Məhkəmə qərarları › İş №2(009)-910/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-910/2024

30.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-910/2024 30.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Aygün Həsən qızı Əliyevanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyindən ona vurulmuş maddi ziyana görə 6450 (altı min dörd yüz əlli) manat məbləğində pulun, mənəvi ziyana görə isə 200000 (iki yüz min) manat məbləğində təzminatın cavabdehdən onun nəfinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: o, xx.xx.1991-ci ildə anadan olmuş və xx.xx.2009-cu ildən AR MN-nin Silahlı Qüvvələrində hərbi xidmətə başlamış, ali təhsilli olmaqla baş leytenant rütbəsində AR MNnin N saylı hərbi hissəsində artilleriya-batareya komandiri vəzifəsində xidmət etmişdir. xx.xx.2020-ci ildə başlamış Vətən müharibəsində iştirak etmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xx.xx.2020-ci ildə «partlayış travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vəziyyət» xəsarətini almış, ona ilk tibbi yardım Füzuli rayon Mərkəzi Xəstəxanasında göstərilmiş və yenidən döyüşə qayıtmış və xx.xx.2020-ci ildə ona səhhətində olan problemlərlə bağlı 15 gün müddətinə məzuniyyət verilmişdir. Müharibədən sonra onda 3-4 dəfə qanlı qusma halları baş verdiyi üçün o, sağlamlıq durumunun qiymətləndirilməsi məqsədi ilə xx.xx.2021-ci il tarixdə AR MN-nin SQ-nin BKH-na göndərilmiş və xx.xx.2021-ci il tarixə kimi stasionar müalicə almış və ona «qastroezofageal reflüks xəstəliyi, eroziv ezofaqit, hiatam hemia, diafraqmanın qida borusu dəliyinin yırtığı, vegetativ damar davamsızlığn) diqanozu qoyulmuşdur. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi Respublika Psixiatriya Xəstəxanasında «keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı şəxsiyyət pozuntusu, depressiv sindrom, retroqrad amneziya)) diaqnozu ilə stasionar müalicə qəbul etmişdir. Xidmət etdiyi AR MN-nin N saylı hərbi hissə komandiri tərəfindən xx.xx.2021-ci il tarixdə hərbi xidmətə yararlı olub-olmamağı ilə bağlı AR MN-nin Mərkəzi Hərbi Həkim Komissiyasına göndəriş verilmiş və həmin göndərişə əsasən o, müayinə edilmiş, xx.xx.2021-ci il tarixdə onun barəsində AR MN-nin HHK-sı tərəfindən qərar qəbul edilərək o sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə isə məhdud yararlı hesab edilmişdir. Qeyd edilən qərar xidmət etdiyi hərbi hissəyə də göndərilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması uğrunda gedən döyüşlər zamanı aldığı bu travmalarla bağlı ona 2-ci qrup əlillik dərəcəsi təyin olunmuşdur. Lakin buna baxmayaraq cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 2-ci təhqiqat bölməsinin baş təhqiqatçısı, ədliyyə leytenantı X1 xx.xx.2022-ci il tarixli qərarı ilə onun-N saylı hərbi hissənin sabiq hərbi qulluqçusu, baş leytenant İddiaçı barəsində «8 noyabr Zəfər günü)) münasibəti ilə amnistiya elan edilməsi haqqında)) Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 8-ci bəndinə əsasən barəsində amnistiya aktı tətbiq edilməklə AR CM-nin 333.4-cü maddəsi ilə cinayət işi AR CM-nin 39.1.12-ci maddəsi ilə rədd edilmişdir. O, AR CM-nin 333.4-1-ci maddəsi ilə ittihamın verilməsinə əsas kimi xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixə kimi xidmət yerini özbaşına tərk etməyi barədə təhqiqat orqanının gəlmiş olduğu səhv nəticə olmuşdur. O, qərarla razı olmadığı üçün ondan şikayət vermiş və həmin şikayətində göstərmişdir ki, o, AR CM-nin 333.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin subyekti olmamış və ona qarşı tamamilə əsassız ittiham irəli sürülmüş və onun bu işdə günahı olmadığı halda məhz amnistiya aktı tətbiq edilməklə məsuliyyətdən azad edilməyi tamamilə qanunsuz və əsassız bir yanaşma idi. Belə ki, o, artıq xx.xx.2021-ci il tarixli HHK-nın qərarına əsasən hərbi xidmətə sülh dövründə yararsız hesab edilməyimə baxmayaraq hərbi hissə komandiri onun üzürsüz səbəbdən xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixə kimi hərbi hissəni özbaşına tərk etməyi ilə bağlı sənədləri təhqiqat orqanına vermiş və sonuncu onun barəsində AR CM-nin 333.4-1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Halbuki qeyd edilən tarixdən qabaq HHK-nın qəbul etdiyi qərarla o, hərbi xidmətə yararsız hesab olunmuş və həmin qərar əsasında hərbi hissə komandiri onu hərbi xidmətdən «hərbi xidmətkeçmə» haqqında Əsasnamənin 156 V bəndinə əsasən ordu sıralarından ehtiyyata buraxmalı olduğu halda bunu vaxtında etməmiş və yalnız xx.xx.2021-ci il tarixdə onun barəsində əmri vermişdir. HHK-nın qərarı ilə hərbi xidmətə yararsız hesab olunan bir şəxsin hərbi hissədə saxlanılması və sonra da müalicədə olan dövrdə ona fərarilik damğasının vurulması heç bir normaya sığmır. Onun hərbi hissədə xidmətdə olarkən xx.xx.2021-ci il tarixdə akt tərtib edilmiş və həmin aktda yaşadığı psixoloji problemlərlə bağlı psixiatriya müayinəsindən keçirilməli olduğu qeyd edilmişdir. Məhz bu akt əsasında o, Respublika Psixiatrik Xəstəxanasına yerləşdirilmişdir. Bu hal da ona dəlalət edir ki, o səhhətində yaranmış problemlərlə bağlı hərbi xidmət keçmək imkanında olmamışdır. Onun hərbi xidmətə yararsız hesab edilməyi barədə qərarın hərbi hissəyə göndərilməsinə və bir surətinin də o tərəfdən təqdim edilməsinə baxmayaraq hərbi hissə komandiri onun təxrisini ona məlum olmayan səbəblərdən gecikdirmiş və sonra da onun hərbi hissəni özbaşına tərk etməyi barədə raport hazırlayaraq araşdırılmıması üçün təhqiqat orqanına göndərmişdir. Barəsində cinayət işi qaldırıldıqdan sonra ona 3 ayın- 2021-ci ilin oktyabr və noyabr aylarının aylıq əmək haqqısı da ödənilməmiş, belə ki, o, həmin vaxt 1800 manat aylıq əmək haqqı alırdı, 3 ay ərzində bu məbləğ 5400 manat təşkil etmişdir. Həmin məbləğ bu günə kimi də ödənilməmişdir. Bundan başqa müharibə dövründə (2020-ci ilin oktyabr, noyabr və dekabr aylarında) ona məlum olmayan səbəblərdən onun aylıq əmək haqqından hər ay 350 manat pul tutulmuşdur ki, bu da 3 ay müddətində 1050 manat təşkil edir. Ümumilikdə ona 6450 manat maddi ziyan vurulmuşdur. Ona böyük psixoloji sarsıntı yaşatmış bu qanunsuz qərardan şikayət etmiş və xx.xx.2022-ci il tarixli qərarla günahsız olduğu təsdiq olunmuş və barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilmişdir. Lakin barəsində əsassız aparılan araşdırmalar və hər hansı bir cinayət əməlində ittiham edilməyi ona bir sıra problemlər yaratmış, onun nüfuzuna xələl gətirmiş, hətta «pis hərbçi» kimi onun bir sıra mühüm təltiflərdən və mükafatlandırmadan kənarda qalmağına xidmət etmiş, psixoloji sarsıntılara düçar etmişdir ki, o da bunun nəticəsində ona dəymiş mənəvi ziyanı 200000 (iki yüz min) manat məbləğində qiymətləndirir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəmə araşdırılmasının davam etdirilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçını dinləyib, iddia ərizəsini iş materialları əsasında nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia ərizəsindən və iş materiallarından görünür ki, İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Silahlı Qüvvələrinin hərbi qulluqçusu olmaqla artilleriyabatareya komandiri vəzifəsində xidmət etmişdir. İş materiallarında olan İddiaçı məxsus EZ ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı N nömrəli hərbi hissəsinin minaatan batareya komandiri olmuşdur. İddiaçı hazırki iddia tələbinin əsasını onun xidmət dövründə aylıq əmək haqqından əsassız tutulmalar edilməsi ilə əlaqədar ona maddi ziyanın vurulması, həmçinin əsassız olaraq onun xidmət yerini özbaşına tərk etməyindən şikayət edilməsinin, CM-nin 333.4-1-ci maddəsi ilə cinayət işinin başlanması barədə qərar qəbul edilsə də, bu halın onun nüfuzuna xələl gətirməsi, «pis hərbçi» kimi onun bir sıra mühüm təltiflərdən və mükafatlandırmadan kənarda qalması, psixoloji sarsıntılara düçar olması nəticəsində ona mənəvi ziyanın dəyməsi təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 2.1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İnzibati hüquq münasibətləri (idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Göründüyü kimi, belə hüquq münasibətlər publik hüquq sahəsində yaranmaqla münasibətin tərəfi kimi mütləq qaydada inzibati orqan çıxış edir, həmin orqanın fəaliyyəti ictimai idarəetmə ilə bağlı olur və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşaiyyət olunur. Nəzərə alınmalıdır ki, inzibati hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyət-tabeçilik prinsipi əsasında qurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual 2.2-ci maddəsinə görə, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair (öhdəliyin icrası haqqında iddia), inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia), inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Qanunun 2-ci maddəsində isə, inzibati orqan, inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs isə maraqlı şəxs kimi tanınmışdır. “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin idarə, şöbə və xidmətləri, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri inzibati orqan hesab edilir. Məhkəmə, iddiaçının hazırki iddiasının hərbi qulluqşu kimi xidmət etdiyi inzibati orqan olan Müdafiə Nazirliyinin qanunsuz və əsassız hesab etdiyi hərəkətlərinə əsaslandığını və dövlət orqanının hərəkətləri nəticəsində ona vurulmuş (əmək haqqı ilə bağlı) maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb etməsini, eləcə də bununla bağlı qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, hazırki iş predmet və subyekt tərkibinə görə inzibati xarakterlidir və bu səbəbdən mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin məhkəmə orqanlarına aid olmaması nəticəsində icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. (MPM-262.3) İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. (MPM-262.5) Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməli, iddiaçıya müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə onu da qeyd edir ki, İPM-nin 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, iddia tələbi ilə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar