Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-757/2023 16.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əzizova Nurlanə Əli qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs AR Baş Prokurorluğunun nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3cü şəxslər qismində X5 və Azərbaycan Respublikası Baş Prokurorluğu cəlb olunmaqla cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi və Bakı şəhəri Cavabdeh2nə qarşı əmlakın həbsdən azad edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxslər qismində X5 və Azərbaycan Respublikası Baş Prokurorluğu cəlb olunmaqla cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi və Bakı şəhəri Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Lexus GX 460” markalı 10AZ603 dövlət qeydiyyat nişanlı avtomaşının və “Toyota Camry” markalı 90AA576 dövlət qeydiyyat nişanlı avtomaşının həbsdən azad ollunması və “Lexus GX 460” markalı 10AZ603 dövlət qeydiyyat nişanlı avtomaşının və “Toyota Camry” markalı 90AA576 dövlət qeydiyyat nişanlı avtomaşının dövlət nəfinə əvəzsiz müsadirə olunması barədə Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icra edilməməli hesab olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2006-cı ildə dövlət qeydiyyatına alınmış və həmin dövrdən uğurlu kommersiya fəaliyyəti ilə məşğul olan kommersiya hüquqi şəxsdir. 19 dekabr 2022-ci ildə poçt vasitəsilə X4 çatdırılmış Nəsimi Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli, 14413- 62028/2019-5-1 saylı məktubunda Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən 40000 manat dəyərində “X12” markalı 90RE505 dövlət qeydiyyat nişanlı avtomaşının, “Lexus GX 460” markalı 10AZ603 dövlət qeydiyyat nişanlı avtomaşının və “Toyota Camry” markalı, 90AA576 dövlət qeydiyyat nişanlı avtomaşının xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı olduğu göstərilməklə, qeyd olunan nəqliyyat vasitələrinin Nəsimi rayon icra şöbəsinə təhvil verilməsi tələb edilmişdir. Məktubda adı çəkilən “X12” markalı 90RE505 dövlət qeydiyyat nişanlı avtomaşının kimə məxsus olması Cəmiyyətə məlum deyil və həmin nəqliyyat vasitəsinin hansı əsasla onlardan tələb edilməsi anlaşılan deyil. “Toyota Camry” markalı 90AA576 dövlət qeydiyyat nişanlı avtomaşın AB № 848502 saylı qeydiyyat şəhadətnaməsinə, “Lexus GX 460” markalı 10AZ603 dövlət qeydiyyat nişanlı avtomaşın isə AC № 335832 saylı qeydiyyat şəhadətnaməsinə əsasən Cəmiyyətin mülkiyyətindədir. Məktubda istinad edilən Bakı Hərbi Məhkəməsinin 1(093)- 7/2018 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin verilməsi üçün əsas olan məhkəmə hökmünün Cəmiyyətlə və ya onun əmlakı ilə heç bir əlaqəsi və ya bağlılığı yoxdur. Belə ki, Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü ilə Cəmiyyətin direktoru X1 qardaşı X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 178.3.1, 178.3.2, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, habelə həmin hökmlə bir sıra digər əmlaklarla yanaşı Cəmiyyətə məxsus adı çəkilən nəqliyyat vasitələrinin xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hökm edilmişdir. Həmin hökmdən Cəmiyyətə məxsus əmlakın xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hissəsindən apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 1-1(103)-40 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti icraata qəbul edilməmiş və həmin qərardan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Apellyasiya instansiyası qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 383-cü maddəsində məhkəmənin hökmündən apellyasiya şikayəti vermək səlahiyyətinə malik olan şəxslərin dairəsi konkret göstərilmiş və həmin normaya əsasən məhkəmə hökmündən maraqlı şəxslərin apellyasiya şikayəti vermək hüququna malik olması öz əksini tapmamışdır. Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı, 23 aprel 2018-ci il tarixli hökmündən məhkum X5 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 1-1(103)-01 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə təmin edilməmişdir. Cəmiyyətin mülkiyyət hüquqlarının müdafiəsi məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə ərizə ilə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1-1(103)-01 saylı qərarından Ali Məhkəmənin Hərbi Kollegiyasına təqdimat verilməsi xahiş edilmişdir. Qeyd olunan ərizəyə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3h-30/2019 saylı cavab məktubunda bildirilmişdir ki, təqsirləndirilən şəxs X5 tərəfindən Ali Məhkəmənin Hərbi Kollegiyasına kassasiya şikayəti verilmişdir və həmin kassasiya şikayətinə baxılarkən ərizəçiyə məxsus olan əmlaklarla bağlı dəlillər qiymətləndirilib nəticəsi barədə məlumat veriləcəkdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1-1(103)-01 saylı qərarından X5 tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin Cinayət Kollegiyasının 1-1(102)-2/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, Gəncə şəhəri, Kəpəz rayonu, Nizami küçəsi “Xalça” firma mağazasının cənub hissəsində yerləşən qeyri-yaşayış binası (Gəncə şəhəri Nizami rayonu, Nizami küçəsi ilə Əhməd Cəmil küçəsinin kəsişməsindəki 131.2 kv.m torpaq sahəsində yerləşən 111.3 kv.m faydalı sahəsi olan mağaza), Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən daşınmaz əmlak, Daşkəsən rayonu, Xoşbulaq kəndində 0,06 ha torpaq sahəsi, Göy-Göl rayonu, Qızılca kəndində yerləşən 0,32 ha 2 torpaq sahəsi, Qusar rayonu, Düztahir kəndində yerləşən 0,74 ha, 0,85 ha, 0,76 ha, 0,42 ha və 0,30 ha torpaq sahələri, ünvan 1 ünvanında yerləşən ev, ünvan 2 ünvanında yerləşən ev, ünvan 3a yerləşən qeyri-yaşayış sahəsi, ünvan 4anındakı evin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasına dair müddəları Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarından və Bakı Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmündən xaric edilmiş və həmin əmlaklar üzərinə qoyulmuş həbs ləğv olunmuş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Beləliklə, Cəmiyyətin mülkiyyətində olan əmlak xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alındığı halda onun səlahiyyətli nümayəndəsi həmin icraat çərçivəsində aparılan proseslərə cəlb edilməmiş və mülkiyyət hüquqlarını müdafiə etmək imkanından məhrum edilmişdir. Həmçinin apellyasiya instansiyası tərəfindən əmlakın müsadirəsini qət etmiş hökmdən şikayət etmək hüququnun olmaması da müəyyən edilmişdir ki, bununla da, sözügedən instansiyanın qərarından kassasiya şikayəti vermək hüququ da əsassız məhdudlaşdırılmışdır. Mülkiyyət hüququnun mülki məhkəmə icraatında müdafiəsi cəhdləri də uğurlu olmamış, məhkəmələr Bakı Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə preyudisial xarakterli sənəd kimi yanaşmış və həmin hökmün mövcud olması səbəbindən iddia tələbi rədd edilmişdir. Halbuki Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 fevral 2022ci il tarixli qərarında cinayət işləri üzrə icraata cəlb edilməyən və yekun məhkəmə qərarı ilə əmlakları məcburi olaraq və əvəzsiz qaydada dövlət nəfinə müsadirə olunan şəxslərin məhkəmə əlçatanlılığı və ədalətli məhkəmə araşdırması hüququnu tanıyan, belə şəxslərin məhkəmə icraatına cəlb edilmədən onlara məxsus əmlakların müsadirə edilməsinin, məhkəmə qərarlarından şikayət hüququnun realizəsinə imkan yaradılmaması hallarının qanunsuz hesab edilməsinə dair mühüm hüquqi mövqe ifadə olunmuşdur. Hesab edir ki, ifadə olunan hüquqi mövqe hazırki iş üzrə xüsusi əhəmiyyət kəsb etməklə, iddiaçının mülkiyyət hüquqlarının müdafiəsinin təminatı rolunda çıxış edir və iddia tələbinin qiymətləndirilməsi zamanı Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi mütləq şəkildə nəzərə alınmalıdır. Həmin qərarda müəyyən olunmuşdur ki, bəzən Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində müəyyən edilmiş əmlakı digər şəxslərin qanuni mülkiyyətində olan əmlakdan ayırd etmək mümkün olmur. Bununla əlaqədar digər şəxslərin mülkiyyətində olan əmlakın cinayət yolu ilə əldə edilmiş əmlak olaraq üzərinə həbs qoyulması məsələsi Azərbaycan Respublikasının beynəlxalq-hüquqi öhdəlikləri nəzərə alınmaqla həyata keçirilməlidir. Əmlakın üzərinə həbs qoyulması məsələsinin həlli zamanı məhkəmə qərarında aşağıdakıları göstərməlidir: bu qərarı qəbul etməsinə səbəb olan konkret faktiki hallar, həmçinin həbs qoyulan əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar qoyulan məhdudiyyətlər, o cümlədən cinayət işi üzrə müəyyən olunmuş ibtidai istintaq müddəti və cinayət işinin məhkəməyə verilməsi üçün lazım olan müddəti nəzərə almaqla əmlaka qoyulan həbsin müddəti; müsadirə olunmalı əmlakın cinayət yolu ilə əldə edilməsinə və ya bu əmlakdan əldə olunmuş gəlir olmasına, yaxud cinayətin törədilməsi üçün silah, alət və ya sair vasitə kimi, yaxud terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün istifadə olunmasına dair məhkəmənin qənaətini əsaslandıran sübutlar. Burada xüsusilə qeyd olunmalıdır ki, cinayət əməlinin törədilməsindən əvvəl əldə edilmiş və ya bu əməl nəticəsində əldə edilməmiş təqsirləndirilən şəxsə və ya digər şəxslərə məxsus əmlaka münasibətdə məcburi cinayəthüquqi tədbir olaraq müsadirə tətbiq edilə bilməz. Lakin cinayət əməli nəticəsində əldə edilmiş ümumi birgə və ya paylı mülkiyyətdə olan əmlaka xüsusi müsadirənin tətbiqi mümkündür. Bu qayda Cinayət-Prosessual Məcəlləsinin 248.3-cü maddəsinin tələblərindən irəli gəlir. Həmin maddəyə əsasən həbs təqsirləndirilən şəxsin ər-arvadın birgə mülkiyyəti və ya onun digər şəxslərlə mülkiyyətindəki payı üzərinə qoyulur. Lakin bu cinayət- hüquqi tədbir tətbiq edilərkən ümumi əmlak üzərində cinayət törədən şəxslə birlikdə birgə və ya paylı mülkiyyət hüququna malik olan şəxslərin, habelə cinayət törədən şəxsin ailə üzvlərinin qanuni mənafelərinin qorunması təmin edilməlidir. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etmişdir ki, cinayət törətməyən və ya cinayət törədən şəxsin hərəkətlərinə görə maddi məsuliyyət daşımayan şəxsin əmlakına əsaslandırılmamış həbsin qoyulması mülkiyyət hüququna qeyri-mütənasib və əsassız müdaxilə kimi qəbul oluna bilər. Bu isə ədalətlilik, hüquq və azadlıqların məhdudlaşdırılmasının mütənasibliyinə və qanuniliyinə dair konstitusiya prinsiplərinə, mülkiyyətin qanunla qorunmasına, məhkəmə müdafiəsi təminatına cavab vermir və Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinin və 60-cı maddəsinin İ hissəsinin tələblərinə ziddir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında işdə iştirak etməyə cəlb olunmayan və məhkəmə qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin hüquqi statusuna aydınlıq gətirərək bildirmişdir ki, işdə iştirak etməyə cəlb olunmayan, barəsində hüquq və azadlıqlarını pozan və yaxud üzərinə əlavə öhdəliklər qoyan qərar çıxarılmış şəxs pozulmuş hüquqlarının bərpası üçün səmərəli vasitələrlə təmin edilməlidir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxsin məhkəməyə apellyasiya şikayəti vermək hüququnun təmin edilməsi həmin şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğu hallarda mümkün hesab edilməlidir. Göründüyü kimi, hazırda Cəmiyyətin mülkiyyət hüququna edilən qanunsuz müdaxilə heç də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda istinad edilən hüquqi mövqeyinə uyğun deyildir. Cəmiyyətin əmlaklarının xüsusi müsadirə edildiyi cinayət mühakimə icraatına onun səlahiyyətli nümayəndəsi cəlb edilməmiş, heç bir izahat alınmamış, ümumiyyətlə həmin əmlakların, o cümlədən hazırki mübahisəli əmlakın nə vaxt, kim tərəfindən və necə əldə olunması məhkəmə araşdırmasının predmeti olmamışdır. Nəzərə alınmalıdır ki, Cəmiyyətin səlahiyyətli nümayəndəsi və ya onun mənafeyi naminə hərəkət edən hər hansı şəxs tərəfindən cinayət törədilməmiş, nəqliyyat vasitələri cinayət yolu ilə əldə edilməmiş və bu halların mövcudluğu heç bir məhkəmə prosesində sübuta yetirilməmişdir. Uzun illər ərzində fəaliyyət göstərən Cəmiyyətin uğurlu kommersiya fəaliyyətindən əldə olunan gəlirlə iki nəqliyyat vasitəsinin əldə edilməsi hansı əsasla cinayət hesab edilə bilər?! Göründüyü kimi, Cəmiyyətin əmlaklarını əsassız və qanunsuz müsadirə edilməsi mülkiyyət hüququnun təminatı və müdafiəsi prinsipləri ilə uzlaşmır. Hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqe əsas götürülməklə Cəmiyyətə məxsus nəqliyyat vasitələrinin müsadirə edilməsi cavabdehlərə qadağan edilməli və həmin əmlaklara münasibətdə Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı, xx.xx.2019-cu il tarixli tarixli icra sənədi üzrə icra icraatına xitam verilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələblərini müdafiə edərək və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs AR Baş Prokurorluğunun nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək, tələbin əsassız olduğundan rədd olunmasını xahiş etmiş və izah etmişdir ki, iş materiallarından da göründüyü kimi həbsdən azad edilməsi tələb olunan "xxxx" MMC-nin adına sənədləşdirilmiş daşınar əmlaklar X6 tərəfindən cinayət əməlinin törədilməsindən sonra, yəni 2013-cü ilin istehsalı olan “Toyota Camry” markalı 90AA576 dövlət qeydiyyat nişanlı avtomaşın 2013-cü ildə və 2014-cü ilin istehsalı olan “Lexus GX 460” markalı 10AZ603 dövlət qeydiyyat nişanlı avtomaşın 2014-cü ildə əldə olunmuşdur. Digər tərəfdən, iddiaçı qeyd edir ki, Cəmiyyətin əmlaklarının xüsusi müsadirə edildiyi cinayət mühakimə icraatına onun səlahiyyətli nümayəndəsi cəlb edilməmiş, heç bir izahatı alınmamışdır. Məhkəməyə təqdim olunmuş ********* nömrəli işdən götürülmüş xx.xx.2016-cı il tarixli şahidin dindirmə protokolundan görünür ki, "xxxx" MMC-nin təsisçisi və direktoru olan X7 ********* nömrəli cinayət işi üzrə şahid qismində dindirilmiş və mübahisəli daşınar əmlaklarla bağlı onun izahatı alınmışdır. Həmin izahatında X7 göstərmişdir ki, "xxxx" MMC 2006-2007-ci illərdə onun tərəfindən təsis edildiyinə baxmayaraq, həmin MMC-nin fəaliyyəti olmamışdır. MMC-nin fəaliyyəti olmadığı üçün hər hansı ofisi və işçiləri də olmamışdır. “Toyota Camry” markalı avtomaşın onun təərəfindən 2013-cü ildə və “Lexus GX 460” markalı avtomaşın isə 2014-cü ildə əldə olunmuşdur. Dövlət avtomaşınları üçün verilən qeydiyyat nişanını almaq üçün həmin avtomaşınları MMC-nin adına sənədləşdirmişdir. Eləcə də, X7 izahatında göstərmişdir ki, o, 2012-2016-cı illərdə "xxxx" ASC-nin “Biznes” filialının rəhbəri vəzifəsində işləmiş və onun aylıq əmək haqqı 700 manat məbləğində olmuş, həmin əmək haqqından başqa onun hər hansı leqal qazanc mənbəyi olmamışdır. Buradan da göründüyü kimi, X7 yuxarıda qeyd olunan avtomaşınları almaq üçün lazımi gəlirə malik olmamışdır və belə gəlirləri barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, cavabdehlərin nümayəndəsi və 3-cü şəxs X5 məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndəsinin və 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, iddiaçının nümayəndəsi və vəkilinin, 3-cü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, aşağıdakılara görə iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan AB № 848502 nömrəli, xx.xx.2013-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamənin surətindən görünür ki, 90AA576 qeydiyyat nişanlı, Toyota Camry minik markalı, sedan tipli, buraxılış ili 2013, mühərrik 0832610, ban TNBFYFKX03023486 qara rəngli avtomaşının sahibi Şah MMC-dir. İş materiallarında olan AC № 335832 nömrəli, xx.xx.2014-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamənin surətindən görünür ki, 10AZ603 qeydiyyat nişanlı, LEXUS GX 460 minik markalı, universal tipli, buraxılış ili 2014, mühərrik 0427342, ban JTJJM7FX05080814 boz rəngli avtomaşının sahibi Şah MMC-dir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-3019/2020 saylı qərarından görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4401/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin cavabdehlər X2, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri Yasamal rayon İcra və probasiya şöbəsinə qarşı daşınmaz əmlakın üzərinə qoyulmuş məhdudiyyətin aradan qaldırılması tələbinə dair iddiası rədd edilmişdir. Bakı apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-3019/2020 saylı qərarı ilə iddiaçı "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü ilə X5 AR Cinayət Məcəlləsinin 145.3, 178.3.1, 178.3.2, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin hökmlə bir sıra digər əmlaklarla yanaşı "xxxx" MMC-yə məxsus “Toyota Camry” markalı 90AA576 dövlət qeydiyyat nişanlı və “Lexus GX 460” markalı 10AZ603 dövlət qeydiyyat nişanlı avtomaşınların xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hökm edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli 1-1-(102)-2/2021 nömrəli qərarından görünür ki, məhkum X5nun kassasiya şikayəti qismən təmin edilərək, məhkum X5nun və qohumlarının adına olan daşınmaz əmlakların məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasına dair müddəalar Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarından və Bakı Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmündən xaric edilmiş, həmin əmlakların üzərinə məhkəmə tərəfindən qoyulmuş həbs ləğv olunmuş, qalan hissədə kassasiya şikayətləri təmin edilməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qərarında izah etmişdir ki, cinayət əməlinin törədilməsindən əvvəl əldə edilmiş və ya bu əməl nəticəsində əldə edilməmiş təqsirləndirilən şəxsə və ya digər şəxslərə məxsus əmlaka münasibətdə məcburi cinayət-hüquqi tədbir olaraq müsadirə tətbiq edilə bilməz. Lakin cinayət əməli nəticəsində əldə edilmiş ümumi birgə və ya paylı mülkiyyətdə olan əmlaka xüsusi müsadirənin tətbiqi mümkündür. Bu qayda Cinayət-Prosessual Məcəlləsinin 248.3-cü maddəsinin tələblərindən irəli gəlir. Həmin maddəyə əsasən həbs təqsirləndirilən şəxsin ər-arvadın birgə mülkiyyəti və ya onun digər şəxslərlə mülkiyyətindəki payı üzərinə qoyulur. Lakin bu cinayət- hüquqi tədbir tətbiq edilərkən ümumi əmlak üzərində cinayət törədən şəxslə birlikdə birgə və ya paylı mülkiyyət hüququna malik olan şəxslərin, habelə cinayət törədən şəxsin ailə üzvlərinin qanuni mənafelərinin qorunması təmin edilməlidir. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi vacib bilir ki, cinayət törətməyən və ya cinayət törədən şəxsin hərəkətlərinə görə maddi məsuliyyət daşımayan şəxsin əmlakına əsaslandırılmamış həbsin qoyulması mülkiyyət hüququna qeyri-mütənasib və əsassız müdaxilə kimi qəbul oluna bilər. Bu isə ədalətlilik, hüquq və azadlıqların məhdudlaşdırılmasının mütənasibliyinə və qanuniliyinə dair konstitusiya prinsiplərinə, mülkiyyətin qanunla qorunmasına, məhkəmə müdafiəsi təminatına cavab vermir və Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinin və 60-cı maddəsinin İ hissəsinin tələblərinə ziddir. Kostitusiya Məhkəməsinin Plenumu yuxarıda qeyd olunan qərarında eləcə də göstərmişdir ki, qanunvericilik qaydasında müvafiq tənzimləmə həyata keçirilənədək Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində və Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə cinayət işi üzrə icraatda iştirak etməyən, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxs hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda cinayət işi üzrə icraata üçüncü şəxs qismində cəlb edilə bilər. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işlərə baxan məhkəmələr üçün yalnız cinayətin törədilib-törədilməməsi və bu cinayətin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi hissəsində məcburi qüvvəyə malikdir. Göstərilənlərə əsasən belə qənaətə gəlmək olar ki, Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinə müvafiq olaraq cinayət işi üzrə icraatda iştirak etməyən, məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin xüsusi müsadirə edilməli olan əmlakın kimə mənsub olması haqqında iddiası üzrə işə baxan məhkəmə üçün qanuni qüvvəyə minmiş hökm yalnız cinayət hadisəsinin olub-olmaması və bu cinayətin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi hissəsində preyudisial xarakter daşıyır. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsi müsadirə olunması müəyyən olunmuş konkret əmlakın hökmdə göstərilməsinin üçüncü şəxslərə mülki məhkəmə icraatı qaydasında bu əmlaka dair öz mülkiyyət hüquqlarını sübut etməyə maneə yaratmasına səbəb olmur. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü ilə X5 AR Cinayət Məcəlləsinin 145.3, 178.3.1, 178.3.2, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin hökmlə bir sıra digər əmlaklarla yanaşı "xxxx" MMC-yə məxsus “Toyota Camry” markalı 90AA576 dövlət qeydiyyat nişanlı və “Lexus GX 460” markalı 10AZ603 dövlət qeydiyyat nişanlı avtomaşınların xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hökm edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli 1- 1-(102)-2/2021 nömrəli qərarı ilə məhkum X5nun kassasiya şikayəti qismən təmin edilərək, məhkum X5nun və qohumlarının adına olan daşınmaz əmlakların məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasına dair müddəalar Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarından və Bakı Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmündən xaric edilsə də, hazırki iş üzrə mübahisə predmeti olan avtomaşınlara aid hissədə kassasiya şikayəti təmin edilməmişdir. İddiaçı iddia tələbinin əsası kimi mübahisələndirilən nəqliyyat vasitələrinin uzun illər ərzində fəaliyyət göstərən Cəmiyyətin uğurlu kommersiya fəaliyyətindən əldə olunan gəlirlə alındığını, Cəmiyyətin əmlaklarının xüsusi müsadirə edildiyi cinayət mühakimə icraatına onun səlahiyyətli nümayəndəsinin cəlb edilmədiyini, heç bir izahatının alınmadığını, həmin əmlakların nə vaxt, kim tərəfindən və necə əldə olunmasının araşdırılmadığını göstərmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olunmuşdur ki, mübahisə predmeti olan nəqliyyat vasitələri X6 tərəfindən cinayət əməlinin törədilməsindən sonra, yəni 2013-cü ilin istehsalı olan “Toyota Camry” markalı 90AA576 dövlət qeydiyyat nişanlı avtomaşın 2013-cü ildə və 2014-cü ilin istehsalı olan “Lexus GX 460” markalı 10AZ603 dövlət qeydiyyat nişanlı avtomaşın isə 2014-cü ildə əldə olunmuş və hər iki avtomaşın "xxxx" MMC-nin adına sənədləşdirilmişdir. Eləcə də müəyyən olunmuşdur ki, "xxxx" MMC-nin təsisçisi və direktoru olan X7 ********* nömrəli cinayət işi üzrə şahid qismində dindirilmiş və mübahisəli daşınar əmlaklarla bağlı onun izahatı alınmışdır. Həmin izahatında X7 göstərmişdir ki, "xxxx" MMC 2006-2007-ci illərdə onun tərəfindən təsis edildiyinə baxmayaraq, həmin MMC-nin fəaliyyəti olmamışdır. MMC-nin fəaliyyəti olmadığı üçün hər hansı ofisi və işçiləri də olmamışdır. “Toyota Camry” markalı avtomaşın onun təərəfindən 2013-cü ildə və “Lexus GX 460” markalı avtomaşın isə 2014-cü ildə əldə olunmuşdur. Dövlət avtomaşınları üçün verilən qeydiyyat nişanını almaq üçün həmin avtomaşınları MMC-nin adına sənədləşdirmişdir. X7 izahatında göstərmişdir ki, o, 2012- 2016-cı illərdə "xxxx" ASC-nin “Biznes” filialının rəhbəri vəzifəsində işləmiş və onun aylıq əmək haqqı 700 manat məbləğində olmuş, həmin əmək haqqından başqa onun hər hansı leqal qazanc mənbəyi olmamışdır. Beləliklə, məhkəmə iş üzrə sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, X3 təsisçisi və direktoru olduğu "xxxx" MMC yuxarıda qeyd olunan avtomaşınları almaq üçün lazımi gəlirə malik olmamışdır. "xxxx" MMC-nin həmin illər üzrə gəlirlərinə dair hər hansı sübut işə baxılarkən iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərə əsasən iddia tələbi əsassızdır və ona görə də, təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı "xxxx" MMC-nin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxslər qismində X5 və Azərbaycan Respublikası Baş Prokurorluğu cəlb olunmaqla cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi və Bakı şəhəri Cavabdeh2nə qarşı əmlakın həbsdən azad edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-757/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-757/2023
16.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver