Məhkəmə qərarları › İş №2(009)-727/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-727/2021

16.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-727/2021 16.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Məmmədli Kənan Fuad oğlunun katibliyi, İddiaçı, Cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «xxxx» ASC-dən onun xeyrinə sığorta hadisəsi zamanı avtomobilə dəymiş 2300 manat ziyanın ödənişinin gecikdirilməsi üzrə 2346 manat dəbbə pulu, 8670 manat əldən çıxmış gəlir və mənəvi ziyana görə 5000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayon Məhkəməsi iddia ərizəsini 2(009)-1433/2020 saylı iş üzrə icraata götürərək məhkəmə baxışı keçirmişdir. Məhkəmənin hazırlıq iclasında tərəfindən Azərbaycan Respublikasının MPMnin 53-cü maddəsinə əsasən iddia ərizənin dəqiqləşdirilməsi üzrə məhkəməyə ərizə təqdim edilərək iddia tələbinin 3820 manat məbləğində maddi ziyan və əlavə mənəvi zərərin təzminatı olaraq 3000 manat, 30 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 6850 manat məbləğində ziyanın əvəzinin cavabdeh “xxxx” Sığorta ASC-dən tutularaq oa ödənilməsi barəsində Qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə vəkillə təmsil olunmuşdur. Bundan sonra onun razılığı əsasında vəkilinin cavabdehlə sövdələşməsi nəticəsində avtomobilin təmiri üçün 2300 manat manat məbləğ cavabdeh tərəfindən ona ödənişi təmin olunmuş və o iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə məhkəməyə ərizə vermişdir. Bundan sonra Bakı şəhəri, Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-1433/2020 saylı Qərardadı ilə onun cavabdeh “xxxx” Sığorta ASC-nə qarşı “Zərərin ödənilməsi barədə” iddia ərizəsi baxılmamış saxlanılmış və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmışdır. Azərbaycan Respublikasının “Sığorta haqqında” Qanununun 35-ci maddəsinə əsasən (35.1.3) sığorta ödənişini müqavilədə və ya qanunda müəyyən edilmiş müddətdə və qaydada verməli, əks halda, sığortalıya hər gecikdirilmiş gün üçün sığorta ödənişinin 0.2 faizi miqdarında dəbbə pulu (cərimə) ödənilməsi sığortaçının vəzifəsidir. (Ödəmə müddəti 7 iş günü müəyyən olunmuşdur). Şərhdən aydın olunur ki, birbaşa cavabdehin təqsiri üzündən (hərəkətsizliyindən) avtomobilə razılaşmaya əsasən dəymiş ziyanın 2300 manat dəyərində pul xx.xx.2020-ci il tarixdə cavabdeh tərəfindən ödənilməklə 17 ay və ya 510 gün gecikdirildiyinə görə cavabdeh ona ziyandan əlavə hər gün üçün 4,60 manat, cəmi 510 gün üçün isə 2346 manat dəbbə (cərimə) pulu ödəməlidir. Digər tərəfdən o qəzaya düşmüş avtomobillə sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq (VÖEN **********) hər gün orta hesabla 15-20 manat pul qazanırdı. Son 17 ay və ya 510 gün ərzində 8670 manat həcmində qazancı (gəliri) əldən çıxmışdır. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə (12.4) əsasən Sahibkarın hüquqlarını pozan dövlət orqanlarının və ya digər qurumların, yaxud onların vəzifəli şəxslərinin fəaliyyəti nəticəsində, habelə sahibkar barəsində qanunvericilikdə nəzərdə tutulmuş vəzifələrin həmin orqanlar, qurumlar və ya vəzifəli şəxslər tərəfindən yarıtmaz yerinə yetirilməsi nəticəsində sahibkara dəyən zərərin, o cümlədən əldən çıxan gəlirlərin əvəzini mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada həmin orqanlar, qurumlar və vəzifəli şəxslər ödəməlidirlər. Həmçinin şərhdən aydın olunur ki, cavabdeh “xxxx” Sığorta ASC-i ona maddi ziyanla yanaşı mənəvi zərər də vurmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Konstutsiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli Qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-qanuni nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fizki şəxsə mənəvi sarsıntı, iztirab verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 442-ci maddəsində qeyd olunur ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1-də isə göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qaydada müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdeh etiraz ərizəsi təqdim etmişdir. Etirazı onunla əsaslandırmışdır ki, zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Nəzərinizə çatdırmaq istəyirik ki, cavabdehin iştirakı ilə olan yol-nəqliyyat hadisəsi xx xxxx 2019-cu il tarixdə baş vermişdir. Şirkətimiz iddiaçıya məxsus "VAZ- 21060" markalı 10CV045 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərəri xx xxxx 2019-cu il tarixli Zərər Aktı ilə 1281 manat həcmində müəyyən etmiş və həmin məbləğin alınması cavabdehə təklif olunmuşdur. İddiaçı həmin məbləğlə razı olmadığından şirkətimiz tərəfindən ona müstəqil ekspertin seçilməsi ilə bağlı müvafiq məktub göndərmişdir. Lakin İddiaçı "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun verdiyi hüquqlardan istifadə etməyərək məhkəməyə müraciət etmişdir. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə əsasən bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqmda yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Həmin Qanunun 18.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Göründüyü kimi hadisə xx xxxx 2019-cu il tarixdə baş vermiş, zərər aktı xx xxxx 2019-cu il tarixdə tərtib olunmuş, tələb olunan sənədlərin sonuncusu şirkətə xx xxxxx 2019-cu il tarixdə daxil olmuş, xx xxxxx 2019-cu il tarixdə isə şirkətimiz 1281 manat sığorta ödənişinin həyata keçirilməsinə hazır olduğu barədə cavabdehə rəsmi məktub göndərmişdir. Bundan başqa iddiaçı məhkəməyə ilk dəfə müraciət edərkən aramızda razılıq əldə olunmuş və tərəfimizdən 2300 manat sığorta ödənişi cavabdehin hesabına ödənilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 etiraz ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işə baxb, tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan “xxxx” ASC tərəfindən İddiaçı ünvanladığı xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, xx.xx.2019-cu il tarixində Kürdəmir şəhəri Vaqif küçəsində “Vaz 21061” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil “Vaz 21060” markalı, ** CV *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi baş vermişdir. 1281 manat ödəməyə hazır olduqlarını qeyd etmişdirlər. İş materiallarında olan “xxxx” ASC-nin qüsur aktından görünür ki, “Vaz 21060” markalı, ** CV *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə 1281 manat ziyan dəymişdir. İş materiallarında olan “xxxx” ASC tərəfindən İddiaçı ünvanladığı xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, xx.xx.2019-cu il tarixində Kürdəmir şəhəri Vaqif küçəsində “Vaz 21061” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil “Vaz 21060” markalı, ** CV *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi baş vermişdir. Bununla bağlı xx.xx.2019-cu il tarixli hesablama aktına əsasən “Vaz 21060” markalı, ** CV *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləği 1281 manat məbləğində müəyyən edilmişdir. Lakin Siz avtomobili təmir bərpa işlərinin aparılması məqsədi ilə təmir müəssisəsinə təqdim etməmiş, sığorta ödənişini almaqdan imtina edərək, müstəqil ekspertizanın təyin edilməsi ilə bağlı müraciət etmiş, müstəqil ekspertin təyin edilməsi məqsədi ilə xx.xx.2019-cu il tarixinə kimi “xxxx” ASC-nin Göyçay nümayəndəliyinə yaxınlaşması xahiş olunmuşdur. İş materiallarında olan 63112 saylı ödəniş tapşırığından görünür ki, İddiaçı hesabına “xxxx” ASC tərəfindən 2300 manat pul köçürülmüşdür. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə əsasən bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqmda yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Həmin Qanunun 18.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Məhkəmə dəbbə pulu tələbi ilə bağlı qeyd edir ki, cavabdehin sığorta ödənişini gecikdirməsi iddiaçının özünün də müəyyən həddə təqsirliliyi ilə bağlı olduğundan təmin edilməməlidir. İddia tələbinin 8670 manat əldən çıxmış gəlir tələbi hissəsində məhkəmə hesab edir ki, tələb bu hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 21.1.3-cü maddəsinə əsasən sığorta tələbi mənəvi zərərlə və ya gəlir itkisi ilə bağlı olduqda icbari sığorta müqavilələri üzrə sığorta ödənişi verilmir. İddianın mənəvi zərər hissəsinə gəlincə məhkəmə qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barəsində qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarının 2-ci bəndinə görə: “Azərbaycan Respublikasının qanunvericiliyi, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın” müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından mənəvi zərər anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlığının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır”. Bununla bağlı iddiaçı hər hansı sübut təqdim etmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ : İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar