Məhkəmə qərarları › İş №2(009)-860/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-860/2025

24.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-860/2025 24.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə İddiaçı, Cavabdehin nümayəndəsi L.T.Abbaszadənin iştirakları ilə İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2363F saylı ev mülkiyyət hüququ ilə ona məxsusdur. Bunu xx.xx.2022-ci ildə qeydiyyata alınmış dövlət reyestrindən çıxarış təsdiq edir. xx.xx.2024-cü ildə Sumqayıt şəhəri, Corat Bağları ərazisində yerləşən 2363F saylı evində yanğın hadisəsi baş vermiş, hadisə səbəbindən əmlakına 135.000 manat maddi ziyan dəymişdir. Bunu AR FHN-nin xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı təsdiq edir. Fərdi yaşayış evi icbari və könüllü qaydada Cavabdeh Sığorta Şirkəti ASC-də sığorta edilmişdir (FMPG-2299886 No-li sığorta şəhadətnaməsi). Fərdi evi sığorta edilsə də, Cavabdeh Sığorta Şirkəti ASC sığorta ödənişi etməkdən imtina edir. Cavabdeh xx.xx.2025-ci il tarixli, No 0-AP-2025/0539 saylı məktubu ilə bildirir ki, “Əmlakın yanğından və digər risklərdən sığortası haqqında” qaydalara görə qaz təchizatı sistemi qanunvericiliyin tələblərinə uyğun olaraq quraşdırılmaması nəticəsində yaranan zərərlər sığorta ödənişinin verilməsindən imtina edilməsi üçün əsasdır. O, cavabdehin imtinasını əsassız hesab edir. Həmçinin qeyd edir ki, ona 10.000 manat mənəvi zərər dəymişdir. Belə ki, cavabdehin təqsiri üzündən o, evsiz-eşiksiz qalmışdır. Beləliklə, hesab edir ki, ona maddi zərərin əvəzi olaraq 36000 manat, mənəvi zərərin əvəzi olaraq 10.000 manat cavabdehdən tutularaq ona ödənilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı dəymiş maddi ziyana görə 36.000 manatın, mənəvi zərərə görə 10.000 manatın və 230 manat ödənilmiş dövlət rüsumunun, cəmi 36.230 manat pulun Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, yanğın hadisəsi baş verəndən dərhal sonra sığorta təşkilatına məlumat verilmişdir. Sığorta şirkətinin nümayəndəsi evə gec baxış keçirilmişdir. Təhqiqat orqanı tərəfindən araşdırma aparılarkən yanğın hadisəsi nəticəsində dəyən ziyan 36.000 manat məbləğində olması ekspert rəyi ilə müəyyən edilmişdir. Sığorta təşkilatının nümayəndəsi ziyana görə 22.000 manat verə biləcəklərini bildirdikdə işi ilə əlaqədar çox vaxt keçməməsi üçün həmin məbləğlə razılaşmışdır. Lakin sığorta təşkilatı həmin məbləği ona ödəməmişdir. Sığorta təşkilatı sığortanı könüllü kimi təqdim edir. Halbuki ipoteka müqaviləsi bağlayarkən sığorta ödənişini məcburi olaraq almışlar. Ona görə də həmin müqavilə könüllü olmamışdır. Hesab edir ki, sığorta təşkilatının imtinası əsassızdır. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək və iddiaya dair yazılı etirazı məhkəməyə təqdim edərək izahatında göstərmişdir ki, bu icbari sığorta deyil, könüllü sığortadır. İcbari sığorta olanda məcburi qaydada ödənişlər aparılır. Nümayəndə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Sığorta Şirkəti ASC iddiaya dair yazılı etirazını məhkəməyə təqdim etmiş və etirazda göstərmişdir ki, iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi FMPG-2299886 saylı sığorta şəhadətnaməsi əsasında Cavabdeh Sığorta Şirkətində yalnız könüllü əmlak sığortası növü üzrə sığortalanmışdır. Sığortalanmış əmlak xx.xx.2024-cü il tarixdə baş vermiş yanlığn nəticəsində ziyan dəyməsi ilə bağlı sığortalı tərəfindən sığorta şirkətinə müraciət daxil olmuşdur. Müraciətə əsasən sığorta işi araşdırılmış və sığorta ödənişinin verilməsindən imtina əsasları mövcud olduğuna görə ödənişin verilməsindən imtina olunmuşdur. Belə ki, hadisə ilə bağlı araşdırma aparmış AR Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında yekun qərarında qeyd olunur ki, “hadisə yerinə keçirilmiş baxışla, alınmış izahatlarla, yanğın haqqında aktla, ekspert rəyi və həmçinin yoxlama zamanı toplanmış digər sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin sahibi kimi üzərinə yanğın təhlükəsizliyi riayət etməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “AR X1”nın 1.10.2,1.10.3-cü, “Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün X1”nın 1.2-ci və “X5”nın təsdiq edilməsi haqqında AR NK qərarının 3.2,3.2.7 və 3.2.8-ci bəndlərinin tələblərini pozaraq evdə X1na riayət etməmişdir. Bu səbəbdən xx.xx.2024-cü il tarixdə, saat 13 radələrində fərdi yaşayış evinin mətbəx otağında quraşdırılmış qaz peçində nasazlığın yaranmasından yanğın hadisəsi baş vermişdir”. “AR X1”nın 1.10.2-ci və 1.10.3-cü maddəsinə əsasən, yanğın təhlükəsizliyinin təmin edilməsi sahəsində fiziki şəxslər (vətəndaşlar) aşağıdakı tələbləri yerinə yetirməlidirlər: öz mülkiyyətində (istifadəsində) olan binalarda və tikililərdə, nəqliyyat vasitələrində X1na riayət etmək və Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin təsdiq etdiyi siyahılara uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri və yanğına qarşı avadanlıq saxlamaq: yanğın aşkar etdikdə bu barədə dərhal şəhər və rayon Dövlət Yanğın Təhlükəsizliyi Xidmətinə məlumat vermək. “Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün X1”nın 1.2-ci maddəsinə əsasən şəxsi evlərin, qarajların, həyətyanı tikililərin yanğın təhlükəsizliyinin təmin olunmasında məsuliyyət onların sahiblərinin üzərinə düşür. “X5”nın təsdiq edilməsi haqqında AR NK qərarının 3.2-ci maddəsinə əsasən qazdan istifadə edən istehlakçılar aşağıdakı vəzifələri yerinə yetirməlidirlər: qaz qurğusunda nasazlıq və ya qaz iyinin yaranması zamanı dərhal qaz qurğularından istifadəni dayandırmalı, qurğulara gedən xəttin və avadanlığın üzərində olan ventilləri bağlamalı, otaqların havasını dəyişdirmək üçün pəncərələri və ya nəfəslikləri açmalı, od yandırmamalı, tütün çəkməməli, elektrik cihazlarını yandırmamalı və ya söndürməməli, elektrik qapı zənglərindən istifadə etməməli və qaz paylayıcısına təcili məlumat verməli (3.2.7); zirzəmilərə və alt mərtəbələrə daxil olarkən, işığı və ya fənəri yandırmazdan əvvəl qaza iyinin yoxluğuna əmin olmalı (3.2.8). Həmçinin FHN DYNX-nin Sumqayıt Regional DYNİ-nin xx.xx.2024-cü il tarixli Yanğın haqqında aktda yanğının baş vermə səbəbi evin mətbəx otağında quraşdırılmış qaz peçində yaranmış nasazlıqdan olduğu qeyd edilmişdir. Tərəflər arasında bağlanmış əmlak sığortası şəhadətnaməsinin tərkib hissəsi olan “Əmlakın yanğından və digər risklərdən sığortası” Qaydalarının 42-ci maddəsinə əsasən əgər sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, aşağıdakı halların nəticəsində ortaya çıxan istənilən zərərlərin bu sığorta ilə əvəz ödənilmir və sığorta ödənişinin verilməsindən imtina edilir: qanunvericiliyə uyğun olaraq sığorta olunan əmlakda yanğın, hərarət və tüstü detektorlar, habelə sprinkler sisteminin (-ləri) işlək vəziyyətdə olmaması, əmlak yanğından mühafizə vasitələri ilə təmin edilməməsi, elektrik naqillərinin çəkilişi, qaz və su təchizatı sistemi qanunvericiliyin tələblərinə uyğun olaraq quraşdırılmaması nəticəsində yaranan zərərlər (42.19). Baxılan halda, səlahiyyətli dövlət orqanının yekun qərarı və tərəflər arasında bağlanmış könüllü əmlak sığortası müqaviləsində qeyd olunanlar təsdiq edilir ki, baş vermiş yanğın hadisəsi sığorta hadisəsi hesab edilmir. Sığorta hadisəsi mövcud olmadığına görə sığortaçının sığorta ödənişi vermək öhdəliyi yoxdur. AR Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Maddənin məzmunundan da aydın olduğu kimi sığorta hadisəsi sığorta ödənişinin verilməsi üçün əsas olan haldır. Mövcud halda hadisə sığorta hadisəsi olmadığına görə sığorta ödənişi də verilə bilməz. Qeyd edilənlərə əsasən İddiaçı “sığorta ödənişi tələbinə” dair iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş üzrə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışın surətinə əsasən Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən ümumi sahəsi 86,30 kv.m. olan 2363F saylı bağ evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə FMPG-229986 saylı, xx.xx.2022-cı il tarixli əmlak sığortası şəhadətnaməsinin surətindən görünür ki, sığortalı İddiaçı Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2363F saylı fərdi yaşayış evini Cavabdeh Sığorta Şirkəti ASC-də xx.xx.2025-ci il tarixədək sığortalamışdır. Sığorta haqqı 53.000 manat məbləğində müəyyən edilmişdir. İş üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt Regional Dövlət X4 xx.xx.2024-cü il tarixli Yanğın haqqında aktın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə İddiaçı məxsus Sumqayıt şəhəri Corat bağları ərazisi 2363F ünvanında yerləşən fərdi yaşayış evində yanğının baş vermə səbəbi evin mətbəx otağında quraşdırılmış qaz peçində yaranmış nasazlıqdan olduğu qeyd edilmişdir İş üzrə Azərbaycan Respublikası FHN Əməliyyat-İstintaq İdarəsinin təhqiqatçısı leytenant X3 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 13 radələrində ünvan 2 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evində baş vermiş yanğın faktında cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarı ilə müəyyən edilmişdir ki, hadisə yerinə keçirilmiş baxışla, alınmış izahatlarla, yanğın haqqında aktla, ekspert rəyi və həmçinin yoxlama zamanı toplanmış digər sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin sahibi kimi üzərinə X1na riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Azərbaycan Respublikasında X1”nın 1.10.2, 1.10.3-cü, “Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün X1”nın 1.2-ci və “X5”nın təsdiq edilməsi haqqında “Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 3.2,3.2.7 və 3.2.8-ci bəndlərinin tələblərini pozaraq evdə X1na riayət etməmişdir. Bu səbəbdən xx.xx.2024-cü il tarixdə saat 13 radələrində fərdi yaşayış evinin mətbəx otağında quraşdırılmış qaz peçində nasazlığın yaranmasından yanğın hadisəsi baş vermişdir. İş üzrə İddiaçı tərəfindən Cavabdeh Sığorta Şirkəti ASC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizənin surətindən görünür ki, sığorta hadisəsinin baş verməsi nətcəsində mülkiyyətində olan Sumqayıt şəhəri, Corat bağları ərazisi 2363F ünvanında yerləşən daşınmaz əmlaka dəymiş ziyana görə Cavabdeh Sığorta Şirkəti tərəfindən 5500 manat məbləğində sığorta ödənişinin edilməsi təklif olunub. Mülki Məcəllənin 925-1.2-ci maddəsinə uyğun olaraq üç müstəqil ekspertlərdən ("xxxx" MMC, Əhməd Talıblı, Elçin Allahverdiyev) birini təyin olunmasını xahiş etmişdir. İş üzrə İddiaçı sifarişi əsasında "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qiymətləndirmə hesabatına əsasən Sumqayıt şəhəri, Corat bağlar ərazisi, 2363F ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə yanğın hadisəsi nəticəsində mətbəxə dəymiş zərər xx.xx.2025-ci il tarixədək dəymiş zərərin həcmi 22.604 manat təşkil etmişdir. İş üzrə Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, Cavabdeh Sığorta Şirkəti ASC-də könüllü sığorta növü üzrə FMPG-2299886 nömrəli sığorta şəhadətnaməsi əsasında sığortalanmış ünvan 6 ünvanında yerləşən daşınmaz əmlakına dəymiş zərər ilə bağlı şirkətə daxil olmuş müraciətə baxılmışdır (234496). Aparılan sığorta araşdırılması zamanı baş vermiş hadisənin təfərrüatlarına nəzər salındıqda Cavabdeh Sığorta Şirkəti ASC-nin əməkdaşı tərəfindən hadisə yerinə yanğın günü baxış keçirməsi üçün gedilmiş, lakin mənzildə heç kim olmaması və tavan hissəsinin təhlükəli vəziyyətdə olması səbəbi ilə baxışın həyata keçirilməsi baş tutmamışdır. Müvafiq olaraq şirkət tərəfindən Fövqəladə Hallar Nazirliyinin Əməliyyat və İstintaq İdarəsinə xx.xx.2025-ci il tarixli, 0- AP-0212 nömrəli müraciət ünvanlanmışdır. Həmin müraciətə cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 10/9673 saylı məhkəmə yanğın-texniki ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatından aydın olduğu kimi hadisə yerinə baxış zamanı yanğına səbəb kimi güman edilən yanğından sonrakı qalıqların təmizlədiyi səbəbindən hadisənin baş verdiyi yerdə tədqiqat və qiymətləndirmə aparmaq mümkün olmamadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat və İstintaq İdarəsinin qərarına əsasən “Azərbaycan Respublikasında X1”nın 1.10.2 və 1.10.3-cü bəndlərinin tələblərinə əsasən yanğın təhlükəsizliyinin təmin edilməsi sahəsində fiziki şəxslər öz mülkiyyətlərində, istifadəsində olan binalarda və tikililərdə, nəqliyyat vasitələrində yanğın təhülkəsizliyi qaydalarına riayət etməlidirlər. Qaz cihazından istifadə zamanı təhlükəsizlik tədbirlərinə riayət etməyə ev sahibləri borcludurlar. “Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün X1”nın 1.2-ci bəndinə əsasən şəxsi evlərin, qarajların, həyətyanı tikililərin yanğın təhlükəsizliyinin təmin olunmasında məsuliyyət onların sahiblərinin üzərinə düşür. “X5”nın təsdiq edilməsi haqqında “Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 3.2.,3.2.7 və 3.2.8-ci bəndlərinə əsasən qazdan istifadə edən istehlakçılar aşağıdakı vəzifələri yerinə yetirməlidirlər: qaz qurğusunda nasazlıq və ya qaz iyinin yaranması zamanı dərhal qaz qurğularından istifadəni dayandırmalı, qurğulara gedən xəttin və avadanlığın üzərində olan ventilləri bağlamalı, otaqların havasını dəyişdirmək üçün pəncərələri və ya nəfəslikləri açmalı, od yandırmamalı, tütün çəkməməli, elektrik cihazlarını yandırmamalı və ya söndürməməli, zirzəmilərə və alt mərtəbələrə daxil daxil olarkən, işığı və ya fənəri yandırmazdan əvvəl qaz iyinin yoxluğuna əmin olmalıdırlar. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin sahibi kimi üzərinə X1na riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Azərbaycan Respublikasında X1”nın 1.10.2 və 1.10.3-cü, “Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün X1”nın 1.2-ci, “X5”nın təsdiq edilməsi haqqında “Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 3.2.,3.2.7 və 3.2.8-ci bəndlərinin tələblərini pozaraq evdə X1na riayət etməmişdir. xx.xx.2013-cü il tarixli “Əmlakın yanğından və digər risklərdən sığortası haqqında” Qaydaların 42.19-cu bəndinə əsasən qanunvericiliyə uyğun olaraq Sığorta onun əmlakda yanğın, hərarət və tüstü detektorlar, habelə sprinklər sisteminin (-ləri) işlək vəziyyətdə olmaması, əmlak yanğından mühafizə vasitələri ilə təmin edilməməsi, elektrik naqillərinin çəkilişi, qaz və su təchizatı sistemi qanunvericiliyin tələblərinə uyğun olaraq quraşdırılmaması nəticəsində yaranan zərərlər sığorta ödənişinin verilməsindən imtina edilməsi üçün əsasdır. Bu əsasla İddiaçı sığorta ödənişinin verilməsindən imtina edilir. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı özünə məxsus olan Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2363F ünvanında yerləşən daşınmaz əmlakını könüllü sığorta növü üzrə Cavabdeh Sığorta Şİrkəti ASC-də xx.xx.2022-ci il tarixli FMPG-229986 nömrəli şəhadətnamə ilə sığortalanmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə müraciət edərək sığorta olunan Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2363F evində xx.xx.2024-cü il tarixdə baş vermiş yanğın nəticəsində dəymiş maddi zərərin müəyyən olunmasını və sığorta müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsini xahiş etmişdir. Lakin Cavabdeh Sığorta Şirkəti ASC baş vermiş hadisənin sığorta hadisəsi olmadığını əsas tutaraq sığorta ödənişinin verilməsindən imtina etmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, xx.xx.2024-cü ildə ona məxsus Sumqayıt şəhəri, Corat Bağları ərazisində yerləşən 2363F saylı evində yanğın hadisəsi baş vermiş, hadisə səbəbindən əmlakına 135.000 manat maddi ziyan dəymişdir. Fərdi yaşayış evi icbari və könüllü qaydada Cavabdeh Sığorta Şirkəti ASC-də sığorta edilmişdir (FMPG-2299886 No-li sığorta şəhadətnaməsi). Fərdi evi sığorta edilsə də, Cavabdeh Sığorta Şirkəti ASC sığorta ödənişi etməkdən imtina etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli, No 0-AP-2025/0539 saylı məktubu ilə bildirmişdir ki, “Əmlakın yanğından və digər risklərdən sığortası haqqında” qaydalara görə qaz təchizatı sistemi qanunvericiliyin tələblərinə uyğun olaraq quraşdırılmaması nəticəsində yaranan zərərlər sığorta ödənişinin verilməsindən imtina edilməsi üçün əsasdır. O, cavabdehin imtinasını əsassız hesab edir. Həmçinin ona 10.000 manat mənəvi zərər dəymişdir. Belə ki, cavabdehin təqsiri üzündən o, evsiz-eşiksiz qalmışdır. Bu səbəbdən iddiaçı dəymiş maddi ziyana görə 36.000 manatın, mənəvi zərərə görə 10.000 manatın və 230 manat ödənilmiş dövlət rüsumunun, cəmi 36.230 manat pulun Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə iddiaçının baş vermiş hadisənin sığorta hadisəsi olub-olmamasına hüquqi qiymət verilməsini zəruri hesab edir. «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 1.1.1-ci maddəsinə əsasən sığorta – sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir. Göstərilən Qanunun 1.1.18-ci maddəsinə əsasən sığorta riski və ya risk—sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb olan hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlikdir. Həmin Qanunun 1.1.19-cu maddəsinə əsasən sığorta hadisəsi - qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta iqtisadi ictimai münasibətlər sistemi kimi risk kateqoriyası ilə əlaqədardır. Lakin hər bir risk sığortaya qəbul edilə bilməz. Cəmiyyətin təsərrüfatına, sosial həyatına, insanın iqtisadi və şəxsi həyatına məxsus risklərin çoxluğu, həmin risklərin mənfi təsirinin nəticəsi olaraq mümkün olan zərərlərin gözlənilməsi ilə əlaqədar qeyri-müəyyənlik elementi daşıyır. Risk – bu hazırda və ya gələcəkdə arzu edilməyən, ya da daha az arzu edilən nəticənin potensial ehtimalıdır. Tərəflərin iradəsindən asılı olmayan, qeyri-müəyyən hadisə olub, tez-tez təhlükə törədən və zərərlərə səbəb olan və ona görə də sığortaya maraq yaradan hadisəni adi risk adlandırırlar. Sığortanın 4 əsas funksiyası vardır ki, onlar da aşağıdakılardır: risk; xəbərdarlıq; yığım (əmanət); nəzarət funksiyası. Əsas funksiyası kimi risk funksiyası çıxış edir. Sığorta riski, zərər görən təsərrüfatlara pul yardımının göstərilməsi üzrə sığortanın əsas təyinatı ilə əlaqədar olduğundan, risklik funksiyası əsas funksiyalardan biri hesab olunur. Məhz risklik funksiyasının fəaliyyəti nəticəsində dəyərin pul formasının məbləği, təsadüfi sığorta hadisələrinin baş verməsi ilə əlaqədar olaraq, sığorta iştirakçılarının arasında bölüşdürülür. Zərər həmişə meydana çıxa bilər və hətta hər il təkrar oluna bilər. Sığortanın qarşısında qoyulan məqsədlərə uyğun olaraq sığortaçı təşkilat zərərçəkənin təsərrüfat subyektlərinə pul yardımı göstərməlidir. Göründüyü kimi «Sığorta riski» - ehtimal olunan elə hadisədir ki, onun baş verməsinə qarşı sığorta aparılır. Sığorta riski sayılan hadisənin təsadüf əlamətləri olmalıdır. Ümumiyyətlə “sığorta riski” anlayışı dəhşətli hadisələrdən zərərdəymə ehtimalını və təhlükə riskini əks etdirir. Sığorta müəyyən hadisə baş verdikdə arzuolunmaz nəticələrdə riskin dərəcəsinin aşağı salınmasının əsas metodudur. Sığorta riskləri- əmlak, maliyyə, iqtisadi, siyasi, təbii risklər formalarında olur. Əmlak riski- əmlakın yanğından, zəlzələ,daşqın və digər hadisələrdən təsadüfən zərər görməsidir. Sığortanın obyekti kimi sığortalını həyatı, sağlamlığı, iş qabiliyyəti, vətəndaşların təşkilatların, müəssisələrin əmlakları, əmlak mənafeləri, nəqliyyat vasitələri və yüklər, risklər, məsuliyyət və s. çıxış edir. “Azərbaycan Respublikasında X1”nın 1.10.2 və 1.10.3-cü bəndlərinin tələblərinə əsasən yanğın təhlükəsizliyinin təmin edilməsi sahəsində fiziki şəxslər öz mülkiyyətlərində, istifadəsində olan binalarda və tikililərdə, nəqliyyat vasitələrində yanğın təhülkəsizliyi qaydalarına riayət etməlidirlər. Qaz cihazından istifadə zamanı təhlükəsizlik tədbirlərinə riayət etməyə ev sahibləri borcludurlar. “Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün X1”nın 1.2-ci bəndinə əsasən şəxsi evlərin, qarajların, həyətyanı tikililərin yanğın təhlükəsizliyinin təmin olunmasında məsuliyyət onların sahiblərinin üzərinə düşür. “X5”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 3.2.,3.2.7 və 3.2.8-ci bəndlərinə əsasən qazdan istifadə edən istehlakçılar aşağıdakı vəzifələri yerinə yetirməlidirlər: qaz qurğusunda nasazlıq və ya qaz iyinin yaranması zamanı dərhal qaz qurğularından istifadəni dayandırmalı, qurğulara gedən xəttin və avadanlığın üzərində olan ventilləri bağlamalı, otaqların havasını dəyişdirmək üçün pəncərələri və ya nəfəslikləri açmalı, od yandırmamalı, tütün çəkməməli, elektrik cihazlarını yandırmamalı və ya söndürməməli, zirzəmilərə və alt mərtəbələrə daxil daxil olarkən, işığı və ya fənəri yandırmazdan əvvəl qaz iyinin yoxluğuna əmin olmalıdırlar. xx.xx.2013-cü il tarixli “Əmlakın yanğından və digər risklərdən sığortası haqqında” Qaydaların 42.19-cu bəndinə əsasən qanunvericiliyə uyğun olaraq Sığorta onun əmlakda yanğın, hərarət və tüstü detektorlar, habelə sprinklər sisteminin (-ləri) işlək vəziyyətdə olmaması, əmlak yanğından mühafizə vasitələri ilə təmin edilməməsi, elektrik naqillərinin çəkilişi, qaz və su təchizatı sistemi qanunvericiliyin tələblərinə uyğun olaraq quraşdırılmaması nəticəsində yaranan zərərlər sığorta ödənişinin verilməsindən imtina edilməsi üçün əsasdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt Regional Dövlət X4 xx.xx.2024-cü il tarixli Yanğın haqqında aktına əsasən iddiaçının mülkiyyətində olan yaşayış evində yanğının səbəbi evin mətbəx otağında quraşdırılmış qaz peçində yaranmış nasazlıqdan baş vermişdir. Məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyətində olan evdə yanğın hadisəsinin baş verməsi o halda sığora hadisəsi hesab oluna bilərdi ki, həmin hadisə tərəflərin iradəsindən asılı olmayan səbəblərdən baş verərdi. İddiaçının mülkiyyətində olan evdə yanğın hadisəsinin baş verməsi isə məhz iddiaçı tərəfindən “Azərbaycan Respublikasında X1”nın, “Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün X1”nın, “X5”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının tələblərinin pozulması nəticəsində mətbəxtdə quraşdırılmış qaz peçindəki nasazlığın yaranması ilə əlaqədar olmuşdur. Məhkəmə digər tərəfdən qeyd edir ki, iddiaçının mülkiyyətində olan evdə yanğın hadisəsinin baş verməsi iddiaçının qəsdən etdiyi hərəkət nəticəsində baş verməsə də, onun səhlənkarlığı, yəni vaxtında qaz peçindəki nasazlığın aradan qaldırılmaması ilə əlaqədar olmuşdur. Yəni sığorta şirkəti o halda sığorta ödənişi ilə bağlı öhdəlik daşıya bilər ki, onun sığorta etdiyi hadisə ehtimal xarakterli olsun. Yanğın hadisəsi isə sığorta riskli hesab olunan hadisə nəticəsində baş vermədiyindən, həmin hadisə sığorta hadisəsi hesab oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi, sığorta ödənişinin verilməsindən imtina əsaslarından biridir. Belə olan halda isə baş vermiş hadisə sığorta hadisəsi hesab olunmadığına görə, cavabdeh təşkilat sığorta ödənişinin verilməsindən düzgün imtina etmişdir Beləliklə məhkəmə hesab edir ki, dəymiş maddi ziyanın ödənilməsi hissəsində tələb əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Məhkəmə vurulmuş mənəvi ziyan görə 10.000 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslı hesab edilə bilməz. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7№-li qərarınına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri – əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh təşkilatın hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda iddiaçının sığorta ödənişinin verilməsi barədə tələbi də əsassız hesab edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, 10.000 manat mənəvi ziyanın tutulması hissəsində tələb təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunmadığından, məhkəmə xərcləri - 230 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı dəymiş maddi ziyana görə 36.000 manatın, mənəvi zərərə görə 10.000 manatın və 230 manat ödənilmiş dövlət rüsumunun, cəmi 36.230 (otuz altı min iki yüz otuz) manat pulun Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar