Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-995/2021 06.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Z.G.Niftəliyevin Cavabdeh2 iştirakları ilə , İddiaçı Hökumalı qızının cavabdehlər Cavabdeh1 Hökumalı oğluna və Cavabdeh2 Hökumalı oğluna qarşı paylı mülkiyyətdə olan mənzilin hərrac yolu ilə satılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Hökumalı qızı cavabdehlər Cavabdeh1 Hökumalı oğluna və Cavabdeh2 Hökumalı oğluna qarşı paylı mülkiyyətdə olan mənzilin hərrac yolu ilə satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Mirzə Şəfi küçəsi, 6-cı binanın 26 saylı mənzil 1/3 hissə olmaqla hər birlərinin, yəni qardaşları olan Cavabdeh1 Hökumalı oğlu və Cavabdeh2 Hökumalı oğlunun mülkiyyətindədir. 1/3 hissədə mülkiyyət hüququ qeydiyyatdan keçsə də, qanunvericiliyə uyğun olaraq o, öz mülkiyyət hüquqlarını (sahiblik, istifadə və sərəncam vermək) sərbəst şəkildə gerçəkləşdirə bilmir. Belə ki, mülkiyyətlərinə olan Bakı şəhəri, Səbail rayonu, Mirzə Şəfi küçəsi, 6-cı binanın 26 saylı mənzilin paylara münənasib şəkildə bölünməsi qeyri-mümkün olduğundan o, öz 1/3 hissə payını satmaq qərarına gəlmişdir. Onun qardaşları paylı mülkiyyətçi olduğundan satın almaqda üstünlük hüququna malik olmalarını nəzərə alaraq ona məxsus olan 1/3 hissə payını almağı onlara yazılı şəkildə təklif etmiş və təklifdə qeyd edilmişdir ki, əgər 1 həftə ərzində müsbət cavab olmazsa, o halda sözügedən mənzilin hərracda satılması, eləcə də satışdan əldə olunmuş vəsaitin paylara mütənasib şəkildə bölünməsi barədə məhkəməyə müraciət ediləcəkdir. Cavabdeh1 Hökumalı oğlu öz imzası ilə təsdiq etmişdir ki, sözügedən mənzilin hərrac yolu ilə satılmasına etiraz etmir. Lakin Cavabdeh2 Hökumalı oğlu payının alınması ilə bağlı təklifinə heç bir cavab vermədi ki, bunu imtina kimi qəbul etmişdir. Nə qədər ki, digər mülkiyyətçilər onun payının alınması ilə bağlı təklifinə müsbət cavab vermədilər, mənzilin isə bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun deyil, hesab edir ki, mənzil açıq hərracdan satılmalı, satışdan əldə olunmuş vəsait mülkiyyətçilər arasında paylara mütənasib surətdə bölüşdürülməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı Bakı şəhəri, Səbail rayonu, Mirzə Şəfi küçəsi, 6-cı binasının 26 saylı mənzilin açıq hərrac yolu ilə satılması və satışdan əldə edilən vəsaitin mülkiyyətçilər arasında paylara mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının etibarnamə əsasında nümayəndəsi X1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş prosedur qaydalara riayət olunmuşdur, cavabdehlərə iddiaçının payının alınması ilə bağlı təklif göndərilmişdir. Cavabdehlərdən Cavabdeh1 əmlakın hərracdan satılmasına etiraz etmir və bu barədə təklifin sonunda qeydiyyat aparılmışdır. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh2 Hökumalı oğlu iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, ev anasına məxsus olmuşdur. Bacısı Nəzakətə 50000 manat pul verilmişdir, həmin pula Türkiyədə ev almışdır. Qardaşı Vahidin payı da verilib, o Binəqədidə ev alıb. Bu evi isə anası ona vermişdir, həmin ev onun yeganə yaşayış yeridir. Satılsa əldə edəcəyi pulla hər hansı ev ala bilməyəcək. Ona görə də onun satılmasına etiraz edir və məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh1 Hökumalı oğlu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsassız olduğu üçün təmin edilməməlidir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın kserosurətinə əsasən Bakı şəhəri, Səbail rayonu, M.Şəfi küçəsində yerləşən 6 saylı evin 26 saylı mənzili paylı mülkiyyət hüququ üzrə 1/3 hissəsi Cavabdeh1 Hökumalı oğlunun, 1/3 hisəsi Cavabdeh2 Hökumalı oğlunun, 1/3 hissəsi İddiaçı Hökumalı qızının adına qeydiyyata alınmışdır. İş üzrə İddiaçı Hökumalı qızı tərəfindən Cavabdeh1 Hökumalı oğluna və Cavabdeh2 Hökumalı oğluna ünvanlanmış təklifdən görünür ki, ünvan 1 saylı mənzili 1/3 hissə olmaqla hər birlərinin mülkiyyətindədir. 1/3 hissədə mülkiyyət hüququ qeydiyyatdan keçsə də, qanunvericiliyə uyğun olaraq o, öz mülkiyyət hüquqlarını (sahiblik, istifadə və sərəncam vermək) sərbəst şəkildə gerçəkləşdirə bilmir. Nəzərə alaraq ki, mülkiyyətindəki Bakı şəhəri, Səbail rayonu, Mirzə Şəfi küçəsi, bina 6, mənzil 26-nın paylara mütənasib şəkildə bölünməsi qeyri-mümkündür, o, öz 1/3 payını satmaq qərarına gəlmişdir. Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyətçi olduğundan satın almaqda üstünlük hüququnun olmasını nəzərə alaraq ona məxsus 1/3 payını almağı onlara təklif etmişdir. ünvan 1 saylı mənzilin təxmini bazar dəyəri 120.000 manat təşkil etməsi nəzərə alaraq, o, öz 1/3 payını 40.000 manata alması onlara təklif etmişdir. 1 həftə ərzində təklifi ilə bağlı ona rəsmi cavab verməsini xahiş etmiş, əks təqdirdə Bakı şəhəri, Səbail rayonu, Mirzə Şəfi küçəsi, 6-cı binanın 26 saylı mənzilin hərracda satılması, satışdan əldə olunmuş vəsaitin paylara mütənasib şəkildə bölünməsi barədə məhkəmədə iddia qaldırılması göstərilmişdir. 29.11.2020-ci il tarixdə Cavabdeh1 Hökumalı oğlu mənzilin hərrac yolu ilə satılmasına etiraz etməmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Mirzə Şəfi küçəsində yerləşən 6 saylı evin 26 nömrəli mənzilin 1/3 hissəsi İddiaçı Hökumalı qızının, 1/3 hissəsi Cavabdeh1 Hökumalı oğlunun və 1/3 hissəsi Cavabdeh2 Hökumalı oğlunun xüsusi mülkiyyətindədir. İddiaçı mübahisəli mənzildə birgə yaşayışın mümkün olmamasını, öz payının cavabdehlər tərəfindən alınması barədə təklifinin rədd edilməsini nəzərə alaraq, mənzilin açıq hərracdan satılaraq əldə edilmiş pul vəsaitinin aralarında bərabər şəkildə bölüşdürülməsini xahiş etmişdir. AR Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir(maddə 220.3). Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər(maddə 220.4). Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıqaşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04.04.2014cü il tarixli qərarına əsasən:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.
2. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Yəni ümumi əmlakdan payın naturada ayrılmasının mümkün olmaması müəyyən edildikdən sonra paylı mülkiyyətçi yalnız bundan sonra payına uyğun olaraq digər mülkiyyətçidən ona kompensasiya ödənilməsini tələb edə bilər. Paylı mülkiyyətçi ümumi mülkiyyətdə olan əmlakın açıq hərracdan satılmasını o halda tələb edə bilər ki, onun paylı mülkiyyətdə olan payının naturada ayrılması mümkün olmasın. Bundan başqa əgər payın naturada ayrılmasına yol verilmirsə bu halda paylı mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Lakin iddiaçı mübahisəli mənzildən özünə məxsus payının naturada ayrılmasının mümkün olmaması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Yəni bu mərhələni (payın naturada ayrılmasının qeyri-mümkünlüyünü təsdiq edən müvafiq sübutları təqdim etmədən) keçmədən və ya əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmaması ilə bağlı sübutları məhkəməyə təqdim etmədiyindən, paylı mülkiyyətdə olan mənzilin açıq hərracdan satılmasını tələb etməsi qanunun yuxarıda göstərilən tələbləri baxımından yol verilmir və bu səbəbdən iddiaçı paylı mülkiyyətdə olan mənzilin açıq hərracdan satılmasını tələb etməkdə haqlı hesab edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, daşınmaz əmlakın real surətdə bölünməsinin mümkün olmaması, ondan payın naturada ayrılmasının açıq-aşkar məqsədəuyğun olmaması yalnız xüsusi biliyə malik olan mütəxəssisin (ekspertin) arayışı və ya rəyi il müəyyən edilə bilər. Beləliklə iddiaçı mübahisəli mənzildən payının naturada ayrılmasının yol verilməməsi ilə əlaqədar sübutlar təqdim etmədiyindən, həmçinin həmin tələb irəli sürmədən hazırki tələblərlə məhkəmədə çıxış etdiyindən, bununla da Azərbaycan Respublikası Mülki Məcəllənin 220.3-220.5ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmaması sübut olunmadığından, iddiaçının irəli sürdüyü tələb əsaslı hesab edilə bilməz və bu səbəbdən iddia rədd olunmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…
QƏT ETDİ:
İddiaçı Hökumalı qızının cavabdehlər Cavabdeh1 Hökumalı oğluna və Cavabdeh2 Hökumalı oğluna qarşı Bakı şəhəri, Səbail rayonu, Mirzə Şəfi küçəsində yerləşən 6 saylı evin 26 saylı mənzilin açıq həracda satılması və dəyərin tərəflər arasında bərabər şəkildə bölünməsi barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Şahin Abdullayev