Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-847/2021 25.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi X1, İddiaçı – cavabdehlər Azərbaycan Respublikası Baş Prokurorluğuna, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı – cavabdehlər Azərbaycan Respublikası Baş Prokurorluğuna, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətinə birbaşa qəsdlə bağlı cinayət prosesini həyata keçirməli olan orqanların hərəkət və hərəkətsizliyi nəticəsində qanuni mənafeyinə vurulmuş 700.000 (yeddi yüz min) manat məbləğində maddi ziyanın və 800.000 (səkkiz yüz min) manat məbləğində mənəvi ziyanın müştərək qaydada Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən alınaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə onun hesabına ödənilməsi, ona qarşı münasibətdə hakimiyyət səlahiyyətlərindən sui-istifadə edərək özbaşnalığa yol vermiş və bununla da Azərbaycan dövlətinin nüfuzuna xələl gətirən təqsirkar vəzifəli şəxslər barəsində məhkəmənin xüsusi qərardadının çıxarılması və bu şəxslərin reqress iddia qaydasında məsuliyyətə cəlb olunmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia ərizəsi yolverilməzliyinə görə qəbul edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.10-cu maddəsinə əsassən, müraciətə baxan subyektlər və ya onların vəzifəli şəxsləri müraciətdə irəli sürülən məsələlərin həlli onların səlahiyyətinə aid olmadıqda, müraciəti üç iş günündən gec olmayaraq aidiyyəti üzrə göndərir və müraciət edənə bu barədə məlumat verir. Müraciətdə göstərilən məsələ bir neçə müraciətə baxan subyektin səlahiyyətinə aid edildikdə müraciətin surəti üç iş günündən gec olmayaraq həmin subyektlərə göndərilir. “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən, prokurorluqda qanunla müəyyən edilmiş qaydada və səlahiyyətləri daxilində ərizə, şikayət və təkliflərə baxılır, vətəndaşların qəbulu həyata keçirilir. Cinayət barədə ərizə, şikayət və məlumatlara təxirəsalınmadan baxılır. Bu hallarda müvafiq prokuror qanunla nəzərdə tutulmuş səlahiyyətləri çərçivəsində ərizə, şikayət və məlumatlarda göstərilən faktların yoxlanılması məqsədilə, dövlət orqanlarından və ya audit təşkilatlarından mütəxəssisin ayrılmasını təmin edir və araşdırılan faktların cinayət işinin başlanmasına kifayət qədər əsas verib-verməməsindən asılı olaraq müvafiq qərar qəbul edir. ... Dövlət orqanının (və ya onun vəzifəli şəxsinin) qanunazidd hərəkəti (hərəkətsizliyi) barədə prokurorluq orqanlarına daxil olmuş müraciətlərə bu Qanuna və “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 12.6-cı maddəsinə uyğun olaraq baxılır. Həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 442.1-ci maddəsinə əsasən, məhkəmə nəzarəti istintaq hərəkətlərinin məcburi aparıldığı, prosessual məcburiyyət tədbirinin tətbiq edildiyi, əməliyyat-axtarış tədbirinin həyata keçirildiyi və ya ibtidai araşdırmanın aparıldığı yer üzrə səlahiyyəti daxilində müvafiq birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 442.2-ci maddəsinə əsasən, məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə hər kəsin azadlıq, mənzil toxunulmazlığı, şəxsi toxunulmazlıq, mülkiyyət hüququnu, şəxsi sirrinin (o cümlədən ailə həyatının, yazışmaların, telefon danışıqlarının, poçt, teleqraf və başqa məlumatların) saxlanılması hüququnu məhdudlaşdıran, habelə dövlət, peşə və ya kommersiya sirrini özündə əks etdirən məlumatları ilə bağlı istintaq hərəkətlərinin məcburi aparılmasına, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsinə və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair məsələlərlə bağlı vəsatət və təqdimatlara; cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər. Qeyd edilənləri nəzərə alaraq hesab edir ki, ərizəyə məhkəmə qaydasında – mülki mühakimə (iddia) icraatı qaydasında baxılmalı olmadığından, yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, şikayətin dəlillərindən də göründüyü kimi iddiaçı hazırki şikayətində də istintaq – prokurorluq və digər orqanların hərəkət və hərəkətsizliyindən şikayət edərək müvafiq qətnamənin qəbul edilməsini xahiş edir. Bununla yanaşı onu da qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 4.1-ci madddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Odur ki, iddiaçı da ona qarşı hər hansı bir mülki hüquq pozuntusu törədildiyi halda bununla bağlı mülki prosessual qanunvericilik çərçivəsində məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Lakin, hazırki iddia tələbində göstərdiyi tələblərə və xüsusatlara mülki mühakimə icraatı qaydasında baxılması qanunvericiliyin tələbi baxımından yolverilməzdir. Həmin Məcəllənin 153.4-cü və 153.5-ci maddələrinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Beləliklə, İddiaçı – cavabdehlər Azərbaycan Respublikası Baş Prokurorluğuna, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılmalı və iddiaçıya ərizəsində göstərdiyi xüsusatlar üzrə müvafiq səlahiyyətli dövlət orqanına, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ya ona qarşı mülki hüquq pozuntusu törədildiyi halda bununla bağlı mülki prosessual qanunvericilik çərçivəsində müvafiq məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 153.3, 153.4, 153.5, 153.6, 263 və 264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı – cavabdehlər Azərbaycan Respublikası Baş Prokurorluğuna, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizəsində göstərdiyi xüsusatlar üzrə müvafiq səlahiyyətli dövlət orqanına, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ya ona qarşı mülki hüquq pozuntusu törədildiyi halda bununla bağlı mülki prosessual qanunvericilik çərçivəsində müvafiq məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-847/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-847/2021
25.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver