Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-96/2024 03.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi M.M.Seyidzadənin iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək göstərmişdir ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən o, Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, 13 saylı evin 10 saylı mənzilinin mülkiyyətçisidir. 2023-cü ilin may ayının 9,10,11 və həmçinin 2023-cü ilin 18 iyul tarixlərində onun mənzilin bir mərtəbə yuxarıda yerləşən qonşu 23 və 31 nömrəli mənzillərdən onun mənzilinə su axıdılmışdır. Qonşu mənzillərdən axan suyun nəticəsində mənzilinin qonaq otağının tavanının kənarında və orta hissəsində alçıpana və boyasına, döşəməyə, divana, həmçinin elektrik işıqlandırıcısına və çılçırağa ziyan dəymişdir. Tavanın alçıpan birləşmələri suyun təsirindən keyfiyyətini itirərək qabarmış və çirkli su alçıpanı və boyanı sarı pas rəngi ilə boyayaraq yararsız hala salmaqla və onun mənzilinə maddi zərər vurmuşdur. Mənzilinə axıdılmış su nəticəsində dəyən zərəri onun mənzilinin üstündə yaşayan qonşular vurmuşdur. Onun mənzilindən yuxarı mərtəbədə 23 No-li mənzildə Cavabdeh2 yaşayır və həmçinin elə həmin evin 31 saylı mənzildə isə Cavabdeh1 qeydiyyatdadır, amma orada daimi yaşamır. Cavabdehlərin təqsiri üzündən ona məxsus əmlaklara ziyan dəymişdir. 31 saylı mənzilin bütün sanitar qovşağı və su sistemləri, boruları çürük və yararsız haldadır. Həmçinin 31 saylı mənzilin sahibi Cavabdeh1 və digər vaxtlar həyat yoldaşı Əsgərov Nicat mənzilə gəldikləri vaxt sudan istifadə etdikləri zaman 23 saylı mənzilə su axır və ordan da ona ziyan dəyir. Həmçinin onunla eyni mərtəbədə divar qonşusu və həmin qonşunun alt mərtəbəsində yerləşən restorana da su sızması olur. Suyun mənzilə ziyan vurmasına dair 151 saylı MKİS-nin əməkdaşları tərəfindən də 11 may və 18 iyul tarixlərində mənzilə baxış keçirmələri və baş vermiş hadisəyə dair aktlar da mövcuddur. Cavabdehlərin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində onun mənzilində olan əmlak yararsız vəziyyətə düşmüşdür. Mənzilinin tavanda alçıpan, boya, elektrik işıqlandırıcı, çılçıraq və divana çirkli su axması ilə bağlı ziyan dəymiş, həmçinin divan kimyəvi təmizlənməyə məruz qalması, döşəmədə taxtaların suyun təsirindən islanıb quruduqdan sonra aralanması və araların doldurularaq sürtülərək yenidən laklanması zərurəti yaranmışdır. Korlanmış əşyalar tərəfindən saxlanılmışdır və mənzildədir. Yararsız vəziyyətə düşmüş əmlakın və təmir olunacaq mənzilin hissələrinin inşaat materiallarının alınması, ustanın əmək haqqısı və bir sözlə ümumi dəyəri 2308,60 manat təşkil edir. Qeyd edir ki, cavabdehlərin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mənzilində aşağıdakı təmir işləri həyata keçirilməlidir: -Alçıpanlar çirkləndiyi üçün üzəri işlənib boyansa da pas rəngi təkrar üzərinə çıxacağı üçün həmçinin iki alçıpan birləşməsi su təsirindən aşılandığı üçün həmin hissələr kəsilib çıxarılmalı yerinə yeni alçıpan vurulub alçı ilə işlənib boya vurulmalıdır; -Tavanda olan elektrik işıqlandırıcının içərisinə su axması nəticəsində yanmış, qaralmış, yararsız hala düşmüşdür. Çılçırağa axan su içəridəki naqilləri və birləşmə konstruksiyalarını koroziyaya uğratdığından naqillərin və konstruksiya elementlərinin dayanıqlığı təhlükə yaratdığından sökülüb korroziya elementləri təmizlənərək yenidən yığılmalı və keyfiyyətini itirmiş naqillər yenilənməlidir; -Tavan püskürtmə üsulu ilə boyandığından boyama işləri tavanın digər yerindən seçilməməsi üçün yenidən püskürtmə üsulu ilə bütöv rənglənməlidir. Püskürtmə boya vurarkən oboy kağızların tavandakı işıqlandırıcıların, çılçırağın, döşəmənin və əşyaların üzəri boyadan ziyan görməsin deyə polietilenlə örtürülməlidir; -Mənzilin hündürlüyü 4 metrdən çox olduğu üçün yuxarıda işləmək üçün xüsusi vasitə quraşdırılmalı və sonrada sökülərək daşınmalı nəqliyyat vasitəsilə gətirilməli və aparılmalıdır; -Döşəməyə düşən su taxtalarda şişmə və sonra quruma zamanı deformasiya olduğundan aralanmalar olmuşdur. Döşəmə üzəri su əsaslı Alman istehsalı olan “Home Maxi” lakından istifadə olunduğu üçün elə həmin eynicinsli lakdan istifadə edilməlidir; -Divanın bir hissəsinə axan çirkli su divanın bir hissəsini və içəridəki qubkanı islatmışdır. Kimyəvi təmizlənməlidir Təmir zamanı yaşamaq üçün şərait olmadığından bir ay müddətində mənzildə yaşayış mümkün olmayacaq. Aparılacaq təmir işləri ümumi dəyəri 2088,60 manat təşkil edən bərpa təmir işləri aparılması tələb olunur. Göstərilənləri nəzərə alaraq iddiaçı Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, 13 saylı evin 10 saylı mənzilinin bərpası üçün təmir işlərinin dəyəri olan 2308,60 manat pulu, mənzildə təmir aparılan zamanı başqa bir mənzildə qalmaq üçün 500 manatdan bir aylıq kirayə haqqı, həmçinin 1000 manat hüquqi xidmət haqqı və 1000 manat dəyərində ona dəymiş mənəvi təzminatı nəzərə alıb cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun xeyrinə cəmi 4808,60 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi X3 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin göstərmişdir ki, İddiaçı hazırda həmin evdə yaşamır. Hesab edir ki, ekspert rəyi ilə müəyyən edilən ziyan məbləği azdır, qiymətlər qalxmışdır, ziyan həmin məbləğdən çoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında izahatı alınmış Cavabdeh2 iddianı qəbul etməyərək göstərmişdir ki, cavabdeh olan Cavabdeh1 daima orada qalmır. Onların mənzillə iddiaçının mənzili alt-üstdür. Gülya xanım may ayında evə gəlib, sudan istifadə edib axıntı olub. Onun mənzilindən axıntı yoxdur. Yəni iddiaçının mənzilinə su onlar tərəfindən axıdılmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş üzrə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2008-ci il tarixli, MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində yerləşən 13 nömrəli evin, ümumi sahəsi 56,7 kv.m. olan 23 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydiyyata alınmışdır. İş üzrə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində yerləşən 13 saylı evin ümumi sahəsi 52,90 kv.m. olan 10 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə 151 saylı MKİS-nin rəisi V.F.Allahverdiyev, sahə nəzarətçisi A.F.Bəbirli, sahə nəzarətçisi M.S.Şıxıyev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xidməti ərazidə yerləşən Səbail rayonu, Xəqani küçəsi, 13 saylı evin 10 saylı mənzilinin mülkiyyətçisi İddiaçı qardaşı X2 xx.xx.2022-ci il tarixli mülki etibarnamə vermişdir və X1 şikayəti əsasında Xəqani küçəsi, 13 saylı evin 10-cu mənzilinə baxış keçirilmişdir. Baxış keçirən zaman həqiqətən də mənzilin qonaq otağı hissəsinin tavanının kənar və orta hissəsindən döşəməyə suyun axması görünmüşdür. Yuxarıdan suyun axması nəticəsində qonaq otağının tavanına, döşəməyə və otaqda olan digər əşyalara ziyan dəymişdir. Mirəli Mircəlal oğlunun söylədiyinə görə mənzilə axan su qonaq otağının üst mərtəbəsində yerləşən mənzil 23 və mənzil 31-dən olduğunu ehtimal edir.Tərəflərdən hər iki mənzilin qapısı döyülmüş, lakin qapını açan olmamışdır. Buna görə su sızmasının səbəbini müəyyənləşdirmək mümkün olmamış və xüsusi biliyə sahib işçilər olmadığına görə suyun hansı istiqamətdən gəldiyi müəyyən olunmamışdır. Xəqani küçəsi, ev 13 mənzil 23 Cavabdeh2 xüsusi mülkiyyətindədir, mənzil 31-də isə Cavabdeh1, X5 qeydiyyatdadır və mənzilin mülkiyyətə dair sənədi barədə məlumat yoxdur. Hər iki mənzillə bağlı onlarda olan məlumatlar bunlardı. İş üzrə 151 saylı MKİS-nin rəisi V.F.Allahverdiyev, sahə nəzarətçisi A.F.Bəbirli, sahə nəzarətçisi M.S.Şıxıyev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xidməti ərazidə yerləşən Səbail rayonu, Xəqani küçəsi, 13 saylı evin 10 saylı mənzilinin mülkiyyətçisi İddiaçı qardaşı X2 xx.xx.2022-ci il tarixli mülki etibarnamə vermişdir və X1 şikayəti əsasında Xəqani küçəsi, 13 saylı evin 10-cu mənzilinə baxış keçirilmişdir. Baxış keçirən zaman həqiqətən də mənzildə tavanda olan elektrik plafonundan su axaraq döşəməyə və tavanın digər hissələrinə su axırdı. Yuxarıda suyun axması nəticəsində qonaq otağının tavanına, işıq plafonuna, döşəməyə ziyan dəymişdir. Mirəli Mircəlal oğlunun söylədiyinə görə mənzilə axan su qonaq otağının üst mərtəbəsində yerləşən mənzil 31-dən olduğunu ehtimal edir. Eyni zamanda mənzil 31-in alt hissəsində yerləşən mənzilə və restorana su axıntısı baş vermişdir. Baxış keçirmək üçün 31-ci mənzilə yaxınlaşmışlar, lakin mənzildə heç kim olmadığı üçün baxış keçirmək mümkün olmamış və mənzildə qeydiyyatda olan Cavabdeh1 ilə ***-***-**-** saylı mobil nömrə ilə dəfələrlə əlaqə saxlamasına baxmayaraq zənglərə cavab verməmişdir. Buna görə su sızmasının səbəbini müəyyənləşdirmək mümkün olmamış və xüsusi biliyə sahib işçilər olmadığına görə suyun hansı istiqamətdən gəldiyi müəyyən olunmamışdır. Xəqani küçəsi, ev 13, mənzil 31-də Cavabdeh1, X5 qeydiyyatdadır və mənzilin mülkiyyətə dair sənədi barədə məlumat yoxdur. Hər iki mənzillə bağlı onlarda olan məlumatlar bunlardı. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10/3233 saylı, xx.xx.2024-cü il tarixli rəyinə əsasən: -1-ci və 2-ci suallar üzrə: rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan 10 saylı mənzilin tikililərinin konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin mülki iş materiallarına əlavə edilmiş məlumatları nəzərə alaraq, Bakı şəhəri Səbail rayonu, Xəqani küçəsində yerləşən 13 saylı evin 10 saylı mənzilinə su axıdıldığı və nəticədə 10 saylı mənzilin yaşayış otağı və mətbəx tikilisinə ziyan vurulduğu müəyyən olunmuşdur. Qeyd olunur ki, 23 saylı mənzil təmirli olduğundan, su kanalizasiya xətlərinin gözlə görünən hissələrinin üzərində qüsur olmadığından, eləcə də 31 saylı mənzilə baxış keçirilməsi mümkün olmadığından, 10 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır; - 3-cü sual üzrə: Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində yerləşən 13 saylı evin 10 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1581,0 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə verilmiş tələb üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində yerləşən 13 saylı evin 10 saylı mənzili mülkiyyət hüququ üzrə iddiaçının mülkiyyətindədir. Cavabdeh2 həmin evin özünə məxsus olan 23 saylı mənzildə yaşayır. Cavabdeh1 isə həmin evin 31 saylı mənzilin sahibidir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan mənzilinə su axıdılması nəticəsində mənzilin konstruktiv elementlər üzərində müxtəlif həcmdə qüsurlar yaranmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onun mülkiyyətində olan mənzilinə su cavabdehlərin yaşadığı mənzildən axıdılmış və bunun nəticəsində mənzilə və mənzildə olan ev əşyalarına maddi ziyan dəymişdir. Bu səbəbdən iddiaçı vurulmuş maddi və mənəvi ziyanın, mənzildə təmir aparılan zamanı başqa bir mənzildə qalmaq üçün 500 manat məbləğində bir aylıq kirayə haqqının, həmçinin 1000 manat hüquqi xidmət haqqının cavabdehlərdən tutulmasını məhkəmədən xahiş etmişdir . Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə təsdiq olunmuşdur ki, iddiaçıya mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri Səbail rayonu, Xəqani küçəsində yerləşən 13 saylı evin 10 saylı mənzilinə su axıdıldığı və nəticədə 10 saylı mənzilin yaşayış otağı və mətbəx tikilisinə ziyan vurulduğu müəyyən olunmuşdur. 23 saylı mənzil təmirli olduğundan, su kanalizasiya xətlərinin gözlə görünən hissələrinin üzərində qüsur olmadığından, eləcə də 31 saylı mənzilə baxış keçirilməsi mümkün olmadığından, 10 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda su sızma nəticəsində iddiaçının mülkiyyətində olan mənzilə dəymiş zərərin aradan qaldırılması üçün 1581 manat lazım olduğu müəyyən edilmişdir. Eyni zamanda iddiaçının mənzilinə su sızma nəticəsində ziyan dəyməsi ərazi üzrə 151 saylı MKİS tərəfindən tərtib edilmiş aktlarla da öz təsdiqini tapmışdır. İddiaçı onun mülkiyyətində olan mənzilə suyun cavabdehlərə məxsus mənzillərdən axıdılmasını nəzərə alaraq vurulmuş ziyanı hər iki cavabdehdən tələb edir. Məhkəmə hazırlıq iclasında Cavabdeh2 iddiaçının mənzilinə suyun onun mənzilindən deyil, 31 saylı mənzildən axmasını bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, ekspert rəyi ilə də iddiaçının mənzilinə su axmasının texniki səbəblərinin müəyyən edilməsi, suyun hansı mənzildən axmasına dair konkret mövqe bildirilməsinin mümkün olmaması nəticəsinə gəlinsə də, cavabdehlərdən Cavabdeh2 mənzilində su sızma hallarının mövcud olmaması müəyyən edilmiş, digər cavabdehin isə mənzilinə baxış keçirilməsi mümkün olmadığından, ona münasibətdə araşdırılma aparılması mümkün olmamışdır. Lakin məhkəmə Cavabdeh1 ekspertlə onun mənzilinə baxış keçirilməsinə şərait yaradılmamasını, AR MPM-nin 97.5-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçının mənzilinə su 31 saylı mənzildən axmış, bu səbəbdən S.Əsgərova su axıtmasına görə məsuliyyət daşımalı və su axıtma nəticəsində yaranmış ziyan da məhz həmin cavabdehdən tutulmalıdır. Həmçinin iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməməlidir. AR MPM-nin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyətində olan mənzilinə su axıdılması Cavabdeh1 hərəkətləri nəticəsində baş verdiyindən və həmin su axıdılması nəticəsində iddiaçının mənzilinə ziyanın vurulması təsdiq olunduğundan, iddiaçı həmin su axıdılmanın nəticəsində vurulmuş maddi ziyanın əvəzinin Cavabdeh1 tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Lakin bununla belə məhkəmə qeyd edir ki, vurulmuş ziyanın əvəzi kimi iddiaçının xeyrinə tutulacaq pul məbləği iddiaçının tələb etdiyi 2308,60 manat məbləğində deyil, ekspertiza tədqiqatı ilə müəyyən edilmiş məbləğdə, yəni cəmi 1581 manat məbləğində tutulmalıdır. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəylər hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus əmlaka ziyan Cavabdeh1 təqsiri, hüquqa zidd əməlləri nəticəsində vurulması iş üzrə toplanmış sübutlarla təsdiq olunduğundan və ziyan məbləğinin cəmi 1581 manat olması müəyyən edildiyindən, Cavabdeh1 həmin ziyanla bağlı mülkihüquq məsuliyyəti daşıyır. Bu səbəbdən iddia tələbi maddi ziyanın tutulması hissədə qismən təmin edilməli və Cavabdeh1 vurulmuş ziyanın əvəzi kimi iddiaçının xeyrinə 1581 manat məbləğində pul tutulmalıdır. Məhkəmə iddia tələbinin vurulmuş 1.000 manat məbləğində mənəvi ziyanın tutulması hissəsi üzrə qeyd edir ki, bu hissədə tələb əsassızdır və rədd edilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7№-li qərarınına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri – əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı mənzilinə su sızması nəticəsində 1000 manat mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin hissədə tələb əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin mənzildə təmir aparılan zamanı başqa bir mənzildə qalmaq üçün 500 manat məbləğində bir aylıq kirayə haqqının tutulması hissəsi üzrə qeyd edir ki, bu hissədə də tələb təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı həmin hissədə iddia tələbinin əsası kimi su axması nəticəsində mənzilində təmir işlərinin həyata keçirilməsi zamanı yaşamaq üçün şərait olmadığından, 1 ay müddətində başqa bir mənzildə qalması üçün 500 manat məbləğində kirayə haqqının tutulmasını göstərmişdir. Məhkəmə hesab edir ki, iddiaçı mənzildə təmir aparılan zamanı başqa mənzildə qalması üçün 500 manat 1 aylıq kirayə haqqının tutulmasını iddia etsə də, məhkəməyə bu halları təsdiq edən mötəbər sübutları təqdim edə bilməmişdir. Əksinə məhkəmə iclasında iddiaçının nümayəndəsi iddiaçının hazırda həmin mənzildə yaşamadığını, başqa yaşayış evində qaldığını qeyd etmiş, həmin evin kirayə ev olmasına və kirayə haqqına dair sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin hüquqi yardım xərcinə görə 1000 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə qeyd edir ki, iddiaçı hüquqi yardım xərcinə görə 1000 manat məbləğində pulun tutulmasını tələb etsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, hüquqi yardım xərcinə görə 1000 manat məbləğində pulun tutulması hissəsində də tələb təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə təyin edilmiş ekspertiza xərcləri Cavabdeh1 aid edilməlidir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı xeyrinə vurulmuş maddi ziyanın əvəzi kimi 1581 (bir min beş yüz səksən bir) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə və Cavabdeh2 münasibətdə təmin edilməsin. Cavabdeh1 dövlət nəfinə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası xərcinin əvəzi kimi 50 (əlli) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-96/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-96/2024
03.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver