Məhkəmə qərarları › İş №2(009)-969/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-969/2024

17.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-969/2024 17.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Cavabdeh bir neçə ildir ki, tanıyır. 2023-cü ildə cavabdeh ailə qurmaq üçün qızıl-zinət əşyaları almaqdan ötəri ona 2 aylıq borca pul lazım olduğunu bildirmişdir. Onun pula ehtiyacı olduğu üçün və cavabdehin sözünə inanaraq özünə məxsus 5000 manat dəyərində olan qızıl-zinət əşyalarını cavabdehə satmışdır. Cavabdeh ona borclu olduğu 5000 manat pulu tezliklə toy edərək ona qaytaracağını söz vermişdir. Bir müddət keçdikdən sonra cavabdehdən ona borclu olduğu pulu ondan tələb etmişdir. Cavabdeh isə ona maddi durumunun yaxşı olmadığını yaxın bir zamanda pulu qaytaracağına vəd verirdi. Həmin vaxtdan bir il keçməsinə baxmayaraq cavabdehdən ona borclu olduğu pulu geri qaytarmır. O, cavabdehin mobil nömrəsinə dəfələrlə zəng vursa da, zənglərinə cavab vermir. Cavabdeh son zamanlar isə telefon zənglərinə cavab vermədiyi və cavab verdikdə isə “pulu qaytarmağa imkanım yoxdur, get hara istəyirsən şikayət et” dediyi üçün o, 2024cü ilin fevral ayında Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 28-ci PŞ-nə ərizə ilə müraciət etmişdir və Yasamal rayon Polis İdarəsinin 28-ci PŞ-də etdiyi müraciətin mülki xarakterli olduğu üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. O, sonunda cavabdeh tərəfindən aldandığını başa düşmüş, bu səbəbdən də pul tələbi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh 5000 manat məbləğində pulun alınıb ona verilməsi və ödədiyi 70 manat dövlət rüsumunun tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, o, işdən əlavə firmadan mal götürüb satışla məşğul olurdu, cavabdehi də bir il müddətində oradan tanımışdır. Ona tanış kimi inanmışdır. Cavabdeh ona demişdir ki, “toy edirəm imkanım yoxdur”, o, da 5.000 manat dəyərində olan qızıllarını ona vermiş, toydan sonra satıb pulunu verməli idi. Qızılları sep, qolbağ, komplekt, brilyant qaşlı “obruçalnı” idi. Lakin bunları vermək barədə əlində sübut yoxdur. Bu münasibət ikisi arasında olmuşdur. Cavabdeh yalan deyir, onunla hər hansı bir qeyri-rəsmi görüşü olmamışdır. Cavabdeh götürdüyü borcun 400 manatını kartına keçirməklə hissə-hissə ödəmişdir. Əgər cavabdehin ona 800 manat borcu olsaydı, bununla bağlı məhkəməyə müraciət etməzdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, iddiaçı onun tanışıdır, onlar qeyri-rəsmi olaraq görüşmüşlər, pula ehtiyacı olduğundan ondan pul istəmişdir. Aynur da Beynəlxalq bankdan 8000 manat miqdarında kredit götürüb 5300 manatını banka əvvəl götürdüyü kreditə görə borcu bağlamış, yerdə qalan 2700 manat məbləğində pulu ona borc vermişdir və pulun hansı müddətə qaytarılması barədə danışıq olmamışdır. O, həmin puldan 1850 manatını hissə-hissə həm nağd, həm də cavabdehin kartına köçürməklə qaytarmışdır, 850 manat ona borcu qalmışdır. Cavabdeh ona qızıl satmamış, ona şər atır. Pulun qaytarılması barədə əlində qəbzləri yoxdur. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə Bakı şəhəri Yasamal RPİ-nin 28-ci Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubuna əsasən müraciətində qeyd etdiyi xüsusat mülki xarakterli olduğu üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş üzrə İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, Cavabdeh ona 5000 manat məbləğində pul borcu vardır. Həmin 5000 manat məbləğində olan borcu ona qaytarması üçün 3 gün vaxt müddəti verir. Əgər həmin borc verdiyi vaxt müddətində ona qaytarılmazsa, onun tərəfindən məhkəməyə ediləcəkdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, 2023-cü ildə cavabdeh ona müraciət edərək ailə qurmaq üçün qızıl-zinət əşyaları almaqdan ötəri ona 2 ay müddətinə borca pul lazım olduğunu bildirmiş və o, cavabdehə inanaraq ozünə məxsus 5000 manat dəyərində olan qızıl-zinət əşyalarını cavabdehə vermişdir. Cavabdeh ona borclu olduğu 5000 manat pulu tezliklə toy edərək ona qaytarılmasını vəd etsə də, öz öhdəliyini icra etməmişdir. 2024-cü ilin fevral ayında o, cavabdehin hərəkətləri ilə bağlı Yasamal RPİ-nin 28-ci PŞ-nə ərizə ilə müraciət etmiş, etdiyi müraciətin mülki xarakterli olduğu üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Bu səbəbdən iddiaçı cavabdehdən 5000 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göstərilən Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür. Digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında borc pulun verilməsinə dair münasibətlər olmuşdur. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, cavabdeh tərəfindən Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinə müraciət edilmiş, həmin orqan tərəfindən isə ərizəçinin müraciətində qeyd edilən xüsusiyyət mülki xarakterli olduğu üçün ərizəçiyə aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıdan yalnız 2700 manat məbləğində pulun alınması etiraf olunmuş, həmin puldan 1850 manatını hissə-hissə iddiaçıya qaytarılmış, hazırda onun 850 manat borcu qalmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə 5000 manat məbləğində qızıl-zinət əşyaların şifahi müqavilə əsasında verilməsini iddia etsə də, həmin halı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə cavabdeh tərəfindən iddiaçıdan yalnız 2700 manat məbləğində borc pulun alınmasını, həmin puldan 1850 manatın qaytarılmasını və hazırda onun 850 manat məbləğində borcun qalmasını etiraf etməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi yalnız cavabdeh tərəfindən etiraf olunan həddə əsaslı hesab edilməli və təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə üçün) öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, işin hərtərəfli tədqiqi dedikdə, baxılan iş üzrə mövcud olan bütün məsələlərin, onlar daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərin hər birinin həm xeyrinə, həm də mənafeyinin ziddinə olan halların müəyyən edilməsi ilə araşdırılması başa düşülməlidir. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan bütün materialların və faktların tədqiqi ilə təmin olunur. İşin obyekti və qanuni həlli üçün əhəmiyyət kəsb edən digər halların araşdırılması da əhatə olunmalıdır. Qanunvericilik sübutetmə vəzifəsini tərəflərin üzərinə qoyduğu kimi, eyni zamanda tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halların sübut etmə vəzifəsini də onların üzərinə qoymuşdur. Bununla yanaşı məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 850 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğu üçün, məhkəmə xərcləri - ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq (30 manat) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 850 manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 880 (səkkiz yüz səksən) məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar