Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-73/2025 12.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdeh1, onun vəkili Ç.İ.Kərimovun, Cavabdeh qismində cəlb edilmiş C.Y.Məmmədovun iştirakları ilə İddiaçı (Maraqlı şəxs Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Məmmədova X11, Cavabdeh5 qarşı kompensasiya ödənilməsi və ya ümumi əmlakın açıq hərracdan satılmasına və satış pulunu ümumi paylı mülkiyyətin mülkiyyətçiləri arasında bölüşdürülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı (Maraqlı şəxs Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Məmmədova X11, Cavabdeh5 qarşı kompensasiya ödənilməsi və ya ümumi əmlakın açıq hərracdan satılmasına və satış pulunu ümumi paylı mülkiyyətin mülkiyyətçiləri arasında bölüşdürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, qeydiyyat vəsiqəsi üzrə ümumi paylı mülkiyyətdən ona düşən payın naturada ayrılmasını mümkün olmamışdır. Bu barədə Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-7/2024 saylı qərarına əsasən paylı mülkiyyətdən ona düşən payın naturada ayrılmasını mümkün olmadığına görə iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ona verilmiş ********** saylı, xx.xx.2019-cu il tarixli Dövlət reyestrindən çıxarışda qeyd olunduğu kimi 8-ci Kiçik Qala küçəsindəki 19 saylı fərdi yaşayış evi Cavabdeh3 adına 1/5 hissədə, Məmmədova X6 adına 1/5 hissədə, Nur X1 adına 1/5 hissədə, X8 adına 1/10 hissədə, Cavabdeh1 adına 1/10 hissədə və X5 adına 1/5 hissədə qeydiyyatdan keçmişdir. Faktiki olaraq ümumi paylı mülkiyyətdən ona düşən pay Cavabdeh1 tərəfindən əlindən alınıb və ona məxsus əmlaka öz istədiyi kimi sahib olmaq və ondan istifadə etmək və ona dair sərəncam vermək hüququndan məhrum olmuşdur. Məhkəmə tərəfindən də həmin mülkün naturada ayrılması mümkün olmadığından tamamilə mülkündən məhrum qalmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı ona və digərlərinə məxsus paylı mülkiyyəti olan Bakı şəhəri, Səbail rayonu, 8-ci Kiçik Qala küçəsi, 19 saylı mülkdən ona düşən payın əvəzinə ümumi paylı mülkiyyətin payçıları tərəfindən kompensasiya ödənilməsi və ya ümumi əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölünməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, qiymətləndirmə hesabatından belə məlum olub ki, əmlakın qiyməti 225.600 manatdır. O, payına düşən kompensasiyanı ona ödənilməsini istəyir. Əks halda əmlakın hərracdan satılmasını istəyir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh1 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, o, vərəsə kimi nə iddiaçını, nə də onun atasını tanıyır. Evin bir hissəsi sökülmüşdür, mövcud deyil. Nə iddiaçı, nə də onun atası həmin evdə yaşamamışlar. İddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında izahatı alınmış cavabdeh qismində cəlb edilmiş paylı mülkiyyətçi X24 izahatında göstərmişdir ki, onun iddiaçıya hər hansı bir kompensasiya vermək imkanı yoxdur. İddiaçının həmin evdə payı yoxdur. Cavadeh həmçinin göstərmişdir ki, Cavabdeh3, X18 və X19 paylı mülkiyyətçilərdir və vəfat etmişlər. Məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Məmmədova X18, Cavabdeh5, Maraqlı şəxs Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala-8 döngəsində yerləşən ümumi sahəsi 80,20 kv.m. olan 19 saylı evi paylı mülkiyyət hüququ üzrə Cavabdeh3 (1/5 hissə - xx.xx.2014), X6 (1/5 hissə - xx.xx.2014), X7 (1/5 hissə - xx.xx.2014), X16 (1/10 hissə - xx.xx.2024), Cavabdeh1 (1/10 hissə - xx.xx.2014), İddiaçı (1/5 hissə - xx.xx.2019) adlarına qeydiyyata alınmışdır. İş üzrə Azərbaycan Respublikası DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışa əsasən Cavabdeh1 ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-7/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı (Maraqlı şəxs Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 3cü şəxs qismində cəlb edilməklə) cavabdehlər Cavabdeh1, Məmmədov X22, Məmmədova X3, Məmmədova X14 və Məmmədova X15 qarşı “payın naturada ayrılması” tələbinə dair iddiası tərəflərin paylı mülkiyyətində olan fərdi yaşayış evinin naturada bölünməsinin texniki baxımdan mümkün olmadığından təmin edilməmişdir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və qiymətləndirmə ekspertizasının xx.xx.2025-ci il tarixli, 9/82xx-xx/7971 saylı rəyinə əsasən tədqiq olunan fərdi yaşayış evinin təmirlilik səviyyəsinə və yerləşmə ərazisinə uyğun olaraq ünvan 3 ünvanında və ya həmin ərazidə yerləşən analoji fərdi yaşayış evlərinə dair məlumat olmadığından, həmin fərdi yaşayış evi üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. İş üzrə İddiaçı tərəfindən Cavabdeh1 və qeyrilərinə ünvanlanmış müraciətdən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ona verilmiş ********** saylı xx.xx.2019-cu il tarixli Dövlət reyestrindən çıxarışda qeyd olunduğu kimi 8-ci Kiçik Qala küçəsindəki 19 saylı fərdi yaşayış evindən ona düşən 1/5 hissə, yəni həmin mülkün 16 kv.m. ərazisi onun adına rəsmiləşdirilmişdir. Həmin ümumi paylı mülkiyyətdən ona düşən payın tanurada ayrılması mümkün olmadığı üçün həmin mülkiyyətin payçıları və ya vəfat edən payçıların vərəsələri tərəfindən ona düşən hissənin əvəzinin pul şəkilində, yəni hər kv.m. hazırkı qiyməti 3000 manat olmaqla, cəmi 48000 manatı kompensasiya olaraq ona ödənilməsini xahiş etmişdir. Qeyd edir ki, ümumi paylı mülkiyyətin payçıları tərəfindən kompensasiya ödənildiyi təqdirdə həmin mülkün ona aid olan 1/5 hissəsi qanunun müvafiq olaraq kompensasiya ödəyən payçının (payçıların) adına rəsmiləşdirilməcəkdir. İş üzrə İddiaçı sifarişi əsasında "xxxx" MMC tərəfindən verilmiş hesabatdan belə məlum olur ki, Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala-8 döngəsində yerləşən 19 saylı fərdi yaşayış evinin orta bazar qiyməti xx.xx.2025-ci il tarixə 225.600 manat təşkil edir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala-8 döngəsində yerləşən 19 saylı evin üzərinə iddiaçının (1/5) və cavabdehlər Cavabdeh1 (1/10), X9 (1/10), X7 (1/5), X6 (1/5) hissə, Cavabdeh3 (1/5) paylarla mülkiyyət hüququ müəyyən edilmiş və bu hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-7/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı (Maraqlı şəxs Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 3-cü şəxs qismində cəlb edilməklə) cavabdehlər Cavabdeh1, Məmmədov X22, Məmmədova X3, Məmmədova X14 və Məmmədova X15 qarşı “payın naturada ayrılması” tələbinə dair iddiası paylı mülkiyyətində olan fərdi yaşayış evinin naturada bölünməsinin texniki baxımdan mümkün olmadığından təmin edilməmişdir. İddiaçının irəli sürdüyü iddia tələbindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ona verilmiş ********** saylı, xx.xx.2019-cu il tarixli Dövlət reyestrindən çıxarışda qeyd olunduğu kimi 8-ci Kiçik Qala küçəsindəki 19 saylı fərdi yaşayış evi Cavabdeh3 adına 1/5 hissədə, Məmmədova X6 adına 1/5 hissədə, Nur X1 adına 1/5 hissədə, X8 adına 1/10 hissədə, Cavabdeh1 adına 1/10 hissədə və X5 adına 1/5 hissədə qeydiyyatdan keçmişdir. Faktiki olaraq ümumi paylı mülkiyyətdən ona düşən pay Cavabdeh1 tərəfindən əlindən alınıb və ona məxsus əmlaka öz istədiyi kimi sahib olmaq və ondan istifadə etmək və ona dair sərəncam vermək hüququndan məhrum olmuşdur. Qeydiyyat vəsiqəsi üzrə ümumi paylı mülkiyyətdən ona düşən payın naturada ayrılmasını mümkün olmamışdır. Bu barədə Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-7/2024 saylı qərarına əsasən paylı mülkiyyətdən ona düşən payın naturada ayrılmasını mümkün olmadığına görə iddiası rədd edilmişdir. Məhkəmə tərəfindən də həmin mülkün naturada ayrılması mümkün olmadığından o, tamamilə mülkündən məhrum qalmışdır.Bu səbəbdən iddiaçı ona və digərlərinə məxsus paylı mülkiyyəti olan Bakı şəhəri, Səbail rayonu, 8-ci Kiçik Qala küçəsi, 19 saylı mülkdən ona düşən payın əvəzinə ümumi paylı mülkiyyətin payçıları tərəfindən kompensasiya ödənilməsi və ya ümumi əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölünməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı paylı mülkiyyətində olan əmlakın naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)- 7/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçının cavabdehlər Cavabdeh1, Məmmədov X22, Cavabdeh3 oğluna, Məmmədova X3, Məmmədova X14 və Məmmədova X15 qarşı “payın naturada ayrılması” tələbinə dair iddiası paylı mülkiyyətində olan fərdi yaşayış evinin naturada bölünməsinin texniki baxımdan mümkün olmadığından təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıqaşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 06 dekabr 2024-cü il tarixli Qərardadından görünür ki, “29. ... İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanları olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Birinci mərhələ üzrə məhkəmə tərəfindən ilk növbədə iddiaçının əşya üzərində mülkiyyət hüququndakı payının naturada bölgüsünün mümkün olub-olmadığı, ayrılan payın vahid daşınmaz əşya konsepsiyasına uyğun gəlib-gəlmədiyi istiqamətində araşdırma aparılmalıdır. Əşyanın xüsusiyyətləri nəzərə alınmaqla onun naturada bölgüsünün aşkar surətdə mümkünsüzlüyü halında məhkəmə hər hansı əlavə araşdırma aparmadan bu mərhələnin yoxlanılmasını yekunlaşdırmaqla, iddiaçının istəyinə uyğun olaraq ikinci mərhələyə keçid etməlidir (bənd 42). Kompensasiyanın məbləği ilə bağlı tərəflər arasında mübahisə olmadığı halda məhkəmə iddianı təmin etməklə, tərəflərin qarşılıqlı razılaşmasına uyğun olan məbləği qət etməlidir. Əks halda isə məhkəmə tələb edilən kompensasiyanın məbləğindən asılı olmayaraq, əşyanın bazar qiymətinə uyğun ədalətli kompensasiya məbləğini müəyyən etməli və cavabdeh tərəfin buna razılığı olduğu halda iddia tələbinə münasibətdə iddianın tam və yaxud qismən təmin olunmasına dair qətnamə qəbul etməlidir (bənd 49). Məhkəmə araşdırması zamanı cavabdehlərdən heç biri kompensasiya ödəmək istəmədikdə və ya hər hansı səbəbdən ödəyə bilmədikdə iddiaçının tələbi əsasında məhkəmə üçüncü mərhələyə keçid etməklə əşyanın birbaşa açıq hərracdan satılmasını qət etməlidir. İddiaçının əşyanın açıq hərracdan satılmasını tələb etmədiyi halda isə məhkəmə araşdırması yekunlaşdırılmaqla iddia rədd olunmalı və ona gələcəkdə yalnız üçüncü mərhələ üzrə iddia qaldırmaq hüququ izah edilməlidir (bənd 57). Odur ki, əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə məhkəmə paylı mülkiyyətdə olan əşyanın müəyyən etdiyi bazar qiyməti ilə ilkin satış qiymətini qətnamənin icra qaydası kimi onun nəticə hissəsində göstərməli və izah etməlidir ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər (bənd 60). ” Məhkəmə iclasında paylı mülkiyyətçilərə məxsus mübahisəli evin real bazar qiymətinin 225.600 manat olması müəyyən edilmiş iddiaçı payına düşən kompensasiyanı digər paylı mülkiyyətçilərdən tələb etmişdir. Məhkəmə qeyd edir ki, mübahisəli əmlakın real bazar qiymətinə uyğun iddiaçı tərəfindən cavabdehlərə payına uyğun olaraq pul kompensasiyasının ödənilməsi təklif olunsa da, cavabdehlər kompensasiya ödənilməsi barədə iddiaçının təklifindən imtina etmişlər. Məhkəmə iddia tələbinin payın əvəzinə kompensasiyanın ödənilməməsi halında onun açıq hərracdan satılması hissəsinə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən paylı mülkiyyətçi ümumi mülkiyyətdə olan əmlakın açıq hərracdan satılmasını o halda tələb edə bilər ki, onun paylı mülkiyyətdə olan payının naturada ayrılması mümkün olmasın. Digər tərəfdən məhkəmə qeyd edir ki, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Belə ki, ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər:
1. ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması;
2. pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Beləliklə əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehlərə payına uyğun olaraq pul kompensasiyasının ödənilməsi təklif olunsa da, cavabdehlər kompensasiya ödənilməsi barədə iddiaçının təklifindən imtina etmişlər. Belə olan halda məhkəmə qeyd edir ki, ümumi paylı mülkiyyətdə olan əmlakın hərracdan satılması mümkün hesab edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, mübahisəli mənzilin tərəflərin paylarına uyğun olaraq naturada təcrid şəklində bölünməsi texniki cəhətdən mümkün olmadığından, bununla da ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadığından, məhkəmə iclasında iştirak edən cavabdehlər iddiaçının payına uyğun tələb olunan kompensasiyanı verməkdən imtina etdiyindən, iddia tələbi əmlakın hərracdan satılması hissəsində təmin edilməli, əmlak ilkin satış qiyməti 225.600 manat müəyyən edilməklə iştirakçılar üçün qapalı hərrac vasitəsilə, bu, mümkün olmadıqda isə açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılmalı, satış pulu tərəflər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Məhkəmə hazırkı münasibətə iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi barədə Cavabdeh1 vəsatətinə münasibət bildirərək qeyd edir ki, hazırkı münasibətə iddia müddəti tətbiq edilə bilməz. Belə ki, AR Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə təyin edilmiş ekspertiza xərci cavabdehlərə aid edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…
QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, 8-ci Kiçik Qala küçəsində yerləşən 19 saylı ev ilkin satış qiyməti 225.600 (iki yüz iyirmi beş min altı yüz) manat müəyyən edilməklə iştirakçılar üçün qapalı hərrac vasitəsilə, bu, mümkün olmadıqda isə açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılsın və satış pulu ümumi paylı mülkiyyətin mülkiyyətçiləri olan İddiaçı, Cavabdeh1, X24, X19, X18, Cavabdeh3 arasında onların paylarına (İddiaçı 1/5 hissə, Cavabdeh1 1/10 hissə, X16 1/10 hissə, X7 1/5 hissə, X6 1/5 hissə, Cavabdeh3 1/5 hissə) münasib olaraq bərabər bölüşdürülsün. Cavabdeh1 və X10 müştərək qaydada dövlət nəfinə keçirilmiş ekspertiza xərci – 100 (yüz) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Hakim: Şahin Abdullayev