeh tərəf “xxxx” MMC-nin İddiaçı qarşısında əmlak vermək öhdəliyi olmamasını, iddiaçının mübahisəli attraksionların ona məxsusluğunu, attraksionları hansı tarixdə, hansı qaydada, kim tərəfindən, hansı müqavilə (əqd) əsasında və ya müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında “Dənizkənarı Bulvar” ərazisində quraşdırılması, attraksionların kimin tərəfindən qəbul edilməsi, təhvil-qəbul aktının olub-olmaması, kimin tərəfindən istismar edilməsi, hansı səbəbdən bu vaxta kimi attraksionlarla bağlı maraqlanmaması və s. məsələləri sübut etməli olmasını göstərsə də, özü tərəfindən iddiaya etirazının əsası kimi bu əmlakların “Dənizkənarı Bulvar” ərazisində quraşdırılması və istismarının hansı əsaslarla olmasına dair müvafiq sənədlər təqdim etməmişdir. Başqa sözlə, məhkəmənin qənaətinə görə iddiaçı iddiasının əsasını təşkil edən hallara dair sübutlar təqdim edə bilmədiyi və təqdim etdiyi sübutları cavabdeh kifayət qədər mötəbər və tutarlı sübut hesab etmədiyi halda, cavabdehin üzərinə bu sübutları təkzib edən digər sübutlar təqdim etmək vəzifəsi düşür ki, cavabdeh tərəf də məhz iddiaçının tələb etdiyi əmlakların “Dənizkənarı Bulvar” ərazisinə hansı şəraitdə gətrilməsinə və bu əmlakların kimə məxsus olmasına dair heç bir sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfin izahatı isə özü-özlüyündə iddianın əsassız olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd edir ki, cavabdeh tərəf iddianı qəbul etməsə də, izahatının məzmunu mübahisəli attraksionların iddiaçıya məxsus olmasının bir növ təsdiqi kimi də qiymətləndirilir. Bu təsdiq etmə cavabdehin iddiaçının adına olan 27.11.2014-cü il tarixli 243337 və 243338 saylı, 28.11.2014-cü il tarixli 244472 saylı, 06.12.2014-cü il tarixli 244468 saylı, 13.12.2014cü il tarixli 244470 saylı, 11.12.2014-cü il tarixli 244469 saylı gömrük bəyannamələrini şübhə altına alsa da, onların hüquqi sənəd olmamasına dair mötəbər sübut növü təqdim etməməsində, eləcə də cavabdehin təqdim etdiyi iddiaçının ona məxsus olan həmin attraksionlar adda karusellərin tərəfindən X2 sonuncunun mülkiyyətinə verməsi ilə bağlı aralarında 05.12.2019-cu il tarixli 01 №li alqı-satqı müqaviləsinin bağlanmasına istinad etməsində özünü ifadə edir. Belə ki, cavabdeh tərəf iddiaçının subyektiv hüquqa malik olmamasını məhz bu müqavilənin mövcudluğu ilə əsaslandırır. Göründüyü kimi, mübahisəli attraksionların iddiaçıya məxsus olması həmçinin cavabdehin təqdim etdiyi, iddiaçının adıçəkilən attraksionların - karusellərin X2 sonuncunun mülkiyyətinə verməsi ilə bağlı aralarında bağlanmış 05.12.2019-cu il tarixli 01 №li alqı-satqı müqaviləsinin məzmunu ilə də təsdiq edilir. Digər tərəfdən məhkəmə cavabdehin hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə müraciət etməsinə də qiymət verərək onun mübahisəli attraksionların iddiaçıya məxsus olmasının bir daha təsdiqi kimi qiymətləndirir. Belə ki, cavabdeh iddianın əsassız olmasında və sübut olunmamasında tam əmin olduğu halda iddia müddəti institutunun tətbiqinə dair həmin ərizə ilə məhkəməyə müraciət etməzdi. Belə olan halda məhkəmə hesab edir ki, artıq mübahisəli əmlakların həqiqətən də iddiaçıya məxsus olmasını şübhə altına alan hallar mövcud deyildir. Bununla yanaşı məhkəmə həmçinin hesab edir ki, mübahisəli attraksionlar adlı karusellərin X2 sonuncunun mülkiyyətinə verilməsi ilə bağlı iddiaçı ilə aralarında bağlanmış 05.12.2019-cu il tarixli 01 №li alqı-satqı müqaviləsinin mövcudluğu da sonuncunun hazırki iddianı qaldırmağa subyektiv hüququ olmamasını sübut etmir. Belə ki, işin materiallarından görünür ki, həqiqətən də iddiaçı Samir X4 arasında bağlanmış 05.12.2019-cu il tarixli, 01 nömrəli alqı-satqı müqaviləsi ilə müəyyən olunur ki, iddiaçı sözü gedən attarksionları X8 adına özgəninkiləşdirmiş və sonuncu həmin əmlaklarla bağlı 26.12.2019-cu ildə “Dənizkənarı Bulvar” İdarəsini maraqlı şəxs qismində cəlb etməklə məhkəməyə xüsusi icraat qaydasında ərizə ilə müraciət etmiş, ərizəsində attraksionları İddiaçı aldığını, attraksionların ona məxsus olduğunu bildirərək attraksionlar üzərində mülkiyyət hüquqlarının tanınmasını xahiş etmişdir. Lakin məhkəməyə təqdim edilmiş, qanuni qüvvəsini almış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5730/2019 saylı, 28.12.2019-cu il və ünvan 2, 17.02.2020-ci il tarixli qərardadından görünür ki, X8 “Hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsinin qəbulundan imtina edilmişdir. Bu qərarların qəbulundan sonra X18 hər hansı digər prosessual hərəkət etməmiş, başqa sözlə məhkəmə qərarlarında imtinanın əsası kimi qeyd edilən nöqsanları aradan qaldırmaqla yenidən məhkəməyə müraciət etmək hüququndan yararlanmamışdır. Beləliklə də, müəyyən edilir ki, 22m*32 ölçülü “SİDE WİNDER” və 10m*21 ölçülü oturacaqları olan “MAVERİCK” attraksionlar üzərində mülkiyyət hüquqlarının X13 aid olmasını təsdiq edən heç bir məhkəmə qərarı mövcud deyildir. Həmçinin, məhkəmə iddiaçı Samir X4 arasında bağlanmış 05.12.2019-cu il tarixli, 01 nömrəli alqı-satqı müqaviləsini də sonuncunun mübahisəli attraksionlar üzərində mülkiyyət hüquqlarının yaranmasını təsdiq edən sübut kimi qiymətləndirmir. Belə ki, sözügedən müqavilənin 8.1-ci bəndindən də göründüyü kimi müqavilənin 30.12.2019-cu il tarixinədək qüvvədə olması şərtləndirilmişdir. Həmçinin məhkəməyə təqdim edilmiş 09.02.2020-ci il tarixli sənəddən də görünür ki, İddiaçı ilə X18 arasında bağlanmış, 22m x 32 ölçülü SİDE WİNDER və 10 m x 21 ölçülü oturacaqları olan MAVERİCK atraksionların alqı-satqısına dair 05.12.2019-cu il tarixli müqavilə də müqavilə tərəflərin razılığı ilə ləğv edilmişdir. Belə olan halda 05.12.2019-cu il tarixli, 01 nömrəli alqı-satqı müqavilənin mövcudluğuna baxmayaraq məhkəmə həmin müqavilənin hazırda hüquqi qüvvəyə malik olmaması kimi qiymətləndirərək hesab edir ki, hazırkı mülki iş üzrə ilk iddiaçı iddia qaldımaq üçün subyektiv hüquqa malik olmuş və bu hüququnun cavabdeh tərəfindən pozulması faktı olduğu üçün qeyd edilən iddia ilə də müraciət etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. «İnsan hüquqları haqqında Ümumi Bəyənnamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs kostitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Məhkəmə bunu da qeyd etməyi zəruri hesab edir ki, qeyd edilən hüquq normaları Konstitusiya da nəzərdə tutulan məhkəmə müdafiəsi hüququnun realizəsini özündə ehtiva edir. Belə ki, hər bir kəsin məhkəmə müdafiəsi hüququ onun konstitusion hüququ olmaqla həmin hüququn məhdudlaşdırılması qanunla qadağandır. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar və faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından cavabdeh öz hüquqi mövqeyini sübut edə bilməmiş və iddianın əsassız olmasını təsdiq edən hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən maddədə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir. 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Məhkəmə qeyd edir ki, hüququn ümumi prinsiplərindən görünür ki, mülkiyyət hüququ fundamental bir hüquqdur. Həm daxili qanunvercilik, həm də beynəlxalq hüquq mülkiyyət hüququna “mülkiyyətçinin sərbəstlik sferası” prizmasından yanaşır. Mülkiyyətçi öz əmlakından maneəsiz və arzuladığı formada istifadə etdiyi təqdirdə bu hüquq öz mahiyyətini əldə edir. Mülkiyyətçinin öz əmlakından istədiyi formada istifadə edə bilməməsi əslində mülkiyyət hüquqlarını maneəli formada həyata keçirilməsini özündə ehtiva edir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə baxışı zamanı İddiaçı adına 2014-cü ildə gömrük bəyannamələri əsasında Azərbaycan Respublikası ərazisinə gətirilmiş İtaliya firması olan “MOSERS RİDES SRL” şirkətinin 22m*32 ölçülü “SİDE WİNDER” və 10m*21 ölçülü oturacaqları olan “MAVERİCK” attraksionların ona məxsus olması, hazırda bu əmlakların “Dənizkənarı Bulvar” İdarəsinin ərazisində quraşdırılması və onların iddiaçının tələbi ilə ona geri qaytarılmasına imtina etməsinin mövcud olması kimi faktların işin araşdırılmış halları əsasında müəyyən edilməsinə məhkəmə qiymət verərək hesab edir ki, həmin əmlaklar iddiaçının mülkiyyəti (ona məxsus olması) kimi qiymətləndirildiyindən iddia tələbləri əsaslıdır və təmin edilməlidir. Məhkəmə bu qənaətə gələrkən nəzərə alır ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun: - 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. - 3-cü maddəsinə əsasən məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edirlər. - 8-ci maddəsinə görə ədalət mühakiməsi heç bir məhdudiyyət qoyulmadan ədalətlə həyata keçirilir. Dövlətin insan hüquqlarının və azadlıqlarının qorunması vəzifəsinin konstitusiya quruluşunun əsaslarına aid olduğunu və bu hüquqların dövlət tərəfindən, o cümlədən, məhkəmə qaydasında müdafiəsini zəruri edir…. Məhkəmə müdafiəsi beynəlxalq hüquqda müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 440.4-cü və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair» 27.12.2002-ci il taixli qərarı) Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Məhkəmə, hazırki iş üzrə mübahisəli attraksionların iddiaçının mülkiyyətində (ona məxsus olması) olmasının müəyyən edildiyini və iddia tələbinin əsaslı hesab edildiyini, eləcə də qanunvericiliyin tələbini nəzərə alaraq iddia müddətinin tətbiq edilməsi barədə ərizənin əsassız olması nəticəsinə gəlir. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, 22m*32 ölçülü “SİDE WİNDER” və 10m*21 ölçülü oturacaqları olan “MAVERİCK” (zavod nömrələri T/0297277 və T/0297281 olan) atraksionlarının İddiaçı təhvil verilməsi öhdəliyi cavabdeh “xxxx” MMC-nin üzərinə qoyulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 22m*32 ölçülü “SİDE WİNDER” və 10m*21 ölçülü oturacaqları olan “MAVERİCK” (zavod nömrələri T/0297277 və T/0297281 olan) atraksionlarının İddiaçı təhvil verilməsi öhdəliyi cavabdeh “xxxx” MMC-nin üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar