Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-675/2021 15.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Abbasova Gülnarə Güləli qızının katibliyi, iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Kia Sortage» markalı ** NA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərərə görə 9490.72 manat sığorta ödənişinin və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü il tarixdə Cavabdeh1 tərəfindən idarə olunan “Howo” markalı, ** VS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Kia Sortage” markalı ** NA *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması ilə yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə, sonuncuya maddi ziyan dəymişdir. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh1 nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmişdir. İcbari sığortalar haqqında qanunun 25-ci maddəsinə əsasən, Cavabdeh1 avtomobili etibarnamə olmadan idarə etdiyi üçün və Cavabdeh2 avtomobili etibarnamə olmadan Cavabdeh1 verdiyi üçün ödənilmiş sığorta məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olması Nərimanov Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 3(005)-17/2014 saylı inzibati xəta haqqında iş üzrə qərarında öz əksini tapmışdır. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə “Avtoservis”in aktına əsasən “Kia Sportage” markalı ** NA *** dövlət qeydiyyat nişanlı avtomobilə 13150 manat ziyan dəymişdir. MİP-110004-B23 saylı sığorta müqaviləsinin 003495 saylı sığorta aktına və 486 saylı ödəniş tapşırığına əsasən "İddiaçı” Sığorta Şirkəti avtomobilin qalıqlarına olan hüquqlarından imtina edərək avtomobilin sığorta hadisəsinin baş vermə anından əvvəlki bazar qiyməti olan 15700 manat (İnter Kontinental” firmasının təqdim etdiyi 27.01.014-cü il tarixli akta əsasən) və sığorta müqaviləsində nəzərdə tutulmuş 400 manat franşiza çıxılmaqla 11300 manat sığorta ödənişi həyata keçirmişdir. Hadisə baş verdiyi anda “Howo” markalı, ** VS *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx” ASC tərəfindən icbari qaydada sığortalanmışdır. YNH nəticəsində bir neçə avtomobilə ziyan dəydiyi üçün proporsional olaraq “Kia Sortage” markalı ** NA *** dövlə qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə “xxxx” ASC tərəfindən 1509.28 manat ödəniş həyata keçirilmişdir. Qeyd olunanlara əsasən iddia tələbləri 9490.72 manat təşkil edir. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı sığorta şirkətinə dəymiş 9490.72 manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehlərdən alınaraq İddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə və verilmiş iddia tələbinə dair uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə bildiriş göndərilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Lakin Cavabdeh2 məhkəməyə teleqram ünvanlayaraq iddia müddətinin tətbiqini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işə baxıb, iddiaçıların nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, iddia əsaslıdır və aşağıdakı səbəblərə görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan sığorta aktından görünür ki, nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə “Avtoservis”in aktına əsasən “Kia Sportage” markalı ** NA *** dövlət qeydiyyat nişanlı avtomobilə 13150 manat ziyan dəymişdir. MİP-110004-B23 saylı sığorta müqaviləsinin 003495 saylı sığorta aktına və 486 saylı ödəniş tapşırığına əsasən "İddiaçı” Sığorta Şirkəti avtomobilin qalıqlarına olan hüquqlarından imtina edərək avtomobilin sığorta hadisəsinin baş vermə anından əvvəlki bazar qiyməti olan 15700 manat (İnter Kontinental” firmasının təqdim etdiyi 27.01.014-cü il tarixli akta əsasən) və sığorta müqaviləsində nəzərdə tutulmuş 400 manat franşiza çıxılmaqla 11300 manat sığorta ödənişi həyata keçirmişdir. İş materiallarında olan xx xxxxxx 2014-cü il tarixli, 486 №-li ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti tərəfindən Bank of Baku ASC-nin Merkəz filialına 11300,00 manat ödənilmişdir. İş materiallarında olan Avtoservisin aktından görünür ki, «KİA SPRTAĞE» markalı 90NA729 dövlət qeydiyyat nişanlı avtolmobilə cəmi 13150 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, hadisə baş verdiyi anda “Howo” markalı, ** VS *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx” ASC tərəfindən icbari qaydada sığortalanmışdır. İş materiallarında olan Nərimanov RPİ-nin avtonəqliyyat vasitəsi sahblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən xx.xx.2013-cü il tarixli Arayışından görünür ki, hadisə nəticəsində «KİA SPRTAĞE» markalı 90NA729 dövlət qeydiyyat nişanlı avtolmobilin qabaq və arxa tərəfi əzilib tam yararsız hala düşmüşdür. İş materiallarında olan Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi Mübariz Süleymanova ünvanlanmış Cavabdeh2 xx.xx.2013-cü il tarixli izahatından görünür ki, avtomaşını idarə etmək üçün Eldar Əhmədova etibarnamə verməməyinin səbəbi isə o olmuşdur ki, o, 3-4 gün avtomaşını idarə etməsinə görə etibarnamə verməyi lazım bilməmişdir. İş materiallarında olan Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi Mübariz Süleymanova ünvanlanmış Cavabdeh1 xx.xx.2013-cü il tarixli izahatından görünür ki, “Howo” markalı, ** VS *** dövlət qeydiyyat nişanlı avtomobili ona etibarnaməsiz Cavabdeh2 vermişdi. O, avtomaşını birinci dəfə idi ki, içkili vəziyyətdə idarə edirdi. İş materiallarında olan Nərimanov Rayon Məhkəməsi Hakiminin inzibati xəta haqqında iş üzrə xx xxxxxx 2014-cü il tarixli qərarından görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 152-1.4-cü maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmə hüququ 02 il müddətinə məhdudlaşdırılmaqla 25 gün müddətinə inzibati həbs edilmişdir. Təqdim olunmuş AR DİN BDYPİ-nin 016-106328-1219 saylı, xx.xx.2019-cu il tarixli arayışından görünür ki, “Howo Yük” markalı, ** VS *** dövlət qeydiyyat nişanlı avtomobil X2 mülkiyyətindədir və xx.xx.2013-cü il tarixli etibarnamə ilə X1 istifadəsinə verilmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, xx.xx.2013-cü il tarixdə Cavabdeh1 tərəfindən idarə olunan “Howo” markalı, ** VS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Kia Sortage” markalı ** NA *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması ilə yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə, sonuncuya maddi ziyan dəymişdir. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh1 nəqliyyat vasitəsini etibarnamə olmadan və sərxoş vəziyyətdə idarə etmişdir. Buna görə də, Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 152-1.4-cü maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmə hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 25 gün müddətinə inzibati həbs edilmişdir. İcbari sığortalar haqqında qanunun 25-ci maddəsinə əsasən, Cavabdeh1 avtomobili etibarnamə olmadan idarə etdiyi üçün və Cavabdeh2 avtomobili etibarnamə olmadan Cavabdeh1 verdiyi üçün ödənilmiş sığorta məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Məhkəmə iclasında həmçinin müəyyən olundu ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində “Kia Sortage” markalı ** NA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə “xxxx” ASC tərəfindən 1509.28 manat ödəniş həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə hesab edir ki, Cavabdeh2 mülkiyyətində olan “Howo” markalı, ** VS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Kia Sortage” markalı ** NA *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə vermədən idarə etməyi Cavabdeh1 oğluna etibar etdiyindən, həmin avtomobil Cavabdeh2 istifadəsində və sərəncamında olduğundan və yol nəqliyyat hadisəsi zamanı digər Cavabdeh1 nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti olmadığından, yəni həmin avtomaşını qanuni əsaslarla idarə etmədiyindən, sərxoş vəziyyətdə idarə etdiyinə görə məsuliyyəti Cavabdeh1 və Cavabdeh2 birlikdə daşıyırlar və ona görə də, "İddiaçı" Sığorta Şirkəti ASC dəymiş zərərin aradan qaldırılması üçün ödənilən pul vəsaitini subroqasiya qaydasında cavabdehlər, avtomaşını etibarnaməyə əsasən sahiblik və istifadə edən şəxs Cavabdeh2 və faktiki olaraq delikt törətmiş şəxs Cavabdeh1 tələb etməkdə haqlıdır. İddiaçı tərəfindən iddia müddəti ötürüldüyü üçün iddia müddətinin tətbiq edilməsi ilə bağlı cavabdehin ərizəsi ilə əlaqədar məhkəmə bildirir ki, iddia müddətinin tətbiqinə əsaslar yoxdur, belə ki, AR Mülki Məcəlləsinin 373.1-ci maddəsi ilə müəyyən edilmiş müddət iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etdiyi dövrə keçməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 9490,72 (doqquz min dörd yüz doxsan manat yetmiş iki qəpik) manat sığorta ödənişi və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-675/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-675/2021
15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver