Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-945/2024 07.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Murtuz Muxtarov küçəsi, ev 9-da yerləşən 37 saylı mənzil onun xüsusi mülkiyyətindədir. Mənzili xx.xx.1991-ci il tarixdə köhnə adı ilə 26 Bakı Komissarı Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 22 nömrəli qərarı əsasında almışdır. Həmin mənzilə xx.xx.1991-ci il tarixdə 006201 nömrəli order verilmişdir. Sonradan sözügedən mənzilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixdə, seriya RX ******* nömrəli çıxarış verilmişdir. 2013-cü il tarixdə özünə məxsus olan evə qardaşı Cavabdeh1, 2016-cı il tarixdə isə qardaşı oğlu Cavabdeh2 və qardaşı qızı Cavabdeh3 pasport qeydiyatına almışdır. Lakin onlar heç vaxt ona məxsus olan evdə yaşamamışlar. Çünki həmin şəxslərin Lənkəran rayonunda özlərinə məxsus evləri mövcuddur. Bununla bağlı olaraq xx.xx.2023cü il tarixdə qonşuları tərəfindən akt və həmin akt əsasında da Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 9 saylı MKİS tərəfindən xx.xx.2024-cü il tarixli, 01 nömrəli arayış verilmişdir. Arayışda qeyd olunur ki, “verilir vətəndaş İddiaçı ona görə ki, o, həqiqətən də Səbail rayon, Murtuza Muxtarov küçəsi 9, mənzil 37-nin mülkiyyətçisidir və qeydiyyatdadır. Onunla mənzildə qeydiyyatda olanlar qardaşı Cavabdeh1 1960-cı il təvəllüdlü, qardaşı oğlu Cavabdeh2 2004-cü il təvəllüdlü, qardaşı qızı Cavabdeh3 2006-cı il təvəllüdlü qonşuların xx.xx.2023-cü il tarixli aktına əsasən bu mənzildə qeydiyyata düşən gündən yaşamırlar”. Göstərilən mənzil onun xüsusi mülkiyyətində olsa da, cavabdehlərin mənzilində qeydiyyatda qalması onun xüsusi mülkiyyətində olan mənzil üzərində sərəncam vermək hüquqlarını məhdudlaşdırır. Dəfələrlə cavabdehlərə qeydiyyatdan çıxmaları ilə bağlı xəbərdarlıq etsə də, onlar buna məhəl qoymamışlar. Buna görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh1, Cavabdeh2 və X1 onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, nə qardaşı, nə qardaşı uşaqları bir gün də olsa, onun evində yaşamamışlar. Qardaşının xahişi ilə onları formal surətdə evinə qeydiyyata salmışdır. Cavabdehlərin hazırda harada yaşamaları barədə onda məlumat yoxdur. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 faktiki yaşayış yeri məlum olmadığından onları məhkəməyə dəvət etmək mümkün olmamışdır. Bu barədə onların qeydiyyat ünvanı üzrə göndərilmiş məhkəmə bildirişləri müvafiq qeydlərlə (“bu ünvanda yaşamır”) məhkəməyə geri qaytarıldıqdan sonra, məhkəmə AR MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib və toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə 26 Bakı Komissarı Xalq Deputatları Soveti İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli 006201 nömrəli orderin surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Poluxin (indiki Murtuz Muxtarov) küçəsində yerləşən 9 saylı evin 37 saylı mənzili İddiaçı verilmişdir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli, RX seriyalı ******* №-li çıxarışın notarial qaydada təsdiq edilmiş surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Murtuz Muxtarov küçəsində yerləşən 9 saylı evin 37 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. İş üzrə AR DİN tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ******* №-li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, M.Muxtarov küçəsində yerləşən 9 saylı evin 37 saylı mənzilində yaşayış yeri üzrə qeydiyyatdadırlar. İş üzrə ünvan 2 ünvanında yaşayan A.Yanin, M.İ.Yanina, E.İ.Qasımov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktına əsasən Murtuz Muxtarov küçəsi, 9 mənzil 37 mülkiyyət hüququ olan tək yaşayan İddiaçı məxsusdur. Həmin ünvanda qeydiyyatda olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 həmin mənzildə yaşamırlar. İş üzrə Səbail rayon MKTB-nin 9 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən də Səbail rayon Murtuza Muxtarov küçəsi 9, mənzil 37nin mülkiyyətçisidir və qeydiyyatdadır. Onunla mənzildə qeydiyyatda olanlar qardaşı 1960-cı il təvəllüdlü Cavabdeh1, qardaşı oğlu 2004-cü il təvəllüdlü Cavabdeh2, qardaşı qızı 2006-cı il təvəllüdlü Cavabdeh3 qonşuların xx.xx.2023-cü il tarixli aktına əsasən bu mənzildə qeydiyyata düşən gündən yaşamırlar. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Murtuz Muxtarov küçəsində yerləşən 9 saylı ev 37 saylı mənzili iddiaçının mülkiyyətindədir və iş üzrə Cavabdeh1 iddiaçının qardaşı, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iddiaçının qardaşı uşaqlarıdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdehlər mübahisəli mənzildə qeydiyyatda olsalar da, onlar həmin mənzildə heç vaxt yaşamamışlar, hal-hazırda da yaşamırlar və onların həmin mənzilə qeydiyyatı formal xarakter daşıyır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, cavabdehlərin mülkiyyətində olan mübahisəli evə istifadə hüquqlarına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə Konstitusiya Məhkəməsinin göstərilən qərarını əsas tutaraq hesab edir ki, hazırki mübahisəyə qüvvədə olan AR Mənzil Məcəlləsinin müddəaları baxımından hüquqi qiymət verilməlidir. AR Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından göründüyü kimi mülkiyyətçinin digər qohumları, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarına əsasən: 1.Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
2. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında göstərilmişdir ki: «Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz». Məhkəmə qeyd edir ki, qanunvericilik mülkiyyətçi tərəfindən köçürülən və onunla birgə yaşayan digər qohumların mənzildən istifadə hüququnun olmasını müəyyən edir. Cavabdeh1 iddiaçının qardaşı olduğu üçün onun “digər qohum”u kimi ailə üzvü hesab edilsə də, cavabdehin ailə üzvləri (uşaqları) Cavabdeh2 və Cavabdeh3 iddiaçıya münasibətdə “digər qohum” kimi hesab edilmirlər. Hətta mülkiyyətçinin onları mənzilə köçürüb mülkiyyətçi ilə birgə yaşadıqları halda belə onların həmin mənzilə hər hansı hüquqları yarana bilməz. Lakin mülkiyyətçinin digər qohumunun onun ailə üzvü olması mənzildən istifadə hüququnun yaranması üçün kifayət etmir. Bunun üçün “digər qohum” statusunda olan şəxs mülkiyyətçi tərəfindən mənzilə köçürülməli və onunla birlikdə yaşamalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, nə iddiaçının qardaşı Cavabdeh1, nə də qardaşının ailə üzvləri (uşaqları) Cavabdeh2 və Cavabdeh3 iddiaçının mülkiyyətində olan mənzildə yaşamamışlar və onların qeydiyyatı formal xarakter daşımışdır. Yəni onlar mübahisəli mənzilə qeydiyyata alınsalar da, mənzil üzrə istifadə hüququ əldə etməmişlər. Beləliklə məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları yaranmadığından,həmçinin cavabdehlərin qeydiyyatı mənzilə istifadə hüquqlarının yaranması üçün əsas olmadığından, iddia tələbi təmin edilə bilməz. Yəni şəxsin o halda istifadə hüquqlarına xitam verilə bilər ki, həmin hüquqlar yaranmış olsun. Lakin məhkəmə iclasında cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqlarının olması müəyyən edilmədiyindən, iddia tələbi əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Beləliklə məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqlarının olmaması müəyyən edildiyindən, bu hal cavabdehlərin yaşayış yeri üzrə qeydiyyatlarının ləğv edilməsi üçün əsas olmalıdır. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…
QƏT ETDİ:
İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Bakı şəhəri, Səbail rayonu, Murtuz Muxtarov küçəsində yerləşən 9 saylı evin 37 saylı mənzilinə istifadə hüququna xitam verilməsi barədə iddia tələbi cavabdehlərin mənzilə istifadə hüquqlarının olması müəyyən edilmədiyindən təmin edilməsin. Qətnamə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yaşayış yeri üzrə qeydiyyatının ləğv edilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Hakim: Şahin Abdullayev