Məhkəmə qərarları › İş №2(009)-753/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-753/2020

15.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-753/2020 15.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Ə.Ə.Məmmədlinin, Cavabdeh “X1 Mərkəzi” MMC-nin nümayəndəsi T.A.Dadaşovun iştirakları ilə İddiaçı cavabdeh “X1 Mərkəzi” MMC-yə qarşı hərracın nəticələri haqqında protokolların etibarsız hesab edilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh “X1 Mərkəzi” MMC-yə qarşı hərracın nəticələri haqqında protokolların etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, “xxxxxxx” ASC ona və X3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət etmişdir. Nərimanov rayon Məhkəməsinin 2(005)-936/2018 saylı iş üzrə xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdeh X2 96.254,23 manat məbləğində əsas, 19.117,16 manat məbləğində faiz, 500 manat məbləğində dəbbə, cəmi 115.871,39 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq “xxxxxxx” ASC-yə ödənilməsi, tutmanın xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin təminatı qismində İddiaçı tərəfindən ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), 23A/8 saylı evin, 42 saylı mənzilinə, Bakı şəhəri, Binəqədi rayonu, Ş.Rəhimov küçəsi, 57 saylı evin, 34 saylı mənzilinə, Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), 23A/8 saylı evin 51 saylı mənzilinə yönəldilməsi, həmin əmlaklar açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə olunan vəsait hesabına borc məbləğləri ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra əldə olunan vəsaitin qalan hissəsi İddiaçı qaytarılması, eləcə də Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), 23A/8 saylı evin 42 saylı mənzilin ilkin satış qiyməti 80.000 manat, Bakı şəhəri, Binəqədi rayonu, Ş.Rəhimov küçəsi, 57 saylı evin 34 saylı mənzilin ilkin satış qiyməti 110.000 manat, Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), 23A/8 saylı evin 51 mənzilin ilkin satış qiyməti 75.000 manat məbləğində müəyyən edilməsi və ipoteka predmeti satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdeh İddiaçı yaşadığı ipoteka predmetindən çıxmazsa, o, məcburi qaydada çıxarılması qət edilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-936/2018 saylı iş üzrə xx.xx.2018-ci il tarixli qətnaməsindən narazı qalan cavabdeh X6 Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3553/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Nərimanov rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh X6 və vəkili tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilmişdir. Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır. Hazırda kassasiya şikayəti Ali Məhkəmənin icraatındadır. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almadığı vaxtlarda cavabdeh “X1 Mərkəzi” MMC tərəfindən xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli bildiriş göndərilmişdir. xx.xx.2019-cu il tarixli bildirişdə qeyd edilmişdir ki, Sumqayıt şəhəri üzrə İcra və Probasiya İdarəsinin 58 saylı xx.xx.2019-cu il tarixli sifariş məktubuna əsasən aşağıda göstərilən əmlak açıq hərraca çıxarılmışdır: 1. Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 23A/8, mənzil 51, əmlakın ilkin satış qiyməti 75.000 manat; 2. Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 23A/8, mənzil 42, əmlakın ilkin satış qiyməti 80.000 manat. Bundan başqa, xx.xx.2019-cu il tarixli bildirişdə qeyd edilmişdir ki, Binəqədi rayon İcra və Probasiya şöbəsinin xx/xx-5294-30 saylı, xx.xx.2019-cu il tarixli sifariş məktubuna əsasən aşağıda göstərilən əmlak satılmaq üçün açıq hərraca çıxarılmışdır - Bakı şəhəri, Binəqədi rayonu, Ş.Rəhimov küçəsi, ev 57, mənzil 34, əmlakın ilkin satış qiyməti 110.000 manat. Qətnamənin qanuni qüvvəsini almadığı və qətnamədən apellyasiya instansiya məhkəməsinə şikayət verildiyindən cavabdeh “X1 Mərkəzi” MMC-yə, Sumqayıt şəhəri üzrə İcra və Probasiya İdarəsinə və Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinə rəsmi qaydada məlumat verilərək bildirilmişdir ki, qətnamədən apellyasiya şikayəti verildiyindən hərracın keçirilməsinin dayandırılması xahiş olunmuşdur. Göstərilənlərə baxmayaraq cavabdeh tərəfindən qanunsuz və əsassız olaraq xx.xx.2019-cu il tarixdə və xx.xx.2019-cu il tarixdə hərraclar keçirilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı “X1 Mərkəzi” MMC tərəfindən keçirilmiş hərracın nəticələri haqqında Y-136 nömrəli xx.xx.2019-cu il tarixli və Y-140 nömrəli xx.xx.2019-cu il tarixli protokolları və hərracın yekunları üzrə əmlakların alqı-satqısı barədə 2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdeh «X1 Mərkəzi» MMC-nin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, hərrac yalnız iki halda keçirilməyə bilər. Məhkəmə qərarı hərrac dayandırıldıqda və yaxud sifarişçi olan təşkilat icra və probasiya şöbəsi tərəfindən hərracın dayandırılması barədə məktub verildikdə. Nə məhkəmə qərarı, nə də belə bir məktub onlara daxil olmadığına görə hərrac keçirilmişdir. Hərrac qanunun tələblərinə uyğun, tərəflərə məlumat verməklə və mətbu orqanda dərc edilməklə keçirilmişdir. Bu səbəbdən qaldırılan ididanı əsassız hesab edir və məhkəmədən onun rədd edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə maraqlı şəxs “xxxxxxx” ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş üzrə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Sumqayıt şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli çıxarışın kserosurətinə əsasən Sumqayıt şəhəri, 9-cu mikrorayonda (köhnə) yerləşən 23A/8 nömrəli evin 3 otaqlı 51 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-936/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinin kserosurətindən görünür ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdeh X2 96.254,23 manat məbləğində əsas, 19.117,16 manat məbləğində faiz, 500 manat məbləğində dəbbə, cəmi 115.871,39 manat məbləğində borcunun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq “xxxxxxx” ASC-yə ödənilməsi, tutmanın xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin təminatı qismində İddiaçı tərəfindən ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), 23 A/8 saylı evin, 51 saylı mənzilinə, Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), 23 A/8 saylı evin, 42 saylı mənzilinə, Bakı şəhəri, Binəqədi rayonu, Şəmsi Rəhimov küçəsi, 57 saylı evin, 34 saylı mənzilinə yönəldilməsi, həmin əmlakların açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına borc məbləğlərinin ödənilməsi,ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetlərinin satışdan əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana - İddiaçı qaytarılması, ipoteka predmetinin satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsi cavabdeh X2 tutulması, hərraca çıxarılarkən ipoteka predmetləri olan Sumqayıt şəhəri, 9cu mikrorayon (köhnə), 23 A/8 saylı evin, 51 saylı mənzilin ilkin satış qiyməti 75.000 manat, Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), 23 A/8 saylı evin 42 saylı mənzilinin ilkin satış qiyməti 80.000 manat və Bakı şəhəri, Binəqədi rayonu, Şəmsi Rəhimov küçəsi, 57 saylı evin, 34 saylı mənzilinin ilkin satış qiyməti 110.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti açıq hərracdan sonra ən geci 1 ay ərzində cavabdeh İddiaçı yaşadığı ipoteka predmetindən çıxmazsa, o, məcburi qaydada çıxarılması, iddianın qalan hissədə rədd edilməsi, qiymətləndirmə xidmətinin dəyərini təşkil edən 728 manat məbləğində pul vəsaitinin cavabdeh X2 alınaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə ödənilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 manat məbləğində pul vəsaitinin 100 manat hissəsi isə “xxxxxxx” ASC-dən tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir. İş üzrə “X1 Mərkəzi” MMC tərəfindən Sumqayıt şəhəri üzrə icra İdarəsinə, tələbkar “xxxxxxx” ASC-yə, borclular X3, İddiaçı göndərilmiş bildirişlərdən görünür ki, hərrac təşkilatı tərəfindən hm borclu, həm tələbkara ilkin və təkrar hərracların keçirilməsi barədə rəsmi məlumatlar verilmişdir. İş üzrə Bakı Apellyasiya Məhkəməsi tərəfindən 6 saylı Cəzaçəkmə Müəssisəsinə ünvanlanmış 2(103)-3553/2019 saylı, xx.xx.2019-cu il tarixli məktubun kserosurətindən görünür ki, 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən X6 qətnamədən apellyasiya şikayəti vermiş, həmin şikayətə baxılması xx.xx.2019-cu il tarixə, saat 09.40-a Bakı Apellyasiya Məhkəməsinin binasına təyin edilmişdir. İş üzrə Bakı Apellyasiya Məhkəməsi tərəfindən “xxxxxxx” ASC-yə və İddiaçı ünvanlanmış 2(103)-3553/2019 saylı, xx.xx.2019-cu il tarixli məhkəmə bildirişinin kserosurətindən görünür ki, iddiaçı “xxxxxxx” ASC-nin cavabdehlər X6 və İddiaçı qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddiasına dair mülki iş üzrə Nərimanov rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən cavabdeh Ramin Salahov tərəfindən verilmiş şikayətə xx.xx.2019-cu il tarixdə, saat 09.40-da Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında baxılması təyin edilmişdir. İş üzrə Binəqədi rayon İcra və Probasiya Şöbəsi tərəfindən Bakı şəhəri 6 saylı Vəkil Bürovunun vəkili Ənnağı Məmmədliyə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubuna əsasən iş üzrə kassasiya şikayətinin Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatına qəbul olunması barədə məlumat şöbənin icraatına daxil olmadığından hərracın dayandırılması mümkün deyildir. İş üzrə “xxxxxxx” ASC tərəfindən “X1 Mərkəzi” MMC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubun kserosurətindən görünür ki, icra sənədinin icrası ilə əlaqədar hərraca çıxarılmış İddiaçı mülkiyyətində olan Binəqədi rayonu, Ş.Rəhimov küçəsi, 57 saylı evin, 34 saylı mənzilinin açıq hərracdan alınması ilə bağlı təklifini qəbul etmişlər. İş üzrə “X1 Mərkəzi” tərəfindən tərtib edilmiş hərracın nəticələri haqqında xx.xx.2019-cu il tarixli Y-136 N-li protokolun kserosurətinə əsasən Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-936/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 04/31 saylı, xx.xx.2019-cu il tarixli sifariş məktubunun icrasına əsasən İddiaçı məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayonda (Köhnə) yerləşən 23A/8 saylı evin 51 saylı mənzili ilkin satış qiyməti 75.000 manata hərraca çıxarılmış və həmin evin alıcısı olmadığı üçün təkrar hərracda 47813 manata “xxxxxxx” ASC-yə təklif olunmuşdur. İş üzrə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 2019-cu il tarixli müqavilənin kserosurətinə əsasən İddiaçı məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayonda (köhnə) yerləşən 23A/8 saylı evin 51 saylı mənzili 47813 manata “xxxxxxx” ASC-yə satılmışdır. İş üzrə “X1 Mərkəzi” tərəfindən tərtib edilmiş hərracın nəticələri haqqında xx.xx.2019-cu il tarixli Y-140 N-li protokolun kserosurətinə əsasən Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-936/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar Binəqədi rayon icra və probasiya şöbəsinin xx/xx-5294-30 saylı, xx.xx.2019-cu il tarixli sifariş məktubunun icrasına əsasən İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Şəmsi Rəhimov küçəsində yerləşən 57 saylı evin 34 saylı mənzili ilkin satış qiyməti 110.000 manata hərraca çıxarılmış və həmin evin alıcısı olmadığı üçün təkrar hərracda 70.125 manata “xxxxxxx” ASC-yə təklif olunmuşdur. İş üzrə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2019-cu il tarixli müqavilənin kserosurətinə əsasən İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Şəmsi Rəhimov küçəsində yerləşən 57 saylı evin 34 saylı mənzili 70.125 manata “xxxxxxx” ASC-yə satılmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(005)-936/2018 saylı qətnaməsi ilə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdeh X2 96.254,23 manat məbləğində əsas, 19.117,16 manat məbləğində faiz, 500 manat məbləğində dəbbə, cəmi 115.871,39 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq “xxxxxxx” ASC-yə ödənilməsi, tutmanın xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin təminatı qismində İddiaçı tərəfindən ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), 23A/8 saylı evin, 42 saylı mənzilinə, Bakı şəhəri, Binəqədi rayonu, Ş.Rəhimov küçəsi, 57 saylı evin, 34 saylı mənzilinə, Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), 23A/8 saylı evin 51 saylı mənzilinə yönəldilməsi, həmin əmlaklar açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə olunan vəsait hesabına borc məbləğləri ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra əldə olunan vəsaitin qalan hissəsi İddiaçı qaytarılması, eləcə də Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), 23A/8 saylı evin 42 saylı mənzilin ilkin satış qiyməti 80.000 manat, Bakı şəhəri, Binəqədi rayonu, Ş.Rəhimov küçəsi, 57 saylı evin 34 saylı mənzilin ilkin satış qiyməti 110.000 manat, Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), 23A/8 saylı evin 51 mənzilin ilkin satış qiyməti 75.000 manat məbləğində müəyyən edilməsi və ipoteka predmeti satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdeh İddiaçı yaşadığı ipoteka predmetindən çıxmazsa, o, məcburi qaydada çıxarılması qət edilmişdir. Həmin qətnamədən Ramin Salahov apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3553/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Nərimanov rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən Ramin Salahov tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görnür ki, hərracların keçirilməsi üçün əsas olmuş məhkəmə qətnaməsindən kassasiya şikayəti verildiyi üçün, hərrac təşkilatı hərracların keçirilməsini dayandırılmalı idi. Lakin onlar tərəfindən hərrac təşkilatına və icra qurumuna bu barədə məlumat verilsə də, hərraclar keçirilmiş və mülkiyyətində olan əmlaklar satılmışdır. Bu səbəbdən iddiaçı hesab edir ki, hərrac qanunun tələblərini pozmaqla keçirildiyi üçün etibarsız hesab ediləmlidir. Məhkəmə hesab edir ki, iddiaçının bu dəlilləri keçrilmiş hərracların etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Belə ki, “İpoteka haqqında” AR Qanununun 41.2-ci maddəsiən əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. “İcra haqqında” AR Qanununun 62.1-ci madəsinə əsasən icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi hərrac təşkilatı icra məmurunun sifarişi əsasında hərracı keçirir və hərrac təşkilatı tərəfindən hərracın keçirilməsi barədə (vaxtı və yeri barədə) icra sənədi üzrə tələbkar və borcluya məlumat verilir. Məhkəmə qeyd edir ki, hərrac təşkilatı icra məmurunun sifariş əsasında hərracı keçirdiyi üçün yalnız sifarişçinin ona ünvanlandığı tələbləri yerinə yetirməkdə məsuldur. Yəni nə tələbkarın, nə də borclunun tələbi və ya xahişi ilə hərracın keçirilməsinin dayandırılması qanunla müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, hərrac o halda qanunsuz hesab edilə bilər ki, o, mülki qanunvericiliyin tələbləri pozulmaqla həyata keçirilsin. Lakin iş materiallarından və məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, hərrac təşkilatına hərracın keçirilməsinin dayandırılması ilə bağlı sifarişçi tərəfindən hər hansı məktub daxil olmamışdır. Məhkəmə eyni zamanda onu qeyd edir ki, icra məmuru tərəfindən hərrac təşkilatına hərracın dayandırılması üçün heç bir əsas da olmamışdır. Belə ki, Binəqədi rayon İcra və Probasiya Şöbəsi tərəfindən Bakı şəhəri 6 saylı Vəkil Bürovunun vəkili Ənnağı Məmmədliyə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubuna əsasən iş üzrə kassasiya şikayətinin Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatına qəbul olunması barədə məlumat şöbənin icraatına daxil olmadığından hərracın dayandırılması mümkün olmaması bildirilmişdir. Beləliklə məhkəmə hesab edir ki, sifarişçi tərəfindən hərracın keçirilməsinin dayandırılması ilə bağlı hərrac təşkilatına hər hansı məktub göndərilmədiyi üçün, eyni zamanda hərrac təşkilatının ipoteka qoyanın tələbi ilə hərracın dayandırılması qanunla müəyyən edilmədiyindən, iddiaçının hərracların etibarsızlığı ilə bağlı tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, hərracın keçirilməsində qanunvericiliyin bütün tələblərinə riayət edilmiş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. AR Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Beləliklə məhkəmə hesab edir ki, keçirilmiş hərracın qanunsuz olması öz təsdiqini tapdığından, iddia tələbləri hərracın yekunları barədə alğı-satqı müqavilələrinin də etibarsız hesab edilməsi hissəsində təmin edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: İddiaçı cavabdeh “X1 Mərkəzi” MMC-yə qarşı xx.xx.2019-cu il tarixdə və xx.xx.2019-cu il tarixdə hərraclar keçirilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı “X1 Mərkəzi” MMC tərəfindən keçirilmiş hərracın nəticələri haqqında Y-136 nömrəli xx.xx.2019-cu il tarixli və Y-140 nömrəli xx.xx.2019-cu il tarixli protokolları və hərracın yekunları üzrə əmlakların alqı-satqısı barədə 2019cu il və xx.xx.2019-cu il tarixli müqavilələrin etibarsız hesab edilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar