Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-692/2021 08.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev İlkin Mehman oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “İçərişəhər” X23 Qoruğu İdarəsinin nümayəndəsi X4 iştirakları ilə , İddiaçı maraqlı şəxs “İçərişəhər” X23 Qoruğu İdarəsi qeyd edilməklə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Məmədova X7, Cavabdeh5 qarşı paylı mülkiyyətdə olan mənzilin açıq hərrac yolu ilə satılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı maraqlı şəxs “İçərişəhər” X23 Qoruğu İdarəsi qeyd edilməklə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Məmədova X7, Cavabdeh5 qarşı qarşı paylı mülkiyyətdə olan mənzilin açıq hərrac yolu ilə satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdehlər Cavabdeh1 və digərləri Qeydiyat Vəsiqəsində göstərildiyi 8-ci Kiçik Qala küçəsindəki 19 saylı fərdi yaşayış ev üzrə ümumi əmlakdan ona düşən yaşayış sahəsi üzrə payın naturada müəyyən edilərək payçılar arasinda bölünməsi və ya ona kompensasiya ödənilməsi mümkün olmadığından və bəzi payçılar çoxdan vəfat etdiklərinə görə onların vərəsələrini tapmaq mümkün olmadığına görə umumi əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölünməsinə və vərəsələri müəyyən olmayan payçıla düşən satış rulunun onların vərəsələri müəvvən olunanadək natariat kontorunun hesabında saxlanılmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ona verilmiş ********** saylı xx.xx.2019-cu il tarixli Dövlət reystrindən çıxarışda qeyd olunduğu kimi 8-ci Kiçik Qala küçəsindəki 19 saylı fərdi yaşayış evi Cavabdeh3 Nisənin adına 1/5 hissədə, Məmmədova X3 adına 1/5 hissədə, X6 adına 1/5 hissədə, Cavabdeh2 adına 1/10 hissədə, Cavabdeh1 adına 1/10 hissədə və X5 adına 1/5 hissədə qeydiyyatdan keçmişdir. 6 nəfər payçılardan 3-ü, ulu nənəsi Məmmədova X9 xx xxx 1942ci il, ögey bibisi X11 1947-ci il, ögey bibisi X12 1946-cı il tarixlərdə vəfat etmişdirlər. Hal hazırda rəhmətə gedən payçıların vərəsələri ona məlum deyil və o Mənzil Kommunal və Texniki Xidmət Sahəsinə müraciət etməyinə baxmayaraq yaxın qohumluq əlaqəsini sübut edən sənəd olmadığına görə qanunla həmin şəxslərin vərəsələri barədə məlumat tapılmadı. O və digərlərinə məxsus umumi əmlak olan Bakı şəhəri, Səbail rayonu, 8- ci Kiçik Qala küçəsi 19 saylı paylı mülkiyyətin naturada bölünməsi və ya ondan pay ayrılması mümkün olmamışdır. Bu barədə atası tərəfindən daha öncə iddia qaldırılan 2(009)- 2514/11 saylı məhkəmə işində ekispertiza təyin olunmuş və həmin mülkün naturada bölünməsi və ya ondan pay ayrılması mümkün olmaması barədə qərar verilmişdir. (ekspertiza rəyinin surəti əlavə olunur). Hesab edir ki, həmin evin açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi və vərəsələri müəyyən olunmayan mülkiyyətçilərin paylarına düşən satış pulunu dövlət natariat kontorunun hesabında saxlanılması haqqında qərar qəbul edilməlidir. O bu barədə Natariat arxivinə, polis şöbəsinə, İçəri şəhər qoruq idarəsinə, Səbayıl rayon qeydiyyat şöbəsinə vəkil sorğusu ilə müraciət etməyinə baxmayaraq sözügedən mərhum mülkiyyətçilərin varisləri barədə faktları təsdiq edən lazımı məlumatı əldə edə bilməmişdir. Bu materiallar daha öncə 2(009)-2514/11 saylı işə əlavə olunmuşdur. Vəsatət yazaraq bildirir ki, sözügedən mülkün bölünməsi barədə 2011ci ildə atası Məmmədov Aydın tərəfindən iddia qaldırılmış lakin, işin gedişatı zamanı atası Məmmədov Aydın vəfat etmişdir. Mülkün onun adına rəsimləşdirilmədiyinə görə iddia ərizəsi geri götürülmüş və 2(009)-2514/11 saylı iş üzrə araşdırma aparılmış lakin, qətnamə qəbul olunmamışdır. Bunu nəzərə alaraq Səbail rayon məhkəməsində baxılan 2(009)- 2514/11 saylı işdə ekspertiza rəyinin və digər lazımı sənədlərin bir surətinin hazırki işə əlavə olunmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı izahat verərək bildirmişdir ki, iddia ərizəsində göstərilənləri müdafiə edir. Atasından (atası Aydın, babası İsgəndər) vəsiyyətnamə əsasında ona miras qalmış əmlakın ekspert rəyinə əsasən naturada bölgüsü mümkün olmadığından hərracda satılıb əldə etmək istəyir. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirmişdir ki, onun babası X1r. O gözünü açandan bəri, 57 ildir orada yaşayır. İddiaçı 2001-ci ildən gəlib ona məxsus olduğunu deyir. Artıq 10 ildir ki, məhkəmə prosesi gedir. O vaxtı babasının ölüm haqqında şəhadətnaməsi, atasının və babasının doğum haqqında şahədətnaməsini təqdim etmədən 1 saylı notariusda vərəsəliyi qəbul edib. Onun babasının atası iddiaçının babasıdır (babasının 2-ci yoldaşı iddiaçının nənəsidir). Onlar bir müddət orada yaşayıb, sonra çıxıbgetdilər. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “İçərişəhər” X23 Qoruğu İdarəsinin nümayəndəsi X10 izahat verərərk bildirmişdir ki, İçərişəhərdə ev satıldıqda digər payçılar almadıqda ilk öncə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə müraciət edilir. Onlar almasalar sonradan hərracda satıla bilər, lakin ilk öncə onlara təklif olunur. Həmin ev isə tarixi abidədir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə digər cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, iddiaçının, cavabdehin və maraqlı şəxsin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsassız olduğu üçün təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki,Kiçik Qala 8 döngəsi, ev 19 saylı fərdi yaşayış evi Cavabdeh3 Nisənin adına 1/5 hissədə, Məmmədova X3 adına 1/5 hissədə, X6 adına 1/5 hissədə, Cavabdeh2 adına 1/10 hissədə, Cavabdeh1 adına 1/10 hissədə və X5 adına 1/5 hissədə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir(maddə 220.3). Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər(maddə 220.4). Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.
2. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Yəni ümumi əmlakdan payın naturada ayrılmasının mümkün olmaması müəyyən edildikdən sonra paylı mülkiyyətçi yalnız bundan sonra payına uyğun olaraq digər mülkiyyətçidən ona kompensasiya ödənilməsini tələb edə bilər. Paylı mülkiyyətçi ümumi mülkiyyətdə olan əmlakın açıq hərracdan satılmasını o halda tələb edə bilər ki, onun paylı mülkiyyətdə olan payının naturada ayrılması mümkün olmasın. Bundan başqa əgər payın naturada ayrılmasına yol verilmirsə bu halda paylı mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Lakin iddiaçı mübahisəli mənzildən özünə məxsus payının naturada ayrılmasının mümkün olmamasını, (ekspertiza rəyi sübut kimi qəbul edilə bilməz, bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmalıdır) mümkün olmadığı halda digər mülkiyyətçinin ona kompensasiya ödənilməsindən imtina etməsi barədə sübutları məhkəməyə təqdim etməmişdir. Yəni bu mərhələləri keçmədən paylı mülkiyyətdə olan mənzilin açıq hərracdan satılmasını tələb etməsi qanunun yuxarıda göstərilən tələbləri baxımından yol verilmir və bu səbəbdən iddiaçı paylı mülkiyyətdə olan mənzilin açıq hərracdan satılmasını tələb etməkdə haqlı hesab edilə bilməz. Məhkəmə eyni zamanda qeyd edir ki, paylı mülkiyyətçilərin birgə yaşayışının qeyrimümkün olması daşınmaz əmlakın hərracdan satılma əsası kimi müəyyən edilməmişdir. Beləliklə iddiaçı mübahisəli mənzildən payının naturada ayrılmasının yol verilməməsi ilə əlaqədar sübutlar təqdim etmədiyindən, həmçinin həmin tələb irəli sürmədən hazırki tələblərlə məhkəmədə çıxış etdiyindən, bununla da Azərbaycan Respublikası Mülki Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmaması sübut olunmadığından, iddiaçının irəli sürdüyü tələb əsaslı hesab edilə bilməz və bu səbəbdən iddia rədd olunmalıdır. İşdə olan ödəniş qəbzindən görünür ki, məhkəməyə müraciət etmək üçün iddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Şəhla Süleymanova