Məhkəmə qərarları › İş №2(009)-77/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-77/2025

07.11.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-77/2025 07.11.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə istifadə hüquqununa xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə istifadə hüquqununa xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri, Səbail r-nu, Əlibəyov Qardaşları küçəsi, 49 saylı ev onun xüsusi mülkiyyətindədir. Həmin mənzilə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2021-ci il tarixdə çıxarış verilmişdir. Lakin iş üzrə olan cavabdehlər mübahisəli mənzildə yaşamadıqlarına baxmayaraq onlar qanunsuz olaraq qeydiyyatda qalmışlar. Cavabdehlərin birgə yaşamamasına baxmayaraq, həmin mənzildə pasport qeydiyyatında qalması onun mülkiyyətçi kimi bir sıra hüquqlarımı məhdudlaşdırır. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və onun yetkinlik yaşına çatmayan qızı X2 Bakı şəhəri, Səbail r-nu, Əlibəyov Qardaşları küçəsi 49 saylı evə istifadə hüquqları itirilmiş hesab olunması və qeydiyyatdan çıxarılması üçün əsas olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir.İddiaçı həmçinin izahatında göstərmişdir ki, cavabdehlərdən Cavabdeh2 və Cavabdeh3 onun mülkiyyətində olan evə istifadə hüququnun olmaması məhkəmə qətnaməsi ilə müəyyən edilmiş, digər Cavabdeh1 onun keçmiş həyat yoldaşıdır, 2019-cu ildə onunla boşanmış, bir müddət Bəhruz orada yaşasa da, o, hazırda onun evindən istifadə edilməsinə razı deyil, istifadə hüququnun itirilməsini və qeydiyyatının ləğvini istəyir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsində yerləşən ümumi sahəsi 222,9 kv.m olan 49 saylı evin 1 otaq sahəsi 19,8 kv.m mülkiyyətçisi X1, 1-ci mərtəbədə 2 otaq sahəsi 36 kv.m hissənin mülkiyyətçisi X8, qalan hissənin mülkiyyətçisi X5r. İş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş arayışa əsasən Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsində yerləşən 49 saylı evin qalan hissəsi Cavabdeh1 tərəfindən Bakı şəhəri, 2 saylı DNK-nın 4Ə-158 reyestr nömrəli xx.xx.2017-ci il tarixli bağışlanma müqaviləsinə əsasən X6 adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. İş üzrə Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən verimiş xx.xx.2020-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh1 ilə X11 arasında Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında nikahın pozulmasına dair 191 saylı akt qeydi icra edilmişdir. İş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-842/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçılar Cavabdeh3 və Cavabdeh2 cavabdehlər Cavabdeh1, X9, DƏDRXnın 1 saylı Bakı Ərazi İdarəsinə və 28 saylı Notariat Ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin və bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və s.” barədə iddia tələbi təmin edilməmişdir.Həmin qətnamənin əsaslandırıcı hissəsində müəyyən edilmişdir ki, iddiaçılar Cavabdeh3 və Cavabdeh2 xx.xx.20219-cu il tarixli ərizələrlə X9 məxsus Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsi, ev 49 ünvanda yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüş, bununla da həmin evə aid istifadə hüquqlarından imtina etmişlər. Mübahisəli evdə iddiaçıların uzun müddətdir yaşamadığını, həmin evin hazırda İ.Əliyevanın xüsusi mülıkiyyətində olduğunu, iddiaçıların onunla artıq heç bir qohumluq əlaqələrinin qalmadığını və iddiaçıların evə olan yaşayış və istifadə hüquqlarından könüllü olaraq imtina etdiklərini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddiaçıların sözügedən evə köçürülmələrinə heç bir hüquqi əsas yoxdur. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-82/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-842/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə Ali Məhəmənin 2(102)-2738/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-82/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 1(009)-230/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh1 AR CM-nın 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İş üzrə Səbail rayon MKTB-nın 46 saylı MKİS tərəfindən vəkil sorğusuna cavab məktubuna əsasən Cavabdeh2, qızı- Cavabdeh3 və nəvəsi X7 ilə birlikdə ünvan 1 ünvanda 2009-cu ildən halhazıra kimi yaşayırlar. Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsində yerləşən 49 saylı və 49 B saylı evlər ayrı-ayrı evlərdir, giriş qapıları ayrıdır. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsi, 49 saylı ev Cavabdeh1 mülkiyyətində olan hissəsi Bakı şəhəri, 2 saylı DNK-nın 4Ə-158 reyestr nömrəli xx.xx.2017-ci il tarixli bağışlanma müqaviləsinə əsasən X9 bağışlanmış, Cavabdeh1 X11 ilə nikahda olmuş və onların nikahları xx.xx.2019-cu il tarixdən pozulmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsində yerləşən ümumi sahəsi 222,9 kv.m olan 49 saylı evin 1 otaq sahəsi 19,8 kv.m-nin mülkiyyətçisi X1, 1-ci mərtəbədə 2 otaq sahəsi 36 kv.m hissənin mülkiyyətçisi X8, qalan hissənin mülkiyyətçisi X10r. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Cavabdeh3 və Cavabdeh2 xx.xx.20219-cu il tarixli ərizələrlə X9 məxsus Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsi, ev 49 ünvanda yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxmağı öhdəsinə götürmələri, bununla da həmin evə aid istifadə hüquqlarından imtina etmələri, mübahisəli evdə iddiaçıların uzun müddətdir yaşamadıqları, həmin evin hazırda İ.Əliyevanın xüsusi mülkiyyətində olduğu, iddiaçıların onunla artıq heç bir qohumluq əlaqələrinin qalmadığı və iddiaçıların evə olan yaşayış və istifadə hüquqlarından könüllü olaraq imtina etdikləri kimi hallar nəzərə alınaraq məhkəmə hesab etmişdir ki, iddiaçıların qeydiyyatda olduqları sözügedən evə köçürülmələrinə heç bir hüquqi əsas yoxdur. İddiaçı tərəfdən irəli sürülən tələbdən görünür ki, iş üzrə olan cavabdehlər mübahisəli mənzildə yaşamadıqlarına baxmayaraq onlar qanunsuz olaraq qeydiyyatda qalmışlar, cavabdehlərin birgə yaşamamasına baxmayaraq, həmin mənzildə pasport qeydiyyatında qalmaları onun mülkiyyətçi kimi bir sıra hüquqlarını məhdudlaşdırır, ona görə iddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və onun yetkinlik yaşına çatmayan qızı X3 Bakı şəhəri, Səbail r-nu, Əlibəyov Qardaşları küçəsi 49 saylı evə istifadə hüquqları itirilmiş hesab olunması və qeydiyyatdan çıxarılması üçün əsas olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə Cavabdeh2, Cavabdeh3 və onun yetkinlik yaşına çatmayan qızı X3 mübahisəli evə istifadə hüquqlarının itirilməsi ilə bağlı tələbə qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququna Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa «İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında» 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun (bu Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ— subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından qeyd edir ki, göstərilən cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə yaşamamaqla yaşayış yeri üzrə qeydiyyatların mövcudluğu iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Digər tərəfdən göstərilən hal qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə də təsdiqini tapmışdır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. «Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli Qərarının 7-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 82.2, 82.3-cü maddələrində nəzərdə tutulmuş məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşdırılır və MPM-nin 82.3-cü maddəsinin məzmununa əsasən, yalnız aşağıdakı şərtlər daxilində mövcud olur: - konkret fakt işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir mülki iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş olmalıdır; - bu fakt həmin işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir iş üzrə də sübutetmə predmetinə aid olmalıdır. Yəni qətnamə ilə müəyyən edilən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıması nəzərə alınmalıdır. Yəni qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Cavabdeh2 və Cavabdeh3 hazırda mübahisə predmeti olan fərdi yaşayış evindən qeydiyyatdan çıxmağı öhdələrinə götürmələri, bununla da həmin evə aid istifadə hüquqlarından imtina etmələri, mübahisəli evdə iddiaçıların uzun müddətdir yaşamamaları müəyyən edilmişdir. Bu səbəbdən həmin faktın yenidən sübut edilməsi yolverilməz hesab edilməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 və Cavabdeh3 münasibətdə əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddia tələbi həmçinin yetkinlik yaşına çatmayan Cavabdeh3 qızı- X4 istifadə hüququnun itirilməsi hissəsində də əsaslı hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə iddia tələbinin Cavabdeh1 münasibətdə aşağıdakıları qeyd edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsində yerləşən 49 saylı evin hissəsinin əvvəlki mülkiyyətçisi olmuş Cavabdeh1 bağışlama müqaviləsi əsasında həmin hissəni nikahda olduğu X9 Notariat Kontorunda bağlanılmış müqavilə əsasında 2017-ci ildə bağışlamış və onlar arasında 2019-cu il tarixdə pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 670.1-ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Bağışlama müqaviləsi əvəzsiz əqd olmaqla daşınmaz əmlaklar barəsində notariat qaydasında təsdiq edildiyi andan etibarlı olur və daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı andan əldə edənə keçir. Bağışlama müqaviləsinə əsasən hədiyyə verən sağ ikən öz əmlakının bir hissəsinin heç bir cavab xidməti ilə şərtləndirilmədən hədiyyə alana bağışlayaraq onu zənginləşdirir. Bağışlama müqaviləsi şəxsin təmənnasız xeyirxah iradəsinin ifadəsinə əsaslanır. Mülki Məcəllənin bağışlama haqqında müddəalarından həmçinin görünür ki, bağışalma müqaviləsi hər hansı şərtlərdən və ya öhdəliklərdən asılı edilə bilər. Belə ki, hədiyyə verən hədiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan müxtəlif öhdəliklər qoya bilər. Belə öhdəliklər dövlət mənafeyi, ictimai mənafe, hədiyyə verənin və ya başqa şəxslərin xeyrinə qoyula bilər. Burada nəzərə alınmalıdır ki, öhdəlik bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalı, hədiyyə verənin zənginləşməsi və ya hər hansı maddi təminat əldə edilməsi ilə bağlı olmamalıdır. Məhkəmə qeyd ki, tərəflər arasında bağışlama müqaviləsi bağlanarkən həmin müqavilədə hər hansı qeyri-şərt, yaxud öhdəliyin yerinə yetirilməsi nəzərdə tutulmamış, həmçinin bağışlama heç bir şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, bağışlama müqaviləsi nəticəsində bağışlayan şəxsin əmlak üzərində olan mülkiyyət hüquqları (istifadə, sahiblik və sərəncam) itirilmiş olur. Lakin məhkəmə qeyd edir ki, Cavabdeh1 mübahisəli evi həyat yoldaşı İlahə Əliyevaya bağışladıqdan sonra, yəni həmin əmlak üzərində mülkiyyət hüquqlarını itirdikdən sonra ailə üzvü olaraq həmin evdə yaşamağı davam etdirdiyindən onun ailə üzvü kimi mübahisəli evə 2017-ci ildən sonra istifadə hüquqları yaranmışdır. Məhkəmə qeyd edir ki, Cavabdeh1 mübahisəli evə istifadə hüququna qiymət verilərkən hüquq münasibətinin yarandığı və davam etdiyi dövrdə qüvvədə olan qanunvericiliyin norması tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, 2017-ci ildən sonra Cavabdeh1 mübahisəli evə istifadə hüququnun mövcudluğu ilə bağlı hala qüvvədə olan AR Mənzil Məcəlləsinin müddəaları baxımından hüquqi qiymət verilməlidir. AR Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından göründüyü kimi mülkiyyətçinin digər qohumları, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarına əsasən: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Qanunvericiliyin qeyd edilən normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, Cavabdeh1 2017-ci ildən mübahisəli mənzilə istifadə hüququ əldə etmişdir. Lakin məhkəmə eyni zamanda qeyd edir ki, tərəflər arasında 2019-cu ildən nikahları pozulduğundan, bununla da ailə münasibətlərinə xitam verildiyindən Cavabdeh1də mübahisəli evə istifadə hüququ itirilmiş olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. AR Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Mənzil Məcəllənin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmanın hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir.” Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında verilmiş şərhinə əsasən qeyd edir ki, Cavabdeh1 mübahisəli evi bağışladıqladan sonra həmin evdə ailə üzvü kimi yaşayan zaman AR Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən həmin mənzilə mülkiyyətçi ilə bərabər istifadə hüququna malik olmuşdur. Lakin məhkəmə tərəflər arasında nikah münasibətlərinə xitam verilməsini, Cavabdeh1 iddiaçının ailə üzvü sırasından çıxmasını, iddiaçının ona qarşı qaldırdığı tələbi də nəzərə alaraq hesab edir ki, Cavabdeh1 mübahisəli mənzilə yaranmış istifadə hüququ saxlanıla bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh1 qarşı irəli sürülmüş iddia tələbi də əsaslıdır və təmin edilməlidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə sübutlara məcmu şəkildə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaldırılan tələb əsaslı hesab edilməli, cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və onun yetkinlik yaşına çatmayan qızı X2 Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsində yerləşən 49 saylı evə istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və onun yetkinlik yaşına çatmayan qızı X2 yaşayış yeri üzrə qeydiyyatının ləğv edilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar