Məhkəmə qərarları › İş №2(010)-1060/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1060/2024

29.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1060/2024 29.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən 2270 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hazırki iddia ərizəsinə əlavə edilmiş Quba Rayon Məhkəməsinin 30 mart 2016-cı il tarixli, 2(027)-254/2016 saylı qətnaməsindən göründüyü kimi iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı QSC cavabdehlər Cavabdeh, X2 və ona qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin qətnamə ilə iddia tələbi qismən təmin edilərək, "xxxx" Bank Olmayan Kredit Təşkilatı QSC ilə Cavabdeh arasında bağlanmış 07 aprel 2014-cü il tarixli, KaQub 114899/14 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlə Cavabdeh, X3 və ondan müştərək qaydada 07 aprel 2014-cü il tarixli, KaQub 114899/14 saylı kredit müqaviləsi üzrə yaranmış 1825.96 manat məbləğində əsas borcun, 250.32 manat məbləğində faiz borcunun, 50 manat məbləğində cərimə borcunun, ümumilikdə isə 2126.28 manat məbləğində pul və 23 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" Bank Olmayan Kredit Təşkilat QSC-nin xeyrinə tutulması qət edilmişdir. Quba Rayon Məhkəməsinin 30 mart 2016-cı il tarixli, 2(027)-254/2016 saylı qətnaməsi qanuni qüvvəyə minərək icraata yönəldilmişdir. Həm həmin, həm də hazırki iddia üzrə Cavabdeh Quba Rayon Məhkəməsinin 30 mart 2016-ci il tarixli, 2(027)-254/2016 saylı qətnaməsini icra etməmiş, nəticədə icra məmurlarının tələbi səbəbindən Quba Rayon Məhkəməsinin 30 mart 2016-cı il tarixli, 2(027)-254/2016 saylı qətnaməsi üzrə tələb olunan pul vəsaitini o, ödəməli olmuşdur. Bununla da cavabdehin günahı səbəbindən onun maddi hüquqları pozulmuş, əlverişsiz maddi şəraitə məruz qoyulmuşdur. Yuxarıda göstərilən faktlara və müvafiq mülki və mülki prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, Cavabdeh günahı səbəbindən, Quba Rayon Məhkəməsinin 30 mart 2016-cı il tarixli, 2(027)-254/2016 saylı qətnaməsi üzrə "xxxx" Bank Olmayan Kredit Təşkilat QSCnin xeyrinə ondan tutulmuş və tərəfindən ödənilmiş 2126.28 manat məbləğində pulun, 23 manat məbləğində ödənilmiş dövlət rüsumunun, həmçinin hazırki iddia tələbinə görə tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi olaraq 2270.28 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq ona verilməlidir. Hazırki iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2 saylı Ərazi Maliyyə Hesablama Mərkəzi Quba Rayon Təhsil Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 139 nömrəli arayışın əslindən göründüyü kimi, 30 mart 2016-cı il tarixli, 2(027)-254/2016 saylı icra sənədinə əsasən, onun aylıq əmək haqqından müxtəlif aylarda tutulmaqla, cəmi 2030.46 manat məbləğində pul "xxxx" Bank Olmayan Kredit Təşkilatı QSC-nin xeyrinə tutulmuşdur. Hazırki iddia ərizəsinə əlavə edilmiş "xxxx" Bank Olmayan Kredit Təşkilatı QSC-nin terminalından əldə edilmiş xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən göründüyü kimi, onun tərəfindən Cavabdeh adına 121 manat məbləğində pul ödəmişdir. Hazırki iddia ərizəsinə əlavə edilmiş "xxxx" Bank Olmayan Kredit Təşkilatı QSC tərəfindən verilmiş 22 yanvar 2021-ci il tarixli, KA seriyalı, e- 51 nömrəli arayışın əslindən göründüyü kimi, onun zamin olduğu Cavabdeh 114899/14 saylı, xx.xx.2014-cü il tarixli müqavilə ilə verilmiş 4000 manat kredit üzrə borc tam şəkildə ödənilmiş və onun "xxxx" Bank Olmayan Kredit Təşkilatı QSC-yə kredit borcu və zaminlik öhdəliyi qalmamışdır. Hazırki iddia ərizəsinə əlavə edilmiş "xxxx" ASC-nin terminalından əldə edilmiş xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən göründüyü kimi, cavabdehin günahı səbəbindən hüquqlarının məhkəmədə müdafiəsi üçün qanunun tələbinə uyğun olaraq 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tərəflərin izahatları Məhkəmə hazırlıq iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, dəymiş ziyanı cavabdeh ödəməlidir. Belə ki, o cavabdehin öhdəliyi üzrə zamin olmuş, cavabdehin borclu olduğu bütün məbləğ onun maaşından tutulmuşdur. Cavabdeh borcunu ödəmədiyi üçün, onun yerinə bütün borcu o, ödəməli olmuşdur. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş İddiaçı məhkəməyə teleqram ünvanlayaraq xəstə olduğu üçün işə onun iştirakı olmadan baxılması və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək bildirdi ki, iddia ərizəsində yazılanlar düzdür, ondan tələb olunan pul məbləği ilə razılaşır, lakin həmin məbləği birdəfəlik ödəyə bilmir. Tələb olunan məbləğin hissə-hissə maaşından tutulmasına razıdır. İş materialları Quba Rayon Məhkəməsinin 30 mart 2016-cı il tarixli 2(027)-254/2016 saylı qətnaməsindən müəyyən olunur ki, iddia tələbi qismən təmin edilmiş, "xxxx" Bank Olmayan Kredit Təşkilatı QSC ilə Cavabdeh arasında bağlanmış 07 aprel 2014-cü il tarixli, KaQub 114899/14 saylı kredit müqaviləsinin ləğv edilməsi və cavabdehlər Cavabdeh, X3 və İddiaçı müştərək qaydada 07 aprel 2014-cü il tarixli, KaQub 114899/14 saylı kredit müqaviləsi üzrə yaranmış 1825.96 manat məbləğində əsas borc, 250.32 manat məbləğində faiz borcu, 50 manat məbləğində cərimə borcu, ümumilikdə isə 2126.28 (iki min yüz iyirmi altı manat iyirmi səkkiz qəpik) manat məbləğində pul və 23 (iyirmi üç) manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" Bank Olmayan Kredit Təşkilatı QSC-nin xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi 2 saylı Ərazi Maliyyə hesablaşma Mərkəzi Quba Rayon Təhsil Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 139 nömrəli arayışdan müəyyən olunur ki, İddiaçı xx.xx.2016-cı il tarixli, 2(027)-254/2016 saylı sənədə əsasən aylar üzrə əmək haqqından ümumilikdə 2030.46 manat məbləğində pul tutularaq, "xxxx" BOKT MMC-nin hesabına köçürülmüşdür. xx.xx.2021-ci il tarixli, ********** nömrəli ödəniş qəbzindən müəyyən olunur ki, Cavabdeh 114899 nömrəli müqavilə üzrə 121 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba Rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə 2 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə ünvanlanmış, 161473/17-03 nömrəli məktubdan müəyyən olunur ki, icra sənədi üzrə tələbkar "xxxx" BOKT MMC-yə olan borc tam olaraq ödənildiyi üçün "xxxx" BOKT MMCnin hesabına aparılan tutulmalar dayandırılmalıdır. "xxxx" Bank Olmayan Kredit Təşkilatının Quba rayon filialı tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş, KA seriyalı e-51 nömrəli arayışdan müəyyən olunur ki, İddiaçı zamin olduğu Cavabdeh 114899/14 saylı, xx.xx.2014-cü il tarixli müqavilə üzrə verilmiş 4000 manat məbləğində kredit üzrə borc tam şəkildə ödənilmiş və İddiaçı "xxxx" BOKT MMCnin Quba fillialına kredit borcu və zaminlik öhdəliyi yoxdur. xx.xx.2024-cü il tarixli, 30399 nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün 44 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin faktiki halları "xxxx" Bank Olmayan Kredit Təşkilatı QSC ilə Cavabdeh arasında 07 aprel 2014-cü il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqavilə üzrə Cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı QSC-dən 35 % ödənilməsi şərti ilə 24 ay müddətinə, 4000 manat məbləğində kredit almış, lakin müqavilə öhdəliklərini yerinə yetirməyərək, 18 dekabr 2015ci il tarixə iddiaçı təşkilata kreditə görə 1825.96 manat, faiz borcuna görə 250.32 manat, cərimə borcuna görə 652.82 manat olmaqla, ümumilikdə 2729.10 manat məbləğində borc hesablanmışdır. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin təmini üsulu olaraq İddiaçı və X3 ilə "xxxx" Bank Olmayan Kredit Təşkilatı QSC arasında bağlanmış zaminlik müqavilələrinə əsasən zaminlər kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməməsinə görə məsuliyyəti öz üzərlərinə götürmüşlər. Quba Rayon Məhkəməsinin 30 mart 2016-cı il tarixli, 2(027)-254/2016 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, "xxxx" Bank Olmayan Kredit Təşkilatı QSC ilə Cavabdeh arasında bağlanmış 07 aprel 2014-cü il tarixli, KaQub 114899/14 saylı kredit müqaviləsinin ləğv edilməsi və cavabdehlər Cavabdeh, X3 və İddiaçı müştərək qaydada 07 aprel 2014-cü il tarixli, KaQub 114899/14 saylı kredit müqaviləsi üzrə yaranmış 1825.96 manat məbləğində əsas borc, 250.32 manat məbləğində faiz borcu, 50 manat məbləğində cərimə borcu, ümumilikdə isə 2126.28 manat məbləğində pul və 23 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" Bank Olmayan Kredit Təşkilatı QSC-nin xeyrinə tutulması qət edilmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(027)-254 saylı icra sənədinə əsasən borclu Cavabdeh borcu ödəmədiyi üçün, kredit müqaviləsi üzrə borcun digər borclu İddiaçı əmək haqqından tutulması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba Rayon İcra və Probasiya Şöbəsi tərəfindən icra sənədi üzrə tələbkar "xxxx" BOKT MMC-yə olan borc tam olaraq ödənildiyi üçün "xxxx" BOKT MMCnin hesabına aparılan tutulmalar dayandırılmalıdır. İddiaçı zaminlik öhdəliyini tam şəkildə yerinə yetirdiyinə görə məhkəmə iclasında iddia tələbinin təmin edilməsi, 2270.28 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul edərək iddia ərizəsində qeyd olunanların doğru olduğunu etiraf etmişdir Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Maddə 475.2. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.3. iddia qiyməti 1000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, "xxxx" Bank Olmayan Kredit Təşkilatı QSC ilə cavabdeh arasında kredit müqaviləsi bağlanmış, həmin müqavilə üzrə cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı QSC-dən 35 % ödənilməsi şərti ilə 24 ay müddətinə, 4000 manat məbləğində kredit almış, lakin müqavilə öhdəliklərini yerinə yetirməyərək kredit təşkilatına ümumilikdə 2729.10 manat məbləğində borc hesablanmışdır. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin təmini üsulu olaraq zaminlik müqaviləsi bağlanmış, hazırki iş üzrə iddiaçı cavabdehin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Quba Rayon Məhkəməsinin 30 mart 2016-cı il tarixli, 2(027)-254/2016 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, "xxxx" Bank Olmayan Kredit Təşkilatı QSC ilə Cavabdeh arasında bağlanmış 07 aprel 2014-cü il tarixli, KaQub 114899/14 saylı kredit müqaviləsinin ləğv edilməsi və cavabdehlər Cavabdeh, X3 və İddiaçı müştərək qaydada 07 aprel 2014-cü il tarixli, KaQub 114899/14 saylı kredit müqaviləsi üzrə yaranmış 1825.96 manat məbləğində əsas borc, 250.32 manat məbləğində faiz borcu, 50 manat məbləğində cərimə borcu, ümumilikdə isə 2126.28 manat məbləğində pul və 23 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" Bank Olmayan Kredit Təşkilatı QSC-nin xeyrinə tutulması qət edilmişdir. Lakin həmin qətnamə ilə müəyyən edilmiş məbləğ İddiaçı tərəfindən ödənilmişdir. Belə ki, həmin məbləğin iddiaçı tərəfindən ödənilməsi iş materialları ilə, həmçinin cavabdehin izahatında bu halı təsdiq etməsi ilə sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Belə olan halda İddiaçı Cavabdeh ödədiyi məbləği geri tələb etməkdə haqlı olmuşdur. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 44 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 44 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2270.28 manat məbləğində pul və 44 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2270.28 (iki min iki yüz yetmiş manat iyirmi səkkiz qəpik) manat məbləğində pul və ödənilmiş 44 ( qırx dörd ) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar