Məhkəmə qərarları › İş №2(009)-9/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-9/2022

19.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-9/2022 19.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı hasarın sökülməsi və həmin yerin əvvəlki vəziyyətinin bərpa edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən cavabdehə məxsus torpaq sahəsində cavabdeh tərəfindən çəkilmiş hasarın sökülməsi və həmin yerin əvvəlki vəziyyətinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, daşınmaz əmlakın Dövlət reyestridən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışa əsasən Səbail Rayonu Badamdar qəsəbəsi 3-cü yaşayış massivi ev 1806X saylı fərdi yaşayış evi onun mülkiyyətindədir. O həmin torpaq sahəsini Səbail Rayonu Badamdar Bələdiyyəsinin 15 sentyabr 2006-cı il tarixli 166 saylı qərarı ilə alqı-satqı yolu ilə almışdır. Bundan sonra həmin torpaq sahəsində fərdi yaşayış evi tikmişdir. Onun yeri ilə üzbəüz aşağı tərəfdə X2 məxsus olan 600 kv.m. hasarlanmış torpaq sahəsi olmuşdur. Həmin hasara alınmış 600 kv.m. torpaq sahəsinin ortasından yeni hasar tikməklə özünün əvvəldən mövcud olan hasarının bir tərəfini sökərək ərazini genişləndirmək üçün onun abadlaşdırdığı yerdəki ağacları kəsmiş, həmin altından komunikasiya xətləri keçən torpaq sahəsini öz torpaq sahəsinə qatmaq üçün hasar tikirdi ki, bu da onun qanuni mənafeinə toxunduğu üçün bu barədə Səbail Rayon Məhkəməsinə müraciət etdi. Həmin məhkəmə araşdırması vaxtı ona məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsini Məhərrəm Miriyev də öz növbəsində Cavabdeh satmışdır. Qeyd etmək istəyir ki, onun evinin qarşısında heç kimə məxsus olmayan uzunsov zolaq formasında təxminən 2,5 sot civarında ümumi istifadədə olan çökəklik boş sahə vardı. Həmin sahənin altından su xətti, evinin yağış suları üçün tikilmiş anbar və kanalizasiya xətti və qaz xətti keçir. Sonradan həmin boş ərazini doldurdu, orada ağaclar əkdi, asfaltlatdı və oranı abadlaşdırdı. Bütün bu işlər Məhərrəm Miriyevin və digər qonşularının gözü qarşısında aparılmışdır. Onu da qeyd etmək istəyir ki, onun yeri ilə üzbəüz aşağı tərəfdə cavabdehə məxsus olan hasarlanmış torpaq sahəsi olmuşdur. Hal-hazırda cavabdeh özünün əvvəldən mövcud olan hasarının bir tərəfini sökərək ərazini genişləndirmək üçün onun abadlaşdırdığı yerdəki ağacları kəsmiş, həmin altından komunikasiya xətləri keçən torpaq sahəsini öz torpaq sahəsinə qatmaq üçün özbaşına dörd daş hündürlükdə hasar tikmişdir. Həmin hasarın bir hissəsi də onun qaz xəttinin üstündə tikilmişdir. Bu da onun qanuni mənafeyinə ciddi toxunur. Qeyd olunanlardan göründüyü kimi cavabdeh qeyr-qanuni olaraq altından su, kanalizasiya və qaz xətlərinin keçdiyi və onun evinin kanalizasiya anbarının olduğu və çökəklik olub onun doldurduğu, ağaclar əkdiyi və asfaltladıb abadlaşdırdığı yeri hasarlayaraq öz yerinə qatmışdır. Ona görə də hesab edir ki, cavabdehin bu qeyri-qanuni hərəkətlərinə son qoyulmalı və onun tikdirdiyi hasar sökülməli və həmin ərazinin əvvəlki vəziyyəti bərpa olunmalıdır. xx.xx.2019-cu il tarixdə iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, mübahisəli torpaq sahəsinin Cavabdeh tərəfindən atası Ağayev Azər Teymur oğluna bağışlandığını nəzərə alaraq, cavabdeh Ağayev Azər Teymur oğlu tərəfindən çəkilmiş hasarın sökülməsi və həmin yerin əvvəlki vəziyyətinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili ƏNümayəndə məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəməyə müraciət edərək, mülki işə iddia tərəfinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək onun təmin edilməməsini xahiş etmiş və izah etmişdir ki, əvvəla, iddiaçı mübahisəli əmlak üzrə eyni iddia ilə artıq bir dəfə məhkəməyə müraciət etmişdir. Belə ki, İddiaçı “daş hasarın sökülməsi və torpağın əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iddia ərizəsi məhkəməyə müfaciət etmiş və Cavabdeh həmin işdə müstəqil tələb irəli sürən 3-cü şəxs olmuşdur. Səbail Rayon Məhkəməsinin 2(009)-408/2018 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı həmin iddiası təmin edilməmiş, həmin qətnamədən verilən apellyasiya şikayəti təmin edilməmişdir. Bildirir ki, iş üzrə mübahisəli torpaq sahəsinin iddiaçıya heç bir aidiyyəti yoxdur. Eyni zamanda, iddiaçı tərəfindən bu əmlaka dair hər hansı hüquqa malik olmasını təsdiq edə biləcək hüquqmüəyyənedici sənəd məhkəməyə təqdim edilməmişdir. Həmin sahənin altından su xətti, kanalizasiya xətti və qaz xətti keçmir. Sadəcə olaraq iddiaçı və onun ailə üzvləri həmin torpaq sahəsindən qeyri-qanuni istifadə edirlər. Belə ki, iddiaçı özbaşına torpağının bir hissəsini asfaltladıb oradan avtodayanacaq kimi istifadə edir, evinin yağış suları üçün quyu (şambo) qazdırıb ordan şəxsi ehtiyacları üçün istifadə edir. İddiaçı tərəfindən Bakı İnzibati Məhkəməsində cavabdehə məxsus torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi barədə iddia qaldırılmış və həmin işə baxılanadək hazırki iş üzrə icraat dayandırılmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçının iddiası təmin edilmiş və həmin qərar Bakı Apellyasiya Məıhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan 3-cü şəxs, hazırki iş üzrə cavabdeh Ağayev Azər Teymur oğlu tərəfindən verilmiş kassasiya şikayəti AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 0xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş, İddiaçı iddiası mümkün sayılmamışdır. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab etmişdir ki, iddiaçının mübahisə açdığı torpaq sahəsinə subyektiv hüququ olmadığından həmin torpaq sahəsinə dair plan və ölçünün ləğv edilməsi barədə iddianın təmin edilməsi barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmamışdır. Yuxarıda göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işə baxıb, cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıda göstərilənlərə görə iddia təmin edilməməlidir. İş materiallarında olan daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2016-cı il tarixli, ********** nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü massivdə yerləşən 0,094 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-6530/2018 saylı qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 408/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2016-cı il tarixli, ********** nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1228 saylı sahədə yerləşən 0.06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Ağayev Azər Teymur oğlunun adına qeydiyyata alınmışdır. İş materiallarında olan 05 sentyabr 2019-cu il tarixli məhkəmə iclas prtokolundan görünür ki, mübahisəli torpaq sahəsinə baxış zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivi ev 1806X saylı fərdi yaşayış evi və cavabdehə məxsus mübahisəli torpaq sahəsi arasında asfalt yol vardır. Mübahisəli torpaq sahəsinin ətrafına daş hasar çəkilmişdir. Mübahisəli torpaq sahəsinin orta hissəsində əvvəlki daş hasarın qalıqları və darvazanın çərçivəsi qalmışdır. Həmin torpaq sahəsinin bir hissəsi iddiaçı tərəfindən torpaqla doldurularaq qaldırılmış və üzərinə asfalt döşənmişdir. Həmin sahədə iddiaçıya məxsus kanalizasiya sularının axıdılması üçün nəzərdə tutulan anbar yerləşir. Torpaq sahəsinin bir hissəsi, yəni köhnə hasarın digər tərəfində qalan hissə çökəkdə yerləşir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-1714/2021 saylı qərarından görünür ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-219/2021/2021 saylı qərarı ilə X1 iddiasının təmin edilməsi, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1228 saylı sahədə yerləşən 0.06 ha torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 497830 saylı, xx.xx.2014-cü il tarixli torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi vəzifəsinin cavabdeh AR ƏMDK yanında DƏDRX-nin yanında 1 saylı Bakı Ərazi idarəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)- 1714/2021 saylı qərarı ilə 3-cü şəxs Ağayev Azər Teymur oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-219/2021/2021 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-701/2022 nömrəli qərarından görünür ki, 3-cü şəxs Ağayev Azər Teymur oğlunun kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1714/2021 saylı, xx.xx.2021ci il tarixli qərarının ləğv edilməsi, X1 iddiasının mümkün sayılmaması qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hazırkı iddia tələbində İddiaçı mübahisəli torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş hasarın sökülməsi və həmin yerin əvvəlki vəziyyətinin bərpa edilməsini mübahisələndirsə də, həmin sahənin ona məxsus olmasına dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki sübutetmə yükü baxımından iddia edən tərəf öz iddiasını sübuta yetirməyə borcludur. Məhkəmə hazırkı mübahisəyə də məhz sübutetmə aspektindən yanaşaraq qeyd edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad olunan halları sübut etməlidirlər. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. "Mahmudov Rusiyaya qarşı" iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq affmnanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qanunun yuxarıda qeyd olunan normasının tələblərinə zidd olaraq iddiaçı iddia tələbini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Onun dəlilləri əsassızdır, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən isə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə iş üzrə müəyyən olunmuş hallara qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsassızdır və ona görə də, təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı hasarın sökülməsi və həmin yerin əvvəlki vəziyyətinin bərpa edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar