Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-872/2023 26.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Cavabdehin hüquqi varisi N.S.Babayevanın nümayəndəsi A.B.Babazadənin iştirakı ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borc tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Cavabdeh ilə həm həmkəndlisi və eyni zamanda qonşusudur. 2018- 2019-cu illərdə Cavabdeh ağır xəstəliyə tutulmuşdur. Bununla bağlı o, bir qonşu kimi ona tez-tez baş çəkirdi, dərdindən hal-əhval tuturdu. İlk dəfə 2018-ci ilin iyunun ortalarında Bayram ondan xahiş etmişdir ki, səhhəti ilə bağlı müalicəyə pul çatdırmır, ona görə də ona borc pul verməsinə xahiş etmişdir. O, da Bayramın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində mühüm vəzifədə işlədiyinə, eləcə də övladlarının da münasib vəzifələrdə işlədiyini bildiyi üçün pulunun geri qaytarılacağına əmin idi. İlk dəfə Bayrama həmin ilin iyunun ortalarında iki min manat arvadı Nabatın yanında vermişdir. Sonradan onun xəstəliyinə Bakıda diaqnoz qoyulmadığına görə Türkiyəyə getməli olmuşdur. Onda da ondan 2019-cu ilin avqustun əvvəllərində 4000 manat Bayram pul istəmiş və o, bunu borc vermişdir. 2019-cu ilin avqust ayının axırlarında Bayram əməliyyata düşdüyü üçün Türkiyəyə gedə bilməmişdir.Əməliyyatdan sonra ona xərçəng xəstəliyi diaqnozu qoyulmuşdur. 2020-ci ilin əvvəlində o, Türkiyədən dərman sifariş etdiyinə görə pulu çatmadı. Ona 2020-ci ilin əvvəlində yenidən pul verməsi ilə bağlı müraciət etmiş və demişdir ki, ximiyanın biri 2200-2500 manat təşkil edir, ona görə də əlavə pul lazımdır. O, həmin vaxt oğlunu evləndirmək üçün yığdığı 12.000 manat pulu 2020-ci ilin mart-aprel aylarında ona bir il ərzində qaytarması üçün borc vermişdir. Lakin sonradan ona məlum olmuşdur ki, Türkiyədən dərman gətirən qadın onun verdiyi pullara alınmış dərmanların saxlanma qaydasına əməl etmədiyinə görə, Onkologiya İnstitutunda bu dərmanları keyfiyyətsiz elan etmişlər. Onda Bayram evini banka qoyacağını və pul götürəcəyini bildirmiş, lakin sənədləri qaydasında olmadığına görə ondan vaxt istəmişdir. Sonra Bakıda vurulan ximiyaların nəticəsində Bayrama drenaj qoymuşdular və Bayram tərpənə bilməmişdir. 2020-ci ilin sonunda onun səhhəti yaxşılaşmağa başlamışdır. Həmin dövrdə Türkiyəyə dərman üçün gedib-gəlmək mümkün olmamışdır. 2021-ci ilin sentyabr-oktyabr aylarında Bayram ondan yenə pul istəyəndə, o, özünə məxsus bir dəst kulon, bir dəst üzük və bir dəst də sırğa vermişdir. Onların da cəmi dəyəri təqribən 15.000-16.000 manat olmuşdur. 2022-ci ilin yanvar ayında Bayram evinə sənəd almaq üçün müraciət etdiyini bildirmişdir. Sonra Bayramın qızının həyatında olan problemə baş qarışmışdır. O, özü də hazırda onkoloji xəstədir. Ona görə də pula ehtiyacı var. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh və onun ailə üzvlərindən 18.000 manat nağd pul və 15.000 manatlıq qızıl əşyaları, cəmi 33.000 manat borcun və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən X6 xx.xx.2022-ci il tarixdə vəfat etmiş həyat yoldaşından miras qalan əmlakla bağlı vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün notariat orqanına müraciət etməsi nəzərə alınaraq, o, Cavabdeh prosessual hüquqi varisi qismində tanınaraq işə cəlb edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə İddiaçı və onun nümayəndəsi və vəkili X2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə cavabdehin hüquqi varisinin nümayəndəsinin işə mahiyyəti üzrə iddiaçının və onun nümayəndəsinin iştirakı olmadan baxılması barədə ərizəsini nəzərə alaraq hazırki işə iddiaçının və onun nümayəndəsinin və vəkilin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin hüquqi varisi N.S.Babayevanın nümayəndəsi X4 iddia tələbini qəbul edərək öz izahatında göstərmişdir ki, mərhum atası Cavabdeh mədəaltı vəzinin xərçəngi diaqnozu qoyulduqdan sonra ona kimyəvi terapiya tətbiq edilmiş, 5 il ərzində 91 dəfə kimyə-terapiya olunmuş, hər dəfə külli miqdarda vəsait xərclənmiş, onların belə maddi imkanı olmadığı üçün yaxınlarından borc pul vəsaiti götürmüşlər. Onlardan biri də ailələrinin yaxını olan İddiaçıdır. Ondan hissə-hissə 18.000 manat nağd və 15.000 manatlıq qızıl-əşyaları götürmüşlər. Ona veriləsi borcun ümumi həcmi 33.000 manatdır. Aynurə xanımdan başqa daha 4 nəfərə ailənin borcu var. Atasına məxsus ev anası tərəfindən vərəsəlik qaydasında adına keçirdikdən sonra, o, ya satılacaq, ya da girov qoyulub bankdan pul götürüb, borc aldıqları şəxslərə borcu qaytaracaqlar. Məhkəmədən iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iş üzrə cavabdehin hüquqi varisinin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 arasında xx.xx.1987-ci il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 32 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra ərə Babayev, arvada Babayeva soyadı verilmişdir. İş üzrə Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci ildə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 578 No ilə qeyd edilmişdir. Ölümün səbəbi: “Mədəaltı vəzi başının bədxassəli yenitörəməsi” göstərilmişdir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 4 saylı evin 37 saylı mənzili tam mülkiyyət hüququ üzrə Cavabdeh mülkiyyətindədir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı onkoloji xəstəliyə tutulmuş Cavabdeh müalicəsi üçün müxtəlif vaxtlarda hissə-hissə cəmi 18.000 manat nağd pul, 15.000 manatlıq qızıl zinət əşyaları, cəmi 33.000 manat pul vermişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında Cavabdeh hüquqi varisi X3 nümayəndəsi X5 mərhum atasının iddiaçıya cəmi 33.000 manat məbləğində borcun olmasını etiraf etmiş və iddianın etirafı barədə yazılı ərizə vermişdir. AR Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür. Digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (maddə 740.2). Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. AR MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini, mərhum Cavabdeh iddiaçıya 18.000 manat nağd pul və 15.000 manat məbləğində qızıl zinət əşyalarının alınmasını, bununla da iddiaçıya cəmi 33.000 manat məbləğində borcunun olmasını və iddianın cavabdehin hüquqi varisi Nabat Babayevanın nümayəndəsi tərəfindən etiraf olunmasını nəzərə alaraq hesab edir ki, irəli sürülmüş iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh hüquqi varisindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi iddiaçının xeyrinə 190 manat məbləğində pul tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh (mərhum) Cavabdeh hüquqi varisi X1 İddiaçı xeyrinə 18.000 manat nağd pul və 15.000 manat məbləğində qızıl əşyalarının dəyəri, cəmi 33.000 manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 190 manat, cəmi 33.190 (otuz üç min yüz doxsan) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-872/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-872/2023
26.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver