Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-841/2025 13.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, 2021-ci ildə mebel almaq istəmiş və bu məqsədlə “İnstaqram” sosial şəbəkəsi vasitəsi ilə “Mebel Rəşad” adlı səhifədə olan mobil nömrə ilə əlaqə saxlamışdır. Həmin vaxt onunla danışan şəxs özünü ona Rəşad kimi təqdim etmiş və o, həmin şəxsə stol və stul almaq istədiyini bildirmişdir. Onlar Rəşadla xx.xx.2022-ci il tarixdə Binəqədi rayonunda yerləşən mebel sexində görüşmüşlar və o, həmin vaxt Rəşada 3000 manat pul vermişdir. Rəşad ona sifariş etdiyi 24 ədəd stul və ona uyğun böyük stol daxil olan mebel dəstinin Türkiyədən bir ay müddətinə gələcəyini və onun həmin mebel dəsti üçün həmin məhsullar Türkiyədən gəldikdən sonra 12000 manat verməli olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixdə o, Rəşadın ona göndərdiyi, hazırda xatırlamadığı, kart hesabına 2000 manat pul göndərmişdir. Sonradan o, Rəşada aldığı stol-stul dəstinə uyğun servantı da almaq istədiyini bildirmiş və Rəşad ona həmin servantın 4500 manat olduğunu bildirmişdir. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları 117 ünvanında yerləşən “Heydər Əliyev” adına Müasir Təhsil Kompleksinin qarşısında o, Rəşadla stol-stul dəstinin pulundan 1000 ABŞ dolları, servantın pulundan isə 2000 manat, ümumilikdə 3700 manat pul vermişdir. Stol-stul dəstinin və servantın pulunun tamamlanmamış məbləğlərini isə mebellər gəldikdən sonra verəcəyi barədə razılaşmışlar. Ondan sonra Rəşad müxtəlif bəhanələr gətirərək, mebelləri ona təhvil verməmişdir. O, buna görə məcbur olub, 2023-cü ilin mart ayında Azərbaycan Respublikası DİN-nin Binəqədi RPİ-nin 4-cü Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Bölmədə aparılan araşdırma zamanı da Rəşad yenə də ona müxtəlif vədlər verərək, mebellərin gömrükdə olduğunu bildirmiş, lakin yenə də mebelləri ona təhvil verməmişdir. Sonradan isə ona mebelin pulunu verəcəyini bildirmişdir. Sonradan onun şikayəti əsasında Azərbaycan Respublikası DİN-nin Nəsimi RPİ-də aparılan araşdırma zamanı xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Həmin şikayət ərizəsi əsasında aparılan araşdırma zamanı Cavabdeh izahat verərək qeyd etmişdir ki, o, heç bir yerdə işləmədiyi üçün məcbur qalıb Binəqədi rayonunun ərazisində yerləşən “Zəngəzur” şadlıq sarayının yanında mebel sexində mebel ustası işləmiş və sosial şəbəkələrdə paylaşımlar etmişdir. 2022-ci ildə İddiaçı ona müraciət edərək, evinə mebel dəsti sifariş etmək istəmişdir. O, həmin şəxs isə görüşüb, onun sifariş etdiyi mebellərin ümumi qiymətinin 14.500 manat təşkil etdiyini bildirmişdir. İddiaçı onunla razılaşmış, ilk olaraq 3000 manat, daha sonra 2000 manat pul vermişdir. 2023-cü ilin noyabr ayında isə İddiaçı işlədiyi Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları 117 ünvanında yerləşən “Heydər Əliyev adına Müasir Təhsil Kompleksi”nin girəcəyində ona 2500 manat pul vermişdir. İddiaçı ona ümumilikdə 7500 manat pul versə də, o, onun sifarişini ona çatdıra bilməmiş və ondan aldığı məbləği də ona qaytarmamışdır. Göründüyü kimi, Azərbaycan Respublikası DİN-nin Nəsimi RPİ-də aparılan araşdırma zamanı Cavabdeh ondan mebel dəsti üçün pul aldığını qismən də olsa etiraf etmiş, bundan əlavə aralarında olan danışıqlara dair “Vatsap” yazışmaları və səs yazıları da vardır ki, o, həmin yazışma və səs yazılarını da sübut kimi iddia ərizəsinə əlavə etmişdir. Həmin “Vatsap” vasitəsi ilə göndərilmiş sonuncu səs yazışmalarında Cavabdeh ona 2000 manat servant üçün, 1000 ABŞ dolları da stol-stul dəsti üçün verməli olduğunu qeyd etmiş və sonuncu dəfə də həmin 3700 manat pul məbləğini işlədiyi Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları 117 ünvanında yerləşən “Heydər Əliyev adına Müasir Təhsil Kompleksi”nə gələrək, həmin kompleksin girəcəyində qeyd edilən məbləği ondan təhvil almışdır. Hesab edir ki, Cavabdeh ona dəymiş maddi ziyan 8700 manat məbləğində pul tutularaq ona ödənilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh 8700 manat məbləğində maddi ziyanın və tərəfindən iddia tələbinin qaldırılması üçün ödənilmiş 107 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh onun nəğd pul vəsaitinin 2022-ci ilin noyabr ayından özündə saxlamaqla və sifarişi vaxtında təhvil verməməklə ona ziyan vurmuşdur. Belə ki, tələb edilən məbləğdən deyil, cavabdehin etiraf etdiyi 7500 manat vəsaiti o, hazırki tarixə kimi Respublikada fəaliyyət göstərən bankların birində əmanət hesabında saxlasaydı, həmin məbləğ faizlər hesablanardı. Buna görə də iddia tələbinin artırılmasına zərurət vardır. xx.xx.2022-ci il tarixdən hazırkı tarixə kimi, yəni 27 ay üçün hesablanmış 843,75 manat faiz borcu (5% əldən çıxmış fayda) təşkil edir (hesablama: 7500x5%=375/12 ay=31,25x27 ay=843,75 manat). Maliyyə xəbərləri sahəsində ixtisaslaşmış “banko.az” və “marja.az” xəbər səhifələrindən əldə etdiyi məlumata əsasən müvafiq dövr üçün yəni 2021-2024-cü illər arasında Azərbaycan Respublikasında fəaliyyət göstərən bankların əmanət müqavimlələri üzrə təklif etdiyi müddətin sonunda hesablanan faiz dərəcələri illik 5,5-10,5 faiz dərəcələri arasında dəyişir. Hesab edir ki, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən xx.xx.2022-ci il tarixdən hazırkı tarixə kimi hesablanmış 843,75 manat faiz borcunun tələb edilməsi əsaslı və ədalətlidir. Belə ki, cavabdeh tərəfindən müqavilə müddətinin bitdiyi tarixdən borc məbləğindən 27 ay ərzində heç bir ödəniş edilməmişdir. Həmin vəsait bu dövr ərzində passiv biznes (gəlir) kimi bankların birində əmanət hesabında qoyulduğu halda 843,75 manat məbləğindən daha çox gəlir əldə etmək olardı. Eyni zamanda tərəfindən əlavə xərclər kimi hüquqi yardım üçün AR Vəkillər Kollegiyasının üzvü (vəkil) ilə müqavilə üçün 500 manat xidmət haqq ödənilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh 8700 manat məbləğində maddi ziyanın əvəzi, xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 843,75 manat məbləğində faizin (əldən çıxmış fayda), hüquqi yardım müqaviləsi üzrə ödənilmiş 500 manat xidmət haqqının, cəmi 10.043,75 manat məbləğində pulun və ödənilmiş 121 manat dövlət rüsumunun əvəzi olaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil həcmi artırılmış iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, CD-diskdə olan səs yazılarını dinləyərək, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. İş üzrə Bakı şəhəri Nəsimi RPİ-nin İstintaq Şöbəsinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən İddiaçı müraciəti əsasında toplanmış materialda cinayət tərkibi müəyyən edilmədiyindən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, aparılan araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, o, heç bir yerdə işləmədiyi üçün özünü dolandırmaq məqsədi ilə Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən “Zəngəzur” şadlıq sarayının yanında mebel sexində mebel ustası kimi işləyir. O, sosial şəbəkədə elan yerləşdirdiyindən 2022-ci ildə ona İddiaçı müraciət edərək evinə mebel sifariş etmək istəmişdir. O, həmin şəxs ilə görüşüb ona sifariş etdiyi mebellərin ümumi dəyərinin 14.500 manat olacağını bildirmişdir. İddiaçı onunla razılaşdıqdan sonra ona ilk olaraq 3000 manat, daha sonra isə 2000 manat pul vermişdir. 2023-cü ilin noyabr ayında isə İddiaçı ona işlədiyi ünvan 2 ünvanında yerləşən “H.Əliyev adına Muasir Təhsil Kompleksi”nin girəcəyində 2500 manat pul vermişdir. Belə ki, İddiaçı ona qeyd etdiyi kimi ümumilikdə 7500 manat pul versə də belə o, onun sifarişini ona çatdıra bilməmişdir və ondan aldığı məbləği də ona qaytarmamışdır. İş üzrə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə daxil olmuş müraciətə baxılaraq toplanmış material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinin tələblərinə əsasən rədd edilmişdir. Bundan əlavə Cavabdeh ilə İddiaçı arasında olan mübahisənin mülki xarakterli olması ilə əlaqədar pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası CPMnin 212.3-cü maddəsinin tələblərinə əsasən qəbul edilmiş qərardan müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət etmək hüququnun olması izah edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında mebel hazırlanmasına dair əldə olunmuş şifahi razılığa əsasən iddiaçı sifariş verdiyi 14.500 manat olan mebelin dəyərindən hissəhissə ödəməklə cəmi 8.700 manat pul cavabdehə ödəmişdir. Razılığa əsasən cavabdeh öhdəliyi icra edərək mebeli iddiaçıya təhvil verməli idi. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi müəyyən olunmuş vaxt ərzində icra etməmiş və bununla da öhdəliyi pozmuşdur. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında bağlanılmış şifahi müqavilə sifariş əsasında mebelin hazırlanması ilə bağlı olduğu üçün, həmin müqavilə növünə görə podrat müqaviləsi hesab edilir. Bu səbəbdən məhkəmə hazırki mübahisəyə mülki qanunvericiliyin podrat müqaviləsi ilə bağlı müddəalarını tətbiq etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci madəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqısatqı qaydaları tətbiq edilir. Mülki Məcəllədə podrat müqaviləsinin yazılı şəkildə bağlanmalı olması ilə bağlı hər hansı imperativ göstəriş yoxdur. Yəni mülki qanunvericilik podrat müqaviləsinin şifahi qaydada bağlanmasını qadağan etmədiyindən, tərəflər podrat müqaviləsini şifahi qaydada bağlamaqla qanunun tələblərini pozmamışlar və bu səbəbdən həmin müqavilə etibarlı əqd hesab edilməlidir. Məhkəmə cavabdehin üzərinə götürdüyü öhdəliyin pozulmasını və yerinə yetirilməməsini, bu səbəbdən də iddiaçının öhdəliyin yerinə yetirilməsini deyil, ödənilmiş pulun qaytarılmasını tələb etmək hüququnun qanunla müəyyən olunmasını nəzərə alaraq hesab edir ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü tələb tam qanunidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 759.1-ci madəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Mülki Məcəllənin 385-ci madəsinə əsasən mülki hüquq münasibətlərində öhdəliklər bir şəxsin başqa şəxsin xeyrinə müəyyən hərəkətlər etməsindən, məsələn, pul ödəməsindən, əmlak verməsindən, iş görməsindən, xidmətlər göstərməsindən və ya müəyyən hərəkətdən çəkinməsindən əmələ gəlir. Podrat müqaviləsi üzrə öhdəlik borclunun kreditorun xeyrinə məhz iş görməsindən irəli gəlir. Bu xüsusiyyətinə görə podrat müqaviləsi digər müqavilələrdən fərqlənir. Belə ki, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Göründüyü kimi podrat müqaviləsi ikitərəfli, konsesual və əvəzli müqavilədir. Belə ki, müqavilədə iki tərəf: sifarişçi və podratçı iştirak edir. Müqavilədə mövcud olmayan bir məmulatın hazırlanması və ya mövcud bir məmulatın təmiri və yaxşılaşdırılması nəzərdə tutulur ki, bu işlərin görülməsi üçün müəyyən müddət tələb olunur. Hazır olmayan məmulatı sifarişçiyə vermək mümkün olmadığından tərəflər razılığa gəldiyi andan podrat müqaviləsi bağlanmış sayılır ki, bu da onun konsesual müqavilə xarakteri verir. Podrat müqaviləsinin predmeti konkret bir nəticənin əldə edilməsi üçün müəyyən işin görülməsidir. Aydındır ki, sifarişçiyə iş deyil, onun nəticəsi verilməlidir. Yəni podrat müqaviləsinə əsasən podratçı müqavilənin predmetini yaradır və onu sifarişçiyə təhvil verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Qanunun bu tələbini əsas tutaraq məhkəmə qeyd edir ki, iddiaçının müqavilədən imtinası cavabdehin hərəkətləri (hərəkətsizliyi) ilə bağlı olduğu üçün, yəni cavabdeh üzərinə götürdüyü işləri müəyyən olunmuş vaxt ərzində görmədiyi üçün, iddiaçı mebelin hazırlanması üçün ödənilmiş 8.700 manatın tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda tam haqlı olmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən, iddia tələbi 8.700 manat məbləğində pulun tutulması hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə iddia tələbinin xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 843,75 manat məbləğində faizin (əldən çıxmış fayda) cavabdehdən tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi pozsa da, iddiaçıdan aldığı pul vəsaitinin saxlamaqla ondan faydalanmasına dair hər hansı bir sübut mövcud olmadığından, məhkəmə həmin hissədə iddia tələbi əsaslı hesab etmir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Məhkəmə iddia tələbinin hüquqi yardım xərcinə görə 500 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan iddiaçı ilə “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosu arasında bağlanmış xx.xx.2025-ci il tarixli, EM-1326VK-17608/25 nömrəli müqavilədən və xx.xx.2025-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən hüquqi yardıma görə 500 manat ödənilmişdir. Məhkəmə hesab edir ki, hüquqi xidmətə görə ödənilmiş 500 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğu üçün, məhkəmə xərcləri - ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq (107 manat) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 8.700 manat, hüquqi xidmət üçün ödənilən 500 manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 107 manat, cəmi 9.307 (doqquz min üç yüz yeddi) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-841/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-841/2025
13.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver