Məhkəmə qərarları › İş №2(009)-836/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-836/2024

01.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-836/2024 01.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsivəkili X3 iştirakları ilə, İddiaçı - cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “qanunsuz inzibati qaydada tutma, inzibati məsuliyyətə cəlb etmə nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə 01 may 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “qanunsuz inzibati qaydada tutma, inzibati məsuliyyətə cəlb etmə nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15.000 manat maddi zərərin və 35.000 manat mənəvi zərərin onun xeyrinə tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə gecə təxminən saat 00.40/1.00 radələrində,uşağı xəstələndiyi üçün dərman alıb geri qayıdarkən, Sumqayıt şəhərindən Saray qəsəbəsi istiqamətində şəxsi avtomobil ilə hərəkətdə olarkən 18 mk. ərazisində “Daş bazar’adlanan yerdə iki YPX ekipajının əməkdaşları reyd keçirirdilər və hər iki istiqamətdə bütün avtomobilləri saxlayaraq yoxlayırdılar. Növbə onaçatanda YPX əməkdaşı avtomobilinin pəncərəsindən əvvəl əlini sonra isə başını içəriyə saldı. Nəfəsindən üzünə pis qoxu gəldiyi üçün o yoxlamanı polis təlimatina uyğun aparmağı xahiş etdi və onu saxlama səbəbini soruşdu. Onun xahişinə baxmayaraq YPX əməkdaşı özünü təqdim etmədi və saxlanma səbəbini bildirmədi. O bir neçə dəfə saxlanma səbəbini soruşduqda YPX əməkdaşı bunun alkaqol yoxlanışı ilə əlaqədar “reyd” olduğunu bildirdi.Bilindiyi kimi, reydlər o halda keçirilir ki, bununla bağlı müvafiq plan-tapşırıq olur və Yol polisi rəhbərinin və yaxud ərazi polis şöbəsinin rəhbərinin tərtib etdiyi plan-tapşırıq əsasında müəyyən vaxtlarda, müəyyən ərazilərdə keçirilir. Reydlərin hansısa ayrı-ayrı inspektorlar tərəfindən təkbaşına keçirilməsinə yol verilmir. YPX əməkdaşları özlərini, “Polis haqqında” Qanundan, “Yol hərəkəti haqqında” Qanundan,“Yol-patrul xidməti haqqmda Təlimatdan”və onların vəzifələrinə aid digər normativ hüququ aktlarından xəbərsiz aparırdılar. O, alkaqol qəbul edib-etmədiyini yoxlamaq üçün Təlimata uyğun olaraq alkotestr və reydin keçirilməsi üçün “plan-tapşırıq” və ya bu barədə hər hansı sənədin təqdim edilməsini YPX əməkdaşndan xahiş etdi. YPX əməkdaşı “Gəl sənədi sənə göstərərik, həmdə yoxlayarıq!” cavabını verdi. O da avtomobilini yolun kənarına çəkib saxladı və YPX əməkdaşının arxasınca getdi. Lakin onlar zarafatlaşır və ona baxaraq gülürdülər. Bir neçə dəqiqədən sonra o polis əməkdaşına yaxınlaşaraq sənədi göstərəcəklərini və onu yoxlayacaqlarını bir daha soruşdu. Bu zaman o “nə sənəd ее” deyib bir daha güldülər. O reaksiya verməyərək getmək istəyirdi ki, yandan bir nəfər “nə istəyirsən əəə, sənə nə lazımdır əəə” deyərək ona yaxınlaşdı və sinəsini onum çiyninə söykədi. O bildirdi ki, o “əə” deyil vətəndaşdır. Daha sonra xahiş etdi ki, polis təlimatına uyğun olaraq onunla davransın. Bu zaman əvvəlki YPX əməkdaşı (X9) “komandir, reydin sənədi ilə tanış olmaq və alkotestrlə yoxlanmaq istəyir” deyə cavab verdi. Döş nişanı 0109 olan YPX zabiti (X8) bir daha ona “əəə nə sənəd, sən deyəsən çaşmısan” deyərək aqresivlik göstərməyə başladı. Daha sonra dedi: - Sənin başına elə oyun açarıq onda bilərsən sənəd nədir! O onun bu davranışının polis təlimatına uyğun olmadğını bildirdi və sakit tərzdə danışmasını xahiş etdi. O isə yenədə ona aqressiv yanaşaraq “əəəə sən ona qanun öyrədəcəksən?, yaxşı eləyirəm o beləyəm başqasözün var? Bu səlahiyyəti ona nazirim verib, və arxamdada dayanıb” deyərək cavab verdi. Daha sonra bildirdi ki, “əəəə sənə sənəd lazımdırsa get şöbədədir ordan götür bax”. O bir daha ona “əəə” deyə müraciət etməməsini xahiş etdi. Daha sonra xahiş etdi ki, ona hansı şöbəyə getməyini bildirsin və onu kimin göndərdiyini deyə bilməyi üçün adını desin. Bu zaman “əəəə sən nə deyirsən eeee bura gəl” deyərək onu yolun kənarına çəkdi. YPX zabiti Bəhruz “buna bir konfet verin” deyərək, digər polis əməkdaşlarına müraciət etdi və bir yerdə istehzalı şəkildə gülüşməyə başladılar. Əlində tutduğu konfeti zorla ona yedizdirməyə çalışdı. Həmçinin digər polis əməkdaşlarına da təzyiq etdi ki, buna konfet yedizdirin. O bir daha bu hərəkətlərin polis təlimatına, prosedurlara, həmçinin qanun və qaydalara uyğun olmadığını bildirdi və bu cür təhqiramiz hərəkətlərə son qoymağı xahiş etdi. Daha da aqresivləşən YPX zabiti (döş nişanı 0109) irəli gələrək qarnını onun qarnına söykədi. O geri çəkildi, o isə yenədə gəlib ona söykənərək polis papağının uc hissəsi ilə bir neçə dəfə başına vurmağa başladı. Heç bir reaksiya vermədiyini görüncə əlnmdəki telfonu qəflətən aldı. Heç bir reaksiya vermədiyini görüncə sinəsindən itələməyə başladı. O sakit səkildə telefonunun geri qaytarılmasını dəfələrlə xahiş etsədə Bəhruz adlı YPX əməkdaşı telefonu qaytarmadı və ona “əəə itlGör sənin başına nə oyun açacağıq!” deyə qışqırdı. Dəfələrlə xahiş etdi ki, evdə xəstə uşaq var təcili dərman aparmalıdır. Lakin, o onun xahişlərinə məhəl qoymur onu hər hansı kobud davranış göstərməyinə təşviq edirdi. O ona bu qanunsuz hərəkətləri haqqında rəislərinə şikayət edəcəyini bildirdi. O isə cavabında rəislərinin də ünvanına söyüş söydü və bildirdi ki, buranın rəisi mənəm get kimə istərsən de. Heç birhərəkəti ilə onu səhv addım atmağa təhrik edə bilməyən YPX zabiti Bəhruz özünü vəziyyətdən çıxarmaq üçün Post Patrul xidmətinin əməkdaşlarını çağırdı və ona aqressiv şəkildə dedi: - İndi səni “katalaşkaya” basıb aparıb orda başına oyun açacağıq! –Mən kimin adamiyam sən hələ bilmirsən. PPX əməkdaşları dərhal gəldilər. Maşını yolun əks kənarında saxlayıb müşahidə etdilər və onun hər hansı aqressiv hərəkətlərini görmədikdə sakitcə yaxınlaşıb YPX zabiti Bəhruzdan nə baş verdiyini soruşdular. O isə istehza ilə PPX əməkdaşlarına bildirdi ki, “konfet yedizdirmək istəyirik, yemir” (bu faktı PPX əməkdaşları da təsdiq edə bilərlər). PPX əməkdaşları ona qarşı bu davranışın düzgün olmadığını görüb susdular. Onların bu susqunluğunu görən Bəhruz Ələmov dərhal bildirdi ki, -Yazarsınız əmrə tabe olmayıb! Bundan sonra PPX əməkdaşları ona onların xidməti maşınına əyləşməyi bildirdilər. O sakit şəkildə onlarin maşınına əyləşdi. Hətta maşında olarkən yenədə Bəhruz Ələmov yanında başqa bir polis əməkdaşı ilə gələrək “görərsən orda sənin başına nə oyun açacağıq” və bu kimi digər təhrikedici sözlər deyərək yenədə onu qıcıqlandırmağa çalışdılar. Yanındakı polis də ona dəstək verərək təhqiramiz ifadələr işlədərək ona dəstək verirdi. O isə onlara bildirdi ki, evdə xəstə uşaq var ona təcili dərman aparmalıdır, nə edəcəksinizsə tez edin onu gözləyirlər. Daha sonra YPX xidməti əməkdaşlarının yersiz hərəkət etdiklərini görən PPX əməkdaşları maşına əyləşdilər və onu Sumqayıt şəhər 1 saylı polis bölməsinə gətirdilər. Bütün bunlar şəhər müşahidə kamerasının altında və iki YPX maşınının kameraları önündə baş verib. Orda izahat otağında onu təxminən 40 dəqiqə gözlətdikdən sonra Bəhruz Ələmov əlində sənədlə gəldi. İçəri girib ona iztehza və hirslə baxaraq, “necədi buralar gözəldir? xoşuna gəlir? bunu istəyirdin başına oyun açaq?” deyərək yenədə onu hər hansı qanunsuz hərəkət etməyinə təhrik etməyə çalışdı. Lakin, o reaksiya vermədi. Daha sonra odən heç bir izahat almadan onu çox kiçik, havasız, çox natəmiz (hətda içəridəkilər tualetə aparmadıqlarından içəridəki fanta, kola qablarına sidiyə gedirdilər} otağa saldılar. İçəridə odən basqa 5 nəfər var idi. Onların arasında oğru, narkoman və digər cinayət törətmiş şəxslər var idi. Onu təxminən orda 14 saat, ac, susuz, tək köynəkdlə soyuq otaqda saxladılar. Dəfələrlə qapını döyüb kömək istəsədə ona cavab verən olmadı. Dəfələrlə xahiş etməyinə baxmayaraq onlsrı tualetə çıxartmırdılar. Orda ürəyində və böyrəyində kəskin, dözülməz ağrılar baş verdi. Dəfələrlə özünün və ordakıların xahiş və çağırışlarına baxmayaraq ona heç bir tibbi yardım edilmədi. Bu da səhətində ciddi problemlər yaradıb. Bütün bunlar şöbənin nəzarət kameralarında yəqin ki, var. Çünki, saxlandıqları otaqda təxminən 3 kamera var idi. Ordan çıxandan həkimlərdədi. Onu da qeyd edir ki, bu 14 saat ərzində onun polisdə olmağı haqqında ailəsinə və yaxınlarına heç bir məlumat verilmədi. Saxlanmağından təxminən 14 saat sonra onu məhkəmə qarşısına çıxartdılar. 09 oktyabr 2023-cü il tarixində Sumqayıt şəhər Polis İdarəsinin 1-ci PB-nin sahə rəisi, polis mayoru Mircəlal Abbasov tərəfindən barəsində xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edərək onu Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 535,1-ci maddəsi İlə inzibati məsuliyyətə cəlb edilməyi barədə Sumqayıt şəhər məhkəməsinə müraciət etmişdir. Məhkəmədə bildi ki, yuxarıda qeyd etdiyi YPX əməkdaşları onun barəsində saxta və uydurma Raport yazıblar. Guya o onların işinə mane olmuşa və onu izibati məsuliyyətə cəlb etmək üçün məhkəməyə gətiriblər.Həmin YPX əməkdaşları məhkəməyə bir nəfər saxta şahid {X6) də cəlb etmişdirlər, hansı ki, o vətəndaş hadisə zamanı orada olmamışdır və qeyd edilən hadisədən xəbəri də olmamışdır. verilməmişdir.Lakin məhkəmə bu məsələlərə heç bir münasibət bildirmədi və YPX əməkdaşlarının sözlərini əsas götürərək ona guya “ictimai asayişi pozmuş” deyə İXM-nin 535.1,-ci maddəsi ilə təqsirli bilərək ona 150 AZN məbləğdə cərimə tətbiq edilməsi barədə (xx.xx.2023 tarixli, 3(060)-2448/2023 saylı iş)qərar qəbul etdi. Sumqayıt şəhər məhkəməsinin {İş № 3(060)-2448/2023, xx.xx.2023) qərarından Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayət verdi və Sumqayıt Apellyasiya məhkəməsinin {İş № 3(105)-491/2023, xx.xx.2023)qərarı ilə Sumqayıt şəhər məhkəməsinin {İş № 3(060)-2448/2023, xx.xx.2023) qərarını ləğv edilərək yenidən baxılması üçün geri qaytarılmışdır. Sumqayıt şəhər məhkəməsi yenidən işə baxaraq xx.xx.2023-cü il tarixli (iş № 3(105)-491/2023) yeni qərar qərar qəbul edərək barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığı üçün xitam verilmişdir.xx.xx.2023-cü il tarixində “İnzibati qaydada tutma haqqmda” Protokol tərtib edilmişdir. Həmin Protokolda qeyd'edilir ki, -inzibati tutma haqqndaprotokolla tanis edildi, ona tutulmanın səbəbləri və İXM-nin 61,65.3,90.2,91-ci maddələrində göstərilmiş hüquqları izah olundu və növbətçi hissəyə təhvil verildi. Eyni zamanda həmin Protokolda qeyd edilib ki, onu xx.xx.2023-cü il tarixində 01.00-da tutublar və həmin gün 10.30-da azad ediblər .Lakin bu belə deyil. Ona heç bir hüquqları izah edilməmişdi və onu xx.xx.2023-cü il tarixində 01.00-da tutublar və həmin gün 16.00-da məhkəmə qarşısına çıxarıblar. Onu da qeyd edir ki, məhkəmədən sonra haqsız olaraq saxlandığına və şərləndiyimə görə, ürəyində və börəyindəki ağrılara görə (qeyd edir ki, onun bir böyrəyi var) və bu azmış kimi, məhkəmə tərəfindən haqsız olaraq cəzalandırıldığına görə, ümumiyyətlə ləyaqətinin alçaldırıldığına görə ağrılardan və stresdən dişlərini bir birinə qıcadığm üçün 16 ədəd dişi qırıldı. Hal hazırda da qırılan dişlərini müalicə və bərpa etmək üçün maliyyəsi də yoxdur. xx.xx.2023-cü il tarixdə o səhhətinin pis olması, əsasən də ürəyində və börəyindəki ağrılarla əlaqədar xx.xx.2023-cü il tarixə qədər ev şəraitində qaldı. Lakin dözülməz ağrılar olduğuna görə xx.xx.2023 tarixində Sumqayıt Tibb Mərkəzi X4 Yardım Stansiyasına müraciət etdi. İlkin müayinədən sonra həkim təcili kardioloq çağırdı. Ürəyini kardioqramma etdikdən sonra ona bildirdilər ki, təcili poliklinakaya yatızdırmalıdırlar. O isə evdə xəstə uşaq olduğunu bildirdi və qeyd etdi ki, səhər özüm poliklinikaya gedər. Səhəri Sumqayıt şəhər Səhiyyə Şöbəsinin 2 saylı Şəhər Xəstəxanasına getdi ürək həkimində yoxlamadan keçdi. Həkim onu müayinəyə götürdü və X10 Dopler Exokardioqrafıyadan keçirdi. Ürəyində ciddi problem olduğunu bildirdi və qan analizi götürüldü. Analizin cavablan çıxdıqdan sonra ona resept yazıldı. Hal hazırda da müalicədədir və səhhətində ciddi problemlər var. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi-vəkili bildirmişdir ki, iddia tələbinin əsasları kimi delikt münasibətləri göstərilsə də, hazırki işdə bu hal öz təsdiqini tapmır. AR Daxili İşlər Nazirliyi hazırki işdə cavabdeh kimi yox, 3-cü şəxs qismində iştirak etməli idi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh AR Maliyyə Nazirliyi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nın 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, məhkəmə tərəfindən araşdırılmış mülki iş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin № 3(060)-2448/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarının surətindən aydın olur ki, İddiaçı AR İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə MN ******* saylı, xx.xx.2023-cü il tarixli protokol və ona əlavə edilmiş materiallar Sumqayıt şəhər Məhkəməsinə daxil olmuşdur. Məhkəmənin həmin qərarı ilə İddiaçı barəsində İXM-nin 535.1-ci maddəsi ilə başlamış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığı üçün xitam verilmişdir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun: 1-ci maddəsinə əsasən, bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq tutulması, müttəhim qismində cəlb edilməsi, həbsə alınması və saxlanılması, məhkum olunması, əmlakının müsadirə edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. 5-ci maddəsinin 5-ci hissəsinə əsasən, bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. 7-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. 12-ci maddəsinə görə fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. Qeyd edilən normaların məzmunundan aydın olur ki, hər hansı şəxsin qanunsuz olaraq tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, həbsə alınması və saxlanılması halı həmin şəxsin mənəvi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməsi üçün əsas hesab edilir və şəxsə vurulmuş mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Göstərilən normalar həmçinin ona dəlalət edir ki, yuxarıda göstərilən əsaslardan birinin mövcud olması mənəvi ziyanın ödənilməsi tələbinin təmin edilməsi üçün əsas kimi çıxış edir. Qeyd edilən halla bağlı məhkəmə bildirir ki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin əmlak və şəxsi qeyri-əmlak nemətlərində baş verən azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Göründüyü kimi qanunverici şəxsin qanunsuz tutulması, məsuliyyətə cəlb edilməsi və qanunsuz həbsdə saxlanılmasını hallarını mənəvi ziyanın ödənilməsinin əsası hesab etməklə, bunu hər hansı subyektiv meyardan asılı etməmişdir (psixoloji sarsıntı və iztirab keçirməsi halı). Məhkəmə bu qənaətə gələrkən Ali Məhkəmənin Plenumunun mövqeyini də nəzərə almışdır. Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin Qərarın 9-cu bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, mülki qanunvericilikdə müəyyən olunmuş zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları eyniliklə mənəvi zərərin ödənilməsi barədə iddialara da aiddir (məsələn, yüksək təhlükə mənbəyinin vurduğu zərərə görə (Mülki Məcəllənin 1108.1-ci maddəsi); malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərərə görə (Mülki Məcəllənin 1128.1-ci maddəsi); təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərə görə (Mülki Məcəllənin 1101.1-ci maddəsi və s.) Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanın səhvi və ya sui-istifadəsi nəticəsində iddiaçı əsassız olaraq olaraq xx.xx.2023-cü il tarixdə inzibati qaydada tutulduğundan, 14 saata yaxın qanunsuz olaraq saxlanıldığından və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiaçı barəsində əməlində inzibati xəta tərkibi olmaması əsası ilə inzibati icraata xitam verildiyindən, bununla da iddiaçı barəsində inzibati xəta haqqında icraat açılmasının əsassız olması təsdiq olunduğundan, iddiaçı vurulmuş ziyana görə kompensasiya ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaqda tam haqlıdır. AR Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 1101.2-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi özünün «Reybok Sloveniyaya qarşı» işində qeyd etmişdir ki, daxili qanunvericilik kompensasiya hüququnu yalnız azadlıqdan məhrum edilmənin qanunsuz olduğu və ya səhvən baş vermiş hallarla məhdudlaşdırmışdır. Çünki həmin işdə məhkəmə İnsan Hüquqlarının və X5 X1 5-ci maddəsinin 5-ci bəndinin pozulduğunu müəyyən etdi, çünki Konvensiyanın 5-ci madəsinin 4-cü bəndi (həmin bəndə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliynə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir) pozulması nəticəsində yaranmış ərizəçinin kompensasiya hüququ kifayət qədər dəqiq şəkildə təmin edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, polis orqanın səhvi nəticəsində iddiaçı barəsində əsassız olaraq inzibati qaydada tutulma tədbiri tətbiq edildiyindən və bu hal qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə öz təsdiqini tapdığından, iddiaçıya vurulmuş ziyanın əvəzi kimi kompensasiya ödənilməlidir. Məhkəmə iddia tələbinin “15.000 manat maddi ziyanın tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə əsassızdır. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş Sumqayıt şəhər 2 saylı şəhər Xəstəxanasının iddiaçı barəsində tərtib etdiyi xəstəlik kağızı və X14 Mərkəzinin müayinə kağızı barədə məhkəmə hesab edir ki, qeyd olunan sənədlər iddiaçının həqiqətən də məhz baş vermiş hadisə nəticəsində sağlamlığının pozulduğunu sübut etmir. Belə ki, həmin sənədlər sadəcə olaraq şəxsin sağlamlığında müşahidə olunan narahatlıqları əks etdirməklə hazırki işdə iddia ərizəsinin bununla bağlı dəlillərinin əsaslılığına dəlalət etmir. Bu səbəbdən tələbin maddi zərər hissəsi onun əsaslarına dair mötəbər sübut təqdim edilmədiyindən təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, qanunvericilik təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki zərərlər yanaşı eyni zamanda mənəvi ziyan ödənilməsini də nəzərdə tutmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının qanunsuz olaraq saxlanılması və barəsində əsassız olaraq inzibati təqibin aparılması ona mənəvi ziyanın vurulması ilə nəticələnmişdir. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyətini, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri - inamsızlıq, narahatlıq, məyusluq hislərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn Avropa məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə “mənəvi anrazatlıq yetirilməsinə”, “Arçiko İtaliyaya qarşı” işdə “tənhalıq və kimsəsizlik hislərinə”, “Younq, Cames və X2rşı” işdə alçaldıcı və təhqiredici hərəkətlərə” görə mənəvi zirər ödənilməsi qərarına gəlmişdir. Məhkəmə hazırki mübahisə üzrə qeyd edir ki, vurulmuş mənəvi ziyana görə zərərin miqdarı müəyyən edərkən ölkə vətəndaşlarının ümumi həyat səviyyəsi, yaranmış iqtisadi durum, məhkəmə aktlarının icrası mümkünlüyü nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının törətmədiyi inzibati xətaya görə qanunsuz olaraq saxlanılması onda narahatçılıq yaradılması, nüfuzdan salınması və məyusluq hisslərinin yaranmasına və stresə düşməsinə səbəb olduğundan, ona vurulmuş mənəvi ziyan ödənilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin hərəkətlərə görə mənəvi ziyanın əvəzi kimi iddiaçının xeyrinə 300 manat məbləğində pul tutulmalıdır. Məhkəmə qeyd edir ki, tutulacaq mənəvi ziyanın 300 manat məbləğində müəyyən edilməsi işin hallarına uyğundur və tam ədalətlidir. Məhkəmə iddia tələbinin vurulmuş ziyanın AR Maliyyə Nazirliyindən tutulması hissəsi üzrə aşağıdakıları qeyd edir. Qanunverici müvafiq dövlət orqanları tərəfindən göstərilən qanunsuz hərəkətlərin edilməsi halında məsuliyyəti hansısa dövlət orqanının deyil, məhz Azərbaycan Respublikasının daşıyacağını müəyyən etmişdir. Yəni təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının (bundan sonra müvafiq dövlət orqanları) vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində mülki hüquqi məsuliyyəti hər hansı orqan (o cümlədən həmin vəzifəli şəxslərin çalışdığı orqanlar və ya Maliyyə Nazirliyi) deyil, Azərbaycan Respublikası daşıyır. Tələbin Maliyyə Nazirliyinə aid hissəsi ilə bağlı məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanununun 6-cı maddəsinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Məhkəmə qeyd edilən normanın təhlilindən belə qənaətə gəlir ki, müvafiq dövlət orqanlarının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində mənəvi ziyanın vurulması əvvəla, təqsirsiz məsuliyyət halıdır. Yəni bu halda dövlətin mülki-hüquqi məsuliyyətinin yaranması üçün təqsirlilik şərtinin mövcud olmasına ehtiyac yoxdur. Təqsirlilik şərtindən asılı olmayaraq dövlət vurulmuş zərərin ödənilməsini təmin etməlidir. Daha sonra dövlət, təqsiri olan əməkdaşına qarşı reqres tələblə çıxış edə bilər. Bu qayda qanunvericilikdə açıq şəkildə öz əksini tapmışdır. İkincisi, belə tələblərin ödənilməsi dövlət büdcəsi sahəsində müvafiq səlahiyyətləri həyata keçirən Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanı vasitəsi ilə təmin edilməlidir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamənin 1-ci bəndinə əsasən, Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcu və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 7.1-ci bəndinə əsasən, həmin nazirlik Azərbaycan Resublikasının. maliyyə, büdcə, vergi sahəsində dövlət siyasətini işləyib hazırlayır və həyata keçirilməsini aidiyyəti dövlət orqanlarının və digər təşkilatların iştirakı ilə təmin edir. Qeyd edilənlərdən aydın olur ki, Maliyyə Nazirliyi dövlət büdcəsi vəsaitindən istifadə, büdcə sahəsində dövlət siyasətini işləyib hazırlayan mərkəzi icra hakimiyyəti orqanıdır. Məhkəmə qeyd edilən hala MM-nin 43.3-cü maddəsinin tələbləri konteksindən yanaşaraq hesab edir ki, hazırkı tələb üzrə mənəvi ziyanın ödənilməsi Azərbaycan Respublikası adından, onun büdcə sahəsində dövlət siyasətini həyata keçirən orqanı olan, Maliyyə Nazirliyi vasitəsilə təmin edilməlidir. Beləliklə, məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, irəli sürülmüş tələblər yalnız mənəvi ziyanın tutulması hissəsində qismən əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 300 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsi vəsaiti hesabına İddiaçı xeyrinə mənəvi ziyanın əvəzi kimi 300 (üç yüz) manat məbləğində pul tutulsun. Ödənilmiş dövlət rüsumunun 120 manat hissəsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsi vəsaiti hesabına İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar