Məhkəmə qərarları › İş №2(010)-1017/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1017/2023

12.04.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1017/2023 12.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil Höküməli oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Özbek (Hüseynova) Natəvan Nazim qızına qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi. İddiaçı cavabdeh Özbek (Hüseynova) Natəvan Nazim qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Özbek (Hüseynova) Natəvan Nazim qızının ünvan 1 ünvanında olan yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı nümayəndəsi və vəkili Vəkil Höküməli oğlu iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdeh Özbek (Hüseynova) Natəvan Nazim qızının ünvan 1 ünvanında olan yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil Höküməli oğlu bildirdi ki, qeyd olunan mənzil mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur və cavabdeh həmin mənzildə yaşamır. Cavabdehin həmin qeydiyyatda qalması da formal xarakter daşıyır. Hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Cavabdeh Özbek (Hüseynova) Natəvan Nazim qızına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə müvafiq olaraq, işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materialları. xx.xx.1998-ci il tarixli, MH seriyalı və 183315 nömrəli AR BŞİH-nin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X1 adına qeydiyyata alınmışdır. xx.xx.2002-ci il tarixli, FM seriyalı və 013041 nömrəli AR BŞİH-nin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə rəsmiləşdirilmişdir. AR Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR X9 xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 50.60 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. xx.xx.2022-ci il tarixdə X4, Ağayev Hicran Hilal oğlu və X10 tərəfindən təqdim edilmiş notarial ərizələrdən görünür ki, X2, həqiqətən də, ünvan 1 ünvanında 2009-cu ilin noyabr ayından hal-hazıradək yaşamadığını bildirmişdirlər. İşin faktiki halları. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi daha əvvəl – 1988-ci il tarixdə cavabdehin atası X3 məxsus olmuş, lakin daha sonra – 2002-ci il tarixdə İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə rəsmiləşdirilmiş və yuxarda qeyd olunan Çıxarış təqdim edilmişdir. Hazırki iddia tələbində iddiaçı ona məxsus olan fərdi yaşayış evinə cavabdehin istifadə hüququnun itirilmiş hesab edilməsini tələb edir. Məhkəmə onu da qeyd edir ki, qeyd olunan fərdi yaşayış evi cavabdehin atası X5 tərəfindən özgəninkiləşdirilən zaman cavabdeh Özbek (Hüseynova) Natəvan Nazim qızı yetkinlik yaşına çatmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 28. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti 28.1. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Maddə 33. Qəyyumluq və Himayəçilik 33.4 On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. 33.5. Qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5 Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 1988-ci il tarixli qeydiyyat vəsiqəsindən göründüyü kimi, cavabdehin atası X3 məxsus olmuş, lakin daha sonra – 2002-ci il tarixdə İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə rəsmiləşdirilmiş və ona yuxarda qeyd olunan xx.xx.2022-ci il tarixli Çıxarış təqdim edilmişdir. Qeyd olunan fərdi yaşayış evi İddiaçı tərəfindən özgəninkiləşdirilən zaman qızı – hazırki iş üzrə cavabdeh Özbek (Hüseynova) Natəvan Nazim qızı yetkinlik yaşına çatmamış və o, atasının qəyyumluğunda olmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, qeyd olunan fərdi yaşayış evi İddiaçı tərəfindən özgəninkiləşdirilən zaman onun həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi eyni zamanda qəyyumluğunda olan qızı – cavabdeh Özbek (Hüseynova) Natəvan Nazim qızının da həmin mənzilə istifadə hüququnun itirilməsinə səbəb olmuşdur. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh Özbek (Hüseynova) Natəvan Nazı̇ m qızının Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı, Ə.Məmmədov küçəsi, 31 nömrəli evə istifadə hüququ itirilmiş hesab edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. Cavabdeh Özbek (Hüseynova) Natəvan Nazı̇ m qızının Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı, Ə.Məmmədov küçəsi, 31 nömrəli evə istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar