Məhkəmə qərarları › İş №2(010)-108/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-108/2024

08.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-108/2024 08.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs Suraxanı rayon 63 saylı Mənzil Kommunal İstismar Sahəsinə qarşı “mənzilə su axıdılması nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddia tələbi. 1.İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun xeyrinə zərərin əvəzinin ödənilməsi üçün 3700 (üç min yeddi yüz) manat, mənəvi zərərin əvəzi olaraq 300 (üç yüz) manat məbləğində pul vəsaitinin və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun olmaqla tutularaq ona (iddiaçıya) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, ev 2, 105 saylı mənzilin mülkiyyətindədir və hazırda orada yaşayır. Cavabdeh onun üst mərtəbədə yaşayan qonşusudur. Dəfələrlə 9cu mərtəbədə yaşayan Cavabdeh aid olan 107 saylı mənzildən onun yaşadığı evə su axıdılmışdır. Bu barədə cavabdehə xəbərdarlıq etməyinə baxmayaraq, o buna əhəmiyyət verməmişdir. Cavabdehin evindən axan su onun mənzilindən aşağıda - yeddinci mərtəbədə yaşayan qonşusunun da mənzilinə axıb. Onun mənzilində isə suyun təsirindən işıqlar partlamış, yeni aldığı yataq mebel dəsti ciddi zərər görmüş, divarlarları və tavanları bərbad hala düşmüşdür. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 4.Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, İddiaçı onun alt qonşusudur. Belə ki, onun yaşadığı mübahisəli mənzilin yerləşdiyi binanın tam örtüyü köhnəlmiş və yararsız vəziyyətdə olmuşdur. Bunun nəticəsində də dam örtüyündən yağış sularının, həmçinin də su çənlərinin dolub-daşması nəticəsində su sızması baş vermişdir. Təyin olunmuş ekspertlə birlikdə hər iki evə baxış keçirilmiş, lakin ekspert tərəfindən verilmiş ekspertiza rəyi ilə razı deyildir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İş materialları.

5. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, ev 2, mənzil 105 İddiaçı adına qeydiyyata alınmışdır.

6. xx.xx.2023-cü il tarixli usta X2 və qeyriləri tərəfindən tərtib olunmuş aktdan görünür ki, ünvan 1 ünvanında sızıntı ilə bağlı yoxlama keçirilmişdir. Mənzilin heç bir nasaz və su sızıntısı verən su borusu yoxdur. Amma mənzilin tavanında sızıntı vardır və buna səbəb binanın dam örtüyünün köhnəlməsidir. Bu köhnəlmə nəticəsində dam örtüyündə deşiklər əmələ gəlmişdir. Yağış yağarkən, həmçinin binanın damında su çənlərinin dolub boşalması nəticəsində su həmin deşiklərdən mənzilə daxil olur. Daha sonra divarlarla aşağıya doğru axır. Buna sübut kimi divarlarda su izlərinin olması, divar kağızlarının qopması və döşəmənin şişib qabarmasından görünür. Mənzilin su və kanalizasiya boruları su dedektoru ilə yoxlanılmış və heç bir problem yoxdur.

7. Təqdim olunmuş fotoşəkillərdən görünür ki, həqiqətən də İddiaçı məxsus mübahisəli mənzil və əşyalar yararsız vəziyyətə düşmüşdür.

8. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16- 16/2-10/8702 nömrəli Ekspert rəyindən görünür ki, iddiaçıya məxsus mənzildə yaranan qüsurları, mülki iş materiallarında olan xx.xx.2023-cü il tarixli baxış aktını, həmçinin tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni cavabdehə məxsus mənzilin iddiaçıya məxsus mənzilin üst mərtəbəsində yerləşdiyini nəzərə alaraq, ünvan 2 ünvanında yerləşən iddiaçıya məxsus 105 saylı mənzilə həmin ünvanda yerləşən 107 saylı mənzildən su sızdığı müəyyən olunur. Lakin, cavabdehə məxsus mənzilin su və kanalizasiya borularında həmçinin, sanitar qovşaq avadanlıqlarında hər hansı bir qüsur (su axıntısı, borularda çatlar, boru birləşmələrində aralanmalar və s.) aşkar edilmədiyindən su axıntısının texniki səbəbinin müəyyən edilməsi mümkün olmamışdır. Aparılan hesablamalar nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4042/60 məhəllə, 2 saylı evin 105 saylı mənzilində yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinin bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 1164,0 manat məbləğində müəyyən olunmuşdur.

İşin faktiki halları.

9.Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, ev 2, 105 saylı mənzilin mülkiyyətindədir və hazırda orada yaşayır. Cavabdeh isə ünvan 3 ünvanda faktiki olaraq yaşayır. 63 saylı MKİS-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə akt tərtib olunmuş və həmin akta əsasən 107 saylı mənzildə vanna otağında quraşdırılmış bakdan su axıdılması nəticəsində 105 saylı mənzildə əşyalar yararsız hala düşmüşdür. Məhkəmə tərəfindən ekspertiza təyin olunmuş və Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8702 nömrəli Ekspert rəyindən görünür ki, iddiaçıya məxsus mənzildə yaranan qüsurları, mülki iş materiallarında olan xx.xx.2023-cü il tarixli baxış aktını, həmçinin tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni cavabdehə məxsus mənzilin iddiaçıya məxsus mənzilin üst mərtəbəsində yerləşdiyini nəzərə alaraq, ünvan 2 ünvanında yerləşən iddiaçıya məxsus 105 saylı mənzilə həmin ünvanda yerləşən 107 saylı mənzildən su sızdığı müəyyən olunur. Lakin cavabdehə məxsus mənzilin su və kanalizasiya borularında həmçinin, sanitar qovşaq avadanlıqlarında hər hansı bir qüsur (su axıntısı, borularda çatlar, boru birləşmələrində aralanmalar və s.) aşkar edilmədiyindən su axıntısının texniki səbəbinin müəyyən edilməsi mümkün olmamışdır. Aparılan hesablamalar nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4042/60 məhəllə, 2 saylı evin 105 saylı mənzilində yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinin bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 1164,0 manat məbləğində müəyyən olunmuşdur.

Tətbiq edilən hüquq.

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

11.“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarı 2-ci bəndi “...Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri -əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.”. 4-cü bəndi Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. 8-ci bəndi “..Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.”.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

13. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda – 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi.

Məhkəmənin mövqeyi.

14. İşin faktiki hallarından görünür ki, iddiaçının mənzilinə su sızmış, bu susızma nəticəsində onun mənzilinə zərər dəymişdir. İddiaçının iddiasına görə bu susızmaya görə məsuliyyəti cavabdeh daşıyır. Cavabdehə görə isə dam örtüyündən yağış sularının, həmçinin də su çənlərinin dolub-daşması nəticəsində su sızması baş vermişdir.

15. Məhkəmə tərəfindən cavabdehin mənzilindən iddiaçının mənzilinə su axıdılıbaxıdılmaması və iddiaçının mənzilinə dəymiş zərərin məbləğinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilmişdir. Verilmiş ekspert rəyinə əsasən iddiaçıya məxsus mənzildə yaranan qüsurları, mülki iş materiallarında olan xx.xx.2023-cü il tarixli baxış aktını, həmçinin tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni cavabdehə məxsus mənzilin iddiaçıya məxsus mənzilin üst mərtəbəsində yerləşdiyini nəzərə alaraq, ünvan 2 ünvanında yerləşən iddiaçıya məxsus 105 saylı mənzilə həmin ünvanda yerləşən 107 saylı mənzildən su sızdığı müəyyən olunur. Lakin, cavabdehə məxsus mənzilin su və kanalizasiya borularında həmçinin, sanitar qovşaq avadanlıqlarında hər hansı bir qüsur (su axıntısı, borularda çatlar, boru birləşmələrində aralanmalar və s.) aşkar edilmədiyindən su axıntısının texniki səbəbinin müəyyən edilməsi mümkün olmamışdır. Aparılan hesablamalar nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4042/60 məhəllə, 2 saylı evin 105 saylı mənzilində yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinin bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 1164,0 manat məbləğində müəyyən olunmuşdur.

16. Bununla belə verilmiş ekspert rəyində cavabdehə məxsus mənzilə başqa yerdən su axıdılmasının müşahidə edildiyi qeyd edilməmişdir. Cavabdeh də öz növbəsində öz mənzilinə hansısa su axıntısının olduğunu sübut edə bilməmiş və bununla bağlı hər hansı təşəbbüs göstərməmişdir.

17. Göründüyü kimi ekspert rəyində iddiaçının mənzilinə axan suyun məhz cavabdehin mənzilindən axdığı müəyyən edilmişdir. Verilmiş ekspert rəyinin tədqiqat prosesinin təsviri hissəsindən də görünür ki, iddiaçıya məxsus mənzildə baxış keçirilən zaman mənzildə mərtəbəarası susızmanın əlamətləri müşahidə edilmişdir. Bununla belə bu sızıntının texniki səbəbinin müəyyən edilməsi mümkün olmamışdır.

18. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının mənzilinə axıdılmış suya görə məsuliyyəti məhz cavabdeh daşımalıdır. Ona görə ki, iddiaçının mənzilinə məhz cavabdehin yaşadığı mənzildən su axıdılmasının müəyyən edilməməsinin səbəbi elə cavabdehin hərəkətləridir. Məhkəmə hesab edir ki, iddiaçı öz üzərinə düşən sübutetmə yükünü sübuta yetirmiş, su basma halı baş verən zaman MKİS-nin nümayəndələrini dəvət etmiş və mənzilə suyun axıdılması ilə bağlı akt tərtib olunmuşdur. Beləliklə də o, sübut etməsi mümkün olan bütün halları - mənzilinə yuxarıdan su sızdığını sübuta yetirmişdir. Buna baxmayaraq cavabdeh yaşadığı mənzildən iddiaçının mənzilinə su axıdılmadığını və bu axıntıya görə təqsiri olmadığını qeyd etsə də (öz mənzilinə başqa yerdən su axıdıldığını) sübuta yetirə bilməmişdir. Əksinə, verilmiş ekspert rəyində cavabdehin mənzilinə başqa bir yerdən su axıdılması ilə müəyyən olunmamışdır. Bütün bu qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehin təqsirindən onun yaşadığı mənzildən iddiaçının mənzilinə su axıdılmış, nəticədə iddiaçının mənzilinə zərər dəymişdir. Belə olan halda cavabdeh iddiaçının mənzilinə vurduğu zərərin əvəzini ödəməlidir.

19. Lakin iddiaçı tərəfindən cavabdehdən tələb edilən zərərin məbləğinə münasibətdə məhkəmə iddia tələbi ilə qismən razılaşmır. Belə ki, iş üzrə verilmiş ekspert rəyindən görünür ki, ekspert tərəfindən iddiaçının mənzilinə baxış keçirilmiş və mənzilə su sızma nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün aparılmalı təmir-bərpa işlərinin dəyəri bazar qiymətlərinə uyğun normalar tətbiq edilməklə ekspert tərəfindən 1164 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ekspert rəyi ilə bu hissədə razılaşmamaq üçün heç bir əsas müəyyən etmir və tərəflərin də bununla bağlı hansısa dəlillərinin olmamasını nəzərə alaraq iddianın qismən – iddiaçının mənzilinə vurulmuş zərərə görə cavabdehdən 1164 manat məbləğində pul tutulması hissəsində təmin edilməsi nəticəsinə gəlir.

20. Məhkəmə mənəvi zərərin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində münasibətdə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya zərər vurulsa da, həmin zərər qəsd nəticəsində deyil, ehtiyatsızlıq nəticəsində baş vermişdir. İddiaçı onun mənzilinə su axıdılması nəticəsində ona zərər vurulması və mənəvi zərər çəkməsini göstərsə də, iddiaçının hansı mənəvi sarsıntı və iztirablar keçirməsi, mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması barədə məhkəməyə sübut təqdim etməmişdir.

Məhkəmə xərcləri.

21. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 60 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununda nəzərdə tutulmuş iddia qiymətinə mütənasib olmuşdur.

22. Bundan başqa iş materiallarında olan ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat məbləğində qiymətləndirilmişdir.

23. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 60 manatı cavabdehdən tutularaq iddiaçıya, 50 manat məbləğində ekspertiza xərci isə cavabdehdən tutularaq ekspertizanı həyata keçirən orqanın hesabına ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

24. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1164 manat məbləğində pul və 60 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli, 50 manat məbləğində ekspertiza xərci cavabdehdən tutularaq ekspertizanı həyata keçirən orqanın hesabına ödənilməlidir.

25. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 1164 (min yüz altmış dörd) manat məbləğində pul və 60 (altmış) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. 50 (əlli) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinədаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli) ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar