Məhkəmə qərarları › İş №2(010)-1064/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1064/2024

22.02.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1064/2024 22.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi və pasport qeydiyyatdan çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında bаxаrаq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi və pasport qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh və onun övladları X4 və X2 Bakı şəhəri, Hövsan kəndi, Məktəb küçəsi, 13 nömrəli evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və pasport qeydiyyatdan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən ev xüsusi mülkiyyət hüquqi əsasında ona məxsusdur. Cavabdeh onun qardaşının (X3) keçmiş həyat yoldaşıdır. Onlar 2017-ci ildə boşanıblar və o vaxtdan cavabdeh və onların övladları X4 və X5 həmin evdə yaşamırlar. Cavabdeh üç ildir ki, başqa bir şəxs ilə nikahdadır. Cavabdeh və onun övladlarının pasport qeydiyyatda qalması onun mülkiyyətçi kimi hüquqlarını pozur. Onun evində pasport qeydiyyatında olması onun dövlət və cəmiyyət qarşısında da vəzifələrinin icrasına ciddi manealar yaradır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh onun qardaşının keçmiş arvadı, digər cavadehlər isə onların uşaqlarıdır. Onların hazırda qeydiyyatda olduqları ev onun (iddiaçının) anasına məxsus olmuş, o da vərəsəlik qaydasında evə mülkiyyət hüququ əldə etmişdir. Cavabdeh həmin evə gəlin köçmüş, uşaqları da orada doğulmuşdur. Hazırda cavabdeh ailə qurmuş və uşaqları ilə ailə qurduğu şəxslə birlikdə yaşayırlar. Odur ki, məhkəmədən cavadehlərin evdən istifadə hüququnun itirilmiş hesab edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh Genadyevna izahat verərək bildirdi ki, o, iddiaçının qardaşının keçmiş arvadıdır. Mübahisəli ev onun keçmiş qayınanasına məxsus olmuş və miras əmlak kimi vərəsəlik qaydasında iddiaçıya keçmişdir. O, həmin evəə gəlin köçmüş, uşaqları da orada anadan olmuşdur. Hazırda isə başqa şəxslə ailə qurmuşdur və uşaqları ilə ailə qurduğu şəxslə birlikdə yaşayırlar. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında qeyd edilir ki, Mənzil Məcəlləsi qüvvəyə mindiyi tarixdən onun müddəalarına zidd olan Mülki Məcəllənin 228.5-ci maddəsinin “həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır” müddəası, faktiki olaraq öz hüquqi qüvvəsini itirdiyindən tətbiq edilə bilməz. Məhz buna görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Hazırkı işin hallarından görünür ki, Cavabdeh iddiaçının mülkiyyətində olan mənzilə 2007-ci ildə köçmüşdür. Belə olan halda tərəflər arasında cavabdehin mənzildən istifadə hüququ ilə bağlı münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Hazırkı iş üzrə Cavabdeh keçmiş mülkiyyətçinin gəlini, onun uşaqları isə keçmiş mülkiyyətçinin nəvələri olduğundan məhkəmə hesab edir ki, onlar nə yaşayış sahəsinin mənzilin keçmiş mülkiyyətçisinin, nə də hazırkı mülkiyyətçisinin ailə üzvü hesab edilmirlər. Həmçinin cavabdehin yaşayış sahəsi mülkiyyətçisinin “digər qohumu” olması da istisna edilir. Ona görə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi həmin maddədə nəzərdə tutulmuş “digər qohumlar”ın dairəsi ilə bağlı şərh vermiş və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva etdiyini müəyyən etmişdir. Hazırkı işdən görünür ki, cavabdeh yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvü hesab edilmir və Azərbaycan Respublikasının ailə qanunvericiliyi baxımından iddiaçıdan özünün saxlanılmasını tələb etmək hüququ yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh və uşaqlarının iddiaçının mülkiyyətində olan mənzildən heç bir istifadə hüququ yoxdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında qeyd edilir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Bundan başqa, həmin Qərarda qeyd edilmişdir ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Belə olan halda məhkəmə hesab edir ki, bu iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 261. İcraata xitam verilmə əsasları. 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. Maddə 262. İcraata xitam verilmə qaydası və nəticələri. 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və MPM-in 261-262, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi və pasport qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə icraata xitam verilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (qəbzin tarixi: xx.xx.2023, nömrəsi: 8624) dövlət büdcəsindən İddiaçı qaytarılsın. İddiaçıya izah edilsin ki, mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana (Bakı şəhəri Suraxanı rayon X8) müraciəti əsasında xitam verilməlidir. Bu müraciətdən inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İddiaçıya izah edilsin ki, ərizəni qəbul etməkdən imtina edilməsi iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən mülki məhkəmə icraatı qaydasında iddia qaldırmağa mane olur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar