Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-862/2023 17.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, tərcüməçi X1, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, 27 saylı evin, 9 saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab olunması, həmin qətnamənin Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, 27 saylı evin, 9 saylı mənzilindən qeydiyyatının ləğv edilməsi üçün əsas olması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Xanlar küç., ev 27, 14 saylı mənzil onun xüsusi mülkiyyətindədir. Həmin evdə o ailəsi ilə birlikdə yaşayır. Cavabdeh isə onun mənzilində neçə ildir ki, formal olaraq qeydiyyatdadır. Cavabdeh onun köməkliyi ilə mənzil alaraq başqa bir ünvanda ailəsi ilə birlikdə yaşayır, dəfələrlə ona xəbər göndərmişdir ki, aldığı və yaşadığı evin qeydiyyatına alınsın, lakin bunu etmir və formal olaraq onun evində qeydiyyatda qalmaqdadır. Cavabdeh onun evində pasport qeydiyyatında qalması onun mülkiyyətçi kimi bir sıra hüquqlarını məhdudlaşdırır. Ona görə mənzil-kommunal xərclərini ödəməkdə çətinlik çəkir. Müəyyən sənədləşmə işlərini apara bilmir. Bu da onun mülkiyyət hüquqlarının əsassız və qanunsuz olaraq məhdudlaşdırılmasına səbəb olur. Məhkəmə iclasında izahatı alınmış İddiaçı bildirmişdir ki, cavabdeh oğludur, oğlunu qeydiyyatdan çıxarmaq istəyir, oğlu evlənib və köçüb. Neçə ildir ki, ondan xəbər almır, gəlib-getmir. 81 yaşı var. 81 il ərzində ona heç qulluq etməyib. Qızları ancaq onun qayğısına qalır. Buna görə də oğlunu qeydiyyatdan çıxarmaq fikrinə gəlmişdir. Həyat yoldaşının bacısı ona mənzil bağışlayıb, onu satıb əvəzinə iki otaqlı mənzil alıb. 3 mənzili ola-ola onun evindən qeydiyyatdan çıxmır. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh bildirmişdir ki, bu ev onun ata evidi. Əsgərlikdə olduğu dövr ərzində bibisi, nənəsi və anası arasında mübahisə yaranmış və evi öz aralarında bölmüşdülər. Bibisi öz evini ona bağışlamışdır. Balaca bacısı notariusda işləyir, mənzilləri birləşdirilməsinə dair təklif etmiş onunla razılaşıb ərizəni imzalamışdır. Ağladılar ki, pul lazımdı yoxsa bacını tutacaqlar razılıq verdi mənzili 6 il bundan qabaq banka girov qoydular. Bacısının 2 mənzili var idi. Mənzilləri satıb ata evinə qayıtdı. Bacısı o evdə həyat yoldaşı və uşaqları ilə birlikdə 25 ildir yaşayır. Bu ata evi hər birinin evidir. Sabah o da ata evinə qayıdacaq. Onun bütün əşyaları o evdədir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan ƏMDX DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 27, 14 saylı mənzil xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan Səbail rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 27, 14 saylı mənzildə qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı oğludur. Mübahisəli mənzil olan Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 27, 14 saylı mənzil dövlət fondunun mənzili olmuş, iddiaçının, cavbdehin və onların ailə üzvlərinin istifadəsinə verilmiş, cavabdeh həmin mənzildə 1964-cü ildən daimi pasport qeydiyyatında olmaqla həmin evdə yaşamış, 2012-ci ildə mənzil iddiaçının adına özəlləşdirilmiş və onun adına qeydə alınmışdır. Cavabdehin sözügedən mənzillə bağlı hüququ 2000-ci il tarixdən əvvəl yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə qeyd dir ki, şəxsin mənzildə yaşamaması istifadə hüququna kompensasiyasız xitam verilməsi üçün yetərli deyildir. İstifadə hüququ məhdud əşya hüququ olduğundan, bu hüquq əşya ilə bağlı olduğundan, şəxsin mənzildə yaşamaması bu hüququn xitamına səbəb olmur, bunun üçün iddiaçı tərəf şəxsin istifadə ehtiyaclarının aradan qaldırılmasına dair mötəbər sübutlar təqdim etməlidir. Mülki Məcəllə 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. İddiaçı tərəf cavabdehə başqa mənzilin alındığını bildirsə də, həmin hala dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tərəfindən sübut qismində təqdim edilmiş yazılı ərizələr ilə bağlı məhkəmə qeyd edir ki, həmin hala dair digər sübut vasitəsi təqdim edilmədiyindən həqiqəti əks etdirən halın müəyyən edilməsi mümkün olmadığından qeyd edilən sübut vasitəsi iş üzrə mötəbər sübut qismində qəbul edilməsi məqsədə müvafiq deyildir. İddiaçı tərəfindən sübut qismində təqdim edilmiş 149 saylı MKİS sahəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə bağlı məhkəmə qeyd edir ki, məktubda dəqiq hansı tarixdən yaşamadığı qeyd edilmədiyindən, həmin hala dair digər sübut vasitəsi təqdim edilmədiyindən həqiqəti əks etdirən halın müəyyən edilməsi mümkün olmadığından qeyd edilən sübut vasitəsi iş üzrə mötəbər sübut qismində qəbul edilməsi məqsədə müvafiq deyildir. Məhkəmə araşdırması zamanı cavabdehin həmin yaşayış yerini daimi tərk etməsi, habelə həmin yaşayış sahəsinə ehtiyacının olmaması və başqa yaşayış yerinə malik olması halının müəyyən edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərara istinad edərək qeyd ediblər ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi ilə əlaqədar məhkəmələrdə mübahisələrə baxılarkən nəzərə alınmalıdır ki, həmin Məcəllənin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulan əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum edə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının həmin mənzildə yaşamaması onun həmin yaşayış sahəsinin daimi tərk etməsi və ya həmin yaşayış sahəsinə ehtiyacının olmaması halı kimi qiymətləndirilməsinə əsas vermir. Cavabdehin mübahisəli mənzildə yaşamamasına səbəb bacısının həyat yoldaşı və övladı ilə həmin mənzildə yaşaması olub. Cavabdehin həmin yaşayış yerini daimi tərk etməsi, habelə həmin yaşayış sahəsinə ehtiyacının olmaması və başqa yaşayış yerinə malik olması halını müəyyən etmək mümkün olmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı cavabdehin həmin mənzildə yaşamaması məhz onun könüllü iradəsi əsasında baş verməsi halını müəyyən etmək mümkün olmamışdır. Bu halda, mənzil qanunvericiliyinin müvafiq normaları rəhbər tutularaq, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddia üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-862/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-862/2023
17.07.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver