Məhkəmə qərarları › İş №2(009)-877/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-877/2023

30.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-877/2023 30.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızı, İddiaçı - Cavabdeh1nə, Cavabdeh2 qarşı “inzibati xəta haqqında protokolun ləğv edilməsi, dəymiş ziyanın sığorta tərəfindən ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh1nə, Cavabdeh2 qarşı “inzibati xəta haqqında protokolun ləğv edilməsi, dəymiş ziyanın sığorta tərəfindən ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddiaçı bir-biri ilə əlaqədar olmayan tələbləri birləşdirdiyinə, forma və məzmuna riayət edilmədən verildiyindən geri qaytarılmalıdır. Belə ki, iddiaçının bir tələbi inzibati qərarın ləğv edilməsi ilə bağlıdır, digər tələbi isə vurulmuş ziyanın sığorta şirkəti tərəfindən ödənilməsi ilə bağlıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Qeyd edilən Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət-şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi fiziki şəxs səlahiyyətli orqanın inzibati xəta haqqında qərarından məhkəməyə və ya yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) şikayət verə bilər. Digər tərəfdən səlahiyyətli orqanın inzibati xəta haqqında qərarından məhkəməyə verilən şikayətə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılır və həmin qərardan şikayətə mülki mühakimə icraatı qaydasında baxılması qanunla yol verilmir. Bu səbəbdən hakim hesab edir ki, iddiaçı tərəfindən səlahiyyətli orqanın qərarından verilmiş şikayətə mülki mühakimə icraatı qaydasında baxılması yol verilmədiyindən iddia ərizəsinin qəbulundan iddianın yol verilməzliyinə görə imtina edilməlidir. Hakim iddiaçının vurulmuş ziyanın sığorta şirkəti tərəfindən ödənilməsi ilə bağlı tələbi üzrə qeyd edir ki, onun bu tələbi mülki mühakimə icraatı qaydasında baxılmalı olan tələb olsa da, həmin tələb səlahiyyətli orqanın inzibati xəta haqqında qərarından verilmiş şikayətlə birlikdə baxıla bilməz. Həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri ərizəçiyə geri qaytarır. MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları). Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikası 152.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Eyni zamanda «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 5.1.2-ci maddəsinin tələbinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 266-268-ci maddələri rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı - Cavabdeh1nə, Cavabdeh2 qarşı “inzibati xəta haqqında protokolun ləğv edilməsi, dəymiş ziyanın sığorta tərəfindən ödənilməsi” barədə iddia ərizəsinin məhkəmə icraatına qəbulu yolverilməz hesab olunsun və iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə “Kapital Bank” vasitəsilə Bakı şəhər Səbail rayon Məhkəməsinə verilmiş iddia ərizəsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu (ödəniş qəbzinin nömrəsi 1461, əməliyyat 1********) geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar