Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-674/2022 17.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəklili Nümayəndə iştirakı ilə, İddiaçı – cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “mənzilin üzərinə qoyulmuş məhdudiyyətin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “mənzilin üzərinə qoyulmuş məhdudiyyətin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhəri, Səbail rayonu, Saraykin küçəsi, 57 saylı evin 15 saylı mənzilinin üzərinə qoyulmuş məhdudiyyətin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Saraykin küçəsi, 57 saylı evin 15 saylı mənzili 1996-ci ildən onun mülkiyyətindədir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11.12.2019-cu il tarixli 764s nömrəli sərancamına əsasən Bakı şəhəri, Səbail rayonu, Saraykin küçəsi, ev 57-də yerləşən mənzillər qəzalı vəziyyətdə olduğundan həmin binadan sakinlərin köçürülməsi, binanın sökülərək digər zəruri tədbirlərin görülməsi Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılmışdır. Söküntü zamanı ona məlum olmuşdur ki, mənzilinin üzərinə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin (BMCMİ) 21.05.2015-ci il tarixli 278m nömrəli məktubuna əsasən nəzarətməhdudiyyət qoyulmuşdur. Bu səbəbdən o xüsusi mülkiyyətində olan mənzilinlə əlaqədar hüquqlarından, o cümlədən mənzilinin sökülməsi ilə əlaqədar ona verilməli olan kompensasiyanı almaqdan məhrum olmuşdur. Mənzilin üzərinə qoyulmuş nəzarətməhdudiyyətin səbəbləri araşdırarkən məlum olmuşdur ki, bunun səbəbi "xxxx" MMC-nin "xxxx" ASC-yə 23880783,04 manat məbləğində borcunun olmasıdır. Sonradan həmin borc üzrə tələb hüququ "xxxx" ASC-dən təhvil-təslim sənədləri əsasında "xxxx" QSC-yə keçmişdir. O, yaşlı xəstə və təqaüdçü bir adamdır. Onun "xxxx" MMC-yə heç bir aidiyyəti yoxdur, o, həmin MMC-nin nə təsisçisi, nə də orada hər hansı bir vəzifədə işləməmişdir. O, nə "xxxx" ASC-dən, nə də "xxxx" QSC-dən hər hansı bir məbləğdə kredit götürməmiş, eləcə də, verilmiş kreditlərə zamin durmamışdır. Bu səbəbdən o, "xxxx" MMC-yə verilən kreditlərə görə də heç bir cavabdehlik daşımır. Eyni zamanda "xxxx" MMC-yə verilmiş kredit "xxxx" ASC-nin İdarə heyətinin sabiq sədri X1 və X2 tərəfindən mənimsənildiyi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaq zamanı onlara Azərbaycan Respublikası CM-nin 179.3.1 və 179.3.2-ci maddələri ilə ittiham verilmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 05.09.2019-cu il tarixli hökmü ilə onlar təqsirli bilinib müvafiq cəzalara məhkum olunmuşlar. İnstintaq zamanı nə o, nə də onun ailə üzvləri "xxxx" MMC-yə verilmiş həmin kreditlərlə bağlı məsuliyyətə cəlb olunmamış, nə o, nə də onun ailə üzvləri "xxxx" MMC-yə verilmiş kreditlərə aidiyyəti olmamışdır. Belə ki, onun mənzilinin üzərinə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən qoyulmuş nəzarət-məhdudiyyət anlaşılmazlıq səbəbindən baş vermişdir. Nəticədə onun mənzilinin üzərində mülkiyyət hüquqları məhdudlaşdırılmış, mənzilinə qoyulmuş məhdudiyyətə görə Əmlak Məsələləri Dövlət Xidmətindən yüklülük haqqında arayış alıb Bakı Şəhər İcra Hakimiyyəti ilə alqı-satqı müqaviləsini bağlaya bilmir. Mənzili isə sökülmüş və o, 2020-ci ilin fevral ayından qızının evinə sığınmaq məcburiyytində qalmış, stress və əsəbdən səhhəti pozulmuş, insult keçirmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2187/2021 nömrəli, 30.11.2021-ci il tarixli qərardadı ilə İddiaçı – cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “mənzilin üzərinə qoyulmuş məhdudiyyətin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilmiş, iddiaçıya həmin iddia tələbi ilə onun müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2187/2021 saylı, 30 noyabr 2021-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2187/2021 saylı, 23 dekabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1475/2022 nömrəli, 24.01.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 2187/2021 nömrəli, 30.11.2021-ci il tarixli qərardadı ləğv edilmiş və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş məhkəməyə qaytarılmışdır. Həmin qərardadda qeyd edilmişdir ki, məhkəmə tərəflər arasında olan bu “mübahisəyə” cinayət məhkəmə icraatı üzrə, Cinayət Prosessual Məcəllədə nəzərdə tutulan qaydada, yəni cinayət təqibini həyata keçirən orqanın qərarlarından, eləcə də hərəkətlərindən yaxud hərəkətsizliyindən cinayət təqibi üzrə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət vermək yolu ilə baxılmalı olmasına yaxud olmamasına münasibət bildirməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəklili Nümayəndə iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar olunmasına baxmayaraq, səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəklilinin izahatını dinləyib, iddia ərizəsini iş materialları əsasında nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, İddiaçı – cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhəri, Səbail rayonu, Saraykin küçəsi, 57 saylı evin 15 saylı mənzilinin üzərinə qoyulmuş məhdudiyyətin ləğv edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 253-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Qanunvericiliyin mənasından da aydın olur ki, təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın məhz (cinayət prosessual qanunvericiliyində nəzərdə tutulmuş qaydada cinayət prosesini həyata keçirən orqanın müvafiq vəsatəti və təqdimatı əsasında əmlak üzərinə qoyulmuş) həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin sorğusuna Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 04.11.2021-ci il tarixli, **********43 nömrəli cavab məktubu ilə Bakı şəhəri, Səbail rayonu, Saraykin küçəsi, 57 saylı evin 15 saylı mənzilinin üzərinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 21.05.2015-ci il tarixli, 278m nömrəli məktubuna əsasən nəzarət qoyulduğu qeyd edilmişdir. Məhkəmə sorğusunda tələb edilməsinə baxmayaraq, həmin məktub sorğuya verilmiş cavab məktubuna əlavə edilməmiş, əlavə edilməməsinə isə məktubda aydınlıq gətirilməmişdir. Göründüyü kimi, iddiaçının əmlakının üzərinə həbs məhkəmə qərarı ilə deyil, istintaq orqanı olan Daxili İşlər Nazirliyinin, (iş materiallarına əsasən) konkret halda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 21.05.2015-ci il tarixli, 278m nömrəli məktubuna əsasən nəzarət qoyulmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki halda iddiaçının ona məxsus olan əmlakın üzərinə qoyulmuş məhdudiyyətin ləğv edilməsi tələbinə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. İş materiallarına əsasən iddiaçının əmlakının üzərinə nəzarət istintaq orqanı olan Daxili İşlər Nazirliyinin, konkret halda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 21.05.2015-ci il tarixli, 278m nömrəli məktubuna əsasən nəzarət qoyulduğu müəyyən edilsə də, hazıradək nə iddia üzrə cavabdeh təşkilat, nə də ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsi tərəfindən nəzarətin qoyulmasına əsas olmuş sənəd (məktub) məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, müvafiq məhkəmə tərəfindən mübahisəli əmlak üzərinə nəzarətin hansı qaydada və hansı əsasla qoyulması araşdırılmalı və bu hala hüquqi qiymət verilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının əmlakının üzərinə nəzarət istintaq orqanı olan Daxili İşlər Nazirliyinin, konkret halda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 21.05.2015-ci il tarixli, 278m nömrəli məktubuna əsasən nəzarət qoyulduğundan, iddiaçı cinayət prosesini həyata keçirən orqanın hərəkətlərindən məhkəmə nəzarəti qaydasında məhkəməyə şikayət ərizəsi ilə müraciət edə bilər. Belə ki, Azərbaycan Respublikası CPM-nin 442.1-ci maddəsinə əsasən məhkəmə nəzarəti istintaq hərəkətlərinin məcburi aparıldığı, prosessual məcburiyyət tədbirinin tətbiq edildiyi, əməliyyat-axtarış tədbirinin həyata keçirildiyi və ya ibtidai araşdırmanın aparıldığı yer üzrə səlahiyyəti daxilində müvafiq birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 442.2.2-ci maddəsinə əsasən məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 2.1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İnzibati hüquq münasibətləri (idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Göründüyü kimi, belə hüquq münasibətlər publik hüquq sahəsində yaranmaqla münasibətin tərəfi kimi mütləq qaydada inzibati orqan çıxış edir, həmin orqanın fəaliyyəti ictimai idarəetmə ilə bağlı olur və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşaiyyət olunur. Nəzərə alınmalıdır ki, inzibati hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyət-tabeçilik prinsipi əsasında qurulmasıdır. Bu baxımdan, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual 2.2-ci maddəsinə görə isə, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair (öhdəliyin icrası haqqında iddia), inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia), inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Qanunun 2-ci maddəsində isə, inzibati orqan, inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs isə maraqlı şəxs kimi tanınmışdır. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırda İddiaçı iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin məhkəmə orqanlarına aid olmaması nəticəsində icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. (MPM-262.3) İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. (MPM-262.5) Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “mənzilin üzərinə qoyulmuş məhdudiyyətin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməli, iddiaçıya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şikayət etdiyi hərəkətlərindən məhkəmə nəzarəti qaydasında məhkəməyə şikayət etmək və ya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətininə qarşı müvafiq iddia tələbi ilə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “mənzilin üzərinə qoyulmuş məhdudiyyətin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şikayət etdiyi hərəkətlərindən məhkəmə nəzarəti qaydasında məhkəməyə şikayət etmək və ya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı müvafiq iddia tələbi ilə inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-674/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-674/2022
17.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver