Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-903/2022 30.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi Ş.F.Abbasovanın, Cavabdehin nümayəndəsi və vəkili Ə.Ə.Ağayevin iştirakları ilə İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onunla hasar qonşuluğunda satılmış evi Cavabdeh almışdır. Şahin onu aldadaraq kor və oğlanlarının dustaq olduqlarından istifadə edərək, özünə təzə ev tikiləcəyini bildirmişdir. Qoca və kor olduğundan istifadə edərək ona məxsus olan sənədli həyətyanı sahəsinin 1 metrə yaxın hissəsini oğurlayaraq 4 mərtəbəli yaşayış evi tikdirmişdir. O, bundan xəbər tutmuş və ona zəng etmiş, Şahin bunu inkar etmişdir. Şahinin işçisi olan Salam adlı şəxs onlara gələrək Şahinin evinin texniki pasportunu ona vermis və bildirmişdir ki, Şahin həqiqətən həyətyanı sahəsini zəbt etmişdir. Salam demişdir ki, Şahin Bəybala adlı şəxsin qohumudur və heç nə edə bilməyəcəklər. Bundan sonra o, oğlunun sinif yoldaşı Rasimi Şahin yanına göndərmişdir. Rasim qayıdanda ona demişdir ki, Şahin xəbərdarlıq etmişdir ki, əgər onu məhkəməyə versələr, o, qadının dustaq oğlanlarından və qızından şikayət edəcək və təzminat tələb edəcəkdir. Şahin onun övladlarını şantaj edir. 2 dəfə Bakı şəhər Prokurorluğuna və Səbail rayon Prokurorluğuna bu barədə şikayət etsə də, əhəmiyyət verən olmamışdır. Onun şikayəti ilə bağlı Şahin barəsində və saxta sənəd barəsində tədbir görülməsini xahiş etmiş, onun şəxsi, sənədi olan həyətyanı sahəsinin Şahinin adına kimin və nə əsasla verməsi ona aydın deyildir. Cavabdehin onun həyətinə müdaxilə edib torpağını zəbt etməsi hüququnun pozulması kimi qiymətləndirilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı zəbt olunmuş torpaq sahəsinin ona qaytarılması barədə qətnamə çıxarılmasını, cavabdehin əməlində ona qarşı dələduzluq əməli olduğuna görə xüsusi qərardadla prokurora müraciət olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə əsasında nümayəndəsi X4 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili X6 iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, cavabdeh tərəfindən inşa olunan ev əvvəllər mövcud olmuş tikilinin sökülərək yenilənməsi ilə inşa edilmişdir. Uzun müddətdir torpaq sahəsi ilə bağlı tərəflər arasında heç bir mübahisə olmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyat aparılarkən yerində ölçmələr və cizgi planının bütün məlumatları dəqiqləşdirilmişdir, həmin ölçmələr dəqiq cihazlar vasitəsi ilə həyata keçirilmişdir. Ona görə də hesab edir ki, qaldırılan iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə Bakı şəhər X3 İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1964-cü il tarixli Bakı şəhərində Bələdiyyələşdirilməmiş tikililərin reyestrindən çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Badamdar qəsəbəsi, İnternasionalnaya küçəsində yerləşən 21 saylı evi Nümayəndə qızına məxsus olmuşdur. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il tarixli, RX seriyalı ******* nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Ələddin Ağakişiyev küçəsində istifadədə olan 0,00791 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 58,9 kv.m. olan 21 nömrəli fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İş üzrə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planın və ölçüsünün surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında DƏDRX-nin xx.xx.2006-cı il tarixli MH seriyalı ******* saylı Çıxarışı ilə X2 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 19 “B” saylı fərdi yaşayış evi tikintisi üçün ayrılmış 150 kv.m. torpaq sahəsi ilə bağlı planı və ölçüsü tərtib edilmişdir. X13 kitabında xx.xx.2012-ci il tarixdə 31326 nömrə ilə uçota alınmışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Ələddin Ağakişiyev küçəsində istifadədə olan 0,015 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 439 kv.m. olan 19 “b” nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X1 2-ci mərtəbədən 41,5 kv.m., X7 2-ci mərtəbədən 40,0 kv.m., Cavabdeh evdən qalan hissə və torpaq sahəsi mülkiyyətindədir. İş üzrə Səbail rayonu İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsində nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Məmmədova X5 qəsəbəsi, Ələddin Ağakişiyev küçəsi, ev 21 ünvanında qeydiyyatdadır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli texniki pasportun surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Ələddin Atakişiyev küçəsində yerləşən 21 saylı ev 2 yaşayış otaqlardan ibarətdir, ümumi sahəsi 58,9 kv.m., yaşayış sahəsi 31,4 kv.m., köməkçi sahəsi 27,5 kv.m., tikintialtı 79,1 kv.m, torpaq sahəsinin faktiki sahə 0,07062 ha, tikintialtı sahə 0,00969 ha, digər sahələr 0,06093 ha təşkil etmişdir. İş üzrə “X12 və Ekspertiza Mərkəzi” MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 115 nömrəli mütəxəssis rəyindən görünür ki, cavabdeh tərəfindən inşa edilmiş evin və bünövrəsinin 11 kv.metrlik hissəsi iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşir, həmçinin evin arxa hissəsində iddiaçıya aid 2 kv.m. torpaq sahəsi, qarşı tərəfində isə 2 kv.m. torpaq sahəsi cavabdeh tərəfindən daş hasara alınaraq istifadə edilir. Bundan əlavə tərəflərə məxsus torpaq sahələrinin texniki pasportlarında 1 kv.metrə yaxın torpaq sahəsinin cizgiləri üst-üstə işlənmişdir. Cavabdeh tərəfindən Bakı şəhəri, ünvan 1 ünvanda inşa edilən evin bir hissəsi onun mülkiyyətində olan 0,015 ha torpaq sahəsi hüdudlarından kənarda inşa edilmişdir. Cavabdeh mülkiyyətində olan ev ona ayrılmış mülkiyyətində olan torpaq sahəsi hüdudlarından kənara çıxır və bu kənara çıxma 11 kv.m.təşkil edir. Cavabdeh mülkiyyətində olan ev və ona ayrılmış və mülkiyyətində olan torpaq sahəsi hüdudlarından kənara çıxırsa, evin hüdudlarından kənara çıxan hissəsi İddiaçı mülkiyyətində olan 0,03721 ha torpaq sahəsinə düşür. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Ələddin Ağakişiyev küçəsində istifadədə olan 0,00791 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 58,9 kv.m. olan 21 nömrəli fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Ələddin Ağakişiyev küçəsində istifadədə olan 0,015 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 439 kv.m. olan 19 “b” nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X1 2-ci mərtəbədən 41,5 kv.m., X7 2-ci mərtəbədən 40,0 kv.m., Cavabdeh evdən qalan hissə və torpaq sahəsi mülkiyyətindədir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Cavabdeh onunla hasar qonşuluğunda satılmış evi almışdır. Cavabdeh onun mülkiyyətində olan 1 metrə yaxın həyətyanı sahəsinə çıxaraq 4 mərtəbəli evi tikdirmişdir. Bu səbəbdən iddiaçı zəbt olunmuş torpaq sahəsinin ona qaytarılmasını məhkəmədən xahiş etmişdir. Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ - torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqısatqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. X13nda və dövlət torpaq reyestrində, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələri üzərində mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin hüquqları və vəzifələri barədə qeydlər əsas təsdiqedici və hüquq müəyyənedici sənəddir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir (Torpaq Məcəlləsinin 67-ci maddəsinin 1-4-cü bəndləri; 21 aprel 2006-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə bu maddənin 1-ci bəndi yeni redaksiyada verilmiş, 2-ci bəndi isə çıxarılmışdır). Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır (Torpaq Məcəlləsinin 68-ci maddəsi). Məhkəmə iclasında müəyyən edilmişdir ki, həm iddiaçının, həm cavabdehin torpaq sahələri üzərində olan mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçmiş, lakin mütəxəssis rəyi ilə müəyyən edilir ki, tərəflərə məxsus torpaq sahələrinin texniki pasportdakı 0,6 kv.m. torpaq sahəsinin cizgiləri üst-üstə işlənmişdir. Bu fakt həmin hissəyə dair tələbə ümumi məhkəmədə baxılaraq qiymət verilməsini mümküsüz hesab edir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən inşa edilən evin bir hissəsi onun mülkiyyətində olan torpaq sahəsi hüdudlarından kənara çıxır, yəni onun mülkiyyətində olan ev ona ayrılmış və mülkiyyətində olan torpaq sahəsinin hüdudlarından kənara çıxır ki, bu kənara çıxma 11 kv.m., evin sağ və sol hissələrindəki ərazidə isə hər biri 2 kv.m. olmaqla, cəmi zəbt olunan sahə 4 kv.m., ümumilikdə isə 15 kv.m. təşkil edir. Başqa sözlə, cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 15 kv.m. hissəsini zəbt etmişdir. Konstitusiyanın 29-cu maddəsinin İV bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququna Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa «İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında» 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun (bu Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh tərəfindən inşa edilən evin 2-ci mərtəbəsinin 41,5 və 40 kv.m. olan hissələri digər şəxslərin mülkiyyətindədir və inşa edilən evin bir hissəsi iddiaçıya məxsus torpaq sahəsinin üzərinə düşür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən "hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Hüququn ümumi prinsiplərindən görünür ki, mülkiyyət hüququ fundamental bir hüquqdur. Həm daxili qanunvercilik, həm də beynəlxalq hüquq mülkiyyət hüququna "mülkiyyətçinin sərbəstlik sferası” prizmasından yanaşır. Mülkiyyətçi öz əmlakından maneəsiz və arzuladığı formada istifadə etdiyi təqdirə bu hüquq öz mahiyyətini əldə edir. Mülkiyyətçinin öz əmlakından istədiyi formada istifadə edə bilməməsi əslində mülkiyyət hüquqlarını maneəli formada həyata keçirilməsini özündə ehtiva edir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Qanunvericiliyə əsasən hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Buna görə də, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, belə ki, işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsinin zəbt olunması halı müəyyən edilsə də, həmin hissənin cavabdehdən alınaraq iddiaçıya qaytarılması mövcud tikilinin sökülməsi, bununla da həmin tikili üzərində digər şəxslərin mövcud olan mülkiyyət hüquqlarının pozulması ilə, eyni zamanda cavabdehə külli miqdarda ziyan vurulması ilə nəticələnə bilər ki, məhkəmə bunu ədalətli hesab etmir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən zəbt olunmuş torpaq sahəsinin alınıb iddiaçıya verilməsi mümkün olmadığından, iddiaçı yalnız zəbt olunmuş torpaq sahəsinin real bazar qiymətinə uyğun kompensasiyasını tələb etməkdə haqlı hesab edilə bilər. Qanunvericiliyin tələblərinə əsasən məhkəmə yalnız irəli sürülmüş tələblər üzrə işə mahiyyəti üzrə baxmalı olduğundan, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən zəbt olunmuş torpaq sahəsinin qaytarılması barədə iddiaçı tərəfindən qaldırılan iddia tələbi təmin edilməməlidir. Məhkəmə iddiaçının cavabdehin iddiaçıya qarşı dələduzluq əməli olduğuna görə xüsusi qərardadla prokurora müraciət olunması barədə tələbi üzrə aşağıdakıları qeyd edir. Məhkəmə qeyd edir ki, xüsusi qərardad çıxarılması Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinə əsasən iddia ərizəsində tələb kimi deyil, vəsatət-xahiş kimi göstərilə bilər. Azərbaycan Respublikası CPM-nin 204.1-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən fiziki şəxslərin məlumatları yazılı və ya şifahi şəkildə ola bilər. Eyni Məcəllənin 205.1-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən hüquqi şəxsin (vəzifəli şəxsin) məlumatları məktub, yaxud təsdiq edilmiş teleqram, telefonoqram, radioqram, teleks və ya digər qəbul edilmiş müraciət formasında olmalıdır. Xüsusi qərardad öz hüquqi mahiyyətinə görə cinayət təqibini həyata keçirən orqana müraciət formasıdır və istər xüsusi qərardad müraciətinin, istər fiziki şəxsin müraciətinin nəticəsi kimi bu müraciətlərə AR CPM-nin 207-ci maddəsi qaydasında baxılaraq müvafiq qərar qəbul edilir. Məhkəmə qeyd edir ki, xüsusi qərardad çıxarılmasından imtina olunması iddiaçının müstəqil şəkildə cinayət təqibini həyata keçirən orqana AR CPM-nin 204-cü maddəsinə əsasən müraciət etməsi hüququnu istisna etmir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi təmin olunmadığından, məhkəmə xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin ona qaytarılması barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-903/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-903/2022
30.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver