Məhkəmə qərarları › İş №2(010)-1044/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1044/2023

24.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1044/2023 24.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzildən istifadə hüquqlarına kompensasiya verilmədən xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzildən istifadə hüquqlarına kompensasiya verilmədən xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xüsusi mülkiyyət hüququ ilə ona məxsus ünvan 1 ünvandakı mənzildən Cavabdeh1, Cavabdeh2 olğunun, Cavabdeh3, Cavabdeh4 kompensasiya ödənilmədən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Bu mənzil 24 saylı notariat ofisinində bağlanmış 06 dekabr 2017-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması haqqında” müqaviləyə əsasən, anası tərəfindən ona bağışlanmışdır. Mənzil ona bağışlanarkən mənzildə qeydiyyatda olan cavabdehlər mənzilin ona bağışlanmasına notariatda razılıq vermişlər. O da, eyni zamanda onların hazırda yaşadıqları mərhum atasına və anasına məxsus mənzillərin onların mülkiyyətinə keçməsinə razılıq vermişdir. Hazırda cavabdehlər başqa yerdə yaşayırlar. Cavabdehlərin hazırda bu mənzilə ehtiyacları yoxdur. Mənzil xüsusi mülkiyyət hüququ ilə ona məxsus olsa da hazırda bu mənzildə yaşamasalar da bacısı Cavabdeh1, onun oğlu Cavabdeh2, onun qızı Cavabdeh3, bacısı Cavabdeh4 yaşayış yeri üzrə qeydiyyatda qalmışlar. Bu isə ona bir sıra narahatçılıqlar yaradır. Belə ki, dövlət orqanlarından daxil olan bildirişlər onun ünvanına gəlir və s. Qeyd edilən şəxslərin ona məxsus evdə qeydiyyatda qalmaları onun konstitusion hüququ olan mənzil və mülkiyyət hüquqlarını pozur. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, cavabdehlər həmin mənzildə uzun müddətdir yaşamırlar. Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 onun bacıları, Cavabdeh2 Bəstinin oğlu, Cavabdeh3 isə onun qızıdır. Aynurə 17-18 ildir ki, ailə qurub gedib Almaniyada yaşayır. Bəstinin də öz evi var. Bacısı Bəsti 25 il olar ki, mənzildən köçüb. Uşaqları, Bəsti mübahisəli evdən köçəndən sonra dünyaya gəliblər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişlər. Buna baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Şahidlərin ifadələri Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirdi ki, ərizəçinin qonşusudur. 30 ildir ünvan 2 ünvanında yaşayır. İddiaçı ailəsi ilə birgə mübahisəli mənzildə yaşayır. Mübahisəli mənzildə əvvəllər yaşayanlar ailə qurduqdan sonra gediblər. Aynurə xanım artıq 17 il olar ki, xaricdə yaşayır. Bəsti xanım isə 20 ildən çoxdur ki, həmin mənzildə yaşamır. Ailə qurduqdan sonra köçüb gedib. Amid Bəsti xanımın oğludur. O da Bəsti xanımın yanında yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirdi ki, ərizəçinin qonşusudur. Cavabdehləri tanıyır, onlar ünvan 3 ünvanında uzun müddətdir yaşamırlar. Aynurə 17-18 ildir ki, ərə gedib Almaniyada yaşayır. Bəstinin özünün də öz evi var. Bəstinin uşaqlarının adlarını dəqiq bilmir, onlarla ünsiyyəti yoxdur. Bəsti 25 il olar ki, mənzildən köçüb. Uşaqları Bəsti köçəndən sonra dünyaya gəliblər. Onlar analarının sağlığında qonaq kimi gəlibgediblər. İş materialları. Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2770 nömrəli reyestr kitabının 258278 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixdə 63 saylı Mənzil İstismar Sahəsi tərəfindən təsdiq edilmiş aktın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4048, ev 3 ünvanında yaşayan sakinlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 3 ünvanında qeydiyyatda olmalarına baxmayaraq həmin mənzildə illərdir yaşamırlar. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, İddiaçı, Cavabdeh3, Cavabdeh2, X13, X9 və Cavabdeh1 ünvan 3 ünvanında qeydiyyatdadırlar. Lenin rayonunun Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.1966-cı il tarixdə verilmiş, AZ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 (atası X6, anası X1) xx xxxxxx 1966-cı il tarixdə Bakı şəhəri Lenin rayonunda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1966-cı il tarixdə 238 nömrə ilə qeyd edilmişdir. X1 (hədiyyə verən) və İddiaçı (hədiyyə alan) arasında bağlanmış xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil X1 tərəfindən İddiaçı hədiyyə verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 1 saylı ünvan 5 ünvanlanmış **********67 nömrəli məktubdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 adlarına Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4048, ev 3, 27 saylı mənzilə dair istifadə hüququnun qeydiyyata alınması ilə bağlı məlumat İdarənin arxivində aşkar edilməmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4048, ev 3, 27 saylı mənzil Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 razılıq ərizələrinə, Forma-2 arayışına, 224601 saylı, xx.xx.1985-ci il tarixli orderə əsasən xx.xx.2002-ci il tarixdə X2 adına ilkin qeydiyyatdan keçmişdir. 4 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariusu Hacıyeva Hicran Qismət qızı tərəfindən təsdiq edilmiş 4Ə/1452 reyestr nömrəli xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Cavabdeh3 adına Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 254/t saylı bağ sahəsi, Bakı şəhəri. Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, şərq hissəsində 347 saylı torpaq sahəsinin 44/45 hissəsi, Cavabdeh4 adına Bakı şəhəri. Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 7-ci döngə, 14A saylı evin 4/5 hissəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. Qeyd olunan digər şəxslərin adlarına hazırda qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə sorğusu əsasında 4 saylı Bakı Asan Xidmət Mərkəzinin Notariat Ofisinindən 07 mart 2023-cü il tarixdə məhkəməyə göndərilmiş 4Ə/1452 nömrəli xx.xx.2017-ci il tarixli notariat işindən görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan Cavabdeh4, X9, X13, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 həmin mənzilin bağışlanmasına etiraz etməmişlər. 63 saylı Mənzil İstismar Sahəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 753 nömrəli arayışdan görünür ki, xx.xx.2022-ci il tarixli akta əsasən həmin ünvanda göstərilən sakinlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ünvan 3 ünvanında qeydiyyatda olmalarına baxmayaraq həmin mənzildə illərdir yaşamırlar. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4048, ev 3 ünvanında yaşayan sakinlər X7, X5, X14 tərəfindən tərtib edilmiş aktdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4048, ev 3 ünvanında yaşayan sakinlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ünvan 3 ünvanında qeydiyyatda olmalarına baxmayaraq həmin mənzildə illərdir yaşamırlar. Tətbiq edilən hüquq. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.... Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.... 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.... 152.11. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçi ona mənsub əmlakın saxlanması yükünü daşıyır. Maddə 154. Fiziki və hüquqi şəxslərin mülkiyyət hüququ 154.1. Qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Maddə 228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.... 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Maddə 255. Servitut anlayışı ...255.8. Daşınmaz əşya müəyyən şəxsin xeyrinə servitutla yüklü edilə bilər. Bu cür yüklülük şəxsi servitut adlanaraq ondan ibarət olur ki, mülkiyyətçidən başqa, həmin şəxs binadan və ya onun bir hissəsindən özü və ya ailəsi üçün mənzil kimi istifadə edə bilir. Şəxsi servitut başqa şəxslərə verilmir. Maddə 262. Servituta xitam verilməsi 262.2. Yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. 262.3. Fiziki və ya hüquqi şəxsə mənsub daşınmaz əşya servitutla yüklü olma nəticəsində öz təyinatına uyğun istifadə edilə bilmədikdə mülkiyyətçi servituta xitam verilməsini məhkəmə yolu ilə tələb edə bilər.... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən;... 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında;... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarı

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır.

2. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarı

1. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.

2. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, ünvan 3 bağışlama müqaviləsi əsasında anasından iddiaçıya hədiyyə edilmiş və onun bu mənzilə dair mülkiyyət hüquqları dövlət qeydiyyatına alınaraq mənzil iddiaçının mülkiyyətinə keçmişdir. Hazırkı iş üzrə iddia tələbindən görünür ki, iddiaçı cavabdehlərin mənzildən istifadə hüququnun itirilməsinə dair tələbini cavabdehlərin mənzili tərk etməsi, daha sonra daimi yaşamaq üçün getmələri və bir daha yaşamaq üçün geri qayıtmamaları ilə əsaslandırmışdır. Belə ki, Cavabdeh3 (Cavabdeh1 qızı və Cavabdeh2 bacısı) mülkiyyətində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 254/t saylı bağ sahəsi və Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, şərq hissəsində 347 saylı torpaq sahəsinin 44/45 hissəsi vardır. Cavabdeh4 mülkiyyətində Bakı şəhəri. Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 7-ci döngə, 14A saylı evin 4/5 hissəsi mövcuddur. Həmçinin, şahid ifadələrindən və bələdiyyə tərəfindən təsdiqlənmiş aktınan göründüyü kimi, cavabdehlər uzun illərdir ki, iddiaçının mülkiyyətində olan mənzildən istifadə etmirlər. Məhkəmə onu da qeyd edir ki, cavabdehlər iddiaçı mənzilin mülkiyyətçi olduqdan qabaq əvvəlki mülkiyyətçi ilə qohumluq münasibətlərində olarkan, istifadə hüququnu əldə etmişdirlər. Lakin, cavabdehlər Cavabdeh4 və Cavabdeh1 iddiaçının bacıları, Cavabdeh2 və Cavabdeh3 iddiaçının bacısı Cavabdeh1 uşaqları olmaqla, mübahisəli evin mülkiyyətçisinin ailə üzvü dairəsinə daxil deyillər. Cavabdehlərin uzun müddətdir ki, mənzili tərk etmələrini iş materiallalrında olan sənədlər, şahid ifadələri və iddiaçının qeyd etdiklərini təsdiqləyir. Odur ki, iddiaçı cavabdehlərin həmin mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsini tələb etməkdə haqlı olmuşdur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olan ünvan 1-dən Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 kompensasiya ödənilmədən istifadə hüquqlarına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olan ünvan 1-dən Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 kompensasiya ödənilmədən istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və ya Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar