Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-977/2020 02.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, məhkəmə iclas katibi Əliyeva Aygün Həsən qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı (X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdehnə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş 15000 manat məbləğində maddi və 15000 manat mənəvi zərərin Cavabdehndən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxx 2017-ci ildə 16:00 radələrində 125 saylı marşrut üzrə cavabdeh “xxxxxxxx” MMC-nin işçisi X1 idarə etdiyi ** JH *** dövlət qeydiyyat nişanlı avtobusla hərəkətdə olarkən, o, oturduğu yerdən avtobusun hərəkət istiqamətində 3 metrdən artıq məsafədə irəli yıxılmışdır. Həmin zaman o, ağır bədən xəsarətləri almışdır. Müayinə nəticəsində müəyyən edilmişdir ki, onun sağ bud sümüyü sınmışdır. Uzun müddət, 1 il yataq xəstəsi olmuş, daimi müalicə almışdır. Halhazırda da tamamilə sağalmamış, ayaqlarının damarlarında tromb əmələ gəlib, mütəmadi olaraq həkim nəzarətindədir, fizioterapiya müalicəsi mütəmadi olaraq davam edir. Bununla bağlı, xx xxxxxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Nəsimi Rayon RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Elxan Tağızadə tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarda göstərilir: “araşdırma zamanı vətəndaş X1 iştirakı ilə hadisə vaxtı sonuncunun idarə etdiyi avtobusda olmuş video müşahidə kameralarındakı görüntülərə baxış keçirildikdə aydın şəkildə görünmüşdür ki, hadisə vaxtı xəsarət almış İddiaçı avtobusun oturacağında əyləşir, o, qadına yer verəndə öz yerində əyləşir, daha sonra üst geyimini çıxarmaq üçün özü avtobusun salonunda ayaqüstündə dayandıqda avtobusun sürəti zəifləyir və o, yerə yıxılır. Görüntülərə baxış zamanı aydın şəkildə görünmüşdür ki, hadisə vaxtı avtobusun sürəti zəifləsə də, avtobus faktiki olaraq hərəkətdə olmuş, hadisə vaxtı avtobus qəflətən kəskin tormozlama əməliyyatı aparmış, toqquşma baş verməmişdir. Hadisə saat 16:25-də baş vermişdir”. Bu yerdə baxmayaraq ki, o yıxılmışdır, sürücü avtobusu saxlamamış, yüksək sürətlə 28 may küçəsindən Bakı Univermağı istiqamətində sürmüş və orada saxlamışdır. Yaşadığı Bibiheybət qəsəbəsində sürücü ona kobudluq edərək onu evinə aparmaqdan imtina etmiş, hadisə zamanı ona qalxmağa belə digər sərnişinlər köməklik göstərmişdir. Sürücü onları “X7”nə aparmış, sonra yenidən Bibiheybətə qayıtmış və ona köməklik etmədən taksi ilə evinə göndərmişdir. Süracü qətiyyən ona köməklik etməmiş, təcili tibbi yardım çağırmamışdır. Nəsimi Rayon Polis idarəsinin İstintaq Şöbəsinin müstəntiqi Elxan Tağızadə tərəfindən xx xxxxxxxx 2018-ci il tarixli qəbul olunmuş “cinayət işinin rədd olunması barədə” qərarda göstərilir ki, X1 əməllərində cinayət tərkibi olmadığından vətəndaş İddiaçı xəsarət alması ilə bağlı toplanmış 578/17 saylı material üzrə cinayət işinin başlanması rədd edilsin. Şəxsin barəsində inzibati tənbeh tətbiq edilməklə kifayətlənilmişdir. Nəsimi Rayon Polis Şöbəsinin TP2504590 saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən, X3 İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 AZN məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Göründyü kimi, cavabdeh təşkilatın sürücüsü onun sağlamlığına vurduğu ziyana görə məsuliyyətə cəlb edilmişdir. xxxxxxxx MMC-yə məxsus ** JH *** dövlət qeydiyyat nişanlı avtobusda baş verən hadisə nəticəsində xəstəxanada əməliyyat olunmuşdur. Bunu AR səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstututunun xx.xx.2017-ci il tarixli Epikrizi də sübut edir. Məhkəmənin nəzərinə çatdırır ki, o, ikinci qrup əlildir. Həmin hadisə nəticəsində onun pis olan səhhəti daha da ağırlaşmışdır. Cavabdeh MMC Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 92 nömrəli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində dövlət müəssisəsi olaraq yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2018-ci il tarixli 181 nömrəli Fərmanına əsasən, Cavabdeh MMC Bakı Nəqliyyat Agentliyinin tabeliyinə verilmişdir. Cəmiyyətin rəsmi https://www.Cavabdeh.az/ səhifəsində qeyd edilir ki, onun əsas məqsədləri Bakı şəhərində sərnişinlərə avtobus nəqliyyatı sahəsində beynəlxalq standartlara uyğun xidmətin təşkili, bu sahənin müasir tipli nəqliyyat vasitələri ilə təchiz edilməsi, sərnişindaşımanın yerinə yetirilməsi zamanı texniki və ekoloji baxımdan təhlükəsizliyin təmin olunmasıdır. Azərbaycan dünyada sürətlə inkişaf edən ölkələrdən biridir. Son on ildə ölkədə aparılan sosial-iqtisadi islahatlar eyni zamanda yüksək keyfiyyətli ictimai nəqliyyat xidmətinin təşkilinə zərurət yaratmışdır. Vətəndaşlar üçün uzun müddətli inkişaf perspektivi vəd edən etibarlı, təhlükəsiz və rahat avtobus nəqliyyat xidməti göstərməyi üzərlərinə öhdəlik götürmüşlər. Məqsədləri sərnişinlərin ehtiyac və tələblərini qarşılamaq, ictimai nəqliyyatın keyfiyyətini artırmaq və bu sahədə innovasiyaları tətbiq etməkdir. Göründüyü kimi, cavabdeh təşkilat sərnişin-istehlakçı kimi ona avtobus nəqliyyatı sahəsində beynəlxalq standartlara uyğun xidmət təşkil edə bilməmiş, nəticədə onun sağlamlığına ziyan dəymişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və eləcə də, izah etdi ki, 125 saylı marşrut üzrə cavabdeh “xxxxxxxx” MMC-nin işçisi X1 idarə etdiyi 90JH074 dövlət qeydiyyat nişanlı avtobusla hərəkətdə olarkən, o, oturduğu yerdən avtobusun hərəkət istiqamətində 3 metrdən artıq məsafədə irəli yıxılmışdır. Həmin zaman o, ağır bədən xəsarətləri almışdır. Müayinə nəticəsində müəyyən edilmişdir ki, onun sağ bud sümüyü sınmışdır. Uzun müddət -1 il yataq xəstəsi olmuş, daimi müalicə almışdır. Hal-hazırda da tamamilə sağalmamış, ayaqlarının damarlarında tromb əmələ gəlib, mütəmadi olaraq həkim nəzarətindədir, fizioterapiya müalicə mütəmadi olaraq davam edir. O, tək yaşayır, ahıl adamdır, cavabdehin hərəkəti nəticəsində ona həm maddi, həm də, mənəvi zərər dəymişdir. Belə ki, avtobusda yıxılandan və evə gələndən sonra onun vəziyyəti ağırlaşdığı üçün qonşular təcili yardım çağırmış və o, xəstəxanaya aparılmışdır. Onun bud hissəsində sınıq olduğu üçün xəstəxanada əməliyyat olunmuş, uzun müddət yataqda qalmalı olmuşdur. Xəstəxanadan evə gətirildikdən sonra uzun müddət hərəkət edə bilməmiş, kənar şəxslərin köməyinə ehtiyacı olduğu üçün ona baxmaqdan ötrü 1 il pulla adam tutmağa məcbur olmuşdur. Bununla əlaqədar olaraq, yaşlı adam olduğu üçün o, həm maddi, həm də, mənəvi əziyyətə düçar olmuş, iztirab çəkmişdir. Onun bu vəziyyətə düşməsinə səbəb cavabdeh təşkilatın sürücüsünün hərəkətidir. Ona görə də, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, onun təmin edilmədən saxlanılmasını xahiş etdi və bildirdi ki, iddiaçı öz iddia tələbində xx xxxxx 2018-ci il tarixdə, saat 16:00 radələrində, 125 saylı şəhərdaxili marşurutda, Cavabdeh MMC-nin sürücüsü X3 tərəfindən idarə edilən və həmin MMC-yə aid olan, ** JH *** dövlət nömrə nişanlı avtobusda sərnişin qismində oturacaqda əyləşərək gedən zaman nəqliyyat vasitəsinin hərəkəti istiqamətində yıxılaraq ağır bədən xəsarəti aldığına görə Cavabdeh MMC-dən təqsirkar kimi 15000 azn maddi, 15000 azn isə mənəvi zərər əvəzi olaraq alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinin ilk abzasında hadisənin xx xxxxx 2017-ci il tarixdə saat 16:00 radələrində baş verdiyini qeyd etsə də, iddiasında ən mötəbər sübut kimi istinad etdiyi Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin müstəntiqi E.Tağızadənin xx.xx.2018-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi”nə dair qərarında bu hadisə barədə polisə məlumatın xx xxxxx 2017-ci il, saat 22:35 radələrində daxil olması, hadisənin isə 16:26-da baş verdiyi göstərilir. Bu da iddiaçının iddia ərizəsində göstərdiyi tarix və vaxtla uyğun gəlmir. İddiaçı iddia ərizəsinin ilk abzasında hadisə baş verən zaman oturduğunu, ikinci abzasında isə hadisə baş verən zaman ayaqüstə dayandığını, sürücünün əyləcdən qəfil və sərt şəkildə istifadə etməsi nəticəsində yerə yıxıldığını qeyd edir. Lakin hadisə ilə bağlı “Cinayət işinin başlanmasının rədd edilməsi”nə dair qərarda iddianın əksinə olaraq qeyd edilir ki, avtobusda olan video müşahidə kameralarının görüntülərinə baxış keçirlən zaman İddiaçı üst paltarını çıxarmaq məqsədi ilə ayağa qalxdığı zaman müavizinətini itirərək yerə yıxılıması və həmin an avtobusun hərəkətində sürətin zəifləməsi baş versə də qəfil və kəskin tormozlanma əməliyyatının aparılmadığı və toqquşma bas vermədiyi müəyyən edilmişdir. Sürücünün izahatında verdiyi ifadələrlə avtobusda olan video müşahidə kameralarının görüntüləri üstüstə düşür. “Cinayət işinin başlanmasının rədd edilməsi”nə dair qərardan görünür ki, təyin edilmiş yol-nəqliyyat ekspertizası hadisə üzrə ekspertiza keçirilməsinə lüzum olmadığını əsaslandırmış, məhkəmə-tibbi ekspertizası isə müvafiq rəy verməmişdir. İddiaçı tərəfindən iddia ərizəsinə sübut kimi əlavə edilmiş və sürücü X2 inzibati tənbeh verilməsinə dair Nəsimi rayon DYPŞ-nin protokolu və qərarında göstərilən tarix sözügedən hadisənin baş verdiyi tarixə nəinki uyqun gəlmir, hətta hadisə tarixindən bir il sonrakı tarixə aiddir. Eyni zamanda iddia ərizəsində hadisənin ** JH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə törədildiyi iddia edilməyinə baxmayaraq, sübut kimi təqdim edilmiş müvafiq inzibati protokol və qərarda ** JH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən söhbət gedir. Əsas sübutlardan biri kimi məhkəməyə təqdim edilmiş epikrizdə İddiaçı xx.xx.2017-ci il tarixdə tibb müəssisəsinə müraciət etdiyi göstərilir. Halbuki iddiaçı iddia ərizəsində hadisənin xx.xx.2017-ci il tarixdə baş verdiyini iddia edir. Göründüyü kimi, iddia ərizəsini və ona əlavə edilmiş qoşma sənədləri diqqətlə oxuyub, hüquqi məntiqlə təhlil etdikdə tam aydın olur ki, elə həmin sənədlərin özündə iddianın rədd edilərək məhkəmə icraatına xitam verilməsinə dair kifayət qədər əsaslar vardır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X3 məhkəməyə gəlməmiş, gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, irəli sürülən tələbin dəlilllərini müzakirə edib, təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx xxxxxxxx 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, vət.X1 əməllərində cinayət tərkibi olmadığından, vət.İddiaçı xəsarət alması ilə bağlı toplanmış 578/17 saylı material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi, X3 barəsində Azərbaycan Respublikası İXMnin 327.1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Nəsimi RPİnin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, araşdırma zamanı MTE və PA ETTB-dən alınmış 877 saylı akta əlavə olunmuş 62 saylı rəydən görünür ki, İddiaçı bədənində aşkar olunmuş xəsarət - sağ bud sümüyünün burmalardan keçən qapalı yerdəyişmiş sınığı küt əşyanın təsirindən onun Azərbaycan Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutuna müraciət etdiyi xx.xx.2017-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla (35%-bud-çanaq oynağında güclü dərəcə hərəkət məhdudluğu) dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, TP ******* saylı inzibati tənbeh haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutunun xəstənin ambulator, stasionar tibbi kartasından epikrizdən görünür ki,1948-ci il təvəllüdlü İddiaçı, xx.xx.2017-ci il tarixdə sağ bud sümüyünün burmalardan keçən qapalıqəlpəli yerdəyişmiş sınığı diaqnozu ilə daxil olmuş, xx.xx.2017-ci il tarixdə ayağında cərrahi əməliyyat aparılmış və xx.xx.2017-ci il tarixdə evə ambulator müalicəyə yazılmışdır. Məhkəmə iclasında tərəflərin iştirakı ilə 125 saylı marşrut üzrə cavabdeh “xxxxxxxx” MMC-nin işçisi X1 idarə etdiyi 90JH074 dövlət qeydiyyat nişanlı avtobusda xx.xx.2017-ci il tarixdə hadisə vaxtı olmuş videomüşahidə kameralarındakı görüntülərə baxış keçirildikdə, müəyyən olundu ki, hadisə vaxtı xəsarət almış İddiaçı dayanacaqda avtobusa daxil olaraq avtobusun orta qapısından arxa qapısına tərəf ikinci sıradakı oturacaqda əyləşir, həmin vaxt avtobusa daxil olan qadın sərnişin İddiaçı sağındakı boş oturacaqda əyləşmək üçün onun oturduğu yerə yaxınlaşır, İddiaçı ayaqüstə durub qadına yol verir və qadın oturacaqda əyləşdikdən sonra, İddiaçı yenidən öz yerinə əyləşir. Sonra İddiaçı oturduğu yerdən qalxaraq, avtobusun salonunda ayaqüstə dayanıb, əynindəki plaşını soyunur və yenidən yerinə əyləşmək istədikdə, bu zaman sürücü tərəfindən tormozlama əməliyyatı aparılması nəticəsində İddiaçı dayandığı yerdən avtobusun orta qapısına tərəf çox kəskin şəkildə yıxılır, avtobusdakı sərnişinlər onu avtobusun döşəməsindən qaldıraraq, qarşıdakı oturacaqlardan birinə əyləşdirirlər. Məhkəmə iclasında iddiaçı izah etdi ki, cavabdeh təşkilatın sürücüsü onun sağlamlığına vurduğu ziyana görə inzibati məsuliyyətə cəlb edilmişdir. xxxxxxxx MMC-yə məxsus 90JH074 dövlət qeydiyyat nişanlı avtobusda baş verən hadisə nəticəsində ağır xəsarət aldığına, onun bud nahiyəsində sınıq olduğuna görə xəstəxanada cərrahi əməliyyat olunmuşdur. Bunu AR səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstututunun xx.xx.2017-ci il tarixli Epikrizi də sübut edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən istifadə edilməsi və sair) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər, yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi, yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Həmin Məcəllənin 1099-cu maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, maddi ziyan tələbi hissəsində iddia əsaslıdır və qismən təmin edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də, cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib haiların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “İnsan Hüquqlarının və X4 haqqında” Konvensiyanın müddəaları və X6 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən istehlakçı kimi iddiaçıya avtobus nəqliyyatı sahəsində beynəlxalq standartlara uyğun xidmət təşkil edə bilməmiş, nəticədə onun sağlamlığına ziyan dəymişdir. Məhkəmə iddiaçının ahıl yaşda olmasını, keçirdiyi mənəvi iztirab və sarsıntıları, dəymiş maddi zərərin ümumi məbləğini nəzərə alıb, hesab edir ki, Cavabdeh MMC-dən iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 3000 manat məbləğində pul tutulmaqla, mənəvi zərər tələbi həmin həcmdə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdehndən İddiaçı xeyrinə 3000 (üç min) manat məbləğində maddi ziyan və mənəvi ziyanın əvəzi olaraq 3000 (üç min) manat məbləğində tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-977/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-977/2020
02.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver