Məhkəmə qərarları › İş №2(009)-767/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-767/2022

06.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-767/2022 06.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə1, Cavabdeh, onun vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “su çəninin sökülməsi və həyətdən çıxarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X6 qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan həyətdə xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə bitişik atmalar üzərində yerləşdirilmiş cavabdehə məxsus bir tonluq su çəninin və çənin ləvazimatlarının (atmaların və s.) cavabdehin hesabına sökülərək həyətdən çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq onun hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsi, ev 13D ünvanında olan fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. 47.20 kvadratmetr ümumi sahəsi olan fərdi yaşayış evi AR ƏMDK yanında DƏDRX-də Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Ona məxsus olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi (0.005590 ha) üzərində istifadə hüququ qeydiyyata alınmışdır. Onunla qonşu olan Cavabdeh bir tonluq su çənini ona məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsində, həyətin daxilində, evinə birləşən 4 ədəd atmaların üzərində, yerdən təxnminən 2.5 metr hündür məsafədə yerləşdirmişdir. Dəfələrlə su çəninin nəzarətsiz vəziyyətdə qalması səbəbindən su çəni su ilə daşır və su həyətə axır, evin yan divarı su ilə nəmlənir. Nəticədə evin içində rütubətlilik yaradır, evin təmirinə zərər gətirir. Bundan başqa, evinin su çəninə bitişik həmin divarı qəzalı vəziyyətdə olduğu üçün təmirə ehtiyacı vardır. Su çəninin həmin divara birləşdirilməsi səbəbindən təmir üçün şərait yoxdur. Dəfələrlə su çəninin sökülərək həyətindən çıxarılması barədə xəbərdarlıq etsə də, cavabdeh onun xəbərdarlığına məhəl qoymur, çənin sökülərək həyətindən çıxarılması ilə bağlı hər hansı bir tədbir görmür. Göründüyü kimi Cavabdeh onun xüsusi mülkiyyətində olan fərdi yaşayış evi üzərində mülkiyyət və torpaq sahəsi üzərində olan istifadə hüquqlarının həyata keçirilməsinə maneə yaradır. Bundan başqa, nəm divarın və rütubətliliyin olması səbəbindən özünün və ailə üzvlərinin səhhəti üçün təhlükəli vəziyyət yaranmışdır. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və bildirmişdir ki, 2019-cu ildə hazırda yaşadığı evi almışlar və orada yaşayırlar. Hazırda yaşadığı evə köçərkən cavabdehin su çəni onun mülkiyyətində olan torpaq sahəsində yerləşirdi. Su çəninin onun mülkiyyətimdə olan torpaq sahəsində yerləşməsi onlara və evinə müəyyən problemlər yaşadır. Dəfələrlə bununla bağlı cavabdehə müraciət etsələr də, müraciətləri cavabsız qalmışdır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək onun təmin edilmədən saxlanılmasını xahiş etmiş və bildirmişdir ki, 2003-cü ildə yaşadıqları evi almışdır. Evi alarkən su çəni həmin ərazidə olmuşdur və su çəninin başqa yerdə yerləşdirilməsi mümkün deyildir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, iddia tələbi əsassızdır və aşağıdakılara görə təmin edilməməlidir. İş materiallarında olan Daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2020-ci il tarixli, ********** nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvan İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2008-ci il tarixli ********** nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsi, dalan 2-də istifadədə olan 0.04848 ha torpaq sahəsində yerləşən 6 ədəd 1 mərtəbəli, 15 otaqlı, 208.5 kv.m yaşayış, 168.6 kv.m köməkçi sahədən ibarət 13 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə Cavabdeh E tikilisi (3 otaq- y/s 46.9 kv.m, ü/s 67.9 kv.m.), Cabbarova Surayənin Q tikiİisi (2 otaq-y/s 25.6 kv.m., ü/s 47.2 kv.m.), X4 V tikilisi (2 otaqy/s 19.2 kv.m., ü/s 36.4 kv.m.), X2 D tikilisi, X1 B tikilisi, X5 A tikilisi (2 otaq-y/s 38.0 kv.m., ü/s 69.2 kv.m.) adlarına daşınmaz əmlakın dövlət reyestrində 89 nömrəli reyestr kitabının 8083 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2407 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə və cavabdehin yaşayış evinə bitişik şəkildə şveller üzərində quraşdırılmış (iddiaçı və cavabdehə məxsus) su çənləri torpaq üzərində quraşdırılmadığı müəyyən edilir. Lakin həmin çənlər fəzada yerləşməklə iddiaçıya məxsus torpaq sahəsinin üstündə yerləşdiyi müəyyən edilmişdir. Cavabdeh məxsus su çənindən axan su İddiaçı məxsus mənzilə ziyan vurmadığı müəyyən edilir. ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə və cavabdehin yaşayış evinə bitişik şəkildə şveller üzərində quraşdırılmış (iddiaçı və cavabdehə məxsus) su çənləri həmin ünvanda yaşayan iddiaçı NovruzovaGülarə Mirəli qızına və onun ailə üzvlərinin həyat və sağlamlıqları üçün təhlükə yaradıb yaradmaması məsələsi tikintitexniki eksperti səlahiyyətlərindən kənardır. Lakin su çənlərinin (iddiaçıya və cavabdehə məxsus) iddiaçıya məxsus ünvan 3 ünvanda yerləşən mənzilindən istifadəsi üçün hər hansı maneə törətmədiyi müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahib mülkiyyətində olan əmlaka sahiblik etməyə maneələrin aradan qaldırılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə əsasəy qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Mülki Məcəllənin 171-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Məhkəmə tərəfindən sübutların tədqiqi ilə müəyyən olundu ki, İddiaçı məxsus ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə və cavabdehin yaşayış evinə bitişik şəkildə şveller üzərində quraşdırılmış iddiaçı və cavabdehə məxsus su çənləri torpaq üzərində quraşdırılmamışdır, həmin çənlər fəzada yerləşməklə iddiaçıya məxsus torpaq sahəsinin üstündə yerləşir. Cavabdehə məxsus su çəni iddiaçıya məxsus ünvan 3 ünvanda yerləşən mənzilindən iddiaçının və onun ailə üzvlərinin istifadəsi üçün hər hansı maneə törətmir. Eləcə də məhkəmə iclasında müəyyən olundu ki, cavabdehə məxsus su çənindən axan su iddiaçıya məxsus mənzilə ziyan vurmur, iddiaçıya məxsus mənzilə ziyan dəyməsi ilə bağlı hər hansı sübut məhkəmə iclasında da təqdim olunmamışdır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək, məhkəmə hesab edir ki, cavabdehin istifadəsində olan su çəninin iddiaçının öz mənzilindən istifadəsinə maneçilik törətməklə sonuncunun hüquqlarını pozması barədə nəticəyə gəlmək üçün əsas yoxdur. Ona görə də, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “su çəninin sökülməsi və həyətdən çıxarılması” tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat İddiaçı tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: X3, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************, SWİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar