Məhkəmə qərarları › İş №2(009)-899/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-899/2021

22.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-899/2021 22.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “xxxx” Medical Service Companiya qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” Medical Service Companiya qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.2011-ci il təvəllüdlü oğlu X2 özünü narahat hissə etməsi ilə əlaqədar cavabdeh “xxxx” tibb müəssisəsinə müraciət etmişdir. Klinikada övladının narahatlığının müəyyən olunması ilə bağlı USM, qanın ümumi analizi və laborator müayinələr aparıldıqdan sonra oğlunda bağırsaq infeksiyası olduğunu bildirmişlər. Bundan sonra oğluna “Medi Club”-da imalə edilib, müəyyən müalicə aparılmış və oğlu narahat olduğundan bir səhərə qədər klinikada qalmışlar. Səhər oğlunun vəziyyəti daha da kəskinləşmişdir. Bundan sonra onlar xalq arasında “OMD” kimi tanınan 1 saylı Tibb Texnikumunun yanında yerləşən uşaq xəstəxanasına müraciət etməli olmuşlar. Xəstəxanada oğlu müayinə olunduqdan sonra onlara məlum olmuşdur ki, oğlunun kor bağırsağı şişibmiş və belə hallarda qadağan olunan imalə prosedurunu etməsi səbəbi ilə oğlunun kor bağırsağı partlamışdır (peritonit olmuşdur). Klinikanın şəristəsiz və qeyri-peşəkar yanaşması səbəbindən o, oğlunu itirmə təhlükəsi ilə üzbəüz qalmışdır. Oğlunun müalicəsinə “xxxx” klinikasında 200 manat, imalə nəticəsində peritonit səbəbi ilə 1 saylı Tibb Texnikumunun yanında yerləşən “OMD” xəstəxanasında isə 1000 manat əməliyyat üçün xərci çıxmışdır. Ümumilikdə ona 1200 manat maddi zərər, peritonit nəticəsində övladının itirilmə təhlükəsi ilə bağlı keçirilən stresslərdən isə ona ağır mənəvi zərər dəymişdir. Bundan sonra problemin qarşılıqlı razılaşma ilə həll olunması üçün klinikaya pretenziya təqdim etimşdir. Cavab məktubu olaraq isə bildirmişlə ki, onlar tərəfindən heç bir müayinə səhvi olmamış və təqdim etdiyi pretenziyanı əsassız hesab etdiklərini bildirmişlər. Problemin həlli olmayacağı halda klinikaya təqdim etdiyi pretenziyada müvafiq qaydada qanunvericiliyin tələblərinə uyğun olaraq hüquq-mühafizə orqanlarına və ya məhkəməyə müraciət etməsi barədə bildirmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı xx.xx.2011-ci il təvəllüdlü oğlu X2 cavabdeh “xxxx” tibb müəssisəsinin qeyri-peşəkar yanaşma nəticəsində düzgün müalicə aparılmaması səbəbi ilə ona dəymiş olan ümumilikdə 1200 manat maddi zərərin, ona və övladına dəyən 5000 manat mənəvi zərərin, cəmi 6200 manat məbləğində təzminatın cavabdeh “MediClab” Medical Service Company”dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, cavabdeh tibbi müəssisəsi tərəfindən uşağa düzgün diaqnoz qoyulmamışdır. Ona görə də o, həm cərrahiyyə əməliyyatına, həm də cavabdeh təşkilatda müayinəyə çəkdiyi xərci tələb edir. Eyni zamanda cavabdehin hərəkətləri nəticəsində mənəvi sarsıntı keçirtdiyi üçün mənəvi ziyan da istəyir. Lakin məhkəməyə nə 1000 manat, nə də 200 manatla bağlı sübut təqdim edə bilmir. Onda belə qəbzlər yoxdu. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh “xxxx” MMM-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin məhkəməyə ünvanlanan etirazda iddianın əsassız olması səbəbindən rədd edilməsi xahiş olunmuşdur. İş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbləri əsassız olduğu üçün təmin edilməməlidir. İş üzrə “xxxx” MMM-nin xx.xx.2020-ci il tarixli xx.xx.2011-ci il təvəllüdlü X1 USM müayinəsinin nəticəsində “qarın boşluğu parenximatoz orqanların normal exoqrafik görüntüsü, abdomino-pelvik sərbəst mane aşkar edilmir, sağ qalça çuxuru nahiyəsində nəzərə çarpan fokal infiltrat, divar qalınlaşması izlənmir. Klinik-laborator verifikasiya və zərurət halında kontrol müayinə məsləhətdir” göstərilmişdir. İş üzrə “xxxx” MMM tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubun kserosurətindən görünür ki, xx.xx.2020-ci il tarixdə gecə saat 01.00 radələrində “xxxx” hospitala “Qarında ağrı,ürəkbulanma, qusma, halsızlıq” şikayətləri ilə 9 yaşlı X3 daxil olmuşdur. Həkimpediatrın baxışından sonra uşağa USM aparılmışdır və laborator müayinələr (qanın ümumi analızı və CRP qanda təyini) icra olunmuşdur. Uşağa ilk yardım göstərildikdən sonra dinamik müşahidə məqsədi ilə hospitalizasiya təklif olunmuşdur. Lakin pasientin valideynləri onların şəxsi həkimi olduğu bildirərək hospitalizasiyadan imtina etmiş və iltizamnaməni imzalayıb səhər saat 04.04-də pasienti hospitaldan aparmışdırlar. Təqdim etdiyi “Pretenziya”da qeyd olunan məlumatlar əməliyyatı icra edən həkim-cərrah və digər mütəxəssislər tərəfindən müzakirə olundu. Rəylərində bildirildi ki, tətbiq olunan imalə proseduru qarın boşluğunda müşahidə edilən ağrılar zamanı diaqnostik məqsədilə təyin olunan bir prosedurdur və peritonitə səbəb ola bilməzdir. Onlarda olan məlumatlara əsasən cərrahi əməliyyat xx.xx.2020-ci il tarixdə keçirilmişdir. Belə ki, “xxxx”ın hospitalından evə yazılandan 40 saatdan sonra “Kəskin appendisit” diaqnoz ilə əməliyyata götürülmüşdür. Yuxarıda qeyd olunanları nəzərə alarq təqdim edilmiş “Prenenziya”nı əsassız hesab etmişlər. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onun xx.xx.2011-ci il təvəllüdlü oğlu Abbas Pənahov özünü piss hiss etdiyi üçün müayinəsi ilə bağlı “xxxx” tibib müəssisəsinə müraciət etmişlər. Tibbi müəssisəsində USM, qanın ümumi analizi və laborator müayinələr aparılmış və bildirilmişdir ki, oğlunda bağırsaq infeksiyası var. Bundan sonra oğlu tibbi müəssisəsində imalə olunmuş, müalicə aparılmışdır. Lakin bu müalicələr olunsa da, oğlu özünü narahat hiss etmiş və vəziyyəti daha da kəskinləşmişdir. Bundan sonra iddiaçı “OMD” kimi tanınan uşaq xəstəxanasına müraciət etməli olmuş və xəstəxanada müayinə aparıldıqdan sonra məlum olmuşdur ki, oğlunun kor bağırsağı şişibmiş və belə hallarda qadağan olunan imalə prosedurunun olunması səbəbi ilə kor bağırsaq partlamışdır(peritonit olmuşdur). Cavabdeh tibbi müəssisəsinin qeyri-peşəkar yanaşması səbəbindən o, övladını itirmək təhlükəsi ilə üzbəüz qalmışdır. Bu səbəbdən iddiaçı oğlunun müayinəsi üçün cavabdehə ödədiyi 200 manat pulun, həmçinin düzgün olmayayan imalə nəticəsində peritonit səbəbi ilə “OMD” xəstəxanasında əməliyyat üçün çəkdiyi 1000 manat xərcin cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişdir. AR Mülki Məcəllənin 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının cavabdeh tibbi müəssisəsinə ödədiyi 200 manat pul oğlunun müayinəsi ilə bağlı çəkdiyi xərcdir və həmin xərc göstərilən tibbi xidmətlərin (qanın analizi, USM, laborator müayinələr) əvəzi olaraq iddiaçıdan alınmışdır. Digər tərəfdən iddiaçı cavabdeh tərəfindən oğluna səhv diaqnoz qoyulmasını və bu səhv diaqnoz nəticəsində oğlu üzərində aparılmış imalə prosedurunun düzgün aparılmamasını iddia etsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda iddaçı oğlu üzərində aparılmış imalə nəticəsində fəsadlar baş verməsini (kor bağırsaqda partlama baş verməsi və peritonit olması) və həmin fəsadların aradan qaldırılması ilə bağlı xərc çəkməsini iddia etsə də, bu halları da təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı oğlunun “OMD” adlı uşaq xəstəxanasında kor bağırsaqdan əməliyyat olunmasını, həmin əməliyyatın cavabdehin düzgün diaqnoz qoyulmaması və aparılmış proseduralar nəticəsində baş verməsini iddia edir. Lakin iddiaçı tərəfindən oğlunun “OMD” uşaq xəstəxanasında əməliyyat olunması və bu əməliyyata görə 1000 manat pul ödəməsi ilə bağlı hər hansı mötəbər sübutlar təqdim olunmamışdır. Eyni zamanda aparılmış imalənin fəsadla nəticələnməsini də təsdiq edən hər hansı mötəbər sübut iddiaçı tərəfindən təqdim olunmamışdır. AR Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qeyd edilən Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qanunuvericiliyin tələblərinə əsasən cavabdehin iddiaçı qarşısında vurulmuş ziyanla bağlı öhdəliyinin yaranması üçün, vurulmuş ziyanın real olmasını təsdiq edən sübutlar olmalı, eyni zamanda hüquq pozuntusu ilə vurulmuş ziyan arasında səbəbli əlaqə olmalıdır. Lakin iddiaçı nə cavabdehin mülki hüquq pozuntusu törətməsi ilə bağlı, nə də ki, cavabdehin hərəkətləri nəticəsində ona 1200 manat ziyan vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçı övladına 5000 manat mənəvi ziyanın dəyməsini göstərsə də, bu hallarla da bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbləri əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. AR MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 88, 217.1 və 217.4-cü maddələri). AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələblərini əsassız olması təsdiq olunduğu üçün həmin tələblər təmin edilməməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı cavabdeh “xxxx” Medical Service Companiya qarşı 1200 manat vurulmuş maddi zərərin və 5000 manat mənəvi ziyanın ödənilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar