Məhkəmə qərarları › İş №2(010)-110/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-110/2020

19.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-110/2020 19.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, İddiaçı-cavabdeh İddiaçı, İddiaçı-cavabdehin nümayəndəsi Nümayəndə, Cavabdeh-iddiaçı Cavabdeh, Cavabdeh-iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı pul tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi və maddi ziyanın tutulması tələbinə dair qarşılıqlı iddia tələbləri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 62,400 manat və 680 avro məbləğində (Azərbaycan manatına olan ekvivalenti miqdarında) maddi ziyanın və 10000 manat məbləğində mənəvi zərərin Cavabdeh alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh İddiaçı qarşı maddi zyan tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 50000 manat məbləğində maddi ziyanın tutularaq həmin məbləğin 40000 manatının X4 xeyrinə ödənilməsi, 10000 manatının isə onunxeyrinə ödənilməsi, 30 manat dövlət rüsumunun isə tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmədə baxılarkən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, ilkin iddia tələbinin rədd edilməsi, xx.xx.2009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, 50000 manat məbləğində maddi ziyanın, həmin məbləğə əlavə 5 faiz hesablanmaqla 1 ilə 2500 manat vəsaitin, 5000 manat mənəvi zərərin və iddia ərizəsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2009-cu ildə Cavabdeh bir neçə dəfə hüquqi xidmət göstərmək üçün ona müraciət etmişdir. Cavabdehin mülkiyyətçisi olduğu Səməd Vurğun bağında yerləşən obyekt sökülmüşdür. Cavabdeh bununla bağlı kompensasiya almaq istəmişdir. O, işdə prespektiv görmədiyi üçün cavabdehin ilk müraciətlərini müsbət qarşılamamış, lakin, sonradan bəzi dostlar vasitəsi ilə ondan xahiş etdiyi üçün, razılıq verərək işə qoşulmuşdur. Cavabdehlə aralarında xx xxxxxxxx 2009-cu il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilənin 3-cü bəndinə əsasən cavabdeh maddi və mənəvi zərərə görə ödəniləcək kompensasiyanın 10%-ni ona ödəməyi öhdəsinə götürmüşdür. O, işə Apelyasiya instansiyası məhkəməsində qoşulmuşdur. Onun səyləri nəticəsində cavabdehə 623.996 manat kompensasiya məbləğinin ödənilməsinə dair məhkəmə qərarı çıxarılmasına nail olmuşdur. Lakin qərar çıxdıqdan sonra Bakı şəhər İcra Hakimiyyəti qərarı icra edib qeyd edilən məbləği cavabdehə ödəməkdən imtina etmişdir. İcra məsələsini həll etmək üçün o, Avropa Məhkəməsinə müraciət edərək ölkədaxili məhkəmələrin qərarlarının icra edilməməsindən şikayət etmişdir. Avropa Məhkəməsinin 2016-cı il 21 iyul tarixli qərardadı ilə Azərbaycan Hökuməti məhkəmə qərarlarını 3 ay ərzində icra etmək öhdəliyi götürdüyündən cavabdehlə Hökumət arasında Deklarasiya imzalanmış və iş baxılan işlərin siyahısından çıxarılmışdır. Qərardada əsasən Hökumət ölkədaxili məhkəmə qərarlarında göstərilən kompensasiyanı ödəməklə yanaşı şikayətçiyə vurulmuş mənəvi zərərə görə 1800 avro, vəkil xərci kimi 500 avro ödəməlidir. Əvvəllcə 2.300 (1.800+500) avro məbləğində mənəvi zərər və vəkil xərci cavabdehin Azərbaycan Respublikası Beynəlxalq X1 AZ31İBAZ******************** saylı hesabına köçürülmüş, daha sonra isə iki dəfə olmaqla 400.000 (dörd yüz min) manat (hər dəfə 200.000 manat) vəsait ona ödənilmişdir. Lakin Cavabdeh ona ödəməli olduğu qonorarı verməkdən imtina edir. O, cavabdehlə dəfələrlə görüşüb tələb etməsinə baxmayaraq sonuncu müxtəlif bəhanələrlə qonorar ödəməkdən və beləliklə, müqavilə ilə öhdəsinə götürdüyü vəzifəni icra etməkdən imtina edir. 2018-ci ilin noyabrında cavabdeh söz vermişdir ki, ikinci ödənişi alan gün qonorarı ödəyəcək. Lakin bundan sonra da cavabdeh qonorarı ödəməkdən imtina etmiş və bildirmişdir ki, o, qərarı icra etdirə bilməmişdir, cavabdeh pulu başqa adamlar vasitəsi ilə almışdır, ona heç bir qonorar ödəməyəcəkdir. Hətta bir dəfə cavabdeh ona 624 min manatın yox, onun özünə çatacaq pulun 10%-ni ödəməyi təklif etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş edir. Qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, iddianın mahiyyətinə baxdıqda onun əsasını xx.xx.2009-cu il tarixli müqavilə təşkil edir. Həmin müqavilənin 3-cü bəndinə görə Avropa Məhkəməsində iş müsbət həll olunarsa, müştəri ona ödəniləcək maddi və mənəvi zərər məbləğinin 10 faizi miqdarında hüquqşünasa əlavə qonorar ödəyəcəkdir. Mülki iş daxili instansiya məhkəmələri tərəfindən artıq müsbət həll edilmişdir və Avropa Məhkəməsi mahiyyəti üzrə qərar qəbul etməmiş, sadəcə ərizəçi ilə dövlət arasında barışığı təsdiq etmiş, dövlət isə bunun qarşılığında ərizəçiyə 1800 avro mənəvi zərər, 500 avro isə xərclərə görə təzminat kəsmişdir. Həmin 500 avro iddiaçıya ödənilmişdir. Göründüyü kimi iş daxili məhkəmələrdə öz müsbət həllini tapmışdır. Bundan başqa, daxili instansiya məhkəmələrinin qərarının icrasına səbəb Avropa Məhkəməsinin çıxardığı barışıq sazişinin təsdiqinə dair qərardad olmamışdır. İddiaçı işin gedişindən dəfələrlə ona bildirmişdir ki, o, artıq pul məbləğini hökümətə ödətdirə bilmir. İddiaçı ona pulu ödətdirmək üçün başka yol tapmağı tövsiyyə etmişdir. Ona görə də, o, iddiaçının xidmətlərindən imtina edərək pulun ödətdirilməsi üçün başqa şəxsə etibarnamə vermişdir. Həmin şəxs tərəfindən bu istiqamətdə müsbət addımlar atılmışdır. Qeyd edilənlərdən əlavə xx.xx.2009-cu il tarixli müqavilə mülki qanunvericiliyin tələbləri pozulmaqla hazırlanmışdır. Belə ki, müqavilənin hər iki səhifəsi deyil, yalnız ikinci səhifəsi imzalanmışdır. Bu da iddiaçının müqavilənin əsas müddəalarından bəhs edən birinci səhifəsinə istədiyi bəndi əlavə etmək imkanı verir. Çünki birinci səhifədə nə onun, nə də iddiaçının imzası mövcud deyildir. Həmçinin o, hesab edir ki, iddia ərizəsinə əlavə olunmuş xx.xx.2009-cu il tarixli müqavilə saxtadır. Belə ki, İddiaçı onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi olduğu müddətdə etibarından sui-istifadə edərək, ona boş ağ kağızlara imza etdirmişdir. Müqavilədə qeyd edilən imza da çox güman ki, həmin ağ kağızlara imzalanmış imzalardan biridir. O, ağ kağıza imza etdikdən sonra iddiaçı həmin ağ kağızda olan imzanı printerə yerləşdirərək istədiyi müqaviləni yazaraq çıxarmışdır. Bundan başqa o, həmin imzanın da saxtalaşdırıldığını ehtimal edir. Belə ki, çox ehtimal ki, imza da ona məxsus deyildir. Qeyd edilənlərdən əlavə hesab edir ki, guya tərəfindən icra edilmiş imzanın tarixi 2009-cu ilə təsadüf etmir. Həmin imza iddiaçı tərəfindən saxtalaşdırılmış və 2009-cu ildə deyil, sonradan icra edilmişdir. Göründüyü kimi ilkin iddianın heç bir hüquqi əsası yoxdur. Pul tələbi təmin edilmədiyi halda mənəvi ziyanın da ondan tutulması absurddur. İddiaçıya heç bir mənəvi ziyan dəyməmiş və sonuncu mənəvi sarsıntı belə keçirməmişdir. Əksinə ona maddi ziyan vurulmuşdur. Belə ki, iddiaçı onun nümayəndəsi olduğu müddətdə mülki işin həll edilməsi üçün müxtəlif vaxtlarda cəmi 50000 manat məbləğində pul almışdır. Həmin pulun alınması rəsmiləşdirilməmiş və iddiaçı tərəfindən nağd şəkildə qəbul edilmişdir. Bununla da ona iddiaçı tərəfindən 50000 manat məbləğində maddi ziyan vurulmuşdur. Həmin maddi ziyanın 40000 manat hissəsi hazırda xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan X6 köçürülməlidir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini isə qəbul etməyərək, cavabdehlə bağlanmış müqavilə əsasında cavabdehin almış olduğu təzminatın 10 faizi miqdarını vəkil qonorarı kimi ona verilməli olduğunu bildirərək ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin Nümayəndə ilkin iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini isə qəbul etməyərək, müqavilə şərtlərinə əsasən cavabdehin almış olduğu təzminatın 10 faizi miqdarını iddiaçıya verməli olduğunu bildirərək ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia tələbinə etiraz edərək müqavilənin ilkin iddiaçının istinad etdiyi 3-cü bəndindən xəbərsiz olduğunu, ilkin iddiaçının bu bəndi müqaviləyə sonradan əlavə etdiyini, onun alacağı qonorarın 10 faizini ilkin iddiaçıya verməsinə heç vaxt razı olmadığını bildirərək ilkin iddianın təmin edilməməsini, qarşılıqlı iddianın təmin edilməməsini xahiş etdi. Qarşılıqlı iddiaçı bundan əlavə, məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edərək ilkin iddia üzrə iddia müddətinin keçdiyini, odur ki, tələbin bu səbəblə də iddia əsassız olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil ilkin iddia tələbinə etiraz edərək müqavilənin 3-cü bəndində 10 faizlik qonorarın mübahisənin Avropa Məhkəməsində mahiyyəti üzrə uğurlu həlli halında nəzərdə tutulduğunu, hazırda isə cavabdehin mübahisəni yerli məhkəmələr vaasitəsilə həll etdiyini, ona görə də, ilkin iddianın əsassız olduğunu bildirdi. Məhkəmə ilkin iddiaçını və nümayəndəsini, qarşılıqlı iddiaçını və vəkilinin çıxışını dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - xx xxxxxxxx 2009-cu il tarixli müqaviləyə əsasən bir tərəfdən “Hüquqşünas” adlandırılacaq İddiaçı ilə digər tərəfdən “Müştəri” adlandırılacaq Cavabdeh hüquqşunasın müştəriyə mülkiyyət hüququnun müdafiəsinə dair iş üzrə onun hüquqlarının məhkəmələrdə və digər qurumlarda müdafiəsi barədə razılığa gəlmişlər. - Ədliyyə Nazirliyinin xx xxxxxxx 2020-ci il tarixli, 4/779- № li ekspert rəyinə əsasən ekspertizaya təqdim olunmuş İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2009cu il tarixli müqavilədə “Müştəri” qrafasındakı imza – Cavabdeh tərəfindən imza edilmişdir. - Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxx 2012-ci il tarixli, 2 (102)-1505/12 saylı qərarından müəyyən edilir ki, iddiaçı Cavabdehlər Bakı şəhəri İcra Hakimiyyətinə, Nəsimi rayonu İcra Hakimiyyətinə qarşı vəzifəli şəxsin qanunsuz hərəkəti nəticəsində dağılmış xüsusi mülkiyyət obyektinin bərpa edilməsi, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2008-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MİÜK-nın xx xxxxxx 2008-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Səbail Rayon Məhkəməsinin xx xxxx 2008-ci il tarixli qətmaməsi qismən, yəni iddianın cavabdehlərin vəzifəli şəxslərinin qanunsuz hərəkəti nəticəsində dağılmış xüsusi mülkiyyət obyektinin bərpa edilməsinin rədd edilməsi hissəsində ləğv edilməklə həmin hissədə iddianın təmin edilməsi, Cavabdeh məxsus Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi ilə Droqalnı küçəsinin kəsişməsində 44,4 kv metr torpaq sahəsində yerləşən 151 saylı pavilyonun cavabdehlər tərəfindən bərpa edilərək iddiaçı Cavabdeh təhfil verilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin MİÜMK-nın xx xxxxx 2009-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin MİÜK-nın xx xxxxxx 2008-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi MİÜK-nın xx xxxxxx 2009-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək Səbail Rayon Məhkəməsinin xx xxxx 2008-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin MİÜMK-nın xx xxxxxx 2009-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi MİÜK-nın xx xxxxxx 2009-cu il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2011-ci il tarixli qətnaməsi ilə Səbail Rayon Məhkəməsinin xx xxxx 2008-ci il tarixli qətnaməsi ləğv edilmiş iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilərək cavabdeh Bakı şəhər İcra Hakimiyyətindən iddiaçı Cavabdeh xeyrinə Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi ilə Droqalnı küçəsinin kəsişməsində 44,4 kv metr torpaq sahəsində yerləşən 39.4 kv.metr qeyri-yaşayış sahəsinə görə 165.480 manat, 44,4 kv.metr torpaq sahəsinə görə 111.000 manat və əldən çıxmış fayda kimi 60.000 manat, cəmi 336.480 manat pulun tutulması qət edilmiş və iddia tələbi qalan hissədə təmin edilməmişdir. Ali Məhkəmənin MK-nın xx xxxxxxxx 2011-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2011-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2011-ci il tarixli qətnaməsi ilə Səbail Rayon Məhkəməsinin xx xxxx 2008-ci il tarixli qətmaməsi ləğv edilmiş, iddia qismən təmin edilmiş, cavabdeh Bakı şəhəri, icra Hakimiyyətindən iddiaçı Cavabdeh xeyrinə maddi zərərin əvəzi olaraq 618996 manat və mənəvi zərərin əvəzi olaraq 5000 manat, cəmi 623996 manat məbləğində pul vəsaiti tutulmuş, qalan hissədə iddia təmin edilməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxx 2012-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Ədliyyə Nazirliyinin xx xxxxxxx 2020-ci il tarixli, 5/713-5/717- № li ekspert rəyinə əsasən 1-tədqiqata təqdim edilmiş xx xxxxxxxx 2009-cu il tarixli müqavilənin ikinci vərəqində “Müştəri” qrafasında olan imza hər hansı bir texniki vasitənin köməyi ilə deyil, birbaşa qələm vasitəsilə icra edilmişdir. 2-tədqiqata təqdim edilmiş xx xxxxxxxx 2009-cu il tarixli müqavilənin ikinci vərəqində olan imzalar rəngləyici maddələrin kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar. 3-həmin müqavilənin 1-ci və 2-ci vərəqələri fiziki göstəricilərinə (qalınlıq, lüminisensiya xassələri) və kimyəvi tərkiblərinə (üzvi tərkib) görə bir-birindən fərqlənmirlər. Məhkəmə iş üzrə verilmiş ekspert rəylərini mötəbər sübut kimi qəbul edir. Beləliklə, işin mübahisəsiz halları ondan ibarətdir ki, cavabdeh tərəf mülkiyyətində olan əmlakın sökülməsi ilə bağlı məhkəməyə müraciət etmiş, məhkəmələrdə ona hüquqi yardım göstərilməsi üçün iddiaçı ilə “Hüquqi xidmət haqqında” müqavilə imzalamışdır. iddiaçı tərəf özünün ilkin iddiasının əsaslandırmasında cavabdehlə aralarında bağlanmış hüquqi xidmət haqqında müqavilənin 3-cü bəndinə istinad edərək cavabdeh tərəfindən sözügedən məhkəmə mübahisəsi nəticəsində alınmış kompensasiya məbləğinin 10 faizinin vəkil qonorarı kimi ona çamalı olduğunu iddia edir. Cavabdeh bunun qarşılığı olaraq həmin müqavilənin ümumiyyətlə mövcudluğunu inkar edərək qeyd edir ki, belə bir müqavilənin mövcudluğundan onun əvvəllər xəbəri olmamış, həmin müqavilə olmuşsa belə əsas mübahisə predmetini təşkil edən 3-cü bənddən xəbərsizdir. O, yalnız müqavilənin axırıncı vərəqinə imza edib, ona görə də, birinci vərəqdə qeyd edilən şərtlərdən xəbərsizdir. Qarşılıqı iddiada qarşılıqlı iddiaçı ona əsaslanır ki, cavabdeh əvvəllər məhkəmə mübahisələri zamanı ondan 50.000 manat almış, lakin tələb edilən işi yerinə yetirməmişdir. Qarşılıqlı iddiaçı bu tələbində müxtəlif şahid ifadələrinə əsaslanır. İlkin iddia ilə bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında mübahisə predmeti olan müqavilənin mövcud olması iş üzrə keçirilmiş məhkəmə ekspertizaları ilə və hər iki tərəfin izahatları ilə sübut olunur və bu cavabdeh tərəfin müqavilənin mötəbərsizliyi ilə bağlı etirazları əsassızdır. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında müqavilə münasibətləri mövcud olmuşdur. Mübahisənin əsas qayəsini təşkil edən müqavilənin 3-cü bəndi ilə bağlı məhkəmə qeyd edir ki, bu bəndə əsasən müştəri bu müqavilənin 2-ci maddəsində nəzərdə tutulmuş məbləği ödəmək imkanı olmadığı üçün həmin vəsait X5 Məhkəməsində Ərizəçinin məhkəmə xərclərində nəzərə alınacaq. Avropa Məhkəməsi həmin xərclərin ödənilməsi qərarı verdikdə vəsait Hüquqşunasın bank hesabına köçürüləcək. Avropa Məhkəməsində iş müsbət həll olunarsa, Müştəri ona ödəniləcək maddi və mənəvi zərər məbləğinin 10 faizi miqdarında Hüquqşunasa əlavə qonorar ödəyəcək. Müqvilənin istinad edilən 2-ci bəndi nəzərdə tuturdu ki, müştəri bu Müqavilənin 1-ci maddəsində göstərilən xidmətin müqabilində Hüquqşünasa aşağıdakı qaydada həqq ödəməyi öhdəsinə götürür. 2.1 - ölkə daxilində şikayətin kassasiya instansiyası məhkəməsinə hazırlanması və təmsilçiliyə görə 500 AZN, 2.2 - Ölkə daxilində şikayətin əlavə kassasiya şikayətinin hazırlanması və təmsilçiliyə görə 500 AZN, 2.3-Ölkə daxilində Konstitusiya Məhkəməsinə şikayətin hazırlanması və təmsilçiyə görə 1000 AZN həcmində. Müqavilənin 3-cü bəndini tədqiq edərkən aydın olur ki, burada iki ayrı ödəniş nəzərdə tutulur. Birinci vəsait iddiaçının xidmət haqqı kimi nəzərdə tutulmuş, müqavilənin 2-ci bəndində göstərilən ödənişlərdir ki, onların X5 Məhkəməsində işə baxılıb yekun vurulduqdan sonra iddiaçının (hüquqşünasın) bank hesabına köçürülməsi nəzərdə tutulmuşdur. Bu ödənişlər hazırkı işdə mübahisə predmeti deyildir. İkinci vəsait Avropa Məhkəməsində işin müsbət həll olunacağı təqdirdə müştərinin (indiki işdə cavabdehin) ona ödəniləcək maddi və mənəvi zərər məbləğinin 10 faizi miqdarında hüquqşünasa əlavə qonorarın verilməsi öhdəliyidir. Şərtdən göründüyü kimi, mübahisənin Avropa Məhkəməsində ərizəçinin lehinə həll ediləcəyi təqdirdə əldə ediləcək maddi və ya mənəvi ziyanın 10 faizi miqdarının vəkil qonorarı kimi iddiaçıya verilməsi nəzərdə tutulur. Başqa sözlə, bu şərtdə 10 faizlik qonorar məbləği yerli məhkəmələr tərəfindən artıq qət edilmiş kompensasiya məbləğinə yox, Avropa Məhkəməsinin qət edəcəyi pul məbləğinə nəzərdə tutulmuşdur. Yani, bu bənddə cavabdehin yerli məhkəmələr tərəfindən qət edilən kompensasiya məbləğindən də 10 faizlik qonorar vermək öhdəliyi nəzərdə tutulmamışdır. İşə əlavə edilmiş Avropa Məhkəməsinin sözügedən qərarının tərcüməsindən müəyyən edilir ki, xx xxxx 2016-cı il tarixində Məhkəmə əlavə edilən cədvəldə göstərilən məbləğlərin Hökümət tərəfindən onlara ödənilməsini öhdəsinə götürməsinə əsaslanaraq bu müraciətlərə əsas verən faktlarla əlaqədar Azərbaycana qarşı hər hansı əlavə tələblərdən ərizəçilərin imtina etdiyi dostcasına həll edilən bəyənatları qəbul etmişdir. Bu qərara görə ərizəçiyə məişətə dəyən qeyri-maddi zərərin məbləi 1800 avro, müraciət üçün xərclərin və məsrəflərin məbləği 500 avro ödənilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, Avropa Məhkəməsinə müraciət yerli məhkəmələr tərəfindən qəbul edilən qərarın icra edilməməsi ilə bağlı olmuş və həmin müraciət barışıqla nəticələnmişdir. Məhkəmə tərəflər arasında bağlanmış müqavilənin 3-cü bəndini nəzərə alaraq hesab edir ki, Avropa Məhkəməsi tərəfindən ərizəçiyə ödənilməsi qət edilən pul məbləğlərinin 10 fazili miqdarında vəsait cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 404.1-ci maddəsinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.4-cü maddəsinə görə müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Həmin Məcəllənin 404.5-ci maddəsinə görə qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Belə olan halda məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə Azərbaycan manatının məzənnəsi ilə 680 avro məbləğində pul tutulmalıdır. İlkin iddianın mənəvi ziyan hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, ilkin tələb bu hissədə əsaslı deyildir. Belə ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 2008-ci il tarixli 07 saylı Qərarında göstərilmişdir: ««İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və X5 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir…Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya»nın müddəaları və X5 Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır… Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.». Hazırkı işdə iddiaçının məruz qaldığı mənəvi ziyanın nədən ibarət olması prosessual qanunvericiliyin tələbləri baxımından əsaslandırılmamışdır. Ona görə də, ilkin iddia tələbinin bu hissəsi təmin edilə bilməz. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, qarşılıqlı tələbdə qeyd edilən xüsusatlar qarşılıqlı iddiaçı tərəfindən əsaslandırılmamış, yalnız məhkəməyə göndərilən müxtəlif ərizələrlə bu hallar bildirilmişdir. Halbuki, Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Ona görə də, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi formal mülahizələrə əsaslanmışdır və təmin edilə bilməz. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni məhkəmə xərcləri cavabdeh tərəfə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. İlkin iddia üzrə Cavabdeh qətnamənin icra olunduğu günə Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla 680 (altı yüz səksən) avro məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq ilkin iddia üzrə İddiaçı ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi və maddi ziyanın tutulması tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilsin. İş üzrə keçirilmiş ekspertizalara görə 127 (bir yüz iyirmi yeddi) manat və 120 (bir yüz iyirmi) manat məbləğində ekspertiza xərcləri ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar