Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-95/2022 01.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı – cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (X8 üçüncü şəxs kimi cəlb edilən) qarşı “sağlamlığa vurulmuş zərərin, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “sağlamlığa vurulmuş zərərin, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən N saylı hərbi hissəsinin təqsiri üzündən sağlamlığına vurulmuş xəsarət nəticəsində çəkdiyi əlavə xərclərə görə 50.000 (əlli min) manat pulun, vurduqları maddi və mənəvi ziyana görə 10.000 (on min) manat olmaqla, ümumilikdə 60.000 (altmış min) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 11.11.2017-ci ildə işdə olarkən Bakı şəhəri, Qaradağ rayonu, Müşfiq qəsəbəsindən keçən hissədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə məxsus “Kamaz” markalı K-397QQ dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü X8 onun “Mersedes-Benz” markalı 50 DN-439 dövlət qeydiyyatlı mikroavtobusu idarə etdiyi yola keçərək yol nəqliyyat hadisəsi törətmiş, nəticədə o, ağır xəsarət alaraq Sumqayıt şəhər X18 Xəstəxanasına yerləşdirilmişdir. O, iki gün reanimasiya şöbəsində müalicə aldıqdan sonra ayağında baş vermiş, çoxsaylı sınıq xəsarətləri ilə bağlı sol bud nahiyyəsində əməliyyat aparılaraq mil qoyulmuşdur. Hadisə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə məxsus “Kamaz N” yük markalı K-397QQ dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X8 tərəfindən törədilmiş, nəticədə o, 2017-ci ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ağır xəsarət alaraq sağlamlığını tam itirmiş, hərəkət qabiliyyətindən məhrum olmuşdur. O, hazırda işləyə bilmir, xəstəxanada 1 ilə yaxın müalicə olunduqdan sonra evə buraxılmış, müalicəsi tam başa çatmamışdır. Baş vermiş bədbəxt hadisədən sonra 2017-ci ildən işləmir. Bu hadisə ilə bağlı cavabdehlərin təqsiri ekspertizanın verdiyi rəyə əsasən tam sübut olunmuşdur. Lakin cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və N saylı hərbi hissənin məsul işçiləri xəstəxanada müalicə olunan zaman dəfələrlə ona baş çəkərək müalicə xərclərini ödəyəcəklərinə, baş vermiş hadisə ilə əlaqədar vurulan ziyanı ödəməyə vədlər verərək şikayət etməməyini xahiş etsələr də, onu aldatmışlar, verdikləri vədlərinə əməl etməmişlər. Hazırda ağır xəstədir, əmək qabiliyyətini tam itirmişdir. O, imkansızlıq ucbatından müalicə oluna bilmir, bədəninə qoyulan mil çıxarılmasa həyatını itirmək təhlükəsi ilə üz-üzə qalacaqdır. Xəstəxanada bir neçə dəfə cərrahiyə əməliyyatı üçün 28 mart 2018-ci ildə Sumqayıt şəhəri, 5-ci mkr, ev 132A/17, 14 saylı 2 otaqlı mənzilini 40.000 manata sataraq 30.000 manata 1 otaqlı mənzil almış, 20.000 manatını müalicəyə xərcləmişdir. Beləliklə, bədbəxt hadisə nəticəsində onun müalicəsinə, əlavə qidalanmaya, dərmanların alınmasına çəkdiyi xərclərə görə 20.000 manat xərci, 10.000 manat isə əlavə xərcim çıxmışdır. Onun bu növ xidmətlərə və qulluğa ehtiyacı olduğundan xəstəlik tarixçəsindən çıxarışlar, tibbi arayışlarla təsdiq olunur. Hazırda onun bədənindən mil çıxarılmalı, omba nahiyəsinə protez qoyulmalıdır. Protezin qoyulması üçün ondan 20.000 manat tələb olunur ki, həmin məbləği də cavabdehlər ödəməlidirlər, ümumilikdə isə cavabdehlər ona 50.000 manat ödəməlidirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, cavabdeh hadisənin baş verməsini, təfərrüatını, mexanizmini mübahisələndirmir. Zərərçəkmişlərin xəsarət almasını mübahisələndirmir. X7 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinə əsasən (cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir) 02.02.2018-ci il tarixli qərarı ilə sürücü X4 barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilməsinin onun mülki iddiasi ilə heç bir bağlılığı yoxdur. X13 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi barədə (cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda) qərar qəbul etməsi konkret şəxsin əməlinə verilən cinayət hüquqi qiymətdir. Həmin qərar bəraətverici əsaslarla qəbul edilməmişdir. O, həmin əmələ cinayət hüquqi qiymət verilməsi, cinayət təqibi aparılması, törədilmiş əmələ görə cinayət məsuliyyəti daşıması və cəza təyin edilməsini arzu etməmiş, zərərçəkmiş şəxs kimi onun barəsində azadlıqdan məhrum etmə, azadlığın məhdudlaşdırılması, intizam xarekterli hərbi hissədə saxlanma cəzalarının təyin edilməsini arzu etməmiş, indi də arzu etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Lakin cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və N saylı hərbi hissənin məsul işçiləri xəstəxanada müalicə olunan zaman dəflərlə ona baş çəkərək müalicə xərclərini ödəyəcəklərinə, baş vermiş hadisə ilə əlaqədar vurulan ziyanı ödəməyə vədlər verərək şikayət etməməyini xahiş etsələr də, onu aldatmışlar, verdikləri vədlərinə əməl etməmişlər. O, bağışlamış, cinayət işi üzrə barışmış, N saylı hərbi hissənin vəzifəli şəxslərinin verdikləri vədə inanıb, onların öz öhdəliklərini yerinə yetirəcəyinə ümid etmişdir. Məhz Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdeh2sinin hərbi qulluqçusu, sürücü X4 idarə etdiyi “Kamaz-43114” markalı K 397 QQ dövlət qeydiyyat nişanlı avtomobillə hərbi hissə tərəfindən tapşırıqların icrası zamanı, hərbi xidmət vəzifəsini yerinə yetirərkən yüksək təhlükə mənbəyi ilə o, xəsarət almışdır. Cinayət əməli Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə məxsus “Kamaz N” yük markalı K-397QQ dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X8 tərəfindən törədilmiş, yol nəqliyyat hadisəsi nəticəsində ağır xəsarət alaraq sağlamlığını tam itirmiş, hərəkət qabiliyyətindən məhrum olmuş, işləyə bilmir, xəstəxanada 1 ilə yaxın müalicə olunduqdan sonra evə buraxılmış, müalicəsini tam başa çatmamışdır. Baş vermiş bədbəxt hadisədən sonra 2017-ci ildən işləmir. Bu hadisə ilə bağlı cavabdehlərin təqsiri ekspertizanın verdiyi rəyə, cinayət işinin başlanmasının rədd edilməsi qərarı, zərərçəkmişlər və təqsirləndirən şəxsin izahatları ilə tam sübut olunmuşdur. Lakin cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və N saylı hərbi hissənin məsul işçiləri xəstəxanada müalicə olunan zaman dəfələrlə ona baş çəkərək müalicə xərclərini ödəyəcəklərinə, baş vermiş hadisə ilə əlaqədar vurulan ziyanı ödəməyə vədlər verərək şikayət etməməyini xahiş etsələr də, onlar onu aldatmış, verdikləri vədlərinə əməl etməmişlər. Cavabdehin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1118.1-ci maddəsinə əsaslanmasına etirazı yoxdur, qanunsuz hərəkət və hərəkətsizliyə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilməsinə əslanma absurddur cavabdeh tərəf etirazda kifayət qədər hadisənin necə baş verməsi, hadisəyə cinayət hüquqi qiymət verilməsi, kifayət qədər geniş məlumat verir, həmin cinayət hadisəni törədən şəxsin Cavabdeh2 hərbi qulluqçusu, məhz sürücü X8 idarə etdiyi “Kamaz-43114” markalı K 397 QQ dövlət qeydiyyat nişanlı avtomobillə hərbi hissə tərəfindən tapşırıqların icrası zamanı, hərbi xidmət vəzifəsini yerinə yetirərkən o, xəsarət almışdır. Məhz etirazda qeyd edilən hərəkətlə bağlı o, xəsarət almış, məhz həmin yol nəqliyyat hadisəsi nəticəsində ağır xəsarət alaraq sağlamlığını tam itirmiş, hərəkət qabiliyyətindən məhrum olmuş, işləyə bilmir, xəstəxanada 1 ilə yaxın müalicə olunduqdan sonra evə buraxılmış, müalicəsi tam başa çatmamışdır. Zərərçəkənin sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya, kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlamağa çəkdiyi xərclərin əvəzinin ödənilməsinə həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirildiyini, “Dövlət tibb müəssisələrində tibbi xidmət pulsuz olması haqqında müddəaları hissəvi qəbul edir. Məhkəmədə çəkdiyi və çəkəcəyi xərclər barədə sübut etmək onun üzərinə düşür. “Kamaz- 43114” markalı K397QQ dövlət qeydiyyat nişanlı avtomobil Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı Hərbi Hissəyə məxsusdur. Yüksək təhlükə mənbəyi kim ona xəsarət yetirən, zərər vuran “Kamaz-43114” markalı K397QQ dövlət qeydiyyat nişanlı avtomobilin, maşının mülkiyyətçisi Müdafiə Nazirliyi N saylı hərbi hissədir. Yuxarıda qeyd etdiyi əsaslara görə öz adı, əmlakı, balansı olan, öz adından çıxış edə bilən Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı Hərbi Hissəsi mülki hüquq pozuntusu üçün tam cavabdehlik daşıyır. “Kamaz-43114” markalı K397QQ dövlət qeydiyyat nişanlı avtomobil Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı Hərbi Hissəyə məxsus olduğu üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə sahiblik edən hüquqi şəxsin öhdəsinə qoyulur. Göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi X9 iddia tələbinə etiraz təqdim edərək izahatında göstərmişdir ki, 11.11.2017-ci ildə saat 18:20 radələrində Sahil-H.X.Tağıyev yolunun Qaradağ rayonu ərazisindən keçən 7-ci kilometrində Cavabdeh2 hərbi qulluqçusu, sürücü X8 idarə etdiyi “Kamaz-43114” markal K397QQ dövlət qeydiyyat nişanlı avtomobillə Sahil qəsəbəsi istiqamətində saat 60-70 km sürətlə hərəkətdə olarkən, qarşıda eyni istiqamətdə hərəkət edən yük avtomobilini ötmə əməliyyatı aparmaq üçün əks hərəkət zolağına çıxmış, ötməni başa çatdıra bilməyib qarşıdan əks istiqamətə hərəkət edən iddiaçının idarə etdiyi “Mersedes Benz 208D” markalı **-DH-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla, iddiaçının hərəkət zolağında toqquşmuş, nəticədə mikroavtobusun sürücüsü İddiaçı, sərnişinlər X10 və X5 müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. İddiaçı Sumqayıt şəhər X18 xəstəxanasına qəbul edilmiş və orada onu məhkəmə tibb ekspertizası müayinəsindən keçirilmiş, ekspertin 17.01.2018-ci il tarixli 50 və 19.01.2018-ci il tarixli 07/1417 nömrəli rəyləri ilə onun aldığı xəsarətlər sağlamlığına “az ağır” zərərvurmaya aid olması müəyyən edilmişdir. Qeyd olunan faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsinin yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və təhqiqat şöbəsində sürücü X4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə başlamış cinayət işinə, zərərçəkmiş şəxslər İddiaçı, Məlahət Həsənova və Samit Qayıbov ərizə verərək sürücü S.Quliyev ilə barışdıqlarını, onun barəsində şikayətlərinin olmadıqlarını bildirmişlər həmin şöbənin baş müstəntiqi, polis mayoru X13 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsini rəhbər tutaraq (cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir) 02.02.2018-ci il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1118.1-ci maddəsinə əsasən, fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən Dövlət tibb müəssisələrində tibbi xidmət pulsuzdur, yalnız bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla pullu ixtisaslaşdırılmış tibbi yardımın növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının 8-ci bəndində Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi srarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İddiaçının sağlamlığının uzun müddət pozulmasına səbəb olmuş, dərəcəsinə görə isə “az ağır” zərər cavabdehin təqsiri nəticəsində deyil, Cavabdeh2 sabiq hərbi qulluqçusu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər X4 təqsiri ucbatından vurulmasına baxmayaraq, iddiaçı ərizə ilə müraciət edərək onun sağlamlığına ziyan vurmuş Sakit Quliyevlə barışdığını, heç-bir şikayət və ərizəsinin olmadığı haqqında ərizə vermişdir. Sakit Quliyevlə zərərçəkənlər barışdığına, onlara dəymiş maddi və mənəvi ziyanı ödənildiyinə görə, Cinayət Prosessual Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və heç bir mülki iddia qaldırılmamışdır. İddiaçı uzun müddətdən keçəndən və Sakit Quliyev ordu sıralarından tərxis olunandan sonra, Müdafiə Nazirliyinə qarşı iddia qaldırmışdır. Hesab edir ki, iddiaçı iddia üzrə cavabdehi düzgün təyin etməyib və iddia ərizəsi ilə Sakit Quliyevə qarşı iddia qaldırmalıdır. İddiaçı məqsədyönlü şəkildə iddia ərizəsi ilə ona ziyan vuran şəxsə qarşı iddia qaldırmayıb, daha çox gəlir əldə etmək məqsədi ilə dövlət büdcəsindən maliyyələşən Müdafiə Nazirliyinə qarşı iddia qaldırmışdır. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X8 izahatında göstərmişdir ki, o, hal-hazırda Müdafiə Nazirliyinin 112 saylı Hərbi Hissəsində xidmət edir. O, hadisə zamanı N saylı Hərbi Hissədə xidmət etmişdir. Belə ki, idarə etdiyi nəqliyyat vasitəsi ilə hadisə törətmiş və nəticədə İddiaçı xəsarət almışdır. Onun müalicəsinə gücü çatan qədər köməklik göstərmiş, hətta onunla barışıq əldə ediləndən sonra köməklik etməyə davam etmişdir. Onun bildiyi qədər İddiaçı sığorta ilə bağlı pul almalı idi. Ondan izahat alınanda o, hadisə ilə bağlı olanları ərizəsində olduğu kimi qeyd etmiş və imzalamışdır. İddiaçı müalicəsində hər dəfə fərqli pul məbləğləri hesablanırdı. Məsələn, həkim pulu 800-900 manat olurdu. Bundan əlavə o, İddiaçı 80-100 manat məbləğində dəfələrlə pul göndərmişdir. Onun ikinci uşağı dünyaya gəldiyindən, maddi imkanı olmadığından bir ara Kamilin vəziyyəti ilə maraqlana bilməmişdir. Bundan sonra Kamil ondan şikayət etmiş, o, da qızıl komplektlə birgə İddiaçı yanına getmişdir. İddiaçı həmin qızıl zinət əşyanı qəbul etməkdən imtina etmiş, o isə əmisi ilə birlikdə həmin qızıl komplekti satıb pulu Kamilə təqdim etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi və üçüncü şəxs X2 məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsi və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin və üçüncü şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin baş müstəntiqi, polis mayoru E.Əmirov tərəfindən qəbul edilmiş 02.02.2018-ci il tarixli qərarından görünür ki, İddiaçı əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanmasının rədd edilməsi, X8 zərərçəkmiş şəxslərlə barışdığından barəsində cinayət işinin başlanmasının rədd edilməsi, barəsində İXM-nin 3N.1-ci maddəsi ilə inzibati tənbeh görülməsi qərara alınmışdır. Həmin qərarın təsviri hissəsindən görünür ki, 11.11.2017-ci il tarixdə, saat 18:20 radələrində Sahil-H.Z.Tağıyev yolunun Qaradağ rayonu ərazisindən keçən 7-ci kilometrində N hərbi hissənin hərbi qulluqçusu, sürücü X8 idarə etdiyi «Kamaz-43114» markalı K397QQ dövlət qeydiyyat nişanlı avtomobillə Sahil qəsəbəsi istiqmətinə 60-70 km/saat sürətlə hərəkətdə olarkən, qarşıda eyni istiqamətə hərəkət edən yük avtomobilini ötmə əməliyyatı aparmaq üçün əks hərəkət zolağına çıxmış, ötməni başa çatdıra bilməyib qarşıdan əks istiqamətə hərəkət edən İddiaçı idarə etdiyi «Mercedes Benz 208D» markalı **-DH-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla, sonuncunun hərəkət zolağında toqquşmuş, nəticədə mikroavtobusun sürücüsü İddiaçı, sərnişinləri X10 və X5 xəsarət almışlar. Araşdırma zamanı İddiaçı, Məmləkət Həsənova və Samit Qayıbov məhkəmə-tibb ekspertizası müayinəsindən keçirilmiş, ekspertin 17.01.2018-ci il tarixli 50 və 19.01.2018ci il tarixli 07/1417 №-li rəyləri ilə İddiaçı və M.Həsənovanın aldığı xəsarətlər sağlamlığa az ağır, 12.12.2017-ci il tarixli 1477 rəyi ilə S.Qayıbovun aldığı xəsarətlər isə sağlamlığa yüngül zərər vurmaya aid olması müəyyən edilmişdir. Zərərçəkmiş şəxslər İddiaçı, Məmləkət Həsənova və Samit Qayıbov ərizə verərək sürücü S.Quliyevlə barışdıqlarını, onun barəsində şikayətləri olmadığını göstərmişlər. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhəri 4 saylı Notariat Kontorunda rəsmiləşdirilmiş 28 mart 2018-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı Müqaviləsinə əsasən, tam mülkiyyət hüququ ilə İddiaçı ona məxsus Sumqayıt şəhəri 5-ci mkr, 132A/17 saylı evin 14 saylı mənzilini X1. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən İddiaçı ünvanlanmış 26.12.2020-ci il tarixli, 9705 nömrəli məktubdan görünür ki, Müdafiə Nazirliyinə ünvanladığı (bədbəxt hadisə haqqında aktın və sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsinə dair) şikayət ərizəsində, Müdafiə Nazirliyinin Cavabdeh2si tərəfindən bədbəxt hadisə haqqında aktın verilməsini və həmin hərbi hissə tərəfindən 11.11.2017-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı onun sağlamlığına dəymiş zərərin əvəzinin 15.000 (on beş min) manat pul müqavilində ödənilməsini tələb etmişdir. Qeyd olunan iddianın təmin edilməsi məsələsinə baxılması onların səlahiyyətləri daxilində deyildir. Bundan başqa Müdafiə Nazirliyinə ünvanlanmış şikayət ərizəsində 11.11.2017-ci il tarixdə, saat 18:00 radələrində Müdafiə Nazirliyinin Cavabdeh2sinə məxsus “Kamaz N” markalı, K397QQ hərbi nömrə nişanlı avtomobilin sürücüsü, həmin hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X4 tərəfindən yol-nəqliyyat hadisəsinin törədildiyini, hadisə vaxtı onun sağlamlığının uzun müddətə pozulmasına səbəb olmuş, dərəcəsinə görə isə sağlamlığa “az ağır” zərərvurmaya aid xəsarətlər yetirildiyi qeyd olunmuşdur. Qeyd olunan faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsinin yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və təhqiqat şöbəsinin baş müstəntiqi, polis mayoru X14 tərəfindən 02 fevral 2018-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara nəzər saldıqda onun araşdırma müddətində həmin araşdırmanı aparan orqana barışıq ərizəsi ilə müraciət etdiyini və yol-nəqliyyat hadisəsini törətmiş sürücü MAHHXHQ əsgər S.Quliyevlə barışmağı və ondan şikayətinin olmaması öz əksini tapmışdır. Nəzərinə çatdırırlar ki, qəbul edilmiş qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 212.3-cü maddəsinə əsasən prokurora, yuxarı prokurora və ya məhkəməyə şikayət etmək hüquqları vardır. Odur ki, bu barədə ona rəsmi qaydada məlumat verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 16.02.2021-ci il tarixli, 11/680 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə əsasən onun dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət etmək hüququnun olduğu bildirilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı verilmiş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair 09.08.2019-cu il tarixli məlumatdan görünür ki, İddiaçı bədənin bir neçə nahiyələrini əhatə edən digər müştərək sınıqlar, sol sirkə kasası dibinin, arxa kənarının 2 şurup ilə fiksa olunmuş sınığı, sol bud sümüyünün böyük burmasının bitişməmiş sınığı, sol bud çanaq oynağının Postravmatik koksartrozu, ankilozu daimi ağrı ilə, sol a/ətrafın veriş və dayaq funksiyasının pozulması, sol a/ətrafın funksiyasının kəskin itməsi, qapalı kəllə beyin travması, baş beyin sirkələnməsi, sağ diz qapağının bitişmiş sınığı, sol aşağı ətrafın 7,0 sm qısalması diaqnozu qoyulmuş, İİİ dərəcə əlillik müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş 17.12.2021-ci il tarixli 047 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən "xxxx" klinikasında müayinədən keçmiş, sol bud sümüyü başının avaskulyar nekrozu diaqnozu qoyulmuş, xəstədə “bud çanaq oynağının total endoprotezləşdirilməsi” əməliyyatı icra olunmalıdır. Əməliyyatın məbləği 7500 - 8000 (yeddi min beş yüz - səkkiz min) manat arasında dəyişə bilər. Əməliyyat məbləği əməliyyatın saatından, istifadə olunan tibbi məsrəf və sərflərdən asılı olaraq dəyişir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış N.11.2020ci il tarixli GTKR3263019A126 nömrəli kredit müqaviləsinə əlavədən görünür ki, Bank borcluya 48 ay müddətinə illik 28 faiz olmaqla 1700 manat məbləğində kredit vermişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin sorğusuna Abşeron Rayon Polis İdarəsi tərəfindən verilmiş N.12.2021-ci il tarixli məktubundan görünür ki, X8 barəsində Azərbaycan Respublikası İXM-nin 3N.1-ci maddəsi ilə Abşeron RPİ DYPŞ-də inzibati tənbeh tədbiri görülməmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdeh2si tərəfindən verilmiş N.01.2022ci il tarixli məktubundan görünür ki, 2017-ci il ərzində istifadə olunan yol vərəqələri və onların kötükləri Müdafiə Nazirinin 29 nömrəli 20.05.2014-cü il tarixli qərarına əsasən 1 (bir) il saxlandıqdan sonra 12.09.2019-cu il tarixli 456 nömrəli aktına əsasən ləğv olunmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin sorğusuna Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə tərəfindən verilmiş 23.02.2022-ci il tarixli məktubuna əlavə olunmuş yol vərəqəsinin təsdiq olunmuş surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh2sinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X6 06.11.2017-ci il tarixdən 11.11.2017-ci il tarix də daxil olmaqla “Kamaz N” markalı, K397QQ hərbi nömrə nişanlı avtomobili idarə etmək üçün yol vərəqəsi verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 11.11.2017-ci il tarixdə, saat 18:20 radələrində Sahil-H.Z.Tağıyev yolunun Qaradağ rayonu ərazisindən keçən 7-ci kilometrində N hərbi hissənin hərbi qulluqçusu, sürücü X8 yol vərəqəsi əsasında idarə etdiyi, N hərbi hissəyə məxsus «Kamaz-43114» markalı K397QQ dövlət qeydiyyat nişanlı avtomobillə Sahil qəsəbəsi istiqmətinə 60-70 km/saat sürətlə hərəkətdə olarkən, qarşıda eyni istiqamətə hərəkət edən yük avtomobilini ötmə əməliyyatı aparmaq üçün əks hərəkət zolağına çıxmış, ötməni başa çatdıra bilməyib qarşıdan əks istiqamətə hərəkət edən İddiaçı idarə etdiyi «Mercedes Benz 208D» markalı **-DH-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla, sonuncunun hərəkət zolağında toqquşmuş, nəticədə mikroavtobusun sürücüsü İddiaçı, sərnişinləri X10 və X5 xəsarət almışlar. Araşdırma zamanı İddiaçı və digərləri məhkəmə-tibb ekspertizası müayinəsindən keçirilmiş, ekspertin 17.01.2018-ci il tarixli 50 və 19.01.2018-ci il tarixli 07/1417 №-li rəyləri ilə İddiaçı aldığı xəsarətlər sağlamlığa az ağır zərər vurmaya aid olması müəyyən edilmişdir. Zərərçəkmiş şəxs İddiaçı ərizə verərək sürücü S.Quliyevlə barışdıqlarını, onun barəsində şikayətlərinin olmadığını göstərmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin baş müstəntiqi, polis mayoru E.Əmirov tərəfindən qəbul edilmiş 02.02.2018-ci il tarixli qərarına əsasən İddiaçı əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanmasının rədd edilməsi, X4 zərərçəkmiş şəxslərlə barışdığından barəsində cinayət işinin başlanmasının rədd edilməsi, barəsində İXM-nin 3N.1-ci maddəsi ilə inzibati tənbeh görülməsi qərara alınmışdır. Daha sonra Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair 09.08.2019-cu il tarixli məlumatına əsasən İddiaçı bədənin bir neçə nahiyələrini əhatə edən digər müştərək sınıqlar, sol sirkə kasası dibinin, arxa kənarının 2 şurup ilə fiksa olunmuş sınığı, sol bud sümüyünün böyük burmasının bitişməmiş sınığı, sol bud çanaq oynağının Postravmatik koksartrozu, ankilozu daimi ağrı ilə, sol a/ətrafın veriş və dayaq funksiyasının pozulması, sol a/ətrafın funksiyasının kəskin itməsi, qapalı kəllə beyin travması, baş beyin sirkələnməsi, sağ diz qapağının bitişmiş sınığı, sol aşağı ətrafın 7,0 sm qısalması diaqnozu qoyulmuş, İİİ dərəcə əlillik müəyyən edilmiş, həmçinin "xxxx" MMC tərəfindən verilmiş 17.12.2021-ci il tarixli 047 nömrəli arayışa əsasən İddiaçı sol bud sümüyü başının avaskulyar nekrozu diaqnozu qoyulmuş, xəstədə “bud çanaq oynağının total endoprotezləşdirilməsi” əməliyyatı icra olunmalı olduğu, əməliyyatın məbləğinin 7500 - 8000 (yeddi min beş yüz - səkkiz min) manat arasında dəyişə biləcəyi bildirilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbinin əsasını 11.11.2017-ci il tarixdə, saat 18:20 radələrində Sahil-H.Z.Tağıyev yolunun Qaradağ rayonu ərazisindən keçən 7-ci kilometrində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N hərbi hissəsinin hərbi qulluqçusu, sürücü X4 yol vərəqəsi əsasında idarə etdiyi «Kamaz-43114» markalı K397QQ dövlət qeydiyyat nişanlı avtomobillə Sahil qəsəbəsi istiqmətinə 60-70 km/saat sürətlə hərəkətdə olarkən İddiaçı idarə etdiyi «Mercedes Benz 208D» markalı **-DH-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla toqquşması nəticədə İddiaçı sağlamlığına vurulmuş maddi və mənəvi zərərin ödənilməsi təşkil edir. Məhkəmə iddia tələbinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Belə ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyyatsızlığı nəticəsində yaranır. Həmçinin mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqisrli davranışa yolu verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik) habelə, zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında aparılmış araşdırma zamanı, həmçinin iş materialları ilə də müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N hərbi hissənin hərbi qulluqçusu, sürücü X8 11.11.2017-ci il tarixdə, saat 18:20 radələrində Sahil-H.Z.Tağıyev yolunun Qaradağ rayonu ərazisindən keçən 7-ci kilometrində yolnəqliyyat hadisəsi baş verən zaman «Kamaz-43114» markalı K397QQ dövlət qeydiyyat nişanlı avtomobili yol vərəqəsi əsasında idarə etmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin yuxarıda qeyd edilən 1108.1-ci maddəsinin məzmunundan da görünür ki, qanunverici zərərin əvəzini ödəmək vəzifəsini yalnız bir şəxsin, yəni mülki hüquq pozuntusu (hazırki halda yolnəqliyyat hadisəsi) törədilən zaman nəqliyyat vasitəsinə qanuni sahiblik edən şəxsin (bu mülkiyyətçi yaxud nəqliyyat vasitəsini etibarnamə və ya yol vərəqəsi və s. üzrə idarə edən digər şəxs ola bilər) üzərinə qoymuşdur. Hazırkı halda isə yol-nəqliyyat hadisəsi baş verər zaman «Kamaz-43114» markalı K397QQ dövlət qeydiyyat nişanlı avtomobil avtomobili müvafiq yol vərəqəsi əsasında idarə edən Hərbi Hissənin hərbi qulluqçusu, sürücü X4 qanuni sahibliyində olmuşdur. Ona görə də, məhz X8 Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələblərinə görə yüksək təhlükə mənbəyinin (həmin an üçün) sahibi hesab olunur. Mülki Məcəllənin 1108.1-ci maddəsinin məzmunundan da görünür ki, həmin norma zərərçəkənə, yəni hazırki halda iddiaçıya zərərin əvəzinin mülkiyyətçi və ya digər qanuni sahibdən tutulmasını tələb etmək baxımından seçim hüququ vermir. Həmin maddənin son cümləsində işlədilən “və ya” bölüşdürmə bağlayıcısı isə qanuni sahibliyin formasını, yəni delikt törədən şəxsin mülkiyyətçi, yoxsa nəqliyyat vasitəsini etibarnamə (yol vərəqəsi və s.) üzrə idarə edən şəxs ola bilməsini müəyyən etmişdir. Bundan başqa, Mülki Məcəllənin 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Mülki Məcəllənin 1108.2-ci maddəsindən də müəyyən olunur ki, məsuliyyət həm mənbə sahibinin, həm də mənbədən istifadə edənin (hazırkı halda avtomobilin sürücüsü) üzərinə o halda qoyula bilər ki, yüksək təhlükə mənbəyi hüquqa zidd hərəkətlər nəticəsində sahiblikdən çıxmış olsun və qanuni sahib mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olsun. Hazırki işdə belə bir hal da mövcud deyildir. Belə ki, X8 avtomobili qanuni əsaslarla, yəni ona verilmiş müvafiq yol vərəqəsi əsasında idarə etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, zərərin əvəzinin nəqliyyat vasitəsinin mülkiyyətçisindən tutulması üçün əsaslar mövcud deyildir. Odur ki, iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iddianın maddi zərərin ödənilməsi hissəsinin əsassız olduğu üçün rədd olunması nəticəsinə gəldiyini, iddianın digər hissələrinin (mənəvi zərər) isə törəmə tələb olduğunu nəzərə alaraq hesab edir ki, həmin hissəyə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hər bir kəsin məhkəmə müdafiəsi hüququ onun konstitusyon hüququ olmaqla həmin hüququn məhdudlaşdırılması qanunla qadağandır. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar və faktlar əsasında hüquqi qiymət verməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (X8 üçüncü şəxs kimi cəlb edilən) qarşı “sağlamlığa vurulmuş zərərin, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (X8 üçüncü şəxs kimi cəlb edilən) qarşı “sağlamlığa vurulmuş zərərin, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-95/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-95/2022
01.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver